Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İslam dini > Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb

Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb


Oktyabrın 11-də futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb.

D liqasında 3-cü qrupda yer alan Azərbaycan seçməsi səfərdə Farer Adaları yığması ilə qarşılaşıb.

Paytaxt Torshavndakı “Torsvollur” stadionunda keçirilən oyunda Azərbaycan millisinin heyətində meydana Kamran Ağayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Qara Qarayev, Riçard Almeyda, Dmitri Nazarov, Araz Abdullayev, Mahir Mədətov və Rüfət Dadaşov çıxıblar.

Farer Adaları yığmasının start heyətində isə Hunnar Nilsen, Hilli Serensen, Atli Qreqersen, Odmar Fere, Vilormur Davidsen, Rene Yonsen, Hallur Hansson, Yohan Edmundson, Brandur Hendriksson, Kay Bartalsstovu və Finnur Yustinussen yer alıblar.

Güclü yağışın müşayiəti ilə keçən oyunun ilk hissəsində hesabı Azərbaycan millisi açıb. Matçın 28-ci dəqiqəsində Riçard Almeyda fərqlənib. Futbolçu millimizin heyətində çıxdığı 11-ci oyunda ikinci qolunu vurub. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsi millimizin minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.

İkinci hissəyə daha fəal başlayan yığmamız 67-ci dəqiqədə istəyinə nail olub. Dmitri Nazarov baxımlı qola imza atıb. Kobud oyuna görə, qarşılaşmanın 87-ci dəqiqəsində Farer Adaları yığmasının qapısına təyin olunan on bir metrlik cərimə zərbəsini Riçard Almeyda dəqiq yerinə yetirərək dubl edib. Komandaların cəhdlərinə baxmayaraq, görüşün sonunadək hesab dəyişməyib.

Beləliklə, görüş Azərbaycan yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan yığması UEFA-nın yeni təsis etdiyi turnirin ilk iki oyununda qələbə qazana bilməyib. Milli komandamız UEFA Millətlər Liqasının D liqasının 3-cü qrupunda Farer Adaları, Malta və Kosovo milliləri ilə mübarizə aparır. Qrupun digər oyununda Kosovo millisi Maltanı qəbul edib. Matç Kosovonun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1.

Üç turdan sonra Qurban Qurbanovun yetirmələri 5 xalla qrupda ikinci pilləyə yüksəliblər. Kosovo 7 xalla birinci, Farer Adaları 3 xalla üçüncü, Malta isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

Komandamız növbəti görüşünü oktyabrın 14-də Bakıda Malta yığmasına qarşı keçirəcək.

Geri dön