Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > PROFESSOR, DOKTOR HÜSEYN İSMAYILOV və ABDALŞÜNASLIQ
PROFESSOR, DOKTOR HÜSEYN İSMAYILOV və ABDALŞÜNASLIQ |
Azərbaycan bədii ədəbiyyatının tədqiqinə böyük xidmətləri olan görkəmli alimlərimizdən biri də professor, elmlər doktoru İsmayılov Hüseynov Ələsgər oğludur. O, bir çox tədqiqatları ilə yanaşı, demək olar ki, abdalşünaslığın elmi araşdırılmasının ilk təşəbbüskarıdır. Bu işdə ona yaxından dəstək verən Miskin Abdal şəcərəsinin mərkəz xətt nümayəndəsi Tofiq Hüseynzadə olmuşdur. 1977-ci ildən araşdırmalar aparıb Sarıyaqub və digər Göyçə kəndlərində yaddaşlardan yaddaşlara köçürülən rəvayətlər, xatirələr əsasında Miskin Abdal (Hüseyn) irsini ədabiyyatımıza təqdim etmişlər. Hüseyn müəllim haqqında görkəmli azərbaycan alimi, filologiya elmləri namizədi, dosent Mahmud Allahmanlı haqlı olaraq qeyd edir ki, filologiya elmləri doktoru, professor Hüseyn İsmayılov Ozan Heydər, Ozan İbrahim, Ozan Cəlil haqqında yazdığı məqalələrlə «folklorşünaslıqda dolaşanbir faktı– «Qurbaninin aşıq sənətinin babası olması» tezisini«sarsıtdı»: «O, aydın şəkildə göstərdi ki, aşıq sənətinə Qurbani qədər şərik olan və hətta ondan da əvvəl yaşamış sənətkarlar vardır. Beləliklə, aşıq sənətinin Qurbaniyə qədərki inkişaf yolunun müəyyənləşdirilməsi zərurəti ortaya çıxdı. Miskin Abdalla bağlı dolaşan rəvayətlərin yaddaşlardan yazıya gətirilməsi başlanıldı. Füzuli, Şah İsmayıl, Qurbani xəttinə daha nurlu bir ad –Miskin Abdal adı da qoşuldu. H.İsmayılov bu adların axtarışına başladı. Axtardıqca axtardı...». Tanrıya aşiq olan Miskin Abdala bir tədqiqatçı kimi də aşiq olan H.İsmayılovun uşaqlığından eldə-obada eşitdiklərini, ağbirçəklərin, ağsaqqalların yaddaşında qalanları kağızlara köçürdüyünü, onun haqqında yaranan əfsanə və rəvayətlərin, ortaya qoyulan faktların nəticəsində ruhu cəzb edən Miskin Abdalın şeirlərinin Əhməd Yəsəvini (ö.1166 (1177)), Mövlanə Cəmaləddin Rumini (ö.1273), Yunis Əmrəni (1240-1320) xatırlatdığını qeyd edən M.Allahmanlı «Sözün həqiqi mənasında Miskin Abdalın da «ruhu, düşüncəsi, amalı etibari ilə» həmin sənətkarlarla bir sırada dayandığını bildirir: «Bizim üçün məchul olan və lazımınca tanınmayan bu sənətkarın yaradıcılığının üstündəki örtüyü H.İsmayılov götürdü. Aşıq Alı Hüseyn Arifin «kəşfi» idi. Miskin Abdal isə H.İsmayılovun «kəşfi» oldu. H.İsmayılov bu tədqiqatı ilə sanki qəhrəmanlıq göstərib, böyük bir şəxsiyyəti böyük bir ədəbiyyata təqdim edib və bununla onun haqq-sayını özünə qaytarıb. Artıq Miskin Abdal – Şah İsmayıl – Qurbani xəttini araşdırmaq, o dövr haqqında daha mükəmməl qənaətlər əldə etmək üçün imkanlar genişlənib». H.İsmayılov Miskin Abdal ilə bağlı geniş araşdırmalar aparmış, bu böyük sənətkarın aşıq sənətinin inkişafında tarixi rolunu üzə çıxarmış, əsərlərini toplamış, çap etdirmişdir. Sənətkarıq keyfiyyətlərini, poetikasını, şeirlərinin sənətkarlıq xüsusiyyətlərini, Miskin Abdal şəxsiyyəti ilə bağlı bu günə qədər elmə məlum olmayan məsələləri də üzə çıxarmışdır. Miskin Abdal təxəllüsü ilə bağlı məsələlərə də tədqiqatçı alim H.İsmayılov aydınlıq gətirməyə çalışmışdır. H.İsmayılov bir tədqiqatçı kimi Miskin Abdalı böyük dünyagörüşə malik, kamil insan, Allahın bəxş etdiyi fitri istedad, yüksək ali rütbə sahibi, saz, söz Aşiqi, Alimi, Haqq Aşiqi kimi özümüzə qaytarır. Nə qədər miskinlərimiz, abdallarımız hökmdarların iti qılınclarını kəsərli söz, hikmətləri ilə gücsüzləşdiriblər. Belə böyük ağıl, dərrakə, hikmət sahiblərinin həyatının, özündən sonra qoyub getdiyi mirasının tapılması, xalqa qaytarılması üçün nə qədər tədqiqatçılarımız sağlamlığını, həyatını, sakit, dinc ömrünü qurban vermişdir: çünki Miskin Abdallardan dərs almış, böyük amal sahiblərinin qədrini bilmişlər. H.İsmayılov bu tədqiqatlarında böyük Türkün övladı, böyük Türk kamalının vurğunu kimi diqqəti çəkərək göstərmişdir ki, Şəriətin şərtlərindən (iman, elm, namaz, zəkat, həcc, cahad, sünnət, şəfqət və s.) Təriqətin təmizlənmələr, təblər,vəhylər aləminə aparan ən müşkül və çətin yolunda Miskin Abdal «şeir və musiqini» real praktik vasitə kimi götürmüş, nəfsi paklaşan insanın yeni bir məqama – sidq və səmimiyyət zirvəsinə qoyacağı qədəmin məhz saz və sözün ilhamı, vəcdi, katarsisi ilə mümkün olacağını görmüşdür: «Türkün qopuz havaları çölləmə idi, qəlibsiz idi, Oğuz söyləmələrinin uyarına, ahənginə çalınırdı. Saz isə ritmik idi, vəzn, ahəng, təqt-rəvanlıq tələb edirdi. Miskin Abdal «türk-at-saz-söz-ritm-avaz»ın birliyinin möhtəşəm gücünü görmüşdür». Ayrı-ayrı tədqiqat yazılarına görə, Miskin Abdalın soykökü, şəxsiyyəti, yaşadığı bölgə ilə bağlı alimlərin bir-birinə zidd, mübahisəli fikirləri olmuşdur. Onun soykökü etibarilə, Göytürklərdən Abaqa Xanın soyundan gələn Rumlu türkmən tayfasının başçısı olduğu da irəli sürülmüşdür. H.İsmayılov Miskin Abdal şəxsiyyətinin bir azərbaycanlı vətəndaş, alim kimi təəssübünü çəkir: «Şəriətdən başlayıb, Həqiqətə doğru uzanan müqəddəs bir yolun «Miskin»i, «Abdal»ı, «Dədə»si, «Pir»i kimi mənalı və əzablı ömür yolu keçən, sağ ikən rübabı və ruhu, Haqqa qovuşandan sonra isə məzarı və ocağı ziyarətgaha çevrilən Miskin Abdalın ədəbi portreti də, elmi tərcümeyi-halı da küfrdən və böhtandan, haramdan və əyridən təmizlənməli, elmdə halallıq və həqiqət səviyyəsində bərpa və təsbit olunmalıdır». H.İsmayılov, habelə, Miskin Abdalın müqəddəs məzarını müxtəlif yerlərdə
axtaranlara «xatırladır» ki, «Göyçəlilər uzun illər boyu təkcə onun ocağını deyil, həm də uyuduğu məzarı özlərinə müqəddəs ziyarətgah hesab eləmiş, əsrimizin əvvəllərində baş verən hadisələrə qədər qoruyub, saxlamışdılar. Hüseyn müəllim haqqında vikipediyada geniş məlumatlar verilməklə elmi-tədqiqat əsərlərinin də siyahısı göstərilir. Bu siyahıda görkəmli alimin folklorumuz və ədəbiyyatımız haqqında nə qədər dəyərli tədqiqatları olduğunu görürük. Ədəbiyyatımıza, elmimizə yorulmadan zəka və biliyini həsr edən hörmətli alimə bir daha uzun ömür, sağlam can arzulayıram! Niftalı Göyçəli Geri dön |