Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb, Özəl xəbər, Fərəc Quliyev > Vahid Əhmədovun müharibə təklifi dəstəkləndi
Vahid Əhmədovun müharibə təklifi dəstəkləndi |
Elxan Şahinoğlu: “Güc göstərmədən işğaldan qurtulmaq çətindir”
Milli Məclisin üzvü, iqtisadçı ekspert Vahid Əhmədov “Yeni Müsavat”a verdiyi son müsahibədə bildirib ki, torpaqlarımızın azad edilməsi yalnız hərbi yoldan keçir. Deputat onu da qeyd edib ki, sülh yolu ilə işğaldakı torpağın azad edilməsi faktı tarixdə olmayıb. V.Əhmədovun bu açıqlaması müzakirələrə səbəb olub. Torpaqlarımızın azad edilməsi üçün sülh danışıqlarının potensialının tükəndiyi barədə fikirlər səslənməkdədir. Eyni zamanda, təcavüzkar Ermənistanda son aylardakı gərginlikdən çıxış edərək Azərbaycan tərəfinin işğal altındakı əraziləri müharibə yolu ilə azad etmək üçün tarixi şans qazandığı vurğulanır. Vahid Əhmədovun həmkarı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu barədə dəfələrlə Milli Məclisdə məsələ qaldırıb: “Prezident seçkilərində təklif etdim ki, işğal altındakı torpaqlarımızın geri qaytarılması ilə bağlı qanun layihəsi qəbul olunsun. Ötən iclasda bu məsələni bir daha qaldırdım ki, payız sessiyasının gündəliyinə bu məsələ salınsın, yeni hərbi davranışlar ortaya qoyulsun. Belə fikirlər dəfələrlə deyilib. Vahid müəllim və başqaları bu fikirləri çox dilə gətiriblər. Hesab edirəm ki, sülh danışıqlarının heç bir mənası yoxdur. Çünki hər dəfə Ermənistanda hakimiyyət dəyişikliyi olanda bunlar yenidən sıfır variantından məsələlərə başlamaq təklifini qoyur, pozuculuq işləri aparırlar. Bunların hamısı blefdir. Burada Ermənistanın arxasında duran qüvvələrin də rolunu danmaq olmaz. Bu Rusiyanın projesidir. Projedə də Ermənistanın maşa rolundan başqa rolu yoxdur. Məsələ burasındadır ki, biz danışıqları uzatdıqca mövqelərimiz daha da zəifləyəcək. Çünki artıq Ermənistan tərəfindən guya Qərbə inteqrasiya meylini göstərməklə dəstək almağa çalışırlar. Hərbi əməliyyatlara başlamaq üçün indiki şərtlər daha uyğundur. Ermənistanın təcavüzü əvvəlcədən planlaşdırma siyasəti var. Onlar ”böyük Ermənistan" siyasətinin tərkib hissəsi olaraq Dağlıq Qarabağ ətraf rayonları işğal ediblər, Naxçıvan iddiasındadırlar, Türkiyə ərazilərinə iddiaları var. Bütün bunların müqabilində onlarla nə danışacağıq? Biz Ermənistanı hərbi müstəvidə mütləq məğlub etməliyik, əvvəlki sərhədlər bərpa olunmalıdır. Ondan sonra kompensasiyalar haqqında danışmaq olar. Onlar 180 milyarda qədər bizə zərər vurublar. Azərbaycanda doğulan ermənilərin statusları barədə də danışmaq olar. Eyni zamanda Ermənistandan Azərbaycana qovulan soydaşlarımızın da geri qaytarılması ilə bağlı danışıqlar aparmaq mümkündür. İndiki halda danışmalı heç nə yoxdur. Hesab edirəm ki, bizi nə qədər qorxutsalar da, hərbi əməliyyatlara başlamalıyıq. Təəssüflər olsun ki, daxilimizdə də Rusiya və Ermənistanı şişirdənlər var. Burada heç bir məntiq yoxdur. Lap tutaq ki, bizi Ermənistan deyil, ən böyük dövlətlərdən biri işğal edib üzərimizə gəlir, biz ya millət olaraq vuruşub evimizi qurtarmalıyıq, ya da məhv olmalıyıq. Biri bizdən güclüdürsə, gəlib ərazimizi almalı deyil ki. Ona görə savaşdan başqa yol görmürəm. Bizim danışıqlardan heç bir gözləntimiz olmayıb. Bunun üçün də hər zaman savaş təklif etmişik. Bizim Xalq Cəhbəsi dönəmində də savaş gedib, 1994-cü ildə atəşkəs əldə olunub. Mütəmadi olaraq hər zaman savaşın davam etdirilməsinin tərəfdarı olmuşuq. Hesab edirəm ki, atəşkəs rejimi ermənilərin toparlanmasına xidmət edən məsələdir. Bu gün də status-kvonu saxlamaq üçün ermənilər atəşkəsi saxlamaq istəyirlər". Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da V.Əhmədovun fikirləri ilə razıdır: “Güc göstərmədən işğaldan qurtulmaq çətindir. Özümüzü bir anlıq işğalçının yerinə qoyaq. İşğalçı deyir ki, savaşıb bu torpaqları əldə etmişəm. Belə olan halda, əlbəttə ki, torpaqları geri qaytarmayacaq. Təzyiq, güc görməyincə geri addım atmayacaqlar. Mən bir neçə dəfə Ermənistanda beynəlxalq təşkilatların xətti ilə olmuşam. O zaman prezident olan Robert Köçəryandan müsahibə də almışdım. Köçəryan açıq-aşkar demişdi ki, biz belə vəziyyətdə torpaqları geri qaytara bilmərik. Faktiki demişdi ki, gücünüzü görməliyik, ondan sonra addım atmalıyıq. Bunu hamı anlayır ki, 25 ildir danışıqlar nəticə vermir. Bundan sonra 25 il də danışıqlar davam etdirilsə, heç bir nəticə verməyəcək. Biz gah gözləyirik ki, hansısa dövlət Ermənistana təzyiq edəcək, gah da gözləyirik ki, orada hakimiyyət dəyişikliyindən sonra hansısa addımlar atılacaq. Bunların heç biri indiyə qədər baş verməyib, bundan sonra da baş verməyəcək. Bir daha deyirəm ki, təzyiq, güc mütləq olmalıdır. Hələ az təzyiqlə üzləşiblər. 2016-ci ilin aprel savaşını, Naxçıvanda geri qaytardığımız əraziləri unutmaq olmaz. Bu siyasətimizi genişləndirməliyik ki, qarşı tərəf artıq hər şeyi anlasın. Yalnız bizim real gücümüzü görəndən sonra qarşı tərəf reallıqlarla barışa bilər. Ermənistanın rəhbərliyində təmsil olunan şəxs öz cəmiyyətini məcbur edə bilər ki, sülhdən başqa alternativ görmürük, qarşı tərəf bizdən güclüdür, savaş enerjimizi ala bilər. Nəticəsiz danışıqların davam etdirilməsinin əhəmiyyətini görmürəm. Hərbi qüdrətimizi daha da artırıb, zaman-zaman düşmənə böyük itkilər verməliyik”. Cavanşir ABBASLI, “Yeni Müsavat” Geri dön |