Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qarabağ dünya turizminin incisi ola bilərdi.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Qarabağ dünya turizminin incisi ola bilərdi.

Qarabağ dünya turizminin incisi ola bilərdi.


Yayda Şuşanın havasını udmaq və müalicəvi suyunu içmək üçün hətta Uzaq Şərqdən də bu balaca şəhərə gələnlər vardı

Yayın isti günlərində istirahət etmək üçün yer axtaran paytaxt sakinləri daha çox öz bölgələrimizə üz tutmağa meyl edirlər. Və demək olar ki, hər müzakirənin sonunda “kaş Qarabağ bizdə olaydı, oradakı istirahət guşələri cana dərman idi” kimi fikirlər səslənir. Biz də bu dəfə Qarabağdakı istirahət guşələri, onlara turist axını və milli turizmin bu sahədə itirdikləri ilə maraqlandıq.

Qarabağdakı turizm obyektləri onu dünyaya tanıdıb

Qarabağın işğalı Azərbaycanın təkcə ərazi deyil, həm də bir sıra iqtisadi, sosial və mədəni itkilərlə üzləşməsinə gətirib çıxarıb. Turizm sahəsindəki maddi və mənəvi itkiləri də həmin problemlər sırasına aid etməliyik. Məlumdur ki, Qarabağ Azərbaycanın tarixi məkanlarından olmaqla bərabər, həm də gözəl və əvəzolunmaz təbiəti ilə seçilən bir diyardır. İşğal edilən torpaqlardakı təbiət öz gözəllikləri ilə Qarabağı dünya turistlərinin gəzinti və istirahət ünvanına çevirə bilərdi. Burada hələ sovetlər zamanında yaradılmış kurort zonaları, istirahət və əyləncə guşələrinə keçmiş SSRİ-nin hər yerindən minlərlə insan axın edirdi. Bu yerlərin saf havasından və müalicəvi sularından hər il yüzlərlə insan şəfa tapırdı. Şuşadakı “Şuşa sanatoriyası”, istirahət evləri, məktəblilərin yay tətilində dincəlməsini təmin edən pioner düşərgələri və bu kimi turizm məskənləri xüsusi seçilirdi.
Bu turizm və müalicə obyektləri Azərbaycan xalqının milli-tarixi dəyərlərini dünyaya tanıtmaqla, dövlət büdcəsinə də kifayət qədər gəlir gətirirdi. Ölkəmizin başqa yerlərində olduğu kimi, burada da müstəqilliyimizin verdiyi imkanlardan istifadə edərək daha çox turizm obyektləri inşa etmək olardı. Hazırda belə bir inkişafın və dünyaya açılımın qarşısını ermənilərin apardığı ədalətsiz müharibə və işğalçılıq siyasəti kəsir.

Şuşa turizmə milyonlarla gəlir gətirib

Öncə başlayaq Şuşadan. Ölkəmizin təbii-strateji nöqtələrindən birində yerləşən, ən gözəl, ən səfalı guşələrindən olan Şuşa İsa bulağı, Turşsu, Səkili bulağı, Soyuqbulaq, Yüzbulaq, Qırxbulaq, Çarıqbulaq və başqa nadir təbiət möcüzələri ilə də məşhurdur.
Söz Azadlığını Müdafiə Fondunun (SAMF) “Şuşa və Ağdamın işğalına görə Azərbaycan və dünya turizminin mənəvi-maddi itkilərinin təhlili, təhlilin hesabatının ictimailəşdirilməsi” layihəsi çərçivəsində apardığı araşdırmanın nəticələrinə görə, Şuşa şəhərində turizm fəaliyyətinin rəsmi təşəkkülü SSRİ dönəminə - 1935-1936-cı illərə təsadüf edir. Şuşada ilk istirahət evi 1936-cı ildə istifadəyə verilib. Şuşa şəhərindəki pansionat isə 1964-cü ildə yaradılıb, 1970-ci ildən sanatoriyaya çevrilib. Sanatoriya mədə-bağırsaq xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşıb. Bütün keçmiş SSRİ-də məşhur olan Şuşa Turşsu turist bazası isə 1970-ci ildən fəaliyyətə başlayıb və tez bir zamanda SSRİ məkanında məşhurlaşıb.
1971-ci ildə fəaliyyətə başlamış Xankəndi (keçmiş Stepanakert-red.) Səyahətlər və Ekskursiyalar Bürosu (SEB) və 1972-ci ildə istifadəyə verilmiş Şuşa “Şəfa” Turist Bazası da bu obyektlər sırasındadır. Turizm və Ekskursiyalar Şurası Qarabağda turizm təyinatlı obyektlərin tikintisini, bütövlükdə bölgənin turizm potensialından istifadə olunması prosesini sonralar yüksələn xətlə davam etdirib. Ardıcıl olaraq 1984-cü ildə Şuşa Səyahətlər və Ekskursiyalar Bürosu, 1986-cı ildə Ağdam Səyahətlər və Ekskursiyalar Bürosu, 1988-ci ildə isə Ağdam “Şahbulaq” Turizm Bazası məhz bu şuranın balansında yaradılıb.
1998-ci ilin qiymətləndirmələrinə görə, Şuşa Turist Bazasındakı əmlakın ümumi dəyəri 2761,6 min manat, Ağdam Turist Bazasında isə 227,6 min manat təşkil edib.
Şuşada ümumi ərazisi 2 hektara yaxın olan “Şəfa” Turist Bazası eyni zamanda 130 turistə xidmət göstərə bilirmiş. 1990-cı ildə isə 200 yerlik korpus inşa olunub. Lakin ermənilərin başladığı işğalçı müharibə səbəbindən burada turist qəbulunu gerçəkləşdirmək mümkün olmayıb, sonralar isə ərazi tamamilə işğala məruz qalıb.
Turizm və Ekskursiyalar Şurasının rəsmi rəqəmlərinə görə, təkcə 1990-cı ildə Şuşa Turist Bazası 1.178.910 rubl, Şuşa SEB 106.357 rubl, Ağdam Turizm Bazası 1.904 rubl, Ağdam SEB 103.789 rubl həcmində turizm-ekskursiya xidməti göstərib. Ancaq təəssüf ki, bu rəqəmlər turist müəssisələri tərəfindən təqdim olunan son göstəricilərdir. 1991-ci ildən etibarən həmin turist müəssisələri öz fəaliyyətlərini dayandırmağa məcbur olublar.
Şuşada respublika və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə tabeli 17 pioner düşərgəsi, respublika üzrə 1 ixtisaslaşmış uşaq sanatoriyası yerləşirdi. Ən böyük şəhərlərdə belə, bu sayda məktəb düşərgələri olmayıb. Şuşanın təkrarsız təbiəti, təmiz havası düşərgə layihələrinin buraya salınmasında böyük rol oynayıb. Çünki məktəblilərin yay tətilinə çıxdığı aylarda Şuşanın təbiəti möcüzəvi şərait yaradırdı. Həm sağlamlıq, həm də istirahət baxımından.
Ev turizmi anlayışı əksər bölgələrdə indi-indi tərəqqi tapır. Şuşada isə ev turizmi hələ ötən əsrin ortalarından yaranmağa başlayıb. Şuşa şəhəri, eləcə də rayonun Xəlfəli və Turşsu kəndlərinin əhalisinin bir qismi hələ o zamandan ev turizminə maraq göstərirmiş. Təxmini hesablamalara görə, 2 min ailədən artıq rayon sakini mənzillərini turistlərə kirayəyə verməklə məşğul olurmuş. Nəticədə bu istiqamətdə formalaşan xidmət sahəsi də inkişaf edirmiş.

Eks bələdçi: “Şuşaya hətta Orta Şərqdən də gəlirdilər”

Vaxtilə Şuşada bələdçi olmuş Malik Abdullayev bu mənzərəni təsvir edərkən detallara varır. Onun dediyinə görə, Şuşada yay mövsümü mayın sonlarından başlayırdı: “Şuşada xeyli məşhur adamların, tanınmış ziyalıların, akademik və professorların ata-baba evləri vardı. Onların çoxunun qapısı qış mövsümündə, sərt havalara görə bağlı qalırdı. Ona görə də həmin adamlar may ayının sonundan etibarən artıq Şuşaya gəlir, yay mövsümü üçün hazırlıqlara başlayırdılar. O cümlədən yayı Şuşada keçirmək istəyən ailələrin hər hansı bir üzvü şəhərə gələrək artıq mayın sonundan ev kirayəsi üçün müvafiq yer axtarışlarına başlayırdı. Şuşada hər adam evini kirayə vermirdi. Məhz bu səbəbdən Şuşada kirayə ev tapmaq çox çətin idi. Amma evləri çox geniş olan adamlar var idi ki, onlar da tanışlıqla kirayə ev verirdilər. Aylıq kirayə haqqı 100-120 rubldan aşağı deyildi”.
Müsahibimiz xatırlayır ki, Şuşa iyunun 1-dən etibarən artıq “gəlmələr” adlandırılan adamlarla dolmağa başlayırdı. Şuşaya Azərbaycanın bütün rayonlarından gəlirdilər. Amma Şuşaya ətraf rayonlar-Ağdam, Bərdə və Yevlaxdan gələnlər çoxluq təşkil edirdi: “Şuşanın infrastrukturu elə qurulmuşdu ki, gələn insanlar orada tam proqramla əylənə bilirdilər. Şəhərdə geniş yay kinoteatrı fəaliyyət göstərirdi. Təbii ki, Şuşaya böyük əksəriyyət həm də müalicə olunmaq məqsədilə gəlirdi. Şuşanın quru və saf havası ağciyər, astma, nəfəs borusu xəstəliklərindən əziyyət çəkən adamlar üçün əvəzsiz təbii dərman hesab olunurdu. O cümlədən, şəhərin mərkəzinə yaxın qurulmuş Turşsu adlanan müalicəvi su Şuşaya gələnlərin ən çox baş çəkdiyi yerlərdən idi. Bu su da mədə-bağırsaq xəstəlikləri üçün çox yararlı idi. Şuşanın müalicəvi suları və havasına görə təkcə Azərbaycandan yox, keçmiş SSRİ-nin bütün məkanlarından axın vardı. Hətta Uzaq Şərqdən də bir çox turistlər minlərlə kilometr yol qət edib Şuşaya gəlir və uzun yay boyu dincəlir, həm də müalicə olunurdular”.
M.Abdullayev onu da deyir ki, turizm Şuşada o qədər inkişaf etmişdi ki, həmin vaxt şəhərdə onlarla turist bələdçisi var idi. Müsahibimizin sözlərinə görə, bu şəxslər rus dilini mükəmməl bilən adamlar idi: “Zavodu və çox məhdud sayda fabriki olan Şuşanın əsas gəlir mənbəyi turizm biznesi hesab olunurdu. Bu da bədxah erməniləri həmişə qıcıqlandırırdı. Çünki Dağlıq Qarabağda mənzərəli yerlər çox olsa da, Şuşa öz qədimliyi və havası ilə bütün SRRİ-nin turizm mərkəzlərindən biri hesab olunurdu. Onlar bu qıcığı açıq şəkildə dillərinə gətirməsələr də, sonradan məlum olmuşdu ki, Dağlıq Qarabağın o vaxtkı şovinist rəhbərliyi Şuşanın sosialist ölkələri sırasında beynəlxalq turizm mərkəzi kimi tanınmasına imkan verməyib”.

Ağdamdakı Gülablı sanatoriyasına axın

Bu sahədə Ağdam da öz öncüllüyü ilə seçilirdi. Ağdamdakı Gülablı sanatoriya-profilaktika müəssisəsinin əmlak dəyəri təxminən 1 milyon 200-300 min rubl olardı. «Nur» pioner düşərgəsinin əmlak dəyəri isə 300-400 mindən artıq idi. Faktiki fəaliyyət göstərən hər iki müəssisənin dəyəri 1 milyon 600 mindən çoxdur. Yeni tikintilərə qoyulmuş sərmayənin həcmi isə 3-3,2 milyon arasında olub.
Dağlıq Qarabağın əlverişli meteoroloji durumu, çoxsaylı meyvə bağları, gözəl içməli su bulaqları və karbonturşulu sularının varlığı bu ərazinin kurort əhəmiyyətini qat-qat artırır. Dağlıq Qarabağın məlum olan 17 mineral bulağından ən çox diqqəti cəlb edəni Keçəldağ və Şirlan (Şuşa rayonu), Tumi (Hadrud xınlığında) və Zardanaşendir (Xocalı rayonu).
Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ ərazisində çoxsaylı mineral su ehtiyatları mövcuddur. Bunlar münasib temperatur göstəricilərinə və yüksək tərkibli karbonturşlu qaza malikdirlər.
Bu qrup Azərbaycan Respublikasının qərbində Kəlbəcər və Laçın rayonlarında yerləşir. Laçın - Kəlbəcər bölgəsinin 63 bulağı İstisu (Kəlbəcər rayonu) və İlıqsu (Laçın) növlülərə bölünür.
İstisu növlü sular üç müstəqil qrupla təmsil olunurlar. Bunlar Yuxarı İstisu, Aşağı İstisu və Bağırsaqdır.
1948-ci ildə İstisu ərazisində içməli balneoloji kurort təşkil edilmişdi.
İlıqsu bulaqları Laçın rayonunda 1600 m hündürlükdə Minkənd və Əhmədli ərazilərində yerləşir. Bu bulaqlar hidrokarbonat-xlorid-natriy-maqniy-kalsiy xassəli olubilıq 280J Narzandır. Bu su yerli əhalinin sevimli müalicəvi vasitəsi sayılır.
Eyni zamanda Minkənd və Əhmədli ərazilərində onları Narzan tipli soyuq mineral su bulaqlarına rast gəlmək olur.

SEVİNC

Geri dön