Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Azərbaycanın top-tanklarını sayan BMT...
Azərbaycanın top-tanklarını sayan BMT... |
...Özünün reallaşmayan Qarabağ qətnamələrinin üstündən niyə illərdir sükutla keçir?
Həftənin ötən birinci günü BMT baş katibi Pan Gi-Mun adından Azərbaycanın ziyanına olan bir hesabat yayıldı. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvü olması fonunda həm də təəccüblü görünən bu sənədi təbii ki, ermənilər əlüstü təqdir elədilər. Bunu erməni saytlarından açıq-aydın görmək olar. Niyəsi bəllidi, Qarabağla ilgili beynəlxalq aləmdə qəbul edilən istənilən sənəd, qərar, qətnamə işğalçı ölkənin Azərbaycan əleyhinə propoqanda imkanlarına dərhal öz təsirini göstərir. Necə ki, Avropa Birliyinin, Avropa Şurası və NATO Parlament Assambleyasının ərazi bütövlüyümüzü dəstəkləyən qətnamələri erməni diasporunda, düşmən ölkədə ciddi narahatlıq yaratmışdı, eyni dərəcədə son sənəd xain qonşularımızı məmnun edib. Bunu hətta erməni diplomatiyasının uğuru sayanlar var. Axı söhbət “Azərbaycanın sürətlə silahlanması və məsələni zor gücü ilə öz xeyrinə həll eləmək istəməsi” kimi düşmən təbliğatının ruhuna uyğun gələn bir qiymətləndirmənin əks olunduğu sənəddən gedir. “Regional və qeyri-regional səviyyələrdə adi silahlandırmalara nəzarət” adlı həmin sənəddə Azərbaycanın razılaşmanı pozaraq daha çox silah aldığı, “təhlükəli silahlanma yarışına başladığı” qeyd edilib. Sitat: “Avropada adi silahlandırılmalar haqqında müqavilənin həyata keçirilməsi haqqında rəsmi informasiyaya əsasən, Azərbaycan, sayı müqavilə ilə məhdudlaşdırılan silahlanmanın 3 növü üzrə nəticələri keçib. Belə ki, nəzərdə tutulan 220 tank yerinə 381 tanka, 285 artilleriya silahı əvəzinə 518 və 220 ədəd hərbi zirehli maşın yerinə 287 zirehli maşına sahibdir”. Hesabatda həmçinin Azərbaycanın hərbi büdcəsini son illərdə əhəmiyyətli dərəcədə artırdığı və “daim aqressiv ritorikası iki xalq arasında uçurumu və gərginliyi artırdığı” da bildirilir. Sənəd müəllifləri bu vəziyyətin Qarabağ münaqişəsinin nizama salınması istiqamətində danışıqlar prosesini təhlükə altında qoyduğunu yazır. Artıq Azərbaycanın siyasi və hərbi ekspertləri bu hesabatı tənqid edib, belə mövqeni ədalətsiz adlandırıblar. Söhbət heç beynəlxalq nəzarətdən kənarda qalan Dağlıq Qarabağ və ona bitişik digər işğal altındakı ərazilərimizdə gizlədilmiş, kvotalara girməyən çoxsaylı erməni silah-sursatından, yaxud yenə kvotadan kənar ermənilərə ötürülmüş Rusiya zirehli hərbi texnikasından, silah-sursatından getmir. Bunları üst-üstə gələndə Azərbaycandan daha çox Ermənistanın Avropada Adi Silahlara dair Müqaviləni kobud şəkildə pozduğu, təcavüzkarın daha sürətlə silahlandığı dərhal bəlli olur. Söhbət həm də ondan gedir ki, BMT az qala 20 ildir özünün qəbul elədiyi, lakin hələ də kağız üzərində qalan Dağlıq Qarabağa dair qətnamələrinin icra olunmamasına sükut göstərdiyi, laqeydlik elədiyi halda belə bir mövqe ortaya qoyur. Lap tutaq ki, Azərbaycan hansısa kvotunu aşıb, torpaqlarının 1/5-i 20 ildir işğal altında olan, qaçqın-köçkün ordusundan əziyyət çəkən, sülh danışıqlarının dalana girdiyini və Qarabağ qətnamələrinin unudulduğunu görən dövlət nə etməlidir, kimdən kömək diləməlidir? Nəyə güvənməlidir? Azərbaycanın top-tanklarını sayan BMT nə vaxt bunun fərqində olacaq, öz qərarlarını yada salacaq? Söz düşmüşkən, Azərbaycan tərəfi işğal olunmuş ərazilər və bu ərazilərdə süni məskunlaşma məsələsini bir neçə dəfə BMT Baş Məclisinin gündəliyinə salmağa çalışıb. Ancaq dərhal Bakıya təzyiqlər başlayıb ki, bunu eləməsin, guya danışıqlar prosesi ziyan görə bilər. Hansı danışıq prosesi - hansını ki, turist-vasitəçilər aparır? Minsk Qrupunun həmsədrləri əgər qondarma “DQR”-də keçirilən qeyri-legitim “prezident” seçkisi ilə bağlı qəti mövqe əvəzinə sürüşkən yanaşma ortaya qoyursa, bununla da BMT qətnamələrinin ruhuna daban-dabana zidd hərəkət edib təcavüzkara, təcavüzə haqq qazandırırsa, işğalçını danışıqlar masası arxasına daha radikal mövqeyə sövq edirsə, o zaman kim sülh prosesinə zərbə vurur? Başqa yandan, məlumdu ki, Minsk Qrupu BMT-nin verdiyi mandat əsasında fəaliyyət göstərir. Elədisə, o zaman BMT-nin mandatını, əsas prinsiplərini, nizamnaməsini niyə pozur? Elə bu üzdən politoloq Vəfa Quluzadə tam haqqına bildirir ki, işğala məruz qalan tərəf kimi ölkəmiz kvotalara fikir verməməli, öz hərbi qüdrətini artırmaqla məşğul olmalıdır. O ki qaldı Azərbaycanın hərbi büdcəsinin Ermənistanın ümumi büdcəsini üstələməsinə, bizim iqtisadi, insani potensialımız, mineral ehtiyatlarımız, yeraltı-yerüstü sərvətlərimiz, ərazimiz, dəniz dövləti olmamız (hərbi donanmanın vacibliyi) və s. bunu labüd edir və edəcək. Ayrı necə ola bilər? Rusiyanın əyalətlərindən birinə çevrilmiş cırtdan Ermənistanla Azərbaycanın bərabər (hərbi) büdcəyə malik olması mümkünmü? İkinci yandan, hərbi xərclər tək silah-sursatın, texnikanın alması demək deyil. Bu vəsaitlərin əhəmiyyətli hissəsi hər il silahlı qüvvələrimizin ehtiyaclarına, onun maddi-texniki bazasının yaxşılaşdırılmasına, yeni kazarmaların tikintisinə və s. yönəldilir... Dünən məsələyə Azərbaycan XİN-indən də reaksiya gəlib. Nazirliyin sözçüsü Elman Abdullayev deyib ki, Ermənistan KİV-nin istinad etdiyi məlum sənəddəki informasiyanın BMT-nin mövqeyinə heç bir aidiyyəti yoxdur: “Bu sənəd orada göstərildiyi kimi, bir sıra ölkələrin, o cümlədən Ermənistanın BMT baş katibinin göndərdiyi sorğuya cavabıdır. Bununla da bu məlumat, BMT-nin deyil, Ermənistanın mövqeyini əks etdirir”. XİN sözçüsünə görə, erməni tərəfin cəhdləri uğursuzluğa düçar olacaq: “BMT-yə üzv ölkələr, xüsusilə BMT Təhlükəsizlik Şurası artıq Ermənistanla bağlı öz mövqeyini ifadə edib, bu ölkəni işğalçı dövlət kimi tanıyıb və öz qoşunlarını dərhal, qeyd-şərtsiz işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmağı tələb edib”. F.MƏMMƏDOV Geri dön |