Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elmar Məmmədyarov: “ATƏT-in Minsk Qrupunun 20 illik vasitəçilik fəaliyyətinin nəticəsiz qalmasından narazıyıq”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Elmar Məmmədyarov: “ATƏT-in Minsk Qrupunun 20 illik vasitəçilik fəaliyyətinin nəticəsiz qalmasından narazıyıq”

Elmar Məmmədyarov: “ATƏT-in Minsk Qrupunun 20 illik vasitəçilik fəaliyyətinin nəticəsiz qalmasından narazıyıq”


“Bu gün münaqişənin həllində Azərbaycan ilə Ermənistan arasında etimadın bərpa edilməsi mühüm yer tutur”

“Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal altında olan ərazilərindən çıxarmalıdır ki, münaqişənin nizamlanması prosesində irəliləyiş əldə olunsun”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun müsahibəsi:


- Azərbaycan diplomatiyasının uğurları və ölkəmizin dünyada imicinin yüksəlməsi ictimaiyyətimizi çox sevindirir. Bu səpkidə ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı xüsusi diqqət cəlb edir. Sizcə, Azərbaycanın bu gün beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu təşkilatlar çərçivəsində özünə məxsus dinamik rol oynaması ölkəmizin xarici siyasi kursunun uğurla həyata keçirilməsinin göstəricisidir? Qısa müddət ərzində biz buna necə gəldik?

- Azərbaycan Respublikası bütün sahələrdə olduğu kimi xarici siyasətdə də böyük uğurlarını davam etdirdi. Müstəqil ölkə kimi Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlara üzv olub, mötəbər qlobal və regional təşkilatların işində fəal iştirakını və səmərəli əməkdaşlığını davam etdirib. Sonrakı illər ərzində isə ölkəmizin nüfuzlu və mötəbər beynəlxalq təşkilatlarda yer alması, vacib beynəlxalq tədbirlərə dəvət olunması və regionda, o cümlədən keçmiş SSRİ ölkələri sırasında ən çox yüksək səviyyəli xarici nümayəndə heyətləri tərəfindən ziyarət edilən ölkələrdən olması Azərbaycanın beynəlxalq arenada nüfuzunun xeyli artığını və regionda liderə çevrildiyini göstərir.

Şübhəsiz ki, Azərbaycan diplomatiyasının tarixi uğuru 24 oktyabr 2011-ci il tarixində BMT Təhlükəsizlik Şurasına 2012-2013 illər üçün qeyri-daimi üzv seçilməsi olub. Yüksək rəqabət şəraitində keçən 17 turdan sonra ölkəmiz beynəlxalq ictimaiyyətin etimadını qazanaraq, BMT-nin 155 üzv dövlətinin dəstəyini əldə edib. SSRİ-nin dağılmasından bu günədək Azərbaycan bu mötəbər quruma qeyri-daimi üzv olan Cənubi Qafqaz və Mərkəzi Asiya regionundan ilk postsovet ölkəsidir. Azərbaycan ilk dəfə olaraq, 2012-ci ilin may ayında bu mötəbər təşkilata bir ay müddətinə sədrlik edib. Azərbaycan prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi “biz Təhlükəsizlik Şurasında, ilk növbədə, beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyik və müdafiə edirik”.

Bu qələbə Azərbaycanın qısa müddət ərzində balanslaşdırılmış, çoxşaxəli və məqsədyönlü xarici siyasətinin həyata keçirilməsi nəticəsində əldə etdiyi yüksək nailiyyətlərinin əsl göstəricisi və onun həm regionda, həm də beynəlxalq arenada artan nüfuzunun, qlobal proseslərdə yaxından iştirakının və eyni zamanda sülhün və əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir.

Bununla yanaşı aparılan məqsədyönlü və səmərəli diplomatik fəaliyyətin nəticəsi olaraq, Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali şəhərində Qoşulmama Hərəkatının bütün üzvlərinin dəstəyini qazanaraq, 16-cı Nazirlər Konfransında hərəkatın üzvü seçilib. Qoşulmama Hərəkatına tam hüquqlu üzv olan Azərbaycan Respublikası Hərəkatın prinsiplərinə və məqsədlərinə bağlı olduğunu bəyan etdi. Hərəkatın bir illik üzvlüyü müddəti ərzində ölkəmiz bu təşkilatın tam dəstəyini əldə edib.

Azərbaycanın Meksikada keçirilən "Böyük iyirmiliyin" (G-20) üzvü olan ölkələrin Xarici İşlər Nazirlərinin işçi toplantısına dəvət olunmasını isə növbəti uğur kimi qiymətləndirmək olar. Bu, dünyanın inkişaf etmiş ölkələrinin Azərbaycana olan marağının artmasının və ölkəmizin regiondakı liderliyinin göstəricisidir.

Ölkəmiz həmçinin, YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti və bu təşkilat çərçivəsində digər rəhbər vəzifələrə seçilərək üzv ölkələrin tam dəstəyini əldə edib.

Qeyd edilən diplomatik uğurlarımız Azərbaycan Respublikası tərəfindən həyata keçirilən xarici siyasətin təsir qüvvəsini və tarazlılığını bir daha təsdiq edir. Eyni zamanda, əldə edilmiş nəticələr qarşımıza növbəti yeni vəzifələr qoyur və Azərbaycanın uzunmüddətli maraqlarının reallaşması baxımından yeni imkanlar açır. Ölkəmizin nüfuzunu və təsir imkanlarını daha da artırmaq, əldə edilmiş mövqelərdən və qazanılmış diplomatik potensialdan effektiv şəkildə istifadə etmək qarşımıza qoyulan başlıca vəzifələrdəndir.

- Dünya ictimaiyyəti Ermənistan – Azərbaycan münaqişəsinin həllinə münasibətdə passiv mövqe nümayiş etdirir. Azərbaycanın dünya ictimaiyyətindən bu istiqamətdə gözləntiləri nələrdir?

- Məlum olduğu kimi Ermənistan – Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyinin güclü hüquqi əsasları mövcuddur. Beynəlxalq təşkilatlar Ermənistanın işğalçı ölkə olduğunu, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtması və həmçinin işğal olunmuş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasının tərəfdarı olduqlarını qərar və qətnamələrdə əks etdirirlər. Təbii ki, bu bizim üçün yetərli deyil, Ermənistan sülhə, beynəlxalq təşkilatların qərarlarına və ən önəmlisi, beynəlxalq hüquqa hörmət etməyə məcbur edilməlidir.

Əlbəttə ki, Azərbaycan diplomatiyasının qarşısında duran ən ümdə və prioritet məsələ, Ermənistan-Azərbaycan münaqişəsinin həllidir. Ölkə başçısının rəhbərliyi altında Azərbaycan diplomatiyasının səyləri bu istiqamətə yönəlibdir. Azərbaycanın işğal olunmuş əraziləri üzərində suverenliyinin bərpa edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi üçün sülh danışıqları davam etdirilir. Lakin ATƏT-in Minsk Qrupunun 20 illik vasitəçilik fəaliyyətinin nəticəsiz qalmasından narazıyıq. Azərbaycanın torpaqları hələ də işğal altındadır və 1 milyona yaxın qaçqın və məcburi köçkünlərimiz öz doğma tarixi torpaqlarına hələ də qayıtmayıblar.

Status-kvonun davam etməsi regionda qeyri-müəyyən və gözlənilməz təhlükəli şəraitin davam etməsi üçün şərait yaradır. ATƏT-in Minsk Qrupuna üzv ölkələrin başçıları aydın şəkildə regionda status-kvonun mövcudluğunun qəbuledilməz olduğunu bəyan ediblər. Üç həmsədr ölkə tərəfindən tərtib edilmiş yenilənmiş Madrid Prinsipləri adlanan təklif tərəflərə təqdim edilib və bununla əlaqədar Azərbaycan danışıqları davam etdirməyə, o cümlədən Hərtərəfli Sülh Sazişi üzərində çalışmağa başlamağa hazır olduğunu bəyan edib. Təəssüf ki, bu təklif Ermənistan tərəfindən rədd edilmişdir. Bu gün münaqişənin həllində Azərbaycan ilə Ermənistan arasında etimadın bərpa edilməsi mühüm yer tutur. Bunu əldə etmək üçün bir çox cəhdlər göstərilməlidir.

- Azərbaycan xarici ölkələrdə diplomatik nümayəndəliklərinin sayını sürətlə artırır. Bu proses nəyə xidmət edir ?

- Hazırda xarici ölkələrdə Azərbaycanın 70-dən artıq diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Bu nümayəndəliklər ölkəmizin milli maraqlarının təmin olunmasında, xarici siyasətin həyata keçirilməsində, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsində, eləcə də respublikamızın xarici ölkələrdə təbliği, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiə edilməsi işində öz üzərilərinə düşən vəzifələri icra edirlər.

Ölkəmizin təbliğatı istiqamətində böyük işlər görülür. Bura mədəni tədbirləri, müxtəlif nəşrləri, sərgiləri, akademik toplantıları və digər təşəbbüsləri aid etmək olar. Gənc ölkə kimi Azərbaycanın təbliği və dünya ictimaiyyətinə tanıtdırılması məqsədilə xarici ölkələrdəki nümayəndəliklərimizlə yanaşı soydaşlarımız və Azərbaycanı sevən şəxslər birgə çalışmalıdır.

- Azərbaycanın regional siyasətdəki mövqeyində dəyişiklik varmı?

- Ölkəmiz strateji bir coğrafiyada yerləşir. Azərbaycan məlum səbəblərə görə Ermənistan istisna olmaqla, bütün qonşuları ilə münasibətlərini dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmama prinsipləri əsasında qurub. Regionun gələcəyi naminə münasibətlərin bu prinsiplərə söykənərək davam etdirilməsi çox mühümdür və qarşılıqlı şəkildə faydalıdır. Bütünlükdə, Azərbaycanın xarici siyasəti həm çoxtərəfli, həm də ikitərəfli müstəvidə əməkdaşlığın dərinləşməsinə hesablanıb.

Bu gün Azərbaycan regionun aparıcı dövlətidir. Azərbaycan artıq investisiya qəbul edən ölkədən investisiya ixrac edən ölkəyə çevrilib. Bu gün Azərbaycan sərmayələrinin əsas hədəfləri də elə məhz region ölkələridir və Türkiyə ilə Gürcüstanda həyata keçirdiyimiz nəhəng layihələr bunun bariz göstəricisidir. Bu istiqamətdə fəaliyyətimiz daha intensiv xarakter alacaqdır ki, bunu da ölkəmizin ilbəil artan iqtisadi qüdrəti söyləməyə əsas verir.

Ermənistana gəldikdə isə vurğulamalıyam ki, təəssüf ki, Ermənistan öz işğalçı siyasəti ilə hələ də özünü bütün regional layihələrdən təcrid etməkdə davam edir. Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal altında olan ərazilərindən çıxarmalıdır ki, münaqişənin nizamlanması prosesində irəliləyiş əldə olunsun. Ermənistan rəhbərliyinin qeyri-konstruktiv yanaşması həm regionun gələcəyinə, həm də bu ölkənin öz gələcəyinə belə mənfi təsir göstərir./APA/

Geri dön