Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Mübariz Əhmədoğlu: “İranmeylli dindarlarımızın İranın Azərbaycana qarşı siyasətinə diqqətli olmaları özləri üçün faydalıdır”
Mübariz Əhmədoğlu: “İranmeylli dindarlarımızın İranın Azərbaycana qarşı siyasətinə diqqətli olmaları özləri üçün faydalıdır” |
“İran-Azərbaycan münasibətləri heç vaxt sadə və aydın olmamışdır. Geosiyasətin ümumi mürəkkəbliyindən əlavə İranın siyasətinin spesifikliyi İran-Azərbaycan münasibətlərində mürəkkəbliyi daha da artıran parametrlərdəndir”. Bu fikirlər politoloq Mübariz Əhmədoğluya məxsusdur.
Onun sözlərinə görə, hazırkı dövr İran-Azərbaycan münasibətlərinin gərginliyi ilə xarakterizə olunur: “Bu növbəti gərginlik fazası müstəqil Azərbaycanın İranla münasibətləri tarixində ən uzunmüddətli fazadır. Gərginliyin belə uzunmüddətli davam etməsi İran-Azərbaycan münasibətlərinin gələcəyinə neqativ mənada təsir edəcəkdir. Bu, hələ o halda belə olacaqdır ki, tərəflər indidən İran-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində fəaliyyət göstərsinlər. Azərbaycan tərəfi bu məsələyə həmişə açıqdır və bu istiqamətdə fikirləri daim təkrarlayır. İranın Azərbaycana qarşı siyasətini proqnozlaşdırmaq çox çətindir; ümumiyyətlə İranın siyasətini proqnozlaşdırmaq çətindir. İranın Azərbaycanda maraqları hədsiz çoxdur. Orucluq və məhərrəmlik dövrü başladığı üçün ən üzdə olan marağını təqdim edək: Azərbaycan Respublikasının imkanlı adamlarının “xüms”, “zəkat” və “nəzir” adı ilə ayırdıqları pulun böyük bir qismi birbaşa və ya dolayısı yolla İrandakı bir neçə müctəhidə və imamcüməyə çatır. Rusiya, Qazaxıstan və Özbəkistandakı azərbaycanlıların bu məqsədlə ayırdıqları pul isə Azərbaycan Respublikasına daxil olmadan, birbaşa İrandakı müctəhidlərə və bəzi imamcümələrə yönəldilir. Elə hallar da olub ki, həmin müctəhidlərin və imamcümələrin özü və ya səlahiyyətli nümayəndələri pulları birbaşa həmin dövlətlərdəki azərbaycanlılardan yerindəcə gedib götürüblər. Söhbət təkcə puldan getmir, əlbəttə, pul da vacibdir. İran azərbaycanlıların pulu hesabına Azərbaycan Respublikasına qarşı təxribatlar reallaşdırır. Haşiyə çıxaraq deyə bilərik ki, Azərbaycandan kənarda yaşayan həmyerlilərimizin dinimiz uğrunda ayırdığı pulun miqdarı hədsiz böyükdür və bu pulun hətta 10 faizə qədərini Azərbaycanın daxilinə cəlb etməklə ölkəmizdə güclü, normal dini inkişafa nail olmaq mümkündür. O dinimiz ki, dövlətimizin müstəqilliyindən ləzzət alıb onun möhkəmləndirilməsində də iştirak edəcəkdir. Əgər həqiqətən bizim dindarlarımız həm də Azərbaycanın müstəqilliyinə xidmət edirlərsə, məhz bu yolun qulluqçusuna çevrilməlidirlər. Əlimizdə olan məlumata görə, Azərbaycandakı iranpərəst dini qruplara rəhbərlik edən şəxslərin əksəriyyəti Rusiya, Qazaxıstan və Özbəkistandakı konkret varlı dindar azərbaycanlıların ünvanlarını bilirlər, zamanında əlaqələri olub. İran təhsil nazirinin Azərbaycana barışıq missiyası ilə gəlməsi müsbət hadisədir. Başa düşdüyümüzə görə, rəsmi Bakı bunu təqdir edir, lakin onu da əlavə etməliyik ki, rəsmi Bakı İranın belə xoş sözlərinə iki dəfə aldanıb; üçüncüsünü gözləyək. Əgər bu dəfə də aldanmasını istəmiriksə, Azərbaycan Respublikası ilə İran arasında münasibətlərin normallaşması istiqamətindəki fəaliyyəti faydalı hesab ediriksə, ölkəmizdəki iranpərəst qüvvələr İranın dövlətçiliyimiz əleyhinə yönəlmiş hərəkətlərinə “yox”, Azərbaycan dövlətçiliyə barış istiqamətində hərəkətlərinə isə “hə” deməlidirlər. Bu, indiki dövrdə hədsiz vacibdir, çünki qarşıdan gələn bəzi hadisələr İran-Azərbaycan münasibətlərini daha da gərginləşdirə bilər. İsrail-Ermənistan münasibətlərinin istiləşməsində hədəf İrandır. Dağlıq Qarabağda keçirilən sonuncu “prezident seçkiləri”nə İranın arzulamasına, cəhd etməsinə baxmayaraq müşahidəçi qismində dəvət edilmədi. Barmağı ilə əmizdirdiyi Ermənistan İran tərəfinə açıq şəkildə “yox” deyib. Səbəb İsrailin Dağlıq Qarabağda keçirilən seçkilərdə müşahidəçi qismində ilk dəfə iştirak etməsidir. İsrailin Dağlıq Qarabağdakı seçkiləri müşahidə etməsi artan erməni-İsrail münasibətlərində yalnız bir mərhələdir. Bu vaxtadək Dağlıq Qarabağın kənd təsərrüfatı naziri iki dəfə İsraildə olmuş, Ermənistanla İsrail arasında müxtəlif yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil olunmuşdur. İsrailin Ermənistanla birlikdə Azərbaycanın işğal olunmuş əraziləri vasitəsilə antiiran tədbirlərinin nə ilə nəticələnəcəyini indidən proqnozlaşdırmaq çətindir. Müəyyən versiyalarımız var və o versiyaları arqumentləşdirmə üzrə faktların axtarışındayıq. Kimsə Ermənistanla İsrailin İrana qarşı birgə fəaliyyətini Azərbaycan üçün faydalı hesab edə bilər, amma bu “kimsə” nəzərə alsın ki, söhbət İrandan gedir. Eləcə də qarşıdan gələn orucluq və məhərrəmlik dövründə İranın son iki il ərzində Azərbaycana uduzduqlarının əvəzini çıxmaqla bağlı hazırlıq işləri gördüyünü də ehtimal etmək mümkündür. Müəyyən əlamətlər üzdədir. Söhbət təkcə mətbuatda səslənən fikirlərdən getmir. Bu məsələdə İranın əsas qisas planı ölkəmizdəki İrana sitayiş edən qüvvələrə hesablanıb. İran-Azərbaycan münasibətləri birdəfəlik və əbədi korlana, geridönməz hadisələr baş verə bilər. İran din keşikçisi deyil, həqiqi din keşikçisi bizim dədə-babalarımız olub və onların övladları indi də bu yolu davam etdirməlidir. Çar Rusiyası və Sovet imperiyası Azərbaycan xalqını öz dinindən döndərə bilmədi. İranda özlərindən olan bir şahın sözü ilə əhalinin böyük əksəriyyəti lütləndi, dindən- imandan çıxdı. İranın Azərbaycana qarşı siyasətində dinin yox, siyasətin, tarixin prioritet olması barədə arqumentlərimizi dəfələrlə səsləndirmişik. İranın imamcümələrinin əksəriyyəti nəinki özgənin pulunu mənimsəməklə, hətta sələmçiliyi təşviq etməklə pul qazanırlar. Sələm Qurani-Kərimdə qəti qadağandır. Hicabla bağlı ayələr isə tövsiyə xarakterlidir. Azərbaycanla bağlı fikir səsləndirən hansısa müctəhidin İrandakı sələmçiliyə qarşı fikrini eşitmisinizsə, buyurun, ortalığa qoyun. İranın özününkü hesab etdiyi azərbaycanlı qardaşlarımız İrana yerini göstərməlidir. Bunu həm də iki hadisə arqumentləşdirir: - birincisi, azərbaycanlı mömin dindarların İranın ali din liderinə Dağlıq Qarabağ məsələsində yardım etməklə bağlı müraciəti tam cavabsızdır; - ikincisi, mərhum Hacı Vaqif Abdullayevlə bağlı məsələdir. Azərbaycan İslam Partiyasının sədr müavini Hacı Vaqif Abdullayevə qarşı ilk və uzun müddətli hörmətsizliyi məhz İran tərəfi etmişdir. Azərbaycan İslam Partiyasının uzun müddət sədrsiz qalmasının səbəbləri bu gün Azərbaycandakı islam fəallarına çox gözəl bəllidir. İranın Hacı Vaqifin adını dilə gətirməyə mənəvi haqq yoxdur. Bəlkə də Azərbaycanda din və dünyəvilik bu gün əl-ələ verib dövlətçiliyə və cəmiyyətə faydalı şəkildə inkişaf edirdilər. İranda din dövlətçiliyə, dövlətçilik isə farsçılığa xidmət edir. Bizim şiə olmağımız İran dövlətçiliyinə və bunun dalınca da farsçılığa xidmət etməyimiz anlamına gəlməməlidir. Şiəliyimiz müstəqil Azərbaycan dövlətçiliyinin yanında olmalıdır. Ölkənin siyasi rəhbərliyinin dinimizə və dini ehkamlarımıza münasibəti Azərbaycan üzrə orta göstəricidən qat-qat üstündür. Ona görə İranın özü üçün dayaq və ya əlaltı hesab etdiyi vətəndaşlarımız İrana həqiqəti deməli, İrana sübut etməlidirlər ki, Azərbaycanın bütün vətəndaşları Azərbaycan dövlətçiliyinin keşiyindədirlər. Bu yolla İran-Azərbaycan münasibətlərindəki indiki gərgin və mürəkkəb dövründə baş verənləri faydalı məcraya yönəltməklə bu iki dövlətin münasibətlərini yoluna qoymaq olar. İrana qulluq edən dindarlarımız siyasi islama xidmət etdikləri üçün o dünyalarını şübhə altına salıblar. Dövlətçilik əleyhinə çıxmaqla bu dünyadakı vəziyyətləri də yaxşı bir şey vəd etmir”. Geri dön |