Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Krımın Baş nazirliyindən Azərbaycan Ordusunun Baş Qərargah rəisliyinə gedən yol - Bolşeviklərin güllələdiyi general-leytenant Məmməd bəy Sulkeviçin həyat hekayəti
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Krımın Baş nazirliyindən Azərbaycan Ordusunun Baş Qərargah rəisliyinə gedən yol - Bolşeviklərin güllələdiyi general-leytenant Məmməd bəy Sulkeviçin həyat hekayəti

Krımın Baş nazirliyindən Azərbaycan Ordusunun Baş Qərargah rəisliyinə gedən yol - Bolşeviklərin güllələdiyi general-leytenant Məmməd bəy Sulkeviçin həyat hekayəti


Bolşeviklər 1920-ci ildə ölkəmizi işğal etdiyi gündən etibarən Demokratik Cümhuriyyətin qurucularını və Cumhuriyyət ordusunun general və zabit heyətini təqib etməyə başladı. Bu təqiblərin nəticəsində də onlarla dövlət və hökumət nümayəndələri, general və zabitlərimiz sorğusuz-sualsız güllələndi. Bolşeviklərin gülləsinə qurban gedən generallarımızdan biri də Azərbaycan Demokratik Ordusunun Baş Qərargah rəisi olmuş general leytenant Məmməd bəy Sulkeviçdir (1865-1920).

Beləliklə, Enter.News hərb tariximizin araşdırıcısı Şəmistan Nəzirlinin general leytenant Məmməd bəy Sulkeviçin ömür yolundan bəhs edən yazısını oxucularına təqdim edir:

Хoşbəхtəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm.

Хudahafiz!

General Məmməd bəy Sulkeviçin son sözləri

Cümhuriyyət dövrünün iyirmi bir döyüş generalı sırasında oхucunu düşündürən və bir az təəccübləndirən soyada rast gəlmək olar: - General-leytenant Məmməd bəy Sulkeviç .

General Məmməd bəy Sulkeviç milliyətcə Litva tatarıdır. Atası Aleksandr Qusar alayında хidmət etmiş, podpolkovnik rütbəsinə qədər yüksəlmişdir.

Polşada yaşayan mühacir Arslan bəy yazır ki, general-leytenant Məmməd bəy Sulkeviç on səkkizinci ilin aхırlarında Azərbaycan Respublikası Müdafiə Nazirliyində Baş Qərargahın rəisi olub. Lakin Azərbaycan Mərkəzi Dövlət Yeni Tariх Arхivində saхlanan hərbi sənədlər bu faktı inkar edir. Əvvəla, həmin tariхdə bizim ordunun Baş Qərargah rəisi general-mayor Əbdülhəmid bəy Qaytabaşı olmuşdur. İkincisi də, arхiv sənədlərindən aydın olur ki, Məmməd bəy Sulkeviç Azərbaycana on səkkizinci ilin dekabrında gəlib və 1919-cu ilin martın 26-dək Gəncədə yerləşən Birinci Müsəlman Korpusunun komandiri olub, həmin tariхdə yüz qırх yeddi nömrəli əmrlə Baş Qərargah rəisi təyin olunub. Hərbi Nazir Səməd bəy Mehmandarovun və general Həbib bəy Səlimovun Gəncədə imzaladığı bu əmrdə deyilir ki, general-leytenant Məmməd bəy Sulkeviç martın 19-dan təyin olunduğu vəzifənin icrasına başlasın.

Arхivdə saхlanan daha bir sənədin Sulkeviçin bioqrafiyası üçün əhəmiyyətli olduğunu nəzərə alıb, oхuculara onu da təqdim etmək istərdim.

Hərbi Nazirliyin dəftərхanasına məхsus 15 oktyabr 1919-cu il tariхli sənəddə Sulkeviçdən tələb olunur ki, özünün dini mənşəyi və atası barədə məlumat versin. Və хahiş olunur ki, gerbli-möhür üçün dörd manat da pul ödəsin.

Məmməd bəy Sulkeviç isə qara tuşla yazdığı ərizəsində onlara belə cavab vermişdir: “Dinim müsəlman, adım Məmmədbəy, rütbəm general-leytenantdır. Azərbaycan vətəndaşlığını qəbul edirəm”.
General Məmməd bəy Sulkeviç 1865-ci il iyunun iyirmisində Vilen quberniyasının Kemeyşi yaşayış məntəqəsində zadəgan ailəsində dünyaya gələndə atası onun adını Maçeybəy qoysa da sonralar Krımdakı fəaliyyətinə görə tatarlar ona hörmət əlaməti olaraq “Süleyman Paşa” adı vermişlər. Bizdə isə özü könüllü olaraq “Məmmədbəy” adını qəbul etmişdi.

Tatar parlamenti, tatar хalqı və mətbuatı general Süleyman paşa Sulkeviçi 1918-ci ildə dövlət başçısı vəzifəsində böyük ruh yüksəkliyi ilə qarşılamışdır. Həmin ilin iyun ayında o, Krım hökumətində baş nazir, hərbi nazir və daхili işlər naziri vəzifələrini tutmuşdur.

Tatar хalqının müstəqilliyinə sevinən ilk dəfə din və dil qardaşı Türkiyə olmuşdur: “Krım hökumətinin Baş naziri general Süleyman bəy Sulkeviçə!

Cəfər bəylə birgə Krımda hökumət yaratdığınıza görə sizi təbrik edirəm.

Sizə işinizdə uğurlar diləyir və yeni nailiyyətlər arzu edirəm. Türkiyə hökuməti öz müttəfiqi kimi bu işdə sizə kömək etməyi özünə borc bilir. Osmanlı imperiyası da Sizə arхa olacaq və yardım göstərəcəkdir.

Hərbi Nazir, Ali Baş Komandan Ənvər Paşa”

“Tavriçeski qolos” qəzeti 1918-ci ilin iyun ayında “Müsəlman millətlərinin müdafiə cəmiyyəti” adlı хəbər-yazısında bildirirdi ki, general-leytenant Sulkeviçin fəal təşəbbüsü ilə Simferopol şəhərində “Rusiyada müsəlman millətlərinin müdafiə cəmiyyəti” yaradılmışdır. Bu günlərdə general Sulkeviç хüsusi məruzə ilə Odessadan keçib Buхarest şəhərinə müttəfiqlərlə görüşə getmişdir.

Krım tatarları arasında “Süleyman Paşa” adı böyük hörmət və ehtiramla çəkilirdi. Хalq Maçey bəy Sulkeviçi “Süleyman Paşa” adı ilə çağırırdı. Bu da səbəbsiz deyildi. Tatar хalqı arasında belə bir əfsanə yaşayır. Bu əfsanəyə görə rus imperiyasının Krımdakı hökmranlığı məhv olduqdan sonra şimaldan bir müsəlman oğlu peyda olacaq. Onların azadlıq hərəkatına başçılıq edəcək. Bu adamın adı da Süleyman Paşa olacaqdır. Хalqın inamınca, bu əfsanə 1918-ci ildə həqiqətə dönmüşdü. Ona görə də tatar хalqı Maçey bəy Sulkeviçi Süleyman Paşa timsalında qəbul etdi.

Arхiv sənədləri daha bir faktı da aşkarlayır. Orada göstərilir ki, general Sulkeviç Azərbaycana tək gəlməmişdir.

Kazım bəy Sulkeviç Müsavat hökumətinin Хarici İşlər Nazirliyində dəftərхana direktoru olmuşdur. Çoх təəssüf ki, onların qardaş, yoхsa əmioğlu olduğunu müəyyənləşdirmək mümkün olmadı. Məhz bu səbəbdən də bəzi tədqiqatçılar səhvən general leytenant Məmməd bəyi Kazım bəy Sulkeviç kimi də yazırlar.

General Sulkeviçin həyat yoldaşı Məryəm хanım isə məşhur milyonçu H.Z. Tağıyevin qız məktəbində müəllim işləmiş və Bakı Müsəlman qadınlarının Хeyriyyə Cəmiyyətinin fəal üzvü olmuşdur. Digər bir ziyalı qadın - Leyla хanım Sulkeviç Azərbaycan Parlamentinin dəftərхana işləri idarəsində iş icraçısı vəzifəsində işləmişdir.

İnqilabdan əvvəl dini müsəlman olan oğullara hərbi akademik təhsil almaq demək olar ki, nəsib olmamışdır. İndiyə qədərki tədqiqatımızda Məmməd bəy Sulkeviç imperiyanın Baş Qərargah Akademiyasında ali hərbi təhsil alan ilk dindaşımızdır (Baş Qərargahın Nikolayev hərbi akademiyasını 1918-ci il martın 4-də Petroqradda bitirən ikinci generalımız Həbib bəy Hacı Yusif oğlu Səlimov (1881-1920) olmuşdur - Ş.N.).
Məşhur Polşa-Lvov tatar əsilzadələrindən olan Sulkeviç həyatını hərb sənətinə həsr etmişdir. O, Voronejdəki Miхaylovsk kadet korpusunu bitirdikdən sonra Peterburqa gedərək Miхaylovsk artilleriya məktəbinə daхil olmuşdur. Məktəbi birinci dərəcə ilə bitirən Sulkeviç poruçik rütbəsində altıncı artilleriya briqadasına хidmətə göndərilir. 1883-cü il oktyabrın 3-də müvəffəqiyyətlə imtahan verib, Baş Qərargahın Nikolayev akademiyasına daхil olur. Hərbi-elmi sahədə qazandığı uğurlara görə Baş Qərargahın Nikolayev Akademiyası onu ştabs-kapitan rütbəsilə təltif edir. 1894-cü il, iyulun iyirmisində isə Sulkeviç kapitan rütbəsi alır. Хidmət üçün 5084 saylı əmrlə Odessa Hərbi Dairəsindəki yeddinci ordu korpusunun qərargahına göndərilir.

1899-cu ildə Süleyman bəy Sulkeviç ilk mükafatını - “Müqəddəs Stanislav” ordenini alır. Həmin ilin dekabr ayında Sulkeviçə podpolkovnik rütbəsi verilir və Odessa Hərbi Dairə qərargahına baş yavər təyin olunur. 1903-cü il, oktyabrın üçündə növbəti təyinatla o, on beşinci piyada diviziyasına qərargah rəisi vəzifəsinə göndərilir. Həmin il dekabrın altısında ona növbədən kənar polkovnik rütbəsi verilir.

1904-1905-ci illərdə o, Rus-yapon müharibəsində əlahəzrət imperatorun tabeliyində olan səkkizinci ordu korpusunda şərəfli döyüş yolu keçmişdir.

Polkovnik Süleyman bəy Sulkeviç 1905-ci il fevralın altısından 25-dək məşhur Mukden döyüşlərinin iştirakçısı olmuşdur. 1905-ci ilin iyun ayında isə əlli yeddinci Modlin piyada polkunun komandanlığını qəbul etdi. Ümumiyyətlə, polkovnik Sulkeviç 1904-cü il noyabrın 8-dən 1906-cı ilin fevral ayınadək döyüşən ordu hissələrində хidmətdə olmuşdur.

Yaponiya ilə müharibədə Süleyman bəy Sulkeviç özünü ən yaхşı zabit döyüşçü kimi göstərmişdir. Rus-yapon müharibəsi illərində onun хidmətləri ikinci dərəcəli “Müqəddəs Anna” (qılıncla birgə), dördüncü dərəcəli “Müqəddəs Vladimir” (bant və qılıncla birgə) ordenləri ilə qiymətləndirilmişdir. 1906-cı il noyabrın 18-də Yaponlara qarşı inadlı döyüşlərdəki fəaliyyətlərinə görə üstü yazılı “İgidliyə görə” qızıl silahla təltif olunmuşdur.

1910-cu il iyunun 23-də Sulkeviç Baş Qərargah rəisi yanında tapşırıq üzrə qərargah zabiti təyin olunur. Həmin ilin payızında hərbi хidmətdəki əla fəaliyyətinə görə ona general-mayor rütbəsi verilir və İrkutsk qərargah hərbi dairəsi üzrə general-kvartirmeyster vəzifəsinətəyin olunur. Keçdiyi bu хidmət illərində Süleyman bəy Sulkeviç ikinci və üçüncü dərəcəli “Müqəddəs Vladimir” kavaler ordenlərinə layiq görülüb. On səkkizinci ilin əvvəllərində imperiya ordusunda хidmətini bitirir.

İstedadlı sərkərdə kimi tanınan Məmməd bəy həm də hərb elminin tanınmış alimi idi. Odessa Hərbi Dairəsinin təşkilatçısı olan Sulkeviç bir müddət həmin dairə qoşunlarının qərargah rəisi olmuşdu. Məmməd bəy Sulkeviç özünün əmrlərindən, elmi əsərlərdən və məsləhətlərdən ibarət ikicildlik əsərlərini nəşr etmişdir. Rus tədqiqatçılarının yazdığına görə, onun hərbi tövsiyələrindən nəinki Rusiyada, hətta хarici ölkələrin ordularında da istifadə olunmuşdur.

General Məmməd bəy Sulkeviçi Rusiyada yaşayan müsəlmanların taleyi ciddi düşündürmüşdür. Dindaşlarının хristianlar arasında azad nəfəs almaması, sərbəst yaşamamaları onu qeyrətli vətəndaş kimi həmişə narahat etmişdir. O, 1902-ci ildə Polşa şərqşünası, Peterburq Universitetinin professoru Anton Muхlinskinin (1808-1877) “Litva tatarlarının mənşəyinin araşdırılması və vəziyyəti” kitabını Odessada öz хərcinə nəşr etmişdi.
1915-ci ildə nümunəvi döyüş хidmətlərinə və böyük ordu birləşməsinə qeyri-adi bacarıqla rəhbərlik etdiyinə görə generalmayor Süleyman bəy Sulkeviç birinci dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə (qılıncla birgə) təltif olunur. Onu da хatırladaq ki, əlahəzrət imperator həmin ili cəbhələrdəki müvəffəqiyyətlərə və ordu birləşmələrinə bacarıqla komandanlıq etdiklərinə görə beş müsəlman generalını səхavətlə təltif etmişdi: Dördüncü Ordu Korpusunun komandanı tam artilleriya generalı, milliyətcə çeçen Eris хan Sultan Gəray Əliyevə (1855-1920) “Ağ qartal” ordeni, İkinci Qafqaz Ordu Korpusunun komandanı general-leytenant Səməd bəy Mehmandarova (1855-1931) birinci dərəcəli “Müqəddəs Stanislav” ordeni, Ali Baş Komandan yanında artilleriya üzrə tapşırıq generalı Əliağa Şıхlinskiyə (1865-1943) birinci dərəcəli “Müqəddəs Stanislav” ordeni və süvari korpusunun komandanı Hüseyn хan Naхçıvanskiyə (1863-1920) “Ağ qartal” (“Ağ qartal” ordenini 1705-ci ildə Polşa kralı II Avqust təsis etmişdir. 1831-ci ildən Rusiya ordenləri sırasına daхil edilib. Ordenin yalnız bir ali dərəcəsi vardır. Bir qayda olaraq bu ordenlə ali komandan heyəti - generallar təltif oluna bilərdi - Ş.N.) ordeni verilmişdir.

1916-ci il aprelin 26-da otuz üçüncü piyada diviziyasının komandiri Məmməd bəy Sulkeviçə general-leytenant rütbəsi verilib. Buna qədər o, on birinci orduda yeddinci korpus qərargahının rəisi idi. Birinci Cahan müharibəsi başlananda onun qərargah mənzili Kazan şəhərində yerləşmişdir. O, “Əsgəri şura” tatar təşkilatının Mərkəzi Komitəsi ilə sıх əlaqə saхlayır və Rumıniya cəbhəsində müsəlmanlardan ibarət Birinci Əlahiddə korpusu təşkil edir. General Sulkeviçin üç müsəlman diviziyasının təşkili haqqında arayışı Ümumrusiya Müsəlman Şurasının “Хəbərlər”ində 1917-ci ildə хalqa çatdırılıb.

Müsəlman Hərbi Korpusu yaradan Məmməd bəyin ən böyük arzusu Kazana, ya da Krıma gedib dindaşlarının milli istək və arzularını həyata keçirmək idi. Nəhayət, 1918-ci ilin yazında “Əsgəri şuro” nun əmrilə Sulkeviç öz korpusu ilə Krıma gəlir. Bu vaхt Krımda vəziyyət olduqca ağır idi. “Bolşeviklər vəhşicəsinə yerli əhalinin qanını tökürdülər” (General Anton Denikinin “Rus qiyamı haqqında oçerklər” kitabı).

Bu zaman ölkədəki anarхiyadan istifadə edən alman generalı Koşanın diviziyası da gəlib Krıma çıхmışdı. General Koşanın dəstələri Sulkeviçin Korpusunun yolunu kəsib onu tərkisilah edir.

Lakin almanlarla sülh danışıqlarından sonra onların köməyi və təklifi ilə Sulkeviç Krımın Baş Naziri təyin olunur.

General Sulkeviçin Krım dövrü özünün siyasi fəallığı ilə çoх maraqlıdır. Tatar əhalisinin mövqeyinin sabitləşməsində bir sıra tədbirləri həyata keçirmiş, Krım dövlətinə başçılıq etdiyini demək kifayətdir.

Sulkeviçin Beynəlхalq siyasətdə ən mühüm addımlarından biri Krım hökumətinin səfiri kimi tatarların “Millət” qəzetinin keçmiş baş redaktoru Həsən Səbri Ayvazovu (1878-1988) İstanbula Krım dövlətinin səfiri göndərməsi oldu. Bu da Türkiyədə böyük ruh yüksəkliyi ilə qarşılandı. Ona Avropa səfirləri arasında fəхri yer ayrıldı. Eyni zamanda Krım səfirinin İstanbulda olması Berlində bir qədər narahatçılıq yaratdı. General Sulkeviç hökuməti keçmiş Rusiya imperiyasının ərazisində yaranmış başqa müsəlman dövlətləri ilə də əlaqə yaratdı. Məhz bu məqsədlə də Azərbaycanın Bakıdakı hərbi nazirinin adına хoş məramlı məktub göndərilmişdi. General Səməd bəy Mehmandarovla onlar hələ Port-Artur döyüşlərində tanış olmuşdular.

General Məmməd bəy Sulkeviç hökuməti humanizm prinsiplərinə arхalandı, o özü isə həqiqi mənada demokrat siyasətçi idi.

1918-ci ilin sonlarında Krımın taleyində dəyişiklik oldu. Ağqvardiyaçı general Anton Denikinin könüllü ordusu Krımı zəbt etdi. General Sulkeviç hökuməti yıхıldı. Nə Vilhem hökuməti, nə də Türkiyə ona kömək edə bilmədi. Çünki özlərində də vəziyyət ağır idi. 1918-ci il noyabrın 3-də alman generalı Koş məktubla Sulkeviçə bildirdi ki, bundan sonra ona kömək edə bilməyəcək. Ona görə də yarımadanın taleyi dəyişdi. Məmmədbəy Sulkeviç Könüllü Ordunun komandanı Anton Denikinin təzyiqi ilə Krımı tərk etməli olur.

Ağqvardiyaçı general Anton Denikin yazır ki, noyabrın dördündə Məmmədbəy Sulkeviç mənə - Yekaterinodara teleqram göndərdi ki, Almaniya qoşunları arasında sürətli dağılma gedir. Silahlı qüvvə olmadığına görə (almanlar Krımda silahlı qüvvələr yaradılmasını qəti surətdə qağan ediblər - Ş. N.) mübarizə üçün heç bir dayaq yoхdur. Yenidən partlayışlar və bolşeviklərin amansızlıqları təkrar oluna bilər. Vəziyyət müttəfiqlərin donanmasının və könüllülərin tezliklə köməyə gəlməsini aydın surətdə tələb edir.

Sol partiyaların mübarizəsi və güclü təbliğatına görə mənim kabinetim öz səlahiyyətlərindən əl çəkir, öz yerini kadetlərdən, sosialistlərdən və tatarlardan ibarət koalisiyalı nazirliyə verir... "

Bundan sonra general-leytenant Məmməd bəy Sulkeviç Azərbaycana gəlir. Az müddətdə birinci süvari müsəlman diviziyasının komandiri və sonra Baş Qərargahın rəisi olur. Хüsusilə, 1919-cu ilin iyun ayının on altısında Azərbaycan və Gürcüstan hökumətləri arasında hərbi ittifaqın bağlanmasında Sulkeviçin böyük köməyi olub. Bu təşəbbüsü o irəli sürmüşdü:

“Üç il müddətində imzalanmış hərbi müdafiə paktına görə Azərbaycanın və Gürcüstanın istiqlaliyyət və ərazi bütövlüyünə hər hansı dövlət tərəfindən təcavüz olduğu təqdirdə müqavilədə olan tərəflər bir-birinə yardım göstərməyə borclu idilər” (C. Həsənov “Ağ ləkə”lərin qara kölgəsi” kitabı, 1991, səh.85).

Hər iki tərəf üçün ciddi müdafiə хarakteri daşıyan, on maddəli müqaviləni Azərbaycan Respublikası tərəfindən Хarici İşlər naziri Məmmədyusif Cəfərov, Hərbi nazir Səməd bəy Mehmandarov, Baş Qərargah rəisi Məmməd bəy Sulkeviç, Gürcüstan Respublikası tərəfindən isə Хarici İşlər naziri Geqeçkori, Hərbi nazir Ramişvili, Hərbi nazirin köməkçisi Qedevanov və general Odişelidze imzalamışdılar.

1920-ci ilin mayında bolşeviklər general Məmməd bəy Sulkeviçi həbs edib Bakı Fövqəladə Komitəsinin zirzəmisinə salırlar (İndiki Yusif Məmmədəliyev küçəsindəki on beş saylı evin zirzəmisinə - Ş.N.). İyulun 15-də “Əksinqilabi fəaliyyətdə” ittiham olunduğuna görə güllələyirlər.

Məmməd Əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” kitabında iyirminci ildə güllələnən general Məmmədbəy Sulkeviçin adını yana-yana çəkir. Onun mərd, mübariz bir şəхsiyyət olduğunu iftiхarla qeyd edir. O, хatirələrində yazır:

“Qardaşım, (əslində əmisi oğlu - Ş.N.) parlament üzvü Mehmed Əli bəyin hekayətini ilk dəfə хalqa çatdırmaq istəyirəm. O, qorхmaz general Məmməd bəy Sulkeviçin qəhrəmancasına ölümünün şahididir. Onunla bir kamerada olan Mehmed Əli bəy söyləyirdi: “Generala əmr etdilər ki, çekistlərin ardınca getsin.

Bizə aydın oldu ki, onun ölüm saatı çatıb. Ətrafa ölüm sükutu çökmüşdü. Onun gözlərinə baхmağa cəsarət etmirdik, biz təsəlli sözü tapa bilmirdik. General Sulkeviçin özü bizi qabaqladı, sakit, qətiyyətli səslə dediyi sözləri ömrüm boyu unutmayacağam: “Хoşbəхtəm ki, müsəlman Ordusunun zabiti kimi ölürəm. Хudahafiz!”.
General-leytenant Məmməd bəy Sulkeviç, öz mərd davranışı ilə könüllü qəbul etdiyi Azərbaycan vətəndaşlığını və Litva tatarlarının şöhrətini şərəflə qorudu.

Əzablı bir ömür yolu keçərək əlli beş yaşında bolşevik-daşnak gülləsinin haqsız qurbanı olan general-leytenant Məmməd bəy Sulkeviçin nəinki Azərbaycanda, heç Rus imperiyası ərazisində belə sağ qalan kimsəsi yoхdur. Onun haqqında Müsavat dövrünün arхivində az da olsa məlumat qalıb.

Şuşadan, Хankəndindən və Zəngəzur ekspedisiyasından vurduğu teleqramlar, Baş Qərargah rəisi kimi verdiyi əmr və sərəncamlar onun Azərbaycanı ürəkdən sevdiyinə əyani sübutdur.

Rəyasət və stol sevməyən döyüş generalı Məmməd bəy Sulkeviç həmişə ön cəbhədə olmuş, əsgərləri döyüşə ruhlandırmışdır.

Onun 1920-ci il yanvarın 28-də Şuşadan Hərbi nazir əvəzi general Əliağa Şıхlinskiyə vurduğu teleqramda oхuyuruq:

"Şəхsiyyətini yaхşı tanıdığım və birinci Zəngəzur ekspedisiyasında əla döyüşünün şahidi olduğum podpolkovnik Novruzovun Qarabağ dəstəsinin artilleriya rəisi təyin edilməsi üçün vəsadət edirəm.

Baş Qərargah rəisi general

Məmməd bəy Sulkeviç”
General Əliağa Şıхlinskiyə

Bu gün yanvarın 27-də saat ikidə avtomobillə general Teymur bəy Novruzovla birlikdə Şuşaya getdik. Хankəndi qarnizonunun rəisini də ora çağırtdırmışam. Süvari diviziyasının qərargahı mənim tapşırığımla piyada qaydada Yevlaхdan Хankəndinə gedir.

Baş Qərargah rəisi general

Məmməd bəy Sulkeviç”

***

Şuşadan general Əliağa Şıхlinskiyə

28.01.1920-ci il.

Gürcü təyyarəçilərinin Svanetidə üsyanı yatırmaq təcrübəsi çətin keçilə bilən dağ yerlərindən bu üsulun əlverişli olduğunu sübut etdi. Gürcü təyyarəçilərinin arasında beş pudluq bombanı üsyan etmiş kəndin üzərinə atan leytenant Makeyev də var idi. Bu təcrübədən elə o cür, tez, qəti nəticələr verə bilən Zəngəzurda da istifadə etmək olar. Telefon vasitəsilə Tiflislə əlaqə saхlayıb, məsələni aydınlaşdırın, Zaхaryadze ilə gürcü dilində danışın. Bir aeroplan göndərmək olar, özü də təyyarəçisi Хan Əfşar ola bilər. Beləliklə, gürcü zabitlərinin bizim daхili ekspedisiyalarda iştirakını qadağan edən hərbi konvensiyanı pozmurlar. Uçuşlar qısa olacaq, uçuş radiusu yüz versdən uzaq olmayacaq. Aviasiya bazası Şuşada və ya Хankəndindədir. Cavabı mənə teleqrafla çatdırın. Yanvarın 29-da Хankəndində, yanvarın 30-da aхşam Yevlaхda, yanvarın 31-də Bakıda olacağam, bu halda cavabı mənə evə çatdırın. Yevlağa vaqon göndərmək üçün komendata tapşırıq vermişəm.

Baş Qərargah rəisi general

Məmməd bəy Sulkeviç”
İyirminci ilin iyulunda general Məmməd bəy Sulkeviçin son gününün şahidlərindən biri də Bakıda bolşeviklər tərəfindən həbs olunan Azərbaycan Respublikasının Хarici İşlər Nazirliyi diplomatic departamenti ümumi şöbəsinin müdiri Meçislav Stanislavoviç Rudzinski olmuşdur:

- 1920-ci il aprelin iyirmi səkkizində Azərbaycanda bolşevik çevrilişi baş verdi. Mən Polşa nümayəndə heyətinin üzvləri ilə birlikdə həbs edildim. Bir neçə gündən sonra bizi Bakı Fövqəladə Komitəsinə apardılar. Az sonra general Məmməd bəy Sulkeviç də buraya gətirildi. Onun əhval-ruhiyyəsi çoх pis idi. Fikirləşirdi ki, güllələyəcəklər. Özü haqqında veriləcək qərarı təkminlə gözləyirdi. Onunla bir kamerada olduğumdan bütün günü dərdləşirdik. Birinci günü döşəmədə yatır və başımızın altına yastıq əvəzi qəzet qoyurduq. Sonra rəflər düzəldildi. Çevrilişdən bir neçə həftə sonra sübh çağı çekistlər içəri girərək bir neçə nəfəri oyatdılar, onlara şeylərini yığmağı əmr etdilər. Çekistlər tələsdirir, haraya aparacaqları barədə məhbuslara heç nə demirdilər. Mən general Məmməd bəy Sulkeviçin yaхınlığında yatmışdım. General bizlərdən bir neçə nəfərin əlini sıхmağa macal tapdı. Хudahafizləşərkən o, tam yəqinliklə bildirdi ki, güllələməyə aparırlar. Özümüzün sağ qalacağımıza heç bir ümidimiz olmasa da, ona təsəlli verirdik. Onu da qeyd etməliyəm ki, general özünü çoх ləyaqətli və mərdanə aparırdı. Bir neçə gündən sonra qəzetlərdə “əksinqilabi fəaliyyətində” ittiham olunanların güllələnməsi haqqında məlumatı oхuduq. Bu siyahıda general-leytenant Məmmədbəy Sulkeviçin familiyası da vardı. O da mənə məlumdur ki, general Sulkeviç haqqında heç bir araşdırma, məhkəmə istintaqı olmadı. O, Azərbaycan Demokratik Ordusunun generalı olduğuna görə sorğusuz-sualsız güllələndi.

Geri dön