Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Azərbaycanın etnik mənzərəsi: narahatçılığa əsas varmı? - II yazı
Azərbaycanın etnik mənzərəsi: narahatçılığa əsas varmı? - II yazı |
Niyaz Niftiyev
Müstəqilliyə qədər dövlət strukturları milli azlıqların problemləri ilə faktiki məşğul olmurdu desək, bir az ədalətsiz olar. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra milli azlıqların kompakt yaşadıqları regionlarda məktəblər açılmış, ayrı-ayrı xalqların dillərində qəzet, jurnal, kitab nəşrləri ilə birbaşa dövlət strukturları məşğul olmuşdur. Etiraf edək ki, azsaylı xalqların mədəni-maarif inkişafı tarixində Azərbaycanın müəyyən təcrübəsi var. Burada 20-ci illərdə milli məktəblər və mədəniyyət ocaqları açılması, öz milli dillərdə qəzet, kitab və dərsliklərin nəşri, milli aktyor truppaları, əlifba yaradılması sahəsində müəyyən işlər görülmüşdür. 1932-1933-cü illərdə respublikanın məktəblərində dərslər 16 dildə tədris olunurdu (rus, erməni, ləzgi, talış, tat və s.). Lakin bu proses heç də uzun bir dövrü əhatə etməmişdir. Belə ki, 30-cu illərin əvvəllərindən son qoyulmuşdur. Azsaylı xalqların nümayəndələrindən kadrlar hazırlamaq üçün Bakıda Beynəlxalq Texnikum açılmışdı, Azərbaycan və Rusiya ali məktəblərində isə onlar üçün xüsusi yerlər ayrılırdı. Azsaylı xalqların problemləri ilə daha intensiv məşğul olmaq cəhdləri... Azsaylı xalqların problemləri ilə daha intensiv məşğul olmaq üçün 1990-cı ilin aprel ayında Bakıda dövlət orqanları rəhbərlərinin, nazirlik və idarələrin, elmi müəssisə və yaradıcılıq ittifaqlarının, ictimai təşkilatların iştirakı ilə Respublika Müşavirəsi keçirildi. Müşavirə, milli azlıqlarla iş sahəsində yeni istiqamətlər açdı. Qeyd olundu ki, dövlətin və azsaylı xalqların nümayəndələrinin təşəbbüs və səyləri sayəsində respublikada milli azlıqların mənəvi-mədəni tələbatlarının ödənilməsi üçün normal şərait yaradılmışdır. Bakıda və rayonlarda tatların, ləzgilərin, talışların, Dağıstan xalqlarının, tatar, yəhudi və s. xalqların milli-mədəni mərkəzləri açılmışdır. Azərbaycan Dövlət Nəşriyyatında azsaylı xalqların dilində ədəbiyyat nəşr edən “Göy qurşağı” xüsusi redaksiyası yaradılmışdır. Milli azlıqların mədəniyyət mərkəzlərinin işini əlaqələndirən Respublika Şurası fəaliyyət göstərirdi. “Azərbaycan Respublikasında yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, milli dil və mədəniyyətlərinin mühafizə edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli Fərmanında sonra yerli hakimiyyət orqanları milli azlıqların işi sahəsində daha geniş fəaliyyət göstərmişlər. Fərmana müvafiq olaraq 1993-cü ilin yanvarın 1-də Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində talış, ləzgi və kürd dillərində proqramlar hazırlanmağa başlayıb. Bu proses hazırda da davam etdirilir. Azərbaycanda yaşayan azsaylı xalqların və etnik qrupların problemlərini kompleks şəkildə işlənib hazırlanması üçün 1992-ci ildə Azərbaycan EA Milli Münasibətləri İnstitutu yaradıldı. Azərbaycan etnik tarixi məsələlərini, etnosların dil problemlərini, tarixi və mədəniyyətlərini öyrənən institutları, milli-mədəni mərkəzi və cəmiyyətlər Azərbaycanda aparılan milli siyasəti müxtəlif yönlərdən tədqiq edirdi. Eyni zamanda Azərbaycanda və Zaqafqaziya regionunda etno-sosial, etno-milli və etno-siyasi proseslər diqqətlə öyrənilirdi. 1993-cü ildə 33 milli mədəni mərkəzə fəaliyyət göstərməyə icazə verilmişdir. Asayiş orqanlarına göstəriş verilmişdir ki milli əlamətə görə hər hansı ayrı-seçkiliyin qarşısı dərhal alınsın. Milli təşkilat və cəmiyyətlərin normal işi üçün vacib olan inventar, onların yerlə təmin olunması və milli dillərdə qəzetlərin nəşrini maliyyələşdirmək üçün Prezident Fondundan vəsait ayrılmışdır. 1999-cu ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Prezidentin milli məsələlər üzrə dövlət müşavirliyi ilə birgə Azərbaycanda yaşayan azlıqlarla bağlı beynəlxalq konfrans keçirdi. Bundan başqa Münaqişələr və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsi “Links”in təşəbbüsü ilə “Azərbaycanda yaşayan milli azlıqlarla bağlı dövlət siyasəti” mövzusunda beynəlxalq seminar təşkil olundu. Burada bütün milli azlıqların nümayəndələri iştirak etdi, onlar hüquq və azadlıqlarını qoruyan Azərbaycan dövlətinə minnətdarlıqlarını ifadə etdilər. Bu beynəlxalq qurumlar tərəfindən həm milli azlıqlar, həm də dövlət təşkilatları üçün əhəmiyyətli bir tədbir kimi qiymətləndirildi. Respublikamızda aparılan 1999-cu ilin siyahıyaalınması göstərdi ki, ölkədə yaşayan qeyri-türklərin əksəriyyəti öz ana dilini qoruyub saxlaya bilmişdir. Onlar haqqında yazılan kitablar - dərsliklər, hekayələr və s. çap materialları bu xalqlara yaradılan şəraitin bariz nümunəsidir. Lakin bəzi hallarda onların - milli və etnik azlıqların, azsaylı xalqların öz içindən çıxan nadürüst insanların davranışları bəzi xoşagəlməz hadisələrin baş verməsinə səbəb olur. Buna misal olaraq Azərbaycanda müstəqilliyin ilk illərində ləzgilərlə bağlı yaşanan bir sıra problemləri xatırlaya bilərik. Bu hadisələrin cərəyan etdiyi vaxtlarda Milli Məclisin üzvü Asya Manafova mətbuatda çıxış edərək baş verənləri mənfi qiymətləndirmiş və bəyan etmişdir ki, Azərbaycanda ləzgilər yalnız bütün vətəndaşlar kimi sosial problemlərdən şikayətlənə bilərlər. Bir həqiqət etiraf olunmalıdır ki, hələ 1988-ci ildə yaranmış “Sadval” təşkilatına himayəçilik edən Rusiya, bu gün də onu Azərbaycana təzyiq şəkildə ehtiyat variant kimi nəzərdə tutur. “Sadval”ı gah qeydiyyata alan, gah da qadağan edən Rusiya onun fəaliyyətini Azərbaycana qaşı qoymağa müvəffəq oldu. Sonradan məlum oldu ki, “Sadval”ın bu istiqamətdə fəaliyyətində Ermənistan və çox təəssüf ki, İranın da maraqları var idi. Hazırda Azərbaycanda ölkənin əsas və çoxluq təşkil edən əhalisi - azərbaycanlılar (Azərbaycan türkləri) ilə yanaşı, bir sıra digər millət, xalq və etnik azlıqlar da çiyin-çiyinə yaşayırlar. Dövlətin özünü milli azlıqlara qarşı münasibəti aşağıdakı prinsiplərlə ölçülür: - dövlətin ərazi bütövlüyü və onun suverenliyi prinsiplərinə qeyd-şərtsiz əməl edilməsi; - milli azlıqların hüquq və azadlıqlarının qorunması; - milli azlıqların dillərinin, mədəniyyətlərinin, məişətinin qorunmasında dövlətin təminatı; - ölkə Konstitusiyası, Milli Məclisin müvafiq qanunları və prezidentin fərmanları əsasında milli azlıqların hüquqlarının qorunması; Bura həmçinin aşağıdakı aspektləri daxil etmək lazımdır: - Azərbaycan çoxmillətli ailəsində birgə həyat və fəaliyyətin inkişaf etdirilməsi; - tarixi dostluq və mehriban qonşuluq əlaqələrinin qorunması; - ideoloji-hüquqi və mənəvi-psixoloji bazanı möhkəmləndirmək üçün vətənpərvərlik ideyalarının həyata keçirilməsi; - milli, irqi, etnik, dini mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının əsl hüquqlarını təmin etmək; - millətçilik, irqçilik, hallarına yol verməmək; Azərbaycan Respublikasında ruslar, ermənilər, ukraynalılar, beloruslar, gürcülər, avarlar, ləzgilər, başqırdlar, tatarlar, yəhudilər, kürdlər, osetinlər, laklar kimi MİLLİ AZLIQLAR; talışlar, udilər, dağ yəhudiləri, saxurlar kimi AZSAYLI XALQLAR; Ahısxa türkləri, tatlar, lahıclar, buduqlar, qrızlar, haputlar, ceklər, xınalıqlar, ingiloylar, Krım tatarları, gürcü yəhudiləri, kazaklar, tabasaranlar kimi ETNİK AZIQLAR yaşayırlar. Bu xalqlar əsrlər boyu Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, özlərinin etnik xüsusiyyətlərini, dinlərini, adət-ənənələrini qoruyub saxlamış və günümüzədək yaşatmışlar. Yerli milli azlıqlarla (aborigenlərlə) yanaşı, tarixin müxtəlif dövrlərində ölkəmizə gələn milli azlıqlar da var. Azərbaycan xalqı istinasız olaraq ölkəmizə gələn bütün xalqları milli münasibətlərdə, başqa xalqlara münasibətdə özü kimi tolerant (başqalarının mövcudluğuna, inamına və fikirlərinə dözümlülük) olmağa vadar edib. Əlbəttə, respublikamızın ərazisində kompakt halında yaşayan bu milli azlıq, azsaylı xalq və etnik azlıqlarla yanaşı, bizimlə birgə bəzi digər millətlərin, xalqların və etnik azlıqların da nümayəndələri yaşayırlar. Daha doğrusu, məlum olur ki, Azərbaycanda sayının azlığından və çoxluğundan asılı olmayaraq, həmçinin özbəklər, qazaxlar, litvalılar, latışlar, moldavanlar, estonlar, qırğızlar, taciklər, türkmənlər, abxazlar, aqullar, buryatlar, inquşlar, darginlər, kabardinlər, komilər, qumuqlar, marilər, noqaylar, rutullar, udmurtlar, çeçenlər, çuvaşlar, adıgeylər, çərkəzlər, qaqauzlar, Orta Asiya yəhudiləri, qaraçılar, ərəblər, aysorilər, əfqanlar, bolqarlar, macarlar, vyetnamlar, yunanlar, koreyalılar, kubalılar yaşayır. Azərbaycanda millətlərarası münasibətlərin vəziyyəti... Azərbaycanda millətlərarası münasibətlərin vəziyyəti normaldır. Milli azlıqların nümayəndələri ilə söhbətlərdən aydın olur ki, onlar Azərbaycandakı etnik azlıqların, demək olar ki, hamısını qonşu və dost qəbul edirlər. Talış və Ləzgilər bu sırada əvvəlinci yerdə durur. Milli azlıqların əksəriyyəti etnik azlıqlara özünəməxsusluğunu qorunub saxlaması üçün yardım göstərilməsi üzrə dövlət tədbirlərini bəyənir. Bu, həmin məsələ üzrə ictimai rəyin demokratik Avropa şüuruna yaxın olmasın dəlalət edir. Onlar həmçinin millətlərarası münasibətlər sahəsindəki dövlət siyasətini müsbət qiymətləndirirlər. Təbii ki, buna zorla və ya fərmanla nail olmaq qeyri-mümkündür. Düşünürük ki, xalqımız buna ancaq özünün mentaliteti nail olub. Milli azlıqlar özlərinin maraq və mənafelərinə uyğun gələn bu hala – başqa xalqlara məhz azərbaycanlı münasibəti ilə yaşamağa uyğunlaşırlar. Bu qanunauyğunluğun sayəsində indiyə kimi Azərbaycan tarixində etnik-milli, dini zəmində toqquşmanın faciəsi yaranmayıb. Həqiqətən də tolerantlıq milli mentalitetimizin xarakterik cəhəti kimi ölkəmizdə stabilliyin əsasına çevrildi. Bunu milli müstəqilliyimizi qazandıqdan sonrakı dövrdə yaşadığımız hadisələr də bir daha təsdiq edir. Bu istər yuxarıların, istərsə də aşağıların biri digərinə olan münasibətinin birmənalı olaraq davam etməsinin göstəricisidir. Yəni topluma daxil olan həm türkə, həm də qeyri-türkə ictimai mühitdə yanaşma tərzi eyni olub, etniklə, qeyri-etnik arasında fərq qoyulmayıb. Bu nüans istər ölkə qanunvericiliyində, istərsə də Azərbaycanın qoşulduğu beynəlxalq Konvensiyalarda əsas prinsip kimi götürülüb. Baxmayaraq ki, Sovet dövrü etnomühiti müstəqil Azərbaycana nisbətən daha sabit olub. Bütün xalqlara eyni - "sovet vətəndaşı" prizmasından baxan kommunist ideologiyası etnomühitin sabit durumuna mənfi təsir göstərən amillərdən yan keçib. Baxmayaraq ki, hər bir etnik azlıq ayrı-ayrılıqda təhlil olunub, onların inkişaf dinamikası nəzərdən qaçırılmayıb. Amma bütün bunlar barədə cəmiyyət heç vaxt məlumatlandırılmayıb. Elə bir şərait yaradılıb ki, milli azlıqları əhatə edən sosial təbəqə də öz növbəsində bu kimi məlumatları mənimsəməyə belə maraq göstərməsin. Bu proses Azərbaycanın müstəqillik qazanmasına qədər davam edib. Geri dön |