Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Rəvan Mehdiyeva: “Nüvə obyektlərinə zərbə endirilməsi İranın qonşularına ziyan vuracaq”
Rəvan Mehdiyeva: “Nüvə obyektlərinə zərbə endirilməsi İranın qonşularına ziyan vuracaq” |
Rəvan Mehdiyeva
Gün.Az-ın Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktor müavini Rəvan Mehdiyeva ilə müsahibəsi: - İranın ali dini rəhbəri Ayətullah Xameneyinin köməkçisi Rza Təkavi bəyan edib ki, əgər dünyanın aparıcı dövlətləri nüvə proqramı ilə əlaqədar ölkəyə təzyiq etməyə davam edərlərsə, İran İslam Respublikası (İRİ) uranın zənginləşdirilməsini 56%-ə qədər artıra bilər. - İran qapalı dövlətdir, özünün texniki imkanlarına dair heç bir məlumat təqdim etmir. Buna görə də, uranın 56%-ə qədər zənginləşdirilməsini müəyyən etmək üçün İranın texniki imkanlarını təsəvvür etmək qeyri-mümkündür. Axı nüvə energetikasından sülh məqsədlərinə görə istifadə etmək üçün uranı belə bir yüksək faizə qədər zənginləşdirmək lazım deyil. Əgər İran uranı müəyyən səviyyədən də artıq zənginləşdirməyə başlayırsa, bu o deməkdir ki, bu ölkə nüvə silahını hazırlamaq məqsədi güdməkdədir. - İranın nüvə silahını hazırlaması hansı təhlükələrə səbəb ola bilər? - Birmənalı olaraq, İranın nüvə silahını hazırlaması hər şeydən əvvəl, onun qonşuları üçün ekoloji təhlükə yaradacaq. - Qərb ölkələri hədələyirlər ki, əgər Tehran öz nüvə proqramını şəffaflaşdırmağa razı olmazsa, onlar İranın nüvə obyektlərinə bomba zərbələri endirə bilərlər. İranın nüvə obyektlərinə bomba zərbələri endiriləcəyi təqdirdə radioaktiv elementlərin yayılma miqyası nə qədər ola bilər? - İranın bu məsələ ilə bağlı rəsmi mövqeyi ondan ibarətdir ki, bu ölkə heç bir nüvə silahı hazırlamır və buna görə də onun bu silahın hazırlanması üçün sözügedən obyektləri də yoxdur. Bununla belə, İranda belə obyektlərin mövcud olması da MAQATE-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) hesabatlarında təsdiqlənmir. Bununla yanaşı, əgər İranda belə obyektlər varsa və əgər onlara bomba zərbələri endirilərsə, bundan müəyyən səviyyədə ilk növbədə, onunla qonşu olan ölkələr ziyan çəkəcəklər. Bu zaman İranla qonşu olan ölkələrin zərərçəkmə səviyyəsi onların zərbə endirilən nüvə obyektlərindən hansı məsafədə yerləşməsindən, həmin vaxt küləyin istiqamətindən asılıdır. Lakin İrana bomba zərbələri endirmək niyyətində olan ölkələr inkişaf etmiş dövlətlərdir və buna görə də, onlar yəqin ki, belə bir addımın doğurduğu təhlükənin miqyasını nəzərə alacaqlar. - Öz nüvə obyektlərini bomba zərbələrinə məruz qoymamaq üçün İran belə bir vəziyyətdə hansı addımı atsa, daha məqsədəuyğun olar? - İstənilən dövlət öz nüvə energetikasını sülh məqsədləri üçün istifadə edə bilər. Lakin nüvə texnologiyalarının hərbi məqsədlər üçün istifadəsi yolverilməzdir. Dünya ictimaiyyəti haqlı olaraq, nüvə silahının yayılmasına yol verməməyə çalışır. Ona görə, İranın hərbi məqsədlərlə nüvə texnologiyasından istifadə etməsi yolverilməzdir. Bu baxımdan hesab edirəm ki, nüvə energetikası ilə məşğul olan hər bir ölkə dünya ictimaiyyətinin tələblərinə qulaq asmalıdır. - İranda istifadəyə verilən Buşehr AES-i qonşu ölkələr üçün təhlükə yaradırmı? - Hazırda Buşehr AES-nin fəaliyyəti hər hansı bir təhlükə kəsb etmir. Xüsusən də, bütün atom elektrik stansiyalarının, eləcə də Buşehrin fəaliyyəti MAQATE-nin nəzarəti altındadır. MAQATE-dən əldə etdiyimiz hesabatlarda bildirilir ki, Buşehr AES-i təhlükə kəsb etmir. Bu elektrik stansiyasının Rusiya tərəfindən inşa olunması Buşehr AES-nin təhlükəsizliyinə müəyyən dərəcə zəmanət verir. Çünki, rusiyalı mütəxəssislər tərəfindən inşa olunan nüvə reaktorları bir neçə ölkədə fəaliyyət göstərir. - Suriya bəyan edib ki, xaricdən hər hansı bir təhlükə olacağı təqdirdə kimyəvi silah tətbiq edəcək. Suriyadan zəhərləyici maddələrin Azərbaycan ərazisinə düşməsi təhlükəsi nə dərəcədədir? - Belə bir təhlükə var və bu Suriya ordusunun istifadə edə biləcəyi həcmdən, həmçinin küləyin istiqamətindən və gücündən asılıdır. Eyni zamanda, Suriyada istifadə olunan zəhərləyici maddələrin Azərbaycan ərazisinədək çatma ehtimalı onun növündən asılı olacaq. Başqa sözlə desək, zəhərli maddələrin Azərbaycan sərhədlərinədək gəlib çatması ehtimalı Suriyada kimyəvi silahın, torpaqda, suda yoxsa havada tətbiq olunmasından asılı olacaq. Lakin, Azərbaycan və Suriya arasında kifayət qədər böyük məsafə var və ona görə, Suriyadan zəhərli maddələrin Azərbaycana çatması ehtimalı aşağıdır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, kimyəvi qırğın silahının coğrafiyası nüvə silahından fərqli olaraq bir neçə dəfə kiçikdir. - Azərbaycanda ölkənin cənub sərhədləri tərəfdən gələ biləcək radiasiya təhlükəsinin nəticələrinin aradan qaldırılması üçün mütəxəssislər və vasitələr varmı? - Azərbaycanda fəaliyyəti radiasiya təhlükəsi ilə mübarizə üçün nəzərdə tutulan müvafiq qurum yaradılıb. Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin nəzdində Atom və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi yaradılıb. Eyni zamanda, müvafiq mütəxəssislər Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda da var. Ümumilikdə isə, Azərbaycanda radiasiya səviyyəsi üzərində nəzarət həyata keçirilir. Belə bir nəzarət bütün ölkə ərazisində quraşdırılan cihazlar vasitəsilə həyata keçirilir. Beləliklə, ölkənin müvafiq strukturları Azərbaycanın bu və ya digər nöqtələrində radiasiya vəziyyəti ilə bağlı kiçik dəyişikliklərdən belə xəbərdardırlar. N.H. Gün.Az Geri dön |