Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gəncə Dövlət Universitetinin kollektivi 2018-ci ili böyük nailiyyətlərlə yola salır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial, Gənclik > Gəncə Dövlət Universitetinin kollektivi 2018-ci ili böyük nailiyyətlərlə yola salır

Gəncə Dövlət Universitetinin kollektivi 2018-ci ili böyük nailiyyətlərlə yola salır


Gəncə Dövlət Universitetində (GDU) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı təntənə ilə qeyd edilib.

Bayram tədbirində çıxış edən GDU-nun rektoru, professor Yusif Yusibov başa çatmaqda olan ilin yekunlarından, 2019-cu ildə qarşıda duran vəzifələrdən söz açıb.

2018-ci ilin Azərbaycanın bütün sahələrdə dinamik inkişafı üçün uğurlu il olduğunu deyən rektor qeyd edib ki, bu il Gəncə Dövlət Universiteti də böyük nailiyyətlər qazanıb. Universitetin infrastrukturu, maddi-texniki bazası və kadr potensialı daha da müasirləşdirilib, beynəlxalq əlaqələrinin coğrafiyası genişləndirilib. Ali təhsil müəssisəsinin yerli və xarici universitetlərlə birgə icrasına qoşulduğu beynəlxalq proqramların sayı artıb. GDU-da keçirilən fənn olimpiadalarının, musiqi festivallarının və idman yarışlarının hər biri yalnız universitet üçün deyil, həm də Gəncə üçün ümumşəhər tədbirinə çevrilib. Tələbələr universitet daxilində təşkil edilmiş yarışlarla yanaşı, bir çox yerli və beynəlxalq turnirlərdə, spartakida, universiada və çempionatlarda iştirak edərək uğurlu nəticələr göstəriblər. Elm-təhsil sahəsində, eləcə də ictimai və sosial həyatda qazanılan uğurlar bir çox sərgilərdə, həmçinin Beynəlxalq Təhsil və Karyera Sərgisində nümayiş etdirilib.

Rektor xatırladıb ki, bu il Gəncə Dövlət Universitetinin 80 illik yubileyinin keçirilməsi universitet üçün ən əlamətdar hadisə olub. Tədbirlərdə həm respublikamızın, həm də dünyanın bir sıra elm, təhsil mərkəzlərinin rəhbərləri, görkəmli alimlər və tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.

Yubiley günü qonaqların da açılışında iştirak etdiyi universitetin ən böyük sahəyə malik 5-ci tədris binasının istifadəyə verilməsi isə yubiley tədbirini daha da yaddaqalan edib.

Qeyd edilib ki, yeni tədris korpusunda müasir auditoriya və sinif otaqları, idman zalı ilə yanaşı, ilk dəfə olaraq GDU-nun tarixini və bütün nailiyyətlərini özündə əks etdirən Muzey, Əlil Tələbələr üçün Mərkəz, Elektron Öyrənmə Mərkəzi, Aleksandr Düma adına Fransız-Azərbaycan Mədəniyyət Mərkəzi və Nuru Paşa adına Kitabxana yaradılıb.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsinin xaricdə yaşayan soydaşlarımız arasında birliyin və həmrəyliyin yaradılması baxımından böyük əhəmiyyətə malik olduğunu deyən rektor bu tarixin bayram günü kimi qeyd edilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirib.

Bildirilib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında dekabrın 31-nin dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib.

2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti olub. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.

2018-ci ilin universitet kollektivi üçün yüksək nailiyyətlər ili kimi yadda qalacağını deyən rektor, 2019-cu ildə görüləcək işlərdən də söz açıb, kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bayram tədbirində 2018-ci ildə universitetin ictimai həyatında fəal iştirak edən, təhsil uğurları ilə seçilən müəllimlərə fəxri fərmanlar təqdim olunub.

Tədbir universitetin istedadlı tələbələrinin ifasında səsləndirilən şən mahnılar, oynaq rəqslər, məzəli səhnəciklər, bayram ovqatlı zarafatlarla yadda qalıb.

Geri dön