Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan türkçülüyü ideyası - XII
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Azərbaycan türkçülüyü ideyası - XII

Azərbaycan türkçülüyü ideyası - XII


Faiq Ələkbərov (Qəzənfəroğlu)

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru


Azərbaycan türklərinin ilk milli istiqlal şair-mütəfəkkirləri: Məhəmməd Hadi və Abbas Səhhət
XX əsrin əvvəllərində Azərbaycan türkçülüyü, milli Azərbaycan ideyasının bədii ədəbiyyatda, xüsusilə şeirdə bir neçə böyük tərənnümçüsü olmuşdur: Məhəmməd Hadi, Abbas Səhhət, Əhməd Cavad, Hüseyn Cavid, Abdulla Şaiq, Əlabbas Müznib, Cəfər Cabbarlı və başqaları. Biz burada ilk olaraq iki milli aydınmızdan - Məhəmməd Hadi və Abbas Səhhətdən bəhs etmək istərdik. Fikrimizcə, yuxarıda adlarını onlarla bərabər çəkdiyimiz aydınlarımızla müqayisədə Hadi və Səhhəti şeirdə, sözün həqiqi və məcazi mənasında Azərbaycan türkçülüyü ideyasının ilk qaranquşları hesab etmək olar. Belə ki, onlar bədii ədəbiyyatda, xüsusilə şeirdə, ilk dəfə milli istiqlal ideyasını tərənnüm etməyə başlamış və ən əsası əsərlərində millət, vətən və islam kimi müqəddəs dəyərləri daha çox Azərbaycanla bağlamağa çaplışmışlar. Başqa sözlə, onlar ümumilikdən xüsusiyə, mücərrədlikdən konkretliyə doğru meyil etmiş, bununla da Azərbaycan türklərinin ilk milli istiqlal şair-aydınları kimi tarixə adlarını yazdırmağı bacarmışlar.

Fikrimizcə, milli istiqlal şairləri arasında ilk yeri isə Məhəmməd Hadi (1879-1920) tutur. Çünki birinci dəfə o, şeirdə türk millətinin istiqlalından bəhs etmişdir. Bu mənada M.Hadinin yardıcılığında millət və vətən sevgisi ən ali səviyyədə və yüksələn xətlə təzahür etmişdir. Hadi bütün varlığı ilə millətini, vətənini sevən və onun istiqlalı üçün çalışan biri idi. Hadinin milli ruhlu digər şeirlərində («Amali-tərəqqi», «Amali-istiqbal», «Təraneyi-milli», «Vətənin nidası» və b.) də türk millətinin-türk vətəninin istiqbalına, tərəqqisinə, azadlığına və s. böyük və sonsuz ümid, inam var. Hələ, 1906-cı ildə «Amali-tərəqqi» şeirində Hadi yazırdı:

Həqiqi arizumuz intizami-hali-millətdir,
Məsaimiz bütün məsrufi-istikmali-millətdir,
Əsasi-fikrimiz təmini-istiqbali-millətdir,
Ürəkdə bəslənən amalımız iqbali-millətdir,
Yeganə nöqteyi-mətlub istiqlali-millətdir.

Hadi «Amali-istiqbal» (1906) şeirində isə milli özünüdərkin yeni mərhələsində olan Qafqaz-Azərbaycan türklərinin çağdaş bir millət olub, istiqbala qovuşacağına ümid bəsləmişdi:

Ümidi-təalilə olur kəsbi-təkamül,
Ümid ilə insan ediyor teyyi-mərahil.
Amal ilə dərdəst olur əsbabi-məali,
Biz də olalım millət, əməlcuyi-təali.

Göründüyü kimi, Hadi bir tərəfdən dünya millətlərini göz önünə gətirərək «yox millətimin xətti bu imzalar içində» yazmış, başqa tərəfdən isə gələcəkdə millətinin xəttinin bu imzalar arasında olacağına ümid etmişdi. Bununla da, M.Hadi Azərbaycan türklərinin istiqlalı ideyasını irəli sürmüş və bunu əldə etməyin gərəkli olmasını bildirmişdi.

Hadi Azərbaycan Cümhuriyyətinin istiqlalını da sonsuz sevgi və hərarətlə qarşılamış, istiqlalımıza öygülər yağdırmışdır («Türkün nəğməsi», «Əskərlərimizə, könüllülərimizə», «Məfkureyi-aliyyəmiz», və b.). «Türkün nəğməsi» şeirində o yazır ki, türklərin Azərbaycan Cümhuriyyətinin istiqlalı uğrunda töklən qanları, məfkurə yolunda gördüyü işlər hədər gedə bilməz və onlar getdikləri milli istiqlal yoldan heç vaxt geri dönməyəcəklər:

Türkün tökülən qanları bihudə (boşa) gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Dörd ildə verilmiş bu qədər can hədər olmaz,
Məfkurə yolunda tökülən qan hədər olmaz,
Qiymətli olan xuni-şəhidan (şəhidlərin qanları) hədər olmaz,
Dul qalmış olan noheye-nisvan (qadınların ağısı) hədər olmaz,
Bax sən sonuna, himməti-türkan (türklərin əməyi) hədər olmaz,
Bədbəxt olan əfğani-yetiman (yetimlərin naləsi) hədər olmaz.
Türkün tökülən qanları bihudə (boşa) gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Qan ilə qazandıq zəfəri, verməyiz əldən.
Xof eyləmədik atəşi-dəhhaşe-düvəldən (işğalçıların atəşindən qorxmadıq).
Bir zərrə belə qorxmayırız dəst-əcəldən,
İstərsə cahan çevrilə, varsın da təməldən,
Türkün üzü çevrilməyəcək səmti-əməldən,
Türklər geriyə dönməyəcək müslih (barışpərvər) əməldən.
Yüksək yaşamaq istər ikən cümlə miləldən:
Türkün tökülən qanları bihudə (boşa) gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Azərbaycan Cümhuriyyətinə həsr etdiyi «Məfkureyi-aliyyəmiz» şeirində isə Hadi gənc Azərbaycan türk dövlətinin varlığını dünya millətlərinə isbat etməyi zəruri hesab etmişdi:

Məfkurəmiz yolunda nə lazımsa etməli,
Məqsədə doğru əzmü-xüruşanla (əzəmətlə-F.Ə.) getməli.
Çıxsın dilərsə qarşımıza həp məzarımız,
Qorxmaz məzardan bu dili-əzmkarımız.
Guş eyləsin bu fikrimi əqvami-kainat,
Amali-zəval cəlalımız iştə: gözəl həyat!
Vicdani-millətə yazılıbdır bu ayəmiz:
Ən şanlı, ən şərəfli həyat - iştə qayəmiz!

Məhəmməd Hadinin çağdaşı olan Abbas Səhhətin (1879-1918) də dünyagörüşündə türkçülük, vətənçilik və islamçılıq mühüm yer tutmuşdur.

Azərbaycan türk millətinin oyanışı uğrunda mübarizə aparan A.Səhhət hesab edirdi ki, artıq bütün millətlər kimi islam millətlərinin də elm və mədəniyyət öyrənmək vaxtıdır. İndi islamın adının qaldığını, hamını onu nifrətlə yad etdiyini deyən A.Səhhət bunun günahını ikiüzlü ruhanilərdə görmüşdü. Türklüyü və islamlığı vəhdətdə götürən Səhhət türk millətini oyanmağa, milli özünüdərkə çağırırdı:

Nə idin dün, nə olmusan bu zaman?
Millət, ey banisi-həyati-vətən!
Oyan, ey milləti-əziz, oyan!
Sənə vabəstədir nicati-vətən.

Nə idin dün, nə olmusan əknun?
Gün ki, çoxdan çıxıb, nə çox yatdın?
Millət, ey sübh ulduzum, nə üçün,
Bir işıqlanmaq ilə tez batdın?

Səhhətin fikrincə, türk oğlu, müsəlman balası cahil olmamlı, elm və mərifəti vaxtında öyrənməlidir:

İslam olanın elmü kəmalı gərək olsun,
Əslafımızın şöhrəti məşhuri-cəhandır.
Türk oğlu, müsəlman balası cahil olarmı?
Billah, belə eybi daşımaq xeyli girandır.
Elm ilə, şücaətlə gərəkdir yaşayaq biz,
Fitrət dəyişir, sanma bu qan yenə o qandır.
Quran bizə buyurubdur alim gərək olmaq,
Zənn etmə ki, şair sözüdür, bəlkə yalandır.
Qanuni-həyatdır: yaşamaz cahil olan qövm,
Səy eylə oxu, qeyrət elə, qardaş, amandır! (61, 64).

Bu baxımdan millət, vətən anlayışlarını hər şeydən üstün tutan, milli azadlıq idealını əsərlərində yaşadan A.Səhhətin yaradıcılığında millət, vətən və islam bir bütövdür. O, «Vətən» şeirində yazır:

Gözəl torpaq, gözəl ölkə, gözəl yer!
Dünya üzrə bimislü, bibədəl yer!
Bu cür gözəl məmləkəti kim sevməz?
Bunca firavan neməti kim sevməz?
Mən vətəni canım kimi sevərəm,
Ruhum, ətim, qanım kimi sevərəm (61, 81).

Və yaxud da:

Ey vətən, getmə ki, əldən gedəriz!
Biləriz fərz sənin xidmətini!
Nəqdi-can eşqinə isar edəriz,
İstəriz vəzi-fəlah heyətini!

Bəzi soydaşlarının ana dilinə, yəni türk dilinə biganə münasibət bəsləmələrini tənqid edən A.Səhhət yazırdı ki, hər bir millətin əqidəsi, məsləki olmalı və öz dilini hörmət etməlidir. Bu baxımdan o, Azərbaycan türk dilinin tərəqqisinə çalışmışdır. O yazır:

Qeyrət edin, Türk dili bir gözəl, şirin dildir.
Onu öyrənməyə həmiyyət edin (61, 152).

Ancaq bəzi dindaşlarının və soydaşlarının millət, vətən və din imanından, inancından uzaq olduğunu görən A.Səhhət «Student» adlı satirik şeirində yazırdı (bu günümüz üçün də aktual olduğunu gözə alaraq Səhhətin bu şerini tam olaraq veririk):

Studentik, mey içib məst olarıq,
Hər gecə bir qıza pabəst olarıq,
Başımız vodka ilə dolduqda,
Çıxarıq səhnəyə artist olarıq.

Yoxdur heç məsləkimiz, məzhəbimiz,
Belə tiplər yetirir məktəbimiz,
Fikrimiz zövqü səfa sürməkdir,
Yaşamaqdan tək odur mətləbimiz.

Gah gülüb, gah yügürüb, gah ularıq,
Gah qusub fərşi-libası bularıq,
Paltarın düyməsini gah da açıb
Xalqın üstün-başını sularıq.

Yoxdur insafü sədaqət bizdə,
Nə də düz-doğru rəfaqət bizdə.
Qaldı tənbəlliyi sorsan, o da var,
Babadan qalma bir adət bizdə.

Studentik, deyillik biz realist,
Aramızdan çıkamaz idealist.
Sevərik təkcə cibişdanımızı,
Eqayistik, ateist, sansualist.

Bizləri sahəti-Şirvan yetirir,
Nə ki, vəhşi, cibişdan yetirir,
Ay belə ölkə abadan olasan!
Bax, nə qeyrətli müsəlman yetirir!

Bu baxımdan Azərbaycan-Qafqaz türkləri arasında başqa millətləri yamsılamağın güclü olduğunu, ancaq milli özünüdərkin yetərincə olmadığını yazan mütəfəkkirin fikrinə görə, hər şeydə əcnəbləri təqlid etsək bütün varlığımızı unuda, milli hürriyyətimizi məhv edə bilərik. O, yazır: «Məsum balalarımızı hələ göz açmamış xarici mürəbbiələrə (dayələrə - F.Ə.) təslim edirik. Bədbəxt balalarımıızı dünyanı bilməmişdən, tanımamışdan ruhunu zəhərləiyb öldürürük. Doğrudur, övladımız zahirdə ölüb qəbrə getməyir, lakin həqiqətdə ruhu ölür, vücudu canlı bir məzar şəklini alır. Çünki insanın həqiqi ruhu dəyanət və millətdir. O zəhərləndikdən sonra, o məhv olduqdan sonra yerdə nə qalır? Ruhsuz bir qəlb, cansız bir cəsəd! Biz bununla mədənləşmirik, fəqət, avropalılara bir nəfər də avropalı qazandırırq, «biz» isə yox oluruq! Canım! Bu qədər laqyedlik olarmı? Kim ki, iki kəlmə «net» ilə «yes»i bildi, dırnaqlarını uzadıb, başına altı şahılıq şapka keçirdib daha islamiyyəti, milliyyəti tanımır. Əsla türkcə danışmağa, oxumağa rəğbət etmir».

Belələrinin evlərində yüz cildlərlə Avropa ədiblərinin əsərləri olduğu halda, bir vərəq türkcə yoxdur deyən A.Səhhət qeyd edir ki, «ruspərəstlər» yalnış-doğru rusca danışır, türk yox, rus qəzetləri alırlar. O yazır: «Hər şeydə Aropa ədəbini, əxlaqını təqlid edirik, bəs millətpərvərliyi, vətənpərəstliyi nə üçün onlardan görüb götürməyirik?». Onun fikrinə görə, əgər ziyalılar, ariflər dillərinə, ənənələrinə yad gözü ilə baxarlarsa, «onu istiqbala götürəcək, yaşadacaq kim qalır? Milləti kiçik görən insanlar yaşamağa deyil, ölməyə məhkumdurlar».

Cümhuriyyət və hürriyyət tərəfdarı olan Səhhət hesab edirdi ki, əgər millət kimi yaşamaq istəyirsək çalışmaq, yəni qəzetlər nəşr etmək, cəmiyyətlər təşkil etmək və avam kütlənin başını bir yerə toplyaıb «ümumi ruhu yeniləşdirmək» lazımdır.

Geri dön