Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Azərbaycan türkçülüyü ideyası - XI
Azərbaycan türkçülüyü ideyası - XI |
Faiq Ələkbərov (Qəzənfəroğlu)
Azərbaycanın milli «molla nəsirəddinçi»ləri: Ömər Faiq və Sabir XX əsrin əvvəllərində «molla nəsirəddin»çilər arasında Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əli Nəzmi və başqalarının millət və islam məsələsinə münasibəti Cəlil Məmmədquluzadə, Əli Qəmküsar, Məmməd Səid Ordubadi və başqalarından müəyyən qədər fərqli olmuşdu. Əgər C.Məmmədquluzadə, Ə.Qəmküsar və b. milli birlik və dini birlik məsələlərinə daha çox tənqidi yanaşaraq bunun mümkünsüzlüyünü iddia edirdilərsə, onlardan fərqli olaraq Sabir və Ö.Faiq islamı və milli mədəniyyəti daha dərindən öyrənməyin vacibliyini qeyd etmişlər. Milli-demokratik mdeyalardan çıxış edən Ömər Faiq Nemanzadə ötən əsrin əvvəllərində yazırdı ki, müsəlmanların cahil, avam, nadan və s. olmasının günahkarı islam deyil, islamı dərindən bilməməyimizdir. Onun fikrinə görə, «Şükür Allaha, islamam» deyib, yuxulayıb, həqir, fəqir, cahil, qafil qalmışıq və avropalılar islam mədəniyyətini öyrənib irəli getdikləri halda, biz bir millət kimi hələ də yerimizdə sayırıq. Ö.Faiqin fikrincə, xalq arasında oyanışa nail olmaq üçün dini və milləti tənqid etməklə yanaşı, onun aparıcı ziyalıları tək vücud, tək rəy, tək cəhət-yol altında birləşməlidilər. Yəni türklüyünü, islamlığını dərindən dərk edib millətə təmənnasız yardım etməli, irəli aparmalıdır. Ö.F.Nemanzadəyə görə, islamı isə ruhanilərdən deyil, Əhməd bəy Ağaoğlu kimi əsil elm adamlarından öyrənməliyik. «Dəvət» adlı kitabında da Ö.Faiq yazır ki, məhərrəmlikdə baş-gözümüzü yarıb qan tökməkdənsə, həzrəti imam Hüseynin millət yolunda şəhidliyini öyrənməli, onun şəhadətindən doğru nəticə çıxarmalıyıq. Dini və dünyəvi elmlərdən hansının vacibliyi məsələsində mühafizəkar-islamçı mütəfəkkir Əbuturab Axundoğlu ilə razılaşmayan Ö.Faiqə görə, islamın ilk dövründə onun əqidə və ehkamların açıq və sadəliyi sayəsində, müsəlmanlar gözəl əxlaqlı, mətin qəlbli, azad fikirli, doğru sözlü, tərəqqipərəst, nəhayət dünyəvi elm xadimi olduqlarından az vaxtda dünyanın yarısını fəth etmiş, ədalət və mərhəmmətlə də idarə etmişlər. Ancaq sonralar, əslində Quranın sadə və bəsit olan əqidə və ehkamları bəyan üçün uzun-uzun təfsir kitabları yazılıb, bununla da əsil islamdan, «əql və hikmətdən» uzaq düşülüb. Ö.Faiq yazırdı ki, indi islamın əsil mahiyyətini dərk etmək, onun dünyəvi elmlərlə bağlı cəhətlərini mənimsəmək vaxtıdır. Çünki Quranın özünün də böyük qismi dünyəvi elmlərə aiddir: «Bu qəziyyələrdən şu nəticəyi çıxarmaq istəyirəm ki, Quranı, islamı bilmək, Allahı tanımaq, kamil insan olmaq üçün şəriət elmini bilmək on dərəcə lazımsa, dünyəvi elmləri bilmək üçün doxsan dərəcə lazımdır». Onun fikrincə, əgər dünyəvi elmlərlə mədəniyyətə və insaniyyətə nail olmaq mümkün deyilsə, dini elmlərlə heç vaxt buna müvəffəq ola bilmərik. Deməli, insanlar hər iki elmi, xüsusilə də dünyəvi elmləri öyrənməlidirlər. Göründüyü kimi, sovet dövründə az qala marksist kimi qələmə verilən Ö.F.Nemanzadə heç vaxt milli və islami dəyərlərdən kənara çıxmamış, hətta 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin varlığını müdafiə etmişdi. Bu dövrdə qələmə aldığı «Milliləşmək» və digər məqalələrində Azərbaycan türklərinin dövlətinə, dilinə, mədəniyyətinə və s. sahib çıxmasının vacibliyindən söz açan Nemanzadə hesab edirdi ki, ilk növbədə milli dilin-türk dilinin qorunub-saxlanması lazımdır: «Hər millətin ədəbiyyata malik dili o millətin ruhu, nişaneyi mövcudatıdır. Ondan məhrum olduğu gün mərhum olmuş, ondan uzaqlaşdığı gün gün qəbrinə yaxlaşmış deməkdir. Tarix bizə göstərir ki, bir millətin cahangirliyi, hökuməti hətta yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyatı var, o millət məhv edilməz. Dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz». Nemanzadə hesab edirdi ki, Qərbdə fransız dili hansı əhəmiyyətə malikdirsə, türk dili də Yaxın Şərqdə bir o qədər böyük əhəmiyyət daşıyır: «Türk dilinin Yaxın Şərqdəki hakimiyyətinə şahidlər axtarmaq lazım deyil, onunla danışan 60-70 milyonluq böyük bir kütlənin şahidliyindən daha möhkəm nə ola bilər?». Eyni zamanda, o, milli dövlətçilik məsələsinə xüsusi önəm verir və milli hökumətin işini pozmağa çalışan qara qüvvələri tənqid edirdi: «Mənafeyi-ümumiyyə xidmət etməyə, haqq və camaat rizası üçün çalışmağa alışmamışız. İnanınz, çoxumuzun fikri və xəyalı xüsusi mənfəətdir. Milli hökumət düşüncəsi, xəzinə faydası birər bəhanə, birər lafdır (boş sözdür). Bütün hərəkətimiz, ümumiyyət pərdəsi altında xüsusilikdir. Hər kəs bu dərdə mübtəladır. Bu dərd isə cavan hökuməti incidiyor, sarsıdıyor. Xaricə qarşı daxili qüvvətimizi zəiflədiyor. İçəridəki mənfəətpərəstlik xaricdəki düşmənləri sevindiriyor, yeni qurulan hökumət maşinasını pozuyor, həm də fəna halda pozuyor. Heç kəs ürəkdən düzəltməyə can yandırmıyor, ortalıqda bir «spekulyasiya»dır, bir xəyanətdir gediyor». Onun fikrincə, bütün bunlara qarşı çıxıb Cümhuriyyəti qorumaq lazımdır: «Qurduğumuz xalqçı cümhuriyyətdə hər zaddan qabaq murad və mənfəətini nəzərə almaq lazım gəlir. Cümhuriyyətimizin bünövreyi-əsasını meydana gətirən qara xalqın üzünü ağartmaq, üstlərindən cəhalət qaranlığını qaldırmaq, məişət ağırlığını atmaq xalqçılığın şah əsəri, yeganə vəzifə olur». Bütün bunlar isə o deməkdir ki, Ö.Faiq bir çox hallarda ruhən marksist-leninçilərə deyil, milli-demokratlara, o cümlədən islamçılara və türkçülərə yaxın olmuşdur. Bizə elə gəlir ki, «molla nəsirəddinçi»lərdən Mirzə Ələkbər Sabirdə də beynəlmiləlçiliyə müəyyən qədər rəğbət olsa da, ümumilikdə Ö.F.Nemanzadə kimi, millilik və dinə bağlılıq daha güclüdür. Xüsusilə, Sabirin XX əsrin əvvəllərindəki bütün yaradıcılığı milli oyanışa, milli tərəqqiyə və vətən azadlığına yönəlmişdir: Hər millət edir səfheyi-dünyadə tərəqqi, Eylər hərə bir mənzili-məvadə tərəqqi, Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi, Biz də edərik aləmi-röyadə tərəqqi. Bu baxımdan Sabirin şeirləri nə qədər acı, ironiyalı, istehza ilə dolu və dözülməz olsa da, xalqın milli kimliyini tanımasında və milli azadlıq uğrunda mübarizəyə qalxmasında mühüm yerə malikdir. Əslində tənqidi xarakter daşıyan bu şeirlərin mahiyyətində mütəfəkkirin vətəninə, millətinə, dilinə, dininə böyük və sonsuz sevgi bağlılığı var. Fikrimizcə, millətini və dinini bu dərəcədə sevən insan yalnız bu şeirləri yaza bilərdi: Gör millətinin dərdini, axtarma dəvasın, Əl çəkmə yetimin başına, kəsmə sədasın, Zinhar qoyub dəhrdə bir xeyir binasın Yad eyləmə, şad eyləmə millət füqərasın…. Sabir ümid edirdi ki, onun bu satirik şeirləri avamlıq, cəhalət, nadanlıq, dini fanatizm və s. girdabında olan soydaşlarına, dindaşlarına təsir edəcək, bu bəlalardan xilas olmağa çalışacaqlar. Məhz bu məqsədlə Sabir dindaşlarını, soydaşlarını həqiqi mömin müsəlman və millətsevər olmağa çağırırdı. Onun fikrinə görə, yalançı vətənpərvərlik, dindarlıq və sairədən uzaq qaçmalıyıq. Bu baxımdan Sabir millətin oyanşının, maariflənməsinin, elm və təhsil almasının qarşısını alan bütün əngəlləri - «məzhəbpərəstliy»i, «dinpərəstliy»i, «millətpərəstliy»i, «demokratlığ»ı və s. tənqid edir, millətin bütövlüyünü sarsıdan amilləri aradan qaldırmağa çalışırdı. Sabirə görə, türk millətinin daxilindəki nifaqlar bu günün işi deyil, ötən zamanlarda da bu cür hallar baş vermişdir. Belə ki, Səlcuqlarla Oğuzların, Çingizlərlə Xarəzmşahların, Teymurlarla İldırımların, Teymurlarla Toxtamışların, Şah İsmayılılarla Sultan Səlimlərin və başqalarının bir-birilə mübarizə nəticəsində itirən turanlılar - türk milləti, islam dini, qazanan isə farslar, ruslar və başqa millətlər olmuşlar. Xüsusilə, Teymurun Toxtamışı məğlub etməsi rusların işinə yaramış, bununla da ruslaşmağa və dinimizdən uzaqlaşmağa başlamışıq. Şah İsmayılla Sultan Səlim arasındakı müharibə isə ona gətirib çıxarıb ki, tək qədim dinimizə iki təzə ad qoymuşuq: sünni və şiə. Yalnız Nadir şahın türk millətinin birliyinə çalışdığını, ancaq bunun da nəticəsiz qaldığını deyən, Sabir yazır: İndi yenə var tazə xəbər, yaxşı təmaşa, İranlılıq, osmanlılıq ismi olub ehya, Bir qitə yer üstündə qopub bir yekə dəva, Meydan ki, qızışdı olarıq məhv sərapa. Sabirin şeirlərindən hiss etmək olur ki, o, şiəlik və süniliyin, osmanlılıq və iranlılığın əleyhinə olmuş, müsəlman xalqlarının arasına ən azı mənəvi birliyin olmasına çalışmışdı. Bu baxımdan Həsən bəy Zərdabini «mənəvi atamız» adlandıran Sabirin tutduğu milli yol «Səttarxana» şeirində özünü daha açıq buruzə verir. O, bu şeirində yazır ki, Azərbaycan türkləri Səttarxanla əhdü-peyman bağlayıb istibdada qarşı islamın, vətənin və millətinin namusu uğrunda ayağa qalxmışlar: Ta ki, millət məcməin Tehranda viran etdilər, Türklər Səttarxan ilə əhdü-peyman etdilər, Zülmü istibdadə qarşı nifrət elan etdilər, Millətə, milliyyətə can nəqdi qurban etdilər, Ayeyi - «zibhi-əzim» itlaqı ol qurbanədir, Afərinim himməti-valayi-Səttarxanədir. Həq mədədkar oldu Azərbaycan ətrakına (Azərbaycan türklərinə), Ali-Qacarın protes etdilər Zöhakkına, Ol şəhidanın səlam olsun rəvani-pakına Kim, tökülmüş qanları Təbrizü Tehran xakına, Onların cənnət deyildir mənzili, aya nədir? Afərinim himməti-valayi-Səttarxanədir. İştə Səttarxan, baxız bir növ iqdamat edib, Bir vəzirü şahı yox, dünyanı yeksər mat edib, İrzi-islamı, vətən namusunu yüz qat edib, Hörməti-heysiyyəti-milliyyətin isbat edib, İndi dünyanın təvəccöh nöqtəsi İranədir, Afərinim himməti-valayi-Səttarxanədir. İştə Səttarxan, baxız, İranı ihya eylədi, Türklük, iranlılıq təklifin ifa eylədi, Bir rəşadət, bir hünər göstərdi, dəva eylədi, Dövlətin bir eynini dünyada risva eylədi, Qaçmayıb pərvanə tək oddan, demə pərvanədir, Afərinim himməti-valayi-Səttarxanədir. Afərin təbriziyan, etdiz əcəb əhdə vəfa! Düstu düşmən əl çalıb eylər sizə səd mərhaba! Çox yaşa, dövlətli Səttarxan, əfəndim, çox yaşa! Cənnəti-əladə peyğəmbər sizə eylər dua, Çün bu xidmətlər bütün islamədir, insanədir, Afərinim himməti-valayi-Səttarxanədir. Geri dön |