Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Sahələrdə kənd təsərrüfatı məhsulları çürüyüb məhv olur - STATİSTİKA
Sahələrdə kənd təsərrüfatı məhsulları çürüyüb məhv olur - STATİSTİKA |
Bazarları isə əcnəbi məhsulları zəbt edib
Dövlət Statistika Komitəsi və Kənd Təsərrüfatı Nazirliyinin ilin altı ayı ərzində ölkəyə idxal olunan məhsulların statistikası barədə verdiyi aşıqlama ortaya qəribə mənzərə qoyub. Statistika Komitəsinin bilgisinə əsasən ölkədə kiçik və orta sahibkarların, istehsal müəssisələrinin və nəticə etibarilə istehsal məhsullarının sayı aybaay artmaqda davam edir. Məsələn, Komitənin yaydığı rəsmi məlumata görə, 2012-ci ilin yanvar-iyun ayları ərzində ölkədə 2585 hüquqi şəxs qeydiyyatdan keçib. Onlardan 116-sı dövlət mülkiyyətinə, 2171-i xüsusi mülkiyyətə, 240-ı tam xarici investisiyalı, 57-si birgə müəssisələrə, 1-i isə bələdiyyə mülkiyyətinə aid olub. Vergilər Nazirliyi də öz növbəsində bildirib ki, yanvar-iyun aylarında 29327 fiziki şəxs qeydiyyatdan keçib. Əslində altı ay ərzində bu qədər hüquqi və fiziki şəxsin yaradılması Azərbaycan kimi ölkələr üçün kifayət qədədr böyük göstəricidir. Məsələ orasındadır ki, hər il bu qədər hüquqi və fiziki şəxsin dövlət qeydiyyatına alınmasına baxmayaraq əksər ərzaq və kənd Təsərrüfatı məhsullarının əcnəbi ölkələrdən gətirilməsinin şahidi oluruq. Deyilə bilər ki, qeydiyyata alınan təşkilatların hamısı istehsal müəssisəsi ola bilməz, onların arasında müxtəlif təyinatlıların da olması mümkündür. Məsələ orasındadır ki, fəaliyyətdə olan istehsal müəssisələri məhsullarını realizə etməkdə çətinlik şəkirlər. Nəticədə ölkəyə mənşəyi bəlli olmayan, insan orqanizmi üçün təhlükəli, genetik kodlaşdırılmış məhsulların idxalı üçün şərait yaranmış olur. Kənd təsərrüfatı Nazirliyindən verilən məlumata görə, ötən altı ay ərzində ölkəyə 774 ton donuz əti, 1499 ton donuz piyi, 868 ton it-pişik yemi gətirilib. Cari ilin ötən dövründə respublikamıza 175 ton qaramal əti, 1802 ton camış əti, 14,5 ton qoyun əti, 11619 ton quş əti, 2053 ton balıq, 676 ton quş əti sosiskası, 40 ton quş əti kolbasası, 774 ton donuz əti, 1499 ton donuz piyi gətirilib. Ət və ət məhsulları ilə yanaşı, ölkəyə ağartı məhsulları da idxal olunub. Belə ki, altı ay ərzində 5488 ton süd, 5228 ton süd məhsulları, 2807 ton pendir, 918 ton quru süd, 2923 ton qatılaşdırılmış süd, 1813 ton mayonez idxal olunub. Ölkəyə gətirilən ərzaq məhsulları arasında 13589 ton kərə yağı, 16033190 ədəd damazlıq yumurta, 10 ton quru yumurta tozu və zülalı, 2272415 baş bir günlük cücə, 2947 ton xama və yoqurt, 20080 kq təbii bal, 1266 ton balıq konservası da var. Statistika Komitəsindən isə bildirilər ki, yığım başlanandan tarlalardan 245.8 min ton kartof, 315.3 min ton tərəvəz, 71.6 min ton meyvə və giləmeyvə, 48.0 min ton bostan məhsulları, 54.0 ton tütün, 277.7 ton yaşıl çay yarpağı toplanmışdır. 2011-ci ilin analoji dövrü ilə müqayisədə tərəvəz istehsalı 8.4 min ton, yaxud 2.7 faiz, bostan məhsulları istehsalı 66.4 faiz, tütün istehsalı 44.8 faiz, meyvə və giləmeyvə istehsalı 14.0 faiz artmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən iri buynuzlu mal-qaranın baş sayı 1.5 faiz artaraq 2703.5 min başa, qoyun və keçilərin sayı 1.3 faiz çoxalaraq 8741.2 min başa çatmışdır. Bu dövrdə 3.2 faiz çox və ya diri çəkidə 214.6 min ton ət, 7.3 faiz çox, yaxud 856.4 min ton süd, 16.0 faiz az və ya 600.4 milyon ədəd yumurta, 3.0 faiz çox, yaxud 14.6 min ton yun istehsal edilmişdir. Ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 17.5 faiz, heyvandarlıq məhsulları istehsalı 5.5 faiz, bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalı 10.4 faiz artmışdır. Buradan belə bir sual yaranır, əgər ölkədə bütün növ məhsulların istehsalında artım baş verirsə, o halda eyni məhsulların xaricdən idxalına nə ad vermək olar? Axı, hər ay yeni istehsal və emal müəssisələri açılır, paralel olaraq məhsul istehsalının artımı qeydə alınır. Məlumat üçün qeyd edək ki, ölkədə qanuni və yaxud qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı kifayət qədər çoxdur. Lakin nədənsə sahibkarlar istehsaldan çox kommersiya fəaliyyətinə üstünlük verirlər. İstehsalın gücü əsasən regionlar üzərinə düşür ki, bu da nə sahibkarlar, nə də istehlakçılar üçün sərfəli deyil. Regionlarda az-çox emal müəssisələri fəaliyyət göstərir ki, onlar da məlum inhisarçı şirkətlərin törəmələridir. Buna baxmayaraq, həmin emal müəssisələrinin də tam gücü ilə fəaliyyət göstərməsi üçün normal şərait yaradılmayıb. Ekspertlərin fikrincə, hazırki şəraitdə istər iri regional mərkəzlərdə, istərsə də dağ rayonlarında istehsalla məşğul olan sahibkarların fəaliyyəti üçün heç bir münbit şərait yoxdur. Belə ki, fermerin əkib-becərməyə, sahibkarın isə hazır məhsulu realizə etməyə imkanı yoxdur. Görünən odur ki, ölkə bazarlarında kifayət qədər ərzaq və kənd təsərrüfatı məhsulları var, lakin onların əksəriyyətini idxal məhsullar təşkil edir. Bir sözlə, iynə-sapdan tutmuş mebel, avtomobilə qədər hər şey xaricdən idxal edilir. Elə bu səbəbdən də qiymətlər istehlakşıların cibinə uyğun deyil. Yerli məhsullar isə tarlalarda çürüyərək məhv olur. Bunun isə subyektiv səbəbləri üstünlük təşkil edir. Əvvala onu qeyd edək ki, ölkədə istehsal məhsulların realizə edilməsi üçün yalnız saxlama kameraları tikilib ki, bu da kompleks tədbirlər sırasından yalnız birini təşkil edir. Çünki məhsulun təhvil verilməsi üçün mənbə olmadıqda belə saxlama kameraları müəyyən müddət üçün lazım ola bilər. Artıq bunun mənfi fəsadlarının ötən il şahidi olduq ki, kənd təsərrüfatı məhsulları vaxtında realizə olunmadığından elə saxlama kameralarındaca çürüyüb məhv olmuşdu. Həyəcanla bildirək ki, bu il vəziyyətin daha acınacaqlı olacağı proqnozlaşdırılır. Ona görə ki, fermer istehsal etdiyi məhsulu Rusiya bazarına çıxara bilmir, konserv zavodları məhsulu olduqca ucuz qiymətə alır, nəticədə yeli bazarları xarici ölkələrdən gətirilmiş heyvan yemi üçün nəzərdə tutulan kartof bürüyüb. Cənub bölgəsinin fermerləri isə sahədə kartofu 8-10 qəpiyə sata bilmirlər. Astara, Lənkaran kimi ənənəvi bostançılıq rayonlarında pomidor-xiyar elə tarlada çürüyür. Paytaxt bazarlarında isə pomidorun kiloqramı bir manatdan aşağı düşmür. Kənd Təsərrüfatı Nazirliyinin paytaxtda təşkil etdiyi yarmarkalarda isə yerli fermerlər deyil, alverçilər “at oynadır”. Regionlardan paytaxta üz tutan fermerlər isə müxtəlif bəhanələrlə bazarın qapısından içəri buraxılmır. İstehsal etdiyi məhsulu satmağa bazar tapa bilməyən fermerlər aldıqları subsidiyalarla məişət avadanlıqları almaqla təsəlli tapırlar. Buna rəğmən ölkənin hər addımlığında gizli sexlərin fəaliyyət göstərdiyi hamıya bəllidir. Həmin sexlərdə insan orqanizmi üçün təhlükəli məhsulların istehsal olunması da göz qabağındadır. Üstəlik belə istehsal sahələri dövlətin elektrik enerjisi, qazı və suyundan qanunsuz olaraq istifadə edir, lakin bunun müqabilində vergi ödəməkdən yayınır. Təəssüf ki, belə obyektlər məmur himayəsində olduğundan ya aşkarlanmır, ya da “görüm-baxım etməklə” dönüb olurlar qanuni sahibkar. Elə bu səbəbdən də belə yarımçıq müəssisələrin istehsal etdikləri məhsullar bazarda rəqabətə tab gətirə bilmir. Hələ biz Ümumdünya Ticarət Təşkilatının standartlarına uyğun olaraq xaricı ölkələrə ekoloji təmiz məhsulun çıxarılmasından danışmırıq. Görüünən isə odur ki, ölkədə tüğyan edən inhisarşılıq bə “gizli iqtisadiyyat” iqtisadiyyatın inkişafına ciddi əngəl törədir. Saxta statistik rəqəmlər isə belə fəaliyyət üzərində çətir rolunu oynayır. Alim Geri dön |