Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dağ adamı...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Dağ adamı...

Dağ adamı...



(dini, milli-ideoloji bədii hekayə)


Ya Allah, Ya Məhəmməd, Ya Əli... Hər dəfə bir iş dalınca gedəndə və ya gündəlik hər hansı bir işi görəndə bu sözlərlə başlayırdı İsmayıl kişi... Onu kənddə hamı tanıyırdı. Necə əxlaqlı, namuslu, əsl din adamı olduğunu yaxşı bilirdilər. Amma İsmayıl kişini bu dağ kəndində hər kəsdən fərqləndirən əsas xüsusiyyət saf dindar olması deyildi, yox, o dinə, insaniyyətə və bütün yaradılana verdiyi dəyər ilə, həyata sevgisiylə və daim gülümsəyən nurlu çöhrəsiylə seçilirdi. Çünki onsuzda kiçik dağ kəndində əksəriyyət dinlə məşğul olurdu, bəli, sadəcə “məşğul olurdu”, amma mahiyyət, dərin Allah sevgisi, ruhu qapsayan ilahilik demək olar ki, çox az insanda, əsas da İsmayıl kişidə vardı. Özü şiə məzhəbindən olmasına baxmayaraq, qonşu kəndlərdə az sayda yaşayan sünnilərə son dərəcə hörmətlə, hətta məhəbbətlə yanaşır, yolu düşəndə onların qonağı olub İslamın böyüklüyündən, dinin birliyindən, Allahın ucalığından danışaraq insanları bir-birinə bağlayan əsas vasitələrin önəmi haqqında yoldaşları ilə həmsöhbət olur, bəzən gecədən sübhədək əxlaqi məsələləri müzakirə edirdi.

İsmayıl kişinin böyüklüyü, nurani simasıyla, humanist, xeyirxah adam olmasıyla da bitmirdi. O, eyni zamanda vətəninin, millətinin tarixini, keçmişini dərindən bilən, daim gələcəyi haqqında düşünən, şanlı bayrağını müqəddəs saydığı mövhumlar qədər ülvi məhəbbətlə sevirdi. Və boşuna deyildi ki, o, ilk övladını, ilk göz qarası Hüseyni vətən uğrunda, “Aprel döyüşləri” zamanı şəhid vermişdi...

Bir tək ikinci oğlu Həsəndən çox nigarandı. Çünki ötən il bu vaxtı qıraq kəndlərin dələduzlarına qoşularaq kəndən gizlicə sərhədi keçərək İrana getmişdi. Niyə və nə üçün getdiyi çox az insana bəlli olan Həsənin taleyi düz bir il idi ki, İsmayıl kişi başda olmaqla, hər kəsə naməlum idi... İsmayıl kişi hər namaza başladığı an əllərini göyə qaldırıb Uca Yaradana, Allaha dualar edir, ortancıl oğlu Həsənin taleyinin bəd olmaması üçün yalvarırdı:

- Ey laməkan, varlığının şah damarımız qədər yaxın olduğu, Ucalardan Uca Allahımız, sən özün köməyimiz ol! Hər şey sənin əlində, sənin hakimi-mütləq gücündədir. Sən, hər şeyin ən doğrusunu bilən Ali varlıqsan! Varlığına zərrə qədər şübhəmiz yox! Ancaq bu binəva, yazıq bəndələrinə kömək ol, Ya Rəbb!.. Səndən ricam, ortancılım Həsənimin taleyini bəd etmə, Ya Allah! Bir günah içrə qədəm qoymuşsa, onu öz xislətinlə, ruhunla xilas elə, Ulu Tanrım! Uca Yaradan, daim sənə sığınır, səndən kömək gözləyirik! Bizi yaradan, dünyavi-aləmi var edən sənsən! Yalnız sənin istəyinlə varıq, olacağıq, doğacağıq, ta Məhşər gününə qədər yaşayacağıq... – və s. kimi sözlərlə Yaradandan imdad diləyirdi...

Kiçik oğlu, sonbeşiyi Gündüz isə əsgəri xidmətini başa vurub gələndən sonra atasıyla birlikdə torpaqla, mal-qarayla məşğul olur, bir çox işlərdə yaşlı atasına kömək edirdi. Onun adının niyə belə olduğunu, xüsusilə digər böyük qardaşlarından fərqləndiyini kənddə hamı bilsə də, uzaq kəndlərdən, şəhərlərdən gələn qonaqlar hər zaman sorarmışlar. İsmayıl kişinin cavabı isə əksər hallarda təxminən belə olardı:

- Yoldaşım Gündüzə hamiləykən televizorda qardaş Türkiyəmizin PKK Terror Təşkilatıyla mübarizəsindən danışırdılar. Orada bir baş leytenantın taleyi diqqətimi çəkdi: adam, sırf bölüyü düşməndən xilas olsun deyə, könüllü surətdə terrorçulara təslim olmuş, sonda paltarında gizlətdiyi əl qumbarasıyla özüylə birlikdə bir neçə düşmən silahlısını gəbərtmişdi. Şəhid komandir Gündüz Alpın qəhrəmanlığı, igidliyi, insansevərliyi qüruruma səbəb olmuş, taleyi isə məni bərk kövrəltmişdi. Elə o zamanlar insanın vətən üçün, millət üçün necə fədakar ola biləcəyi haqqında çox düşünmüşdüm. Və ani bir qərarla, dostlarımın başqa dini ad barəsindəki təkidinə baxmayaraq, sonbeşiyimin adını Gündüz qoydum...

Gündüz elə adına layiq bir övlad idi. Əsgəri xidmətini cəbhə bölgəsində başa vurmuş, gələndən sonra da milli tarix haqqında çox maraqlanmışdı. Kənd kitabxanasında kiçik bir araşdırma apararaq Cümhuriyyətimiz, onu quranlar, milli öndərimiz Məhəmmədəmin Rəsulzadə, dövlət xadimimiz Fətəli Xan Xoyski, Difai Təşkilatı, Cənubi Azərbaycanda xalq hərəkatları, Səttarxan, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri və s. dövlət adamlarımız, milli qəhrəmanlarımız haqqında xeyli bilik əldə etmiş, öyrəndiklərini atasıyla paylaşmış, onun məsləhətiylə rayon mərkəzinə gedərək internet klubların birində Bütöv Azərbaycanımızın xəritəsini çıxartmış, kəndə gələndən sonra İsmayıl kişiylə günlərlə xeyli müzakirələr aparmış, kəndin yeniyetmə gənclərini milli mövzuda bilikləndirmişdi...

Günlərin bir günü kəndə İranda təhsil almış, hətta xüsusi dairələrin təlimatını almış (sonradan bəlli olan) şiə təmayüllü bir axund təyin olunur. Məşhədi Pərviz adlı bu din xadimi kəndə ayaq basandan hər şey 180 dərəcə dəyişməyə başlayır. Qıraq kəndlərdəki sünnilər təqib olunmağa, kəndəki qeyri dini şəxslər sıxışdırılamağa və din pərdəsi altında qısa müddətdə Məşhədi Pərvizin şəxsi hakimiyyəti artmağa qədəm qoyur. Əlbəttə ki, bu durumdan ilk öncə narahat olan və müəyyən məclislərdə çəkinmədən öz fikrini bildirən İsmayıl kişi idi. Bir neçə ay ərzində kəndə dini hakimiyyət uğrunda Məşhədi Pərvizlə İsmayıl kişi arasında mübarizə başlayır. Dini hakimiyyətə qətiyyən meyli olmayan İsmayil kişi çox götür-qoydan sonra qərara alır ki, din çarşabına bürünmüş bu şarlatanı ifşa etsin və onun haqqında dövlət orqanlarının köməyilə bir tədbir həyata keçirsin. Ancaq bu, o qədər də asan olmur. Çünki fikri-zikri dindən şəxsi maraqlarını təmin etmək üçün istifadə edən Məşhədi Pərviz şeytanın özü qədər hiyləgər və bic idi. Tez bir zamanda ətrafına xeyli tərəfdaş toplamış, xalqı İran təmayüllü dini təfriqəyə çəkməkdən usanmırdı. Hətta o qədər həddini aşmışdı ki, bir neçə dəfə oğurluq etdiyi hər kəsə məlum olan bəzi əliəyri adamları belə qonşu rayonlardan kəndə cəlb etmiş, bir neçəsini köməkçisi təyin etmişdi. Belə olan şəraitdə İsmayıl kişi ona inanan az sayda adamla dini və milli mübarizəyə başladı. Adamlarıyla məclislərin birində söhbəti zamanı belə vurğuladı:

- Milli Xalq Hərəkatımızın lideri, Bütövçülük ideyamızın banisi Ə. Elçibəyi və onun ideallarını təhqir edən, xalqı şovinist fars hakimiyyətinin güdazına verən adamdan əsla nə din, nə dövlət xadimi olmaz! Biz dini etiqadca müsəlman olsaq da, millət olaraq Türkük! Bunu çox yaxşı bilir və əsla bu yoldan caymacağıq! Bu vətən, bu millət kor deyil ki, Məşhədi Pərviz kimi din pərdəsi altında gizlənən şarlatanlara inansın, onun etdiyi qeyri-dini, qeyri-insani əməllərini görməsin... Ola bilər, bu gün Məşhədi Pərviz ətrafına çox adam toplayıb. Çox yəqin ki, hələ bu kəndə ayaq basmamışdan qabaq havadarları maddi və digər məsələlərdə onu razı salmışlar. Amma bu o demək deyil ki, bu kənd, bu el Məşhədi Pərvizə, onun yalançı etiqadına inanacaq və onun timsalında zülmə boyun əyəcəkdir! Bilin və agah olun, bu artıq Həzrəti Hüseyn (ə.s.) mübarizəsi qədər saf və vacib bir savaşdır. Mən tezliklə Məşhədi Pərviz haqqında kifayət qədər məlumat toplayıb dövlətimizin şərəfli orqanlarına onun dələduzluğunu sübut edəcəyəm. Ancaq biz hər bir zaman olduğu kimi bu işdə də dövlətimizə kömək etməliyik! Çünki ilk öncə bu, bizim problemimizdir! Və öz məsələmizi özümüz həll etməliyik!... – şərəfli, vicdanlı, əsl din xadimi İsmayıl kişi...

Bir müddətdən sonra dövlət orqanları ciddi araşdırma aparıb Məşhədi Pərviz haqqında bəzi nüansları aşkar etdilər. Ancaq onun həbsi üçün hələ tam hər şey məlum deyildi. Çünki qanun, fikirlər və istəklər əsasında deyil, faktlarla işləyirdi. Sanki şeytanın özündən “diplom almış” Məşhədi Pərviz ələ keçməməsi üçün əlindən gələni edirdi. Hətta bir gün öz adamlarıyla məşvərət məclisi quraraq İsmayıl kişi haqqında tədbirini söylədi:

- Dinimizin düşməni o mənfur İsmayılı aradan götürməsək, işimiz fəna olacaq, qardaşlar. Gərək biz səlis və cəld addımlar ataq. İsmayıl adlanan o zındıq haqqımızda dövlətimizin böyüklərinə yalan ifadələr verib, mənə böhtan atıb. Baxmayaraq ki, onun danışdıqları yalandan başqa bir şey deyil, ancaq eşitdiyimə görə, dövlətimizin sayılıb seçilən adamları arasında haqqımda şübhələnənlər var. Bu, həm mənim, həm sizin, həm də müqəddəs dinimiz üçün yaxşı hal deyil! Ona görə təcili olaraq, o İsmayılı vurmaq lazımdır. (gülümsəyərək davam edir) Özü də xeyli vaxt bundan əvvəl dostlarımızla birlikdə İrana qaçmış oğlu Həsən vasitəsilə... Biz əvvəl onu oğlu ilə təhdid edib yumşaltmalı, sonra bir fənd ilə aldadıb İran ərazisinə keçirməliyik. Sonra orada din qardaşlarımız onu ya dərhal “din düşməni” kimi həbs edib, ya da öldürəcəklər. Beləcə biz bir kafirdən qurtulacağıq. Sonra bu kənddən başlayaraq cəmi Azərbaycana uca dinimizlə birlikdə əbədi hökmran olacağıq... – və s. kimi pafoslu, fitnə dolu fikirlərlə öz adamlarını şərə təhrik etdi Məşhədi Pərviz...

Bir müddət hər şey plana uyğun getsə də, İsmayıl kişini üzən təhdidlər gəlməyə başlasa da, şərəfli dövlət orqanlarımızın ciddi tədbirləri və İsmayıl kişinin, ona sidqi-könüldən inanan azsaylı dindarların dirənişi şeytanın xidmətçi Pərvizə imkan vermədi. Xarici havadarlarının dövlətlərarası qarşıdurmadan çəkinməsi də “Məşhədi” adını saxtakarlığıyla kirləyən “din xadimi”-nin bütün planlarını alt-üst etdi. Son çarəni o, bir gecə İsmayıl kişini yatağındaykən öldürtməkdə gördü... Sonralar İsmayıl kişi və tərəfdarları o məlum gecə haqqında danışacaqdılar:

- Sanki Muaviyyə dirilib öz kafir ordusuyla birlikdə gəlmişdi. Hz. Əli (ə.s.), Hz. Hüseyn (ə.s.) tərəfdarlarının haqlı savaşı, Uca Yaradanın köməyiləsə kafir məğlub edildi...

Az qala kiçik vətəndaş müharibəsi olacaqdı ki, dövlət orqanlarının xüsusi peşəkar qrupu Məşhədi Pərvizin xain adamlarını yerindəcə həbs etdilər. Onun özü isə fürsət tapıb İrana qaça bilmişdi. Ancaq elə bu an sanki uca dağlar dözməyib özü şeytanın xidmətçisindən intiqam aldı: İranın dağlıq vilayətlərindən birində Məşhədi Pərviz yırtıcı heyvanlarla üzləşərək sıldırım qayalığa doğru qaçmağa qədəm qoydu. Və Tanrı ədaləti ildırım olub öncə Pərvizi başından vurdu, sonra onun dağdan yıxılaraq tikə-parça olmasına səbəb oldu...

Aylar-aylar keçdi o pis günlərin ardından... Artıq İsmayıl kişinin yaşadığı bu dağ kəndində hər şey əmin-amanlıqdaydı. Dövlətimizin başbilənləri bir müddət müzakirədən sonra kəndə elə İsmayıl kişini axund qoydular. Din də, bütün digər məsələlər də sabit öz qaydasına salındı. Hətta qonşu kəndlərdən, rayonlardan sünni qardaşlar da gəlib şiələrlə birlikdə məscidlərdə namaz qılırdılar...

İsmayıl kişinin dostu, tələbə yoldaşı Osman bir gün kəndə qonaq gəldi. Onun haqqında, din və millət birliyi yaratması barəsində eşitdiklərindən təəccüblənən və böyük fəxarət hissi duyan sünni Osman, İsmayıl kişiylə birlikdə kənd məscidində yanaşı namaz qıldıqdan sonra çay süfrəsinə oturdu. Çox gözəl söhbətlər etdilər. Və sonda Osman bir ailə sirrini ona açaraq, bircəciyi, qızı Aybikəni onun oğlu Gündüzlə baş-göz etmək (evləndirmək) istədiyini dedi. Bu fikirdən çox məmnun olan İsmayıl kişi sevinərək qonağını qucaqlayıb öpdü. Beləliklə hər şey öz axarıyla, Tanrı rizasıyla getməyə başladı...

Günlərin bir günü idi. Bu sabah əvvəlkilərdən çox fərqliydi. Yay olmasına baxmayaraq, hava tutqun və yağmurluydu. Dağların başını qara buludlar almışdı. İsmayıl kişi də havanın belə olmasına təəccüblənsə də, adəti üzrə sübh-tezdən oyanıb namaza durmuşdu. Namazdan sonra yenə adəti üzrə dağları gəzməyə getdi. Ancaq qarşılaşdığı bir hadisə onun – dağ adamının dərindən köks ötürməsinə səbəb oldu. Bir təpənin başında oğlu Həsənin meyidi ilə qarşılaşdı. Cəsədin başına xeyli adam yığılışmışdı. Deyəsən dağ çayı onu İrandan bu taya gətirib çıxarmışdı. Oğlunun necə həlak olmasından, çaya atılmasından xəbərsiz olan ata körpə uşaq kimi ağlayaq onu ağuşuna aldı. İnək təzə doğulan balasını yaladığı kimi öpüb qoxulamağa başladı...

Sonralar məlum oldu ki, Həsən bir oğuluq üstündə tutulmasın deyə, Pərvizin adamlarının təhriki ilə İrana qaçıbmış. Oradasa pay bölgüsü üstündə günlərin bir günü elə Pərvizin özü onu öldürübmüş. Cəsədi isə bir müddət İsmayıl kişi haqqında planlar quran zaman ondan istifadə üçün saxlatsa da, axırda “atın getsin bir tərəfə, artıq lazım deyil!” deyəndən sonra və Pərvizin planları baş tutmadığı andan onun İrandakı adamları çaya atmışdılar...

Qismət nə idisə, Həsənin meyidi artıq doğma atasının qucağındaydı. Bir qədər sonra özünə gələn İsmayıl kişi kənd adamlarının yardımıyla oğlunu evlərinə gətirib kəfin-dəfn elədi.

Hadisədən bir neçə gün sonra günorta namazında gördükləri İsmayıl kişiyə infarkt keçirdi. Yorğunluqdan, ya gün vurmasındanmıdır, bəlli deyil, ancaq onun halı get-gedə pisləşirdi. Və keçirdiyi dərin iztirablarla birlikdə o, öncə dağın ətəyinə doğru bir ağacın yanında qaraltı, sonra gözlərini qıyaraq baxdığı zaman kölgəyə bənzər insan və nəhayət ürək ağrısıyla, daha diqqətlə baxdığında iki oğlunu birlikdə gördü: şəhid olan Hüseynlə dələduzluğun nəticəsi olaraq öldürülən Həsənin ruhları... Ancaq onlar nə kinolardakı kimi əl-ələ tutmuşdular, nə də bir-birilərinə gülümsəyirdilər. Hüseyn Həsəni qucağına alıb ağlayaraq durmuşdu. Sanki onu – ötən günlərdə tapılan meyidini çay deyil, doğma qardaşı Hüseyn gətirmişdi...

Dağ adamı çox sarsıldı... Dağlar adamına acıdı... Buludlar dözməyib ağladı... İldırımlar elə bil dünyayla savaşa girmişdi. Sanki bir ordu olub hücuma keçmişdilər... Dağ adamı – İsmayıl kişi ürəyini tutub yıxılanda, “Ya Allah, Ya Məhəmməd, Ya Əli” deyə, səslənəndə, kəlmeyi-şəhadətini deyəndə Tanrı da kövrəlmişdi, ona sadiq bəndəsinin taleyinə baxıb sanki O da köks ötürmüşdü... Və beləcə Dağ adamı dağları tərk etdi...

Bir nəfəcik söyliyəyim,
Dinləməzsən neyliyəyim,
Aşk dəryasın boylayayım,
Ümmana dalmaya gəldim...

Aşk harmanında savruldum,
Həm ələndim, həm yoruldum.
Qazana girdim qovruldum,
Meydana yenməyə gəldim...

Bən hakla oldum aşina,
Qalmadı gönlümdə nəsnə,
Pərvanəyəm atəşinə,
Şəminə yanmaya gəldim...

Bən hakkın kəmtər quluyum,
Kəm damarlardan biriyim.
Ayini-Cəmin bülbülüyüm,
Meydana ötməyə gəldim...

Şah Xətaidir, özümdə,
Heç xilaf yoxdur sözümdə,
Əksiklik kəndi özümdə,
Darına durmaya gəldim...

Şah İsmayıl Xətai.


ELŞƏN İSMAYIL
Bir dağ macərasından ilhamlanaraq...


Geri dön