Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Yolruh Atalı: -Bəlkə mətbuat öz halına ağlasın...
Yolruh Atalı: -Bəlkə mətbuat öz halına ağlasın... |
Yolruh ATALI
Bəlkə mətbuat öz halına ağlasın... Mənəvi böyüklüyün başlıca cəhəti odur ki, başqalarının, geridəqalmışların taleyini düşünür. 137 il öncə H.Zərdabi “Əkinçi”ni mənsub olduğu xalqı qaranlıqdan çıxarmaq inamı ilə yaratdı. Zərdabinin “Əkinçi”ni yaratması çağı, dönəmi üçün peyğəmbərliyə bərabər hadisə idi. *** Azərbaycanda mətbuat yaradılarkən onun başlıca idealı xalqa xidmət olub və bu işi uzun müddət ləyaqətlə yerinə yetirib. İndi Azərbaycan mətbuatı öz idealını itirmiş durumdadır. *** İdealı itirmək – inamsızlaşmaqdır. Mətbuatımız inamsızdır. Heç bir yazıda, sözdə xalqa, oxucuya inamlı, ümidli söz deyilmir. Özü inamsız olan başqasına necə inam verə bilər? Əgər mətbuat kimsəni gələcəyə, sabaha inandıra bilmirsə, onun varlığının nə önəmi var? *** Bu gün mətbuat sanbalını itib, o daha çox ciddiyyətsizliyə yuvarlanıb. Nə acılar ki, mətbuat öz sanbalını, nüfuzunu, dəyərini qoruya bilmədi, bir çağlar döyüşdüyü xalqın aşağı səviyyəsinə özü düşdü. İndi mətbuat xalqın aşağı səviyyəsinin elə aşağıda qalmasına, yerində saymasına xidmət edir, onu qoruyur, alışdırır... *** Bir çağlar xalqa yön verən, yol göstərən mətbuat indi özü yönsüzdür, yolsuzdur. Ona görə ki, mətbuatın məqsədi hər kəsin məqsədinə çevrilmədi. Mətbuat özü hər kəsin məqsədinə xidmət etdi. Mətbuat məqsədsizlik uçrumuna düşdü, düşürüldü, oyunçuluğa yaradı. *** Bir çağlar mətbuat hamının inam qaynağı idi, orada yazılanların düzlüyünə, doğruluğuna müqəddəs söz kimi inanırdılar. İndi mətbuat bu inamsız çağda ən böyük inamsızlıq carçısıdır, qaynağıdır. *** Bir çağlar mətbuat fədakarlıq örnəyi idi, indi mətbuatda bu ali dəyərə gülürlər, lağa qoyurlar. Çağdaş mətbuat özünü biznes quruluşu sayır, ona görə mətbuatın fədakarlığından danışmağa dəyməz. *** Mətbuat əxlaqsızlıqla, mənəviyyatsızlıqla, ləyaqətsizliklə döyüşürdü və onları ifşa edir, toplumdan silirdi. İndi mətbuat əxlaqsızlığa, mənəviyyatsızlığa, ləyaqətsizliyə yenilmiş durumdadır, onların xalqa sırınmasında, aşılanmasında bir vasitəyə çevrilib. *** Mətbuat deyir ki, hadisəni, faktı olduğu kimi, münasibət bildirmədən oxucuya verməlidir. Bu isə bir yandan obyektivlik olduğu halda, o biri yandan təbliğdir. Məsələn, hamının mənəviyyatsız, əxlaqsız kimi tanıdığı bir kimsənin nə yeməsi, nə geyinməsi, az qala ayaqyoluna getməsi haqqında xəbərlər və şəkillər verilir. Və bu xəbərlərin oxucu üçün hansı ehtiyacdan yarandığı və həmin şəxsin bu hərəkətlərinin ictimai, xəlqi və bəşəri önəmi haqqında bir şey deyilmir. Onda bu təbliğ deyil, bəs nə sayılmalıdır? *** Toplumdakı hər sayaq simasızlıq mətbuata yol tapıb – mətbuat öz üzünü itirib. Mətbuatın siması, ali dəyəri, ölçüsü ləyaqətli, mənəviyyatlı, doğruçu aydınlar olmalıdır. Belə olan halda qondarma simalara gərək olmayacaq. İndiki mətbuat ən dəyərsiz adamları dəyərə mindirməklə məşğuldur. Bu isə mətbuatın gerçək ölümü deməkdir. *** Çağdaş Azərbaycan mətbuatı özünü “Əkinçi”nin varisi sayır. Halbuki o, “Əkinçi”ni prinsiplərini çoxdan unudub, pozub. Bu gün mətbuatımız nəyi bayram edir? “Əkinçi”nin 137 yaşınımı, düşdüyü faciəvi durumumu? Faciəyə sevinmək, yoxsa ağlamaq gərəkdir? Bəlkə mətbuat öz halına ağlasın... *** Atamız var olsun! 22 Od 34-cü il. (22 iyul 2012). Geri dön |