Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini > Bakıda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda konfrans keçirilib
Bakıda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda konfrans keçirilib |
Oktyabrın 30-da Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda konfrans keçirilib.
Tədbirdə Bakı şəhərinin Yasamal, Səbail və Nəsimi rayonlarının ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər iştirak ediblər. DQİDK-nın sədr müavini Gündüz İsmayılov çıxış edərək bildirib ki, Dövlət Komitəsi müxtəlif dövlət qurumları ilə birgə respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, xalqımızın zəngin tolerantlıq mədəniyyətinin qorunması, dini radikalizm və ekstremizmə qarşı səmərəli mübarizənin aparılması məqsədilə müxtəlif səpkili tədbirlər keçirir. Komitə digər dövlət qurumları ilə yanaşı, Təhsil Nazirliyi ilə də sıx əməkdaşlıq edir, xüsusilə təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması istiqamətində birgə fəaliyyət göstərir. Bu əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunan G. İsmayılov ümumtəhsil məktəblərində milli-mənəvi, o cümlədən dini dəyərlərimizlə bağlı biliklərin daha da dərinləşdirilməsinə ehtiyac olduğunu qeyd edib. O, uşaqlar və gənclərin dinlə bağlı məlumatların etibarlı mənbədən almalarının vacibliyini vurğulayıb. Sədr müavini dini biliklər deyildikdə əsasən bütün dinlərin, müqəddəs kitabların mahiyyətinin, eləcə də dini radikalizm haqqında məlumatların nəzərdə tutulduğunu bildirib. G.İsmayılovun sözlərinə görə, gənclərə lazımi dini biliklərin sistemli şəkildə verilməməsi onların dini radikalizmin, xurafatın təsirinə düşmə ehtimalını artırır. Sədr müavini “Həyat bilgisi” fənni daxilində dinlər barədə biliklərin verilməsi istiqamətində atılan addımların əsas məqsədinin hər kəsdə zərərli dini təbliğata qarşı “immunitet” formalaşdırmaq olduğunu söyləyib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov çıxışında gənclərin milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmasının vacibliyinə diqqət çəkib. O, qloballaşma adı altında milli-mənəvi dəyərlərimizin sıxışdırılmasının onun məhvinə gətirib çıxara biləcəyini qeyd edib. Yüksək nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin tarixi-mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə müəyyən təhlükə meyilləri yaratdığını bildirib. Milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə sintez edilməsinin əhəmiyyətinə toxunan H.Əsgərov vurğulayıb ki, milli özünüdərk ailədə uşaqların tərbiyəsindən başlayaraq orta məktəblərdə daim diqqət mərkəzində saxlanılmalıdır. DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov isə dinin cəmiyyətdəki funksiyaları barədə danışıb. R.Əsgərov, eyni zamanda, cəmiyyətimiz üçün real təhlükə olan dini fanatizm, dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları barədə məlumat verib. Konfrans müzakirələrlə davam edib. Geri dön |