Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > “Türk dünyası” kitabında Beynəlxalq Türk Akademiyasının fəaliyyəti yüksək qiymətləndirilib
“Türk dünyası” kitabında Beynəlxalq Türk Akademiyasının fəaliyyəti yüksək qiymətləndirilib |
Azərbaycanda çap olunan “Türk dünyası” adlı 5 cildlik kitabda Beynəlxalq Türk Akademiyasının (TWESCO) missiyası, faəliyyəti və həyata keçirdiyi layihələrlə bağlı 16 səhifəlik geniş məlumat yer alıb.
Kitabda qeyd olunur ki, Beynəlxalq Türk Akademiyası dünya miqyasında əhatəli türkoloji araşdırmalar həyata keçirən və üzv ölkələrin sosial-humanitar elm sahələrindəki ortaq məsələlərini koordinasiya edən beynəlxalq mərkəzdir. Akademiya Avropa, Amerika və Asiyanın Türkoloji mərkəzlərindən onlarla alim və tədqiqatçının iştirakı ilə çox sayda elmi layihə həyata keçirib. Bu layihələr çərçivəsində Türk dünyasının qədim dövrlərdən günümüzə qədərki tarix, dil və ədəbiyyat, mədəni-mənəvi, iqtisadi və beynəlxalq əlaqələri ilə bağlı geniş tədqiqat işləri reallaşdırılıb. Bundan başqa, regionun sosial və humanitar məsələlərini araşdıraraq, həll yollarına istiqamətlənmiş elmi araşdırmalar və qədim Türklərin yaşadığı ərazilərdə arxeoloji qazıntılar həyata keçirilməkdədir. Prof. Dr. Darxan Kıdırəlinin rəhbərliyi altında TWESCO tərəfindən Türk Şurası Dövlət Başçılarının təlimatlarının icrası çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin orta məktəb şagirdləri üçün “Ortaq Türk tarixi” dərsliyinin proqram və layihəsi hazırlanıb. “Atalar Mirası” multimedia layihəsi həyata keçirilib, “Ortaq Türk Ədəbiyyatı”, “Ortaq Türk Coğrafiyası” ilə bağlı işlər davam etdirilir. Dövlət Başçılarının təlimatlarına əsasən, Akademiya “Türk Dünyasının İnteqrasiyası konsepsiyası”nın layihəsini hazırlayıb. Akademiya geniş əlaqələri sayəsində qısa müddət ərzində İSESCO-da müşahidəçi statusu qazanıb, BMT (ECOSOC), BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO, SESRIC, ECO (SF), COMSTECH (OIC), İRCİCA kimi təşkilatlarla, Azərbaycan, Rusiya, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Tatarıstan, Başqırdıstan, Macarıstan, Monqolustanın, Yaponiyanın Elmlər Akademiyaları, Çin Sosial Elmlər Akademiyası (CASS), ABŞ-ın aparıcı universitetləri və elm mərkəzləri ilə əməkdaşlıq memorandumları imzalayıb və beynəlxalq əməkdaşlıq şəbəkəsi formalaşdırıb. “Türk dünyası” kitabında Akademiya tərəfindən hər il Astanada ənənəvi olaraq təşkil olunan “Böyük Çöl” Beynəlxalq Humanitar Forumunun beynəlxlaq səviyyədə böyük nüfuz qazandığı ayrıca qeyd olunur. Eyni zamanda, BMT Baş Qərargahında təşkil edilən “2030 Gündəmi üçün İpək Yolu Marşrutunda Sinerji” adlı beynəlxalq simpoziumun, Parisdə UNESCO-nun mənzil-qərargahında bu təşkilatla birgə təşkil olunan “Mənəvi yenilənmə və mədəni miras: keçmişdən gələcəyə türk dili” mövzusunda Beynəlxalq forumun böyük səs gətirdiyi vurğulanıb. Bununla yanaşı, TWESCO-nun Türk dünyasının qədim tarixi mirasını tədqiq etmək məqsədi ilə Altaya, Monqolustanın Şiveet Ulan, Qazaxıstanın Ulutau bölgəsinə təşkil etdiyi beynəlxlaq elmi-tədqiqat ekspedisiyalarının önəmi qeyd olunub. Kitabda Beynəlxalq Türk Akademiyasının 100-dən artıq fundamental nəşr ortaya qoyduğu, bunların arasında “Altay Respublikasındakı Qədim Türk Yazılı Əsərləri”, “Qədim Türk Lüğəti”, “Türk Xalqlarında At Mədəniyyəti”, “Aeroplan “Oktyabr Əlifbası”, “Türk Əlifbalarının 20-30 illərdə yenilənməsi tarixi ilə bağlı yeni mənbələr”, “XV-XVIII əsrlərdə Qazax Xanlığı tarixinə dair qaynaqlar” (8 dildə), “Manas Ensiklopediyası”, “MANAS sözlüyü”, “İmperiyanın son yazarı: Çingiz Aytmatov”, habelə Türk dünyasında tanınmış digər müəlliflərin nadir kitablarının yer aldığı qeyd olunub. Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin müəllifi olduğu “Türk dünyası” beşcildliyində Türk sivilizasiyasının tarixi təkamülü və əsas dəyərləri, Türk dilləri ailəsi, ümumtürk tarixi və mədəniyyəti, siyasət və diplomatiyası, Türklərin həyat tərzi, adət-ənənələri, universal-multikulturalist dünyagörüşü, Türkçülük ideologiyası və nümayəndələri, türk dünyasının qabaqcıl şəxsiyyətləri, türk etnocoğrafiyası, Türklərin dövlətçilik tarixi və geneologiyası, günümüzün müstəqil Türk respublikaları və onların əlaqələri və digər məsələlər yer alıb. Füzuli Məcidli Geri dön |