Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Tərsliklər davam edəndə dərsliklər davamsız olur
Tərsliklər davam edəndə dərsliklər davamsız olur |
Nə var, nə yox, müəllimlər? Dərsliklər haqqında beş il əvvəlki söhbətimiz yadınızdadırmı?
...Azərbaycan dili və ədəbiyyat orta məktəbin əsas fənlərindəndir. Bunu hamı bilir və etiraf edir. Bəs bilinməyən nədir? Bunu da bəlkə hamı bilir, amma səhvlərini etiraf etməyə çoxunun cəsarəti çatmır: birdən düşər-düşməzi olar. Halbuki vaxtında, ümumi işin xeyrinə yönəlmiş təkliflərə səmimiyyətlə yanaşılmalı, müzakirə ağlın gücü ilə aparılmalıdır. Bu cəhətdən qəbul imtahanlarının proqramları abituriyentin mənafeyinə yönəlməlidir. TQDK-nın qəbul imtahanları proqramları Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi fənn proqramları əsasında, onu təftiş etmədən hazırlanırdı. Bu iş TQDK-nın şərəfli xələfi olan DİM-də bu gün əvvəlki qayda üzrə aparılır. Qəbul imtahanı proqramlarının tarixi keçən əsrin 20-ci illərinə gedib çatır. Sözümün canı odur ki, heç kəs proqram materiallarının tərtibindəki fəaliyyətini birincilik kimi qələmə verməsin. Şəxsən mən respublika səviyyəli, nazirlik tərəfindən təsdiq edilmiş bir neçə proqramın həmmüəllifi və kurikulum sənədləri hazırlayan işçi qrupunun üzvüyəm və bu istiqamətdə bilik və bacarıqlarımı həmkarımla həmişə bölüşürəm. Amma deyilən iradlara da həmişə həssaslıqla yanaşıram, deyilən fikirlərə düzgün münasibət bildirməyə çalışıram. Uzun sözün qısası... Dərslik və proqramlarımızda hələ də düzəldilməsi çox vacib olan qüsurlarımız çoxdur. Buna, əlbəttə, təəssüf etməmək olmur. Mənə elə gəlir ki, dərsliklərin və proqramların yazılmasında və tərtibində orta məktəb müəllimlərimiz kölgədə qalıb; ali məktəb müəllimləri və AMEA-nın dərəcəli və dərəcəsiz müəllimləri isə öz vəzifə borcu çərçivəsində görməli olduqları işi bir tərəfə atıb, orta ümumtəhsil məktəblərinə can atırlar. Ali məktəb müəllimləri və AMEA-nın bəzi əməkdaşları repetitorluq yolu ilə öz maddi vəziyyətlərini yaxşılaşdırmaq istəyirlər... Bu işdən ötrü sino gedənlərin sayının artması da təəssüf doğurur. Məqsəd nədir? Cavab aydındır: ali məktəb müəllimləri və AMEA-nın bəzi əməkdaşları repetitorluq yolu ilə öz maddi vəziyyətlərini yaxşılaşdırmaq istəyirlər. Bu da təbiidir. Amma alimlərimizin pul qazanmaq yolunda başqa imkanları da var. Bu, elmi araşdırmalar, elmi fikir mübadilələr yoludur. Başqa yollar da istisna deyil. Mən bu fikirdəyəm ki, orta məktəb müəllimləri orta məktəbə aid olan proqramın tələblərini daha yaxşı anlayırlar. Alimlərin əsas işləri ilə yanaşı məktəblərə axını onların nüfuzunu aşağı salır, yaradıcılıqlarını məhdudlaşdırır. Əgər alim orta məktəbə meyillidirsə, buyursun, orta məktəbi özünə əsas iş yeri seçsin. İndi orta məktəbdə belə alimlər heç də az deyil. Hətta kənd məktəblərində alimlik dərəcəsi olan fəlsəfə doktorlarının- dərəcəli müəllimlərimizin sayı da artmaqdadır. Çörəyi çörəkçiyə verirlər. Çünki çörəkçi çörəyi bişirməyi də bacarır, çörəyinin qədrini də bilir. Nə deyirsiniz, çörəyi kim bişirməlidir? *** Bir dəfə bir müəllim yoldaşımız 4-5 tanınmış alimə zəng edərək dərslikdəki poemalardan birinin əruzun hansı bəhrində olduğunu telefonla onlardan soruşur. Ehtiyatlı tərpənib, deyəsən, onların səsini də yazır. Bir suala eşitdiyi fərqli cavablar həmin alimləri orta məktəb müəlliminin gözündən salır. Başqa bir müəllim isə dərslik müəlifi ilə dialoqa girir. Müəllif onu təbrik edir, öz bildikləri ilə onun bildiklərinin üst-üstə düşdüyünü deyir və axırda ona suyu lilləndirməməyi məsləhət görür. Həmin müəllim öz axtarışları ilə bulanıq suyu çoxdan duruldub, o bulanıq telefon söhbəti isə hələ də durulmur ki, durulmur... “Xosrov və Şirin”dəki “məhsəti” sözü ümumi isimdir, bunun Məhsəti Gəncəviyə yox, kişilərin məclisində sındıra-sındıra oynayan rəqqasəyə aidiyyəti var... Dərslikdə Nizaminin “Xosrov və Şirin” əsərinə istinadən Məhsətiyə bir qəzəl üçün bir xəzinə bağışlanıldığı yazılırsa, bu, səhdir. “Xosrov və Şirin”dəki “məhsəti” sözü ümumi isimdir, bunun Məhsəti Gəncəviyə yox, kişilərin məclisində sındıra-sındıra oynayan rəqqasəyə aidiyyəti var. Biz “Kitabi- Dədə Qorqud” eposunu müasir dilə uyğunlaşdırılmış mətn kimi yox, yaranandan çox sonralar yazıya köçürülmüş orijinal əsər kimi, dil baxımından dəyişdirilməyən epos kimi öyrənməliyik və bu məsələ qəbul imtahanı proqramında öz əksini mütləq tapmalıdır. Bəlkə də hər bölmənin sonunda bəzi açar sözlərin göstərilməsi barədə fikir mübadiləsinə ehtiyac vardır. Bu, söz yox ki, proqramı proqramlıqdan çıxarmayacaq, bəlkə də onu zənginləşdirəcək. Məsələn, Nizami mövzusunun əvvəlində məsnəvi (poema), əruz, təfilə, qəzəl, qəsidə, qitə, nəsihətnamə (öyüdnamə, pəndnamə), klassik əsər, intibah, minacat, tövhid, nət, mədhiyyə, fəxriyyə tipli açar sözlər proqramın vəsait kimi istifadəsini də genişləndirə bilər. Xətai bölməsində açar sözlərin sayını ənənəyə zidd olsa da artırmaq lazımdır. Bəzi müəllimlər çoxdan başlanmış bir mübahisəni gündəmə gətirmək istəyirlər. Onların fikrincə, Xətai “Dəhnamə”sinə poema yox, məsnəvi demək lazımdır. Məsələnin bu şəkildə qoyuluşu onların əsəri tam şəkildə oxumadıqlarından xəbər verir. Bəlkə də Xətainin “Dəhnamə”sindən əvvəlki “Dəhnamə”ləri məsnəvi adlandırmaq olar, çünki onların “Dəhnamə”lərindəki şeirlərin hamısı cüt-cüt qafiyələnib. Xətainin “Dəhnamə”sində isə 30-a yaxın qəzəl (aa, ba, ca, ça....) 22 bəndlik bir mürəbbe (22 mürəbbe bəndi x 4= 88; misra şeir, aaaa, bbba, ddda və s.) vardır ki, bunlar da məsnəvi kimi qafiyələnmir. Xətainin “Dəhnamə”sində yarımbaşlıqlar fars dilindədir. Xətai “Dəhnamə”sində “Bahariyyə” adlanan söz yoxdur, burada “Sifati-gülşəni bahar” var, yəni “bahar güllüyünün təsviri” var. Azərbaycan ədəbiyyatının intibah dövrunü XVII-XVIII əsrlərlə bağlamaq, Nizami Gəncəvini bəyənməmə kimi başa düşülə bilər. Odur ki, proqramda bu məsələni mövzuya rəğbət göstərmədən, elmə və elmi üsluba xas olan meyarla həll etmək lazımdır. Burada fənlərarası inteqrasiya da unudulmamalıdır: tarix dərsliklərində Azərbaycan intibahının tarixinin daha əvvəllərə aid olması göstərilir. Proqramda Qasım bəy Zakir “Azərbaycan ədəbiyyatında satirik üslubun banisi” kimi gösrərilir. Halbuki Zakirdən əvvəllər də satirik əsərlər yazılmışdır. X sinfin ədəbiyyat dərsliyində M.F.Axundzadənin səhnə əsərlərinin beşi komediya, biri isə - “Hekayəti-xırs quldurbasan” dram janrında yazılmış əsər kimi göstərilir. Halbuki elmi dairələrdə bu əsər də komediya sayılır. Yeri gəlmişkən, qeyd edək ki, dərslikdə elmi ictimaiyyətin tərəddüdsüz qəbul etdiyi məsələlər öz əksini tapmalıdır. Dərslik yazan müəllif öz fikrini əsaslandırmaq üçün başqa tribunalardan istifadə etməlidir. Dərslikdə S.Ə.Şirvaninin 1879-cu ildə “siyasi cəhətdən şübhəli müəllim kimi” ittiham olunaraq Tiflisə şikayətə getməsindən söz açılır. Halbuki S.Ə.Şirvani həmin vaxt Tiflisə -Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında oxuyacaq şiəməzhəb şagird və tələbələrə ana dili və şəriətdən dərs demək üçün keçirilən müsabiqədə iştirak etmək üçün getmişdi. Müsabiqədə hakim dairələrə daha yaxın şəxs kimi Zaqafqaziya Ruhani İdarəsinin üzvü Əvdüssəlam Axundzadə qalib gəldiyi üçün S.Ə.Şirvani geriyə - Şamaxıya qayıtmış, burada həm Şamaxı şəhər rusdilli məktəbində, həm də 1874-cü ildə Səid Ünsizadənin yaratdığı, pedaqogika tariximizə “Məclis məktəbi” adı ilə daxil olmuş ibtidai təhsil ocağında müəllimlik fəaliyyətini davam etdirmişdir. O, bir neçə ildən sonra-1886-cı ilin sonunda səmərəli pedaqoji fəaliyyətinə görə Qafqaz Təhsil Dairəsinin xətti ilə gümüş medalla təltif edilmişdir. Dərslikdən də, proqramdan da S.Ə.Şirvaninin “Necə həmtay tutum hər büti-zibayə səni” adı ilə tanıtdırılan qəzəlini çıxarmaq lazımdır; şair “burada sevgilisinin gözəlliyi”ni yox, məclislərdə rəqs edən sası dinli rəqqasənin “gözəlliyini” “tərənnüm və vəsf” edir. Qəzəlin sonuncu beyti bir gecəlik gözəli oxucuya yaxşı tanıdır: “Nə edər arizuyi-hur ( dərslik-müntəxəbatda səhvən “huri” yazılıb -N.N.), nə gülzari-behişt, Versələr, ey gözəlim, (dərslik-müntəxəbatda orijinaldakı “bir gecə” söz birləşməsi dəyişdirilib-N.N.) Seyyidi-şeydayə səni”. TQDK-nın seminarlarında dəfələrlə deyilməsinə baxmayaraq, tərsliklər - dərsliklərdə davam edir. Proqram elmi üslubda yazılmalıdır. Burada bədii üsluba xas olan termin və ifadələrdən qaçılmalıdır. H.Cavidə aid olan materialda “insanın özünün iblisləşə bilməsi” yarımbaşlığı nöqsanlı görünür. Dərslikdə M.Ə.Sabir bölməsi şagirdlərə çox səriştəsiz və səliqəsis şəkildə təqdim olunmuşdur. M.Ə.Sabir - Səid Ünsizadənin yaratdığı, S.Ə.Şirvaninin dərs dediyi məşhur “Məclis məktəbi”ndə cəmi iki il oxumuşdur. Dərslikdə elmi ictimaiyyətə yaxşı məlum olan bu fakt 9 il (1874-1883-N.N.) göstərilir. Unutmayaq ki, 1883-cü ildə dərslikdə şagird kimi tanıdılan Ələkbər Tahirzadənin 21 yaşı var idi. Ə.Tahirzadənin müəllimlik diplomu yoxdur, amma attestatı var. Diplomla attestatın müqayisəsi gülməli müqayisələrdəndir. Ə.Tahirzadə Zaqafqaziya Şeyxülislamından o vaxt ( 11.04.1908-ci ildə heç nə ala bilməzdi, çünki 1907-ci il noyabrın 18-də Zaqafqaziya şeyxülislamı Əbdüssəlam Axundzadə (1843-1907) öləndən sonra bu vəzifə uzun müddət boş qalmışdı. Mirzə Ələkbər Məşədi Zeynal oğlu Tahirzadə prixod mollası və müəllimlik attestatı almaq üçün Bakıda imtahan verib, təsdiq olunmuş sənədi isə o vaxtlarda hələ də dini rəhbəri olmayan Zaqafqaziya Şiə Ruhani İdarəsindən 1908-ci il mayın 7-də bir neçə azərbaycanlı ilə birlikdə alıb. Şairin payına 944 nömrəli attestat düşüb, diplom yox... Maraqlıdır ki, Ə.Tahirzadə Bakı Quberniya Şiə Məclisi İdarəsində üç böyük din xadiminin - Məclisin sədri Axund Mircəfərzadənin, Quberniya Şiə Məclisinin üzvləri- Axund Molla Ağa (o həm də Axund Molla Ələkbər kimi də tanınır) Rəsulzadənin (Məmməd Əmin Rəsulzadənin atası-N.N.), Axund Ağa Əlizadənin hüzurunda imtahan vermişdir. Dərslikdə “Hophopnamənin ikinci nəşri “1913-cü il” göstərilir. Əslində, II nəşr 1914-cü ilə aiddir. Dərslikdə “Məktəbə tərğib” şeiri M.Ə.Sabirin orijinal əsəri kimi təqdim olunur. Əslində bu şeir görkəmli rus pedaqoqu, Qafqaz Təhsil Dairəsində və Senzor Komitəsində rəhbər vəzifələrdə işləmiş L.N. Modzalevskinin (1837-1896) “Priqlaşenie v şkolu” şeirinə yazılmış ən yaxşı nəzirələrdən (iqtibaslardan) biridir. L.N.Modzalevskinin bu şeiri K.Uşinskinin “Rodnoe slovo” dərsliyinin ən maraqlı mövzularındandır. XI sinfin ədəbiyyat dərsliyində M.Ə.Sabirin bir neçə şeirinin janrı da düzgün göstərilməmişdir. “Fəxriyyə” adı ilə tanıtdırılan bu şeir əslində “Biz” rədifli on bəndlik müsəddəsdir. Müsəddəs -altılıq deməkdir. “Fəxriyyə” adı ilə təqdim olunan bu şeiri ironiya ilə fəxriyyə adlandırmaq olar. Hər halda müsəddəsi məzmununa görə “FƏXRİYYƏ JANRI” adlandırmaq nə metodiki, nə də elmi cəhətdən düz deyil. Təəssüf ki, bu narahatçılığı məsulların yerinə bir neçə ildir ki, abituriyentlər çəkir. Hamı bacardığı işin qulpundan yapışmalıdır. Dərslikdə M.Ə.Sabirin “Səttarxana” şeiri də şagirdlərə elmi cəhətdən nöqsanlı şəkildə təqdim olunub. Şeirin çap olunma tarixi düz bir ay geri çəkilib, 20 sentyabr 1908-ci il kimi göstərilib, halbuki “Səttarxana” şeiri 1908-il oktyabr ayında Təbrizdə baş verən hadisələr əsasında yazılıb və “Molla Nəsrəddin” jurnalının 20 oktyabr 1908-ci il tarixli 42-ci nömrəsində “Məczub” (1.dəli, divanə; 2. ruhi xəstə) imzası ilə çap olunmuşdur. Dərslikdə M.Ə.Sabirin “Hər səri-muyidə min aşiqi -nalanın var, Məgər ey şux ki,bir cismdə min canın var?” mətləli altı beytlik qəzəlin 3 beyti şagirdlərə təqdim olunur. Burada papaqlar dəyişik düşüb: başa şər deyiblər, dərmana fərman, iqrarla inkar qarışdırılıb. Dərslik yazan da, redaktə edən də, adı rəyçilərin cərgəsində olan da dərslik siyasətində öz məsuliyyətini yaxşı başa düşməlidir. Mən belə hesab edirəm ki, dərslik nöqsanlı olanda məsullar qüsurlara görə çox narahat olmalı, şagirdlərdən üzr istəməlidirlər. Dərslik siyasəti ilə məşğul olan məmurlar üçün seminar-treninqlər keçilməsinə də ehtiyac var. Bu məqsədlə yay tətili günlərində YAY UNİVERSİTETLƏRİ yaratmaq məsləhətdir. Azərbaycan Xalq Maarif Komissarlığının tarixində 1920-ci illərdə belə yaxşı təcrübə var imiş. XI sinfin dərsliyində İ.Əfəndiyevin “Körpüsalanlar”(1960) romanının qəhrəmanı Səriyyə şagirdlərə “ali təhsilli mühəndis” kimi təqdim olunur. Əslində Səriyyə alman dilini çoxlarını təəccübləndirəcək dərəcədə yaxşı bilən texnikum məzunudur, o, fəhlə yoldaşları ilə birlikdə ali məktəbə daxil olmağa hazırlaşır. İnanırıq ki, yeni tədris ili üçün müzakirədən sonra çapa hazırlanan qəbul imtahanları proqramında deyilən qeydlərdən ciddi nəticə çıxarılacaq, şagirdlər və məzunlar mövzuların təqdimi ilə əlaqədar heç bir çətinliklə qarşılaşmayacaqlar. Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının əməkdar müəllimi,türkoloq Geri dön |