Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Azərbaycanın etnik mənzərəsi: narahatçılığa əsas varmı? - I yazı
Azərbaycanın etnik mənzərəsi: narahatçılığa əsas varmı? - I yazı |
Niyaz Niftiyev
Son iki ayda (iyun-iyul) Azərbaycanda yaşayan milli azlıqlarla bağlı istər ölkə daxilində, istərsə də ölkə xaricində heç də xoş olmayan informasiyalar yayılmaqdadır. Belə ki, iyun ayında Azərbaycanda yaşayan azsaylı xalqların bəzi nümayəndələri Rusiyada keçirilən separatçı tədbirə qatılıblar. Toplantı keçmiş SSRİ məkanında yaşayan avar və ləzgi xalqlarının nümayəndələri tərəfindən təşkil olunsa da, əsas hədəf Azərbaycan seçilib. “Federal Ləzgi Milli Mədəni Muxtariyyatı” və “Avar Milli Mədəni Muxtariyyatı” adlı qurumların təşəbbüsü ilə “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasındakı dövlət sərhədinin mövcudluğu nəticəsində bölünmüş ləzgi və avar xalqlarının problemləri, onların həlli yolları” mövzusunda keçirilən beynəlxalq konfransda “Federal Ləzgi Milli Mədəni Muxtariyyəti”nin prezidenti Arif Kərimov etnik dağıstanlıların Azərbaycanda “problem”ləri ilə qarşılaşdığını bildirib, Rusiya və Azərbaycan arasında 2010-cu ildə bağlanılmış “dövlət sərhədi” barədə müqavilədən danışaraq Xaçmaz rayonunun Xraxoba və Üryanoba kəndlərinin Rusiya vətəndaşı olan ləzgi sakinlərinin Dağıstana köçürülmələri ilə bağlı üzləşdikləri “çətinlikləri” xüsusi vurğulayıb. “Avar Milli Mədəni Muxtariyyatı” adlı qurumun sədri, Mahaçqala şəhərində nəşr edilən “Novoe delo” qəzetinin baş redaktoru Marko Şaxbanov məruzəsində Azərbaycanda və Gürcüstanda yaşayan avarların “vəziyyətinə” toxunub. O, Azərbaycanda məskunlaşmış avarların sayını şişirdərək 200 min nəfər göstərib və onlara Azərbaycanda etnik muxtariyyətin verilməsini təklif edib. Bunun ardınca Azərbaycanda fəaliyyət göstərən “Talışo sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun həbsinə “milli məsələ” donu geyindirmək cəhdlər və nəhayət millət vəkili İqbal Ağazadənin ölkədə yaşayan milli azlıqların “problemləri”nə həsr etdiyi məqalə bəzi məsələlərə aydınlıq gətirilməsini tələb edir. Problemin mahiyyəti barədə yanlış təsəvvürlər.... Bildiyimiz kimi, etnik qrup - etnososial təhsil, xüsusi etnik, etnopsixoloji, etnomədəni, dil və dini əlamətlərlə malikdir. Onun başa düşülməsi siyasi hüquqi terminlərdə milli azlıq kimi traktovka edilir. Beynəlxalq hüquqi aktlarda BMT sənədlərində "milli azlıq" və "etnik azlıq" (qrup) çox zaman adekvat kimi işlənilir. Lakin bunun üçün ciddi əsasların olmasına baxmayaraq, onları fərqləndirmək lazımdır. Əgər "milli azlıq" termini dövlət (millət) və onun əhalisinin bir hissəsi arasında xüsusi hüquqi qaydanın nizamlanması başa düşülürsə, "etnik qrup" sosial təhsilin etnik və mədəni özünüdərki başa düşülür. Milli eyniyyət məsələsinə toxunan Polşa alimi Anna Volf-Poveskanın fikrincə, yeni siyasi reallığın etiraf edilməsi bir çox çətinliklərlə üzləşir: “Köhnə strukturların dağılmasından sonra bir çox yeni siyasətçilər millətçi arqumentlərə arxalanmağa başladılar. 1989-cu ildən başlayaraq, ayrı-ayrı qrup və dairələr üçün “millət” anlayışı birliyə və özünüdərkə çağıran yeganə kateqoriya idi. Amma Orta Avropada milli eyniyyət problemləri Sovet İttifaqında və Yuqoslaviyadakı kimi dramatik kolliziyalar yaratmamışdır.” “Etnik azlıqların ictimai həyatda fəal iştirakı üzrə Lund tövsiyyəsi”ndə (1998) qeyd olunur ki, vətəndaşlıq hüququ olan hər bir şəxsin, mənəviyyatca ona daha yaxın olan hər hansı milli və ya etnik qrupun üzvü olmağa subyektiv hüququ var. Azlıq, qrup hüququnun subyektidir. Belə bir təyinetmə üçün nə şəxsin mənşəyini bilmək, nə də heç bir əlavə vasitə -səbəb lazım deyil. Etnik azlıq - polietnik cəmiyyətlərdə etnik xarakteristikalarına görə fərqlənən qruplar cəmiyyətdə dominant mövqeyə malik ictimai resursların az hissəsini alır və etnik stratifikasiya sisteminin əsas hissəsi sayılırlar. Etnik azlıqların statusu sosial cəhətdən möhkəmləndirilir və say etibarilə deyil, ümumi əhəmiyyət kəsb edir. (İqtisadi resurslara məhdud qaydada giriş, siyasi həyatda iştirak, idarəetmə və s.) Əlbəttə, "millət", "xalq", "azsaylı xalq", "milli azlıq", "etnik azlıq" məfhumları təzə yaranan terminlər deyil. Öz məna çalarlığı baxımından da nə dünənin, nə də bu günün reallığı ilə izah edilə bilər. Bu terminlər müxtəlif dövrlərdə ayrı-ayrı tayfaların xalq, ayrı-ayrı xalqların tədricən millət kimi formalaşması prosesi nəticəsində meydana gəlmişdir. Dünya ictimaiyyətinin bu terminlər haqqında aydın və dəqiq təsəvvürləri var. Elə bizdə də kifayət qədər olmasa da müəyyən mənada bu məsələyə maraq və onun izahı yeni problem deyil, müxtəlif vaxtlarda az-çox öyrənilib, ayrı-ayrı müəlliflər tərəfindən araşdırılıb. Lakin son zamanlar mediada başlanan bu tip müzakirələr göstərdi ki, nəinki geniş ictimaiyyətin, hətta bəzi hüquqşünasların, ictimai və humanitar elmlər sahəsində çalışan ziyalılarımızın da "millət", "xalq", "etnik azlıq", "azsaylı xalq" və "milli azlıqlar" ifadələri haqqında təsəvvürlərində qaranlıq nöqtələr çoxdur. Bəzən bu terminlər qarışıq salınır, bəzən düzgün izah olunur, bəzən isə onların arasında mövcud fərqlərə heç bir məhəl qoyulmur. Nəticədə milli münasibətlərlə, milli məsələlərlə bağlı problemlərə qeyri-obyektiv mövqedən yanaşılır, bir sıra reallıqlar və tarixi gerçəkliklər təhrif olunur. Azsaylı bir xalqı az qala millət kimi qələmə vermək cəhdləri... Etnik mənsubiyyətin məcburi, sərəncamla dəyişdirilməsi cəhətləri tarixdə çox böyük müqavimətlərlə üzləşmişdir. Çünki insanı öz xalqına mənsubluğu hissi onun identikliyinin kökü, özəyi, özünü şəxsiyyət kimi hiss etməsinin əsasıdır. Etnosun mədəniyyəti onun bir sistem kimi sabitliyini və inteqrasiyasını təmin edir. Sovet hakimiyyəti illərində SSRİ-də iki istiqamətdə güclü iş aparılırdı. İlk baxışda bu istiqamətlər bir-birinə əks mövqe təsiri bağışlamasa da, əslində məzmun etibarilə bir-birinə daban-dabana zidd məna kəsb edirdi. Daha doğrusu, o vaxtlar SSRİ-də yaşayan bütün xalqların tədricən bir-biri ilə qaynayıb-qarışması nəticəsində zorla "sovet xalqı" adı altında yeni biliyin yaradılmasına ciddi-cəhd göstərilirdisə, digər tərəfdən, beynəlmiləlçilik bayrağını əsas tutaraq, "dostluq" və "bərabərlik" şüarlarını ucalda-ucalda ayrı-ayrı respublikalardakı (bu baxımdan Azərbaycan SSR xüsusi yer tuturdu) müxtəlif tayfaları etnik qrup, etnik azlıqları xalq, hətta bəzən bu və ya başqa etnik azlığı və yaxud azsaylı bir xalqı az qala millət kimi qələmə vermək cəhdləri olurdu. Çoxmillətlilik və beynəlmiləlçilik, özü də şişirdilmiş səviyyədə, sanki bu və ya başqa respublikanın zənginliyini, iqtisadi potensialını, öncüllüyünü göstərən əsas amil idi. Bütün bunların nəticəsidir ki, ittifaq dağıldıqdan sonra müstəqillik yoluna qədəm qoymuş bəzi respublikalar bu sahədə bir sıra çətinliklərlə üz-üzə qalmışdır. Müstəqil Azərbaycan Respublikasının son illərdə ictimai-siyasi durum baxımından qarşılaşdığı ən narahat problemlər içərisində məhz milli məsələlərlə bağlı daha çox narahatçılıq doğurur. Respublikamızda yaşayan xalqlarla bağlı yeni uydurulan, yeni qondarılan hər bir məsələyə milli don geyindirmək cəhdləri ilə yanaşı, Azərbaycanda yaşayan millət və xalqlar, etnik azlıqlar böyük əksəriyyəti vahid amal uğrunda müəyyən addımlar atmağa başlayıblar. Beynəlxalq təcrübədə monoetnik dövlət tapmaq çətindir. Dünyanın əksər dövlətləri çoxmillətlidir. Azərbaycan da bu mənada istisnalıq təşkil etmir. Öz coğrafi və strateji mövqeyi, iqlim şəraiti, təbii ehtiyatları, yeraltı və yerüstü sərvətləri baxımından çox əhəmiyyətli olan Azərbaycan bütün dövrlərdə beynəlxalq aləmin diqqət mərkəzində olub. SSRİ-nin dağılmasından sonra MDB-də bir çox respublikalarda "etnik təmizləmə" siyasəti həyata keçirilib. "Etnik təmizləmə"yə məruz qalan milli azlıqlar monoetnik dövlətlərə transformasiya olunublar. Bu sırada Ermənistan MDB məkanında daha "öndə" gedir. Lakin Cənubi Qafqazın ən inkişaf etmiş respublikası hesab olunan Azərbaycanda bu prosesin başlanmasına ümumiyyətlə cəhd olmayıb. Hazırda respublikada bir çox xalqların nümayəndələri sakit həyat yaşayırlar. Azərbaycan qanunları təsdiq edir ki, öz müqəddəratını təyinetmə insanın ümumi hüquqlarından biridir. Dövlət bütün səylərini ona yönəldir ki, onun vətəndaşları dini, etnik və sosial özünütəyinetmə hüququndan istifadə etsinlər. Eyni zamanda vətəndaşlar müxtəlif kollektivlərdə təşkilatlana bilərlər, onların özünəməxsusluğu məhz kollektivlərdə daha bariz şəkildə nəzərə çarpır. Azərbaycanın çoxmillətli bir ölkəyə çevrilməsinin obyektiv və subyektiv səbəblərinin dərinliklərinə varmadan bir cəhəti xüsusilə vurğulamaq istərdik ki, bu torpağı özünə əbədi məskən seçmiş xalqların əksəriyyəti zaman keçdikcə doğmalaşmış, bəziləri isə yerli xalqlarla qaynayıb-qarışmışlar. Bu gün haqlı olaraq bu torpaqda yaşayanların çoxu Azərbaycanı özlərinin doğma və əbədi vətənləri hesab edirlər. Bütün bu cəhətlər indi nəinki demoqrafik hesablamalarda, həmçinin Azərbaycan xalqının, millətinin formalaşmasının məzmununda və tərkib hissəsində də özünü göstərir. Geri dön |