Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Gürcüstanın Laqodexi bölgəsində azərbaycanlı sərmayədarlar üçün geniş imkanlar var
Gürcüstanın Laqodexi bölgəsində azərbaycanlı sərmayədarlar üçün geniş imkanlar var |
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Laqodexi şəhərinin meri Condo Didioşvili ilə görüşüb.
Görüşdə ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin tarixinə nəzər salınıb, əlaqələrimizin inkişafında siyasi liderlərimizin rolu xüsusi qeyd olunub. C.Didioşvili bildirib ki, Laqodexidə yaşayan azərbaycanlılar bu bölgənin ictimai, siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayırlar. Gürcüstan hökuməti azərbaycanlıların sosial problemləri və qayğıları ilə daim maraqlanır, onların həllinə çalışır. Səfir Dursun Həsənov deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə münasibətlərimiz yeni müstəvidə daha da genişlənib və inkişaf edib. Dünya şöhrətli siyasi xadimlər Heydər Əliyevin və Eduard Şevardnadzenin yorulmaz səyləri nəticəsində müstəqilliyimiz daha da möhkəmlənib, Azərbaycan və Gürcüstan dünya dövlətləri sırasında layiqli yerlərini tutublar. Sonra səfir, mer, eləcə də Laqodexi bələdiyyəsinin sədri Kaxa Camburiya azərbaycanlılar yaşayan Qabal kəndində ictimaiyyətin nümayəndələri ilə görüşüblər. C.Didioşvili rayonun sosial-iqtisadi inkişafında Qabal kəndinin və azərbaycanlılar yaşayan ətraf kəndlərin rolundan danışıb. Səfir D.Həsənov bildirib ki, bu gün Azərbaycanın və Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı Tbilisi-Qars dəmir yolu layihələri regionun inkişafında mühüm əhəmiyyət kəsb edir. TAP və TANAP kimi layihələr xalqlarımızın rifahının daha da yaxşılaşmasına xidmət göstərəcək. Diplomat vurğulayıb ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr arasında ilk yerlərdən birini tutur. Laqodexi bölgəsində müxtəlif sahələrə də sərmayə qoyuluşu üçün imkanlar axtarılır. Rayon bələdiyyəsinin sədri K.Camburiya bildirib ki, Laqodexidə Azərbaycan sərmayədarları üçün geniş imkanlar var. Sonra Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, tərcüməçi–jurnalist Mirzə Maşov, Qabal kənd ictimai məktəbinin direktoru Lamara Dabatadze, müəllimə Əntiqə Paşayeva və başqaları çıxış edərək Azərbaycanın və Gürcüstanın birgə iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat və logistik layihələrin əhəmiyyətindən danışıblar. Görüşdə gənclərin asudə vaxtlarının təşkili üçün müasir tipli idman komplekslərinin, mədəniyyət ocaqlarının yaradılması, məktəblərin təmiri və s. məsələlər barədə fikir mübadiləsi aparılıb, təkliflər səslənib. Tədbirdə Qabal kənd ictimai məktəbinin şagirdləri 20 Yanvar şəhidlərinə, Azərbaycan və gürcü xalqlarının dostluğuna həsr olunmuş şeirlər söyləyiblər. Xətayi Əzizov Geri dön |