Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > “Kanada Qarabağ münaqişəsi ilə bağlı həmişə neytral mövqedən çıxış edir”
“Kanada Qarabağ münaqişəsi ilə bağlı həmişə neytral mövqedən çıxış edir” |
Fərid Şəfiyev: “Azərbaycan məhsullarının Kanadaya ixrac edilməsi üçün geniş imkanlar mövcuddur”
Azərbaycanın Kanadadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyevin müsahibəsi. - Azərbaycanla Kanada arasındakı ikitərəfli əlaqələrin hazırkı vəziyyətini necə dəyərləndirirsiniz? - Azərbaycan Respublikası Kanada ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına əhəmiyyət verir və ümumən ölkələrimiz arasındakı münasibətləri inkişafda olan dostluq münasibətləri kimi dəyərləndirmək olar. 2004-cü ildə ölkəmizin Kanadada səfirliyinin açılması ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verib. Kanada ilə siyasi əlaqələrin inkişaf etdirilməsi səfirliyin daim diqqət mərkəzindədir. Bu xüsusda, parlamentlərarası əlaqələrin rolunu xüsusilə qeyd etmək olar. Hər iki ölkənin qanunverici orqanlarında parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Ötən illər ərzində ölkələrimizin parlament üzvlərindən ibarət nümayəndə heyətləri qarşılıqlı səfərlər həyata keçirib. Qeyd etmək istərdim ki, sonuncu dəfə 14-16 may 2012-ci il tarixlərində Azərbaycan Milli Məclisinin deputatları, Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Kanadada səfərdə olub. Nümayəndə heyətinin tərkibində Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və partiyanın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, millət vəkili Asəf Hacıyev iştirak edirdi. Səfərin məqsədi Azərbaycan ilə Kanada, eləcə də iki ölkənin siyasi partiyaları arasında qarşılıqlı əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsinin aparılması idi. Ümumilikdə götürsək, mövcud vəziyyəti qənaətbəxş hesab etsək də, iki ölkə arasında daha sıx əlaqələrin qurulması səfirliyin əsas hədəfidir. - İki ölkə arasındakı iqtisadi əlaqələrin potensialından yetərincə istifadə olunurmu? - Kanada iqtisadi inkişaf baxımından dünyanın ən aparıcı ölkələrindən biri hesab olunur. Bunu nəzərə alaraq, Azərbaycan Kanada ilə iqtisadi-ticarət əlaqələrinin inkişafında maraqlıdır. Kanadanın bir çox sahədə, o cümlədən yüksək texnologiyalar, investisiya mühiti və s. sahələrdə əldə etdiyi uğurlar və malik olduğu zəngin təcrübə Azərbaycan üçün maraq kəsb edir. Kanadanın iqtisadi inkişaf modeli və ayrı-ayrı sahələrdəki təcrübəsinin Azərbaycanda tətbiqi ölkəmizin iqtisadi inkişafı üçün faydalı olardı. Eyni zamanda qeyd olunmalıdır ki, ikitərəfli ticarət əlaqələrinin səviyyəsi mövcud potensiala cavab vermir. Son illər ərzində qarşılıqlı ticarət dövriyyəsinin həcmində yüksək göstəricilərin (2010-cu ildə 332,35 mln. Kanada dolları, 2011-ci ildə 450 milyon Kanada dolları) müşahidə olunmasına baxmayaraq, qarşılıqlı ticarətin əsas hissəsini Azərbaycandan Kanadaya neft və neft məhsullarının ixracı təşkil edib. Səfirliyin iqtisadi fəaliyyətinin əsas istiqamətlərindən birini iki ölkə arasında qeyri-neft sektorunda əməkdaşlıq əlaqələrinin inkişafı təşkil edir. Bu xüsusda, iki ölkə arasında kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları, turizm və digər istiqamətlərdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. - Ölkələr arasında mədəni və humanitar sahəsindəki əməkdaşlıq hansı səviyyədədir? - Azərbaycanın Kanadadakı səfirliyi eyni zamanda ölkələrimiz arasında mədəni və humanitar əlaqələrin dərinləşməsinə xüsusi diqqət yetirir. Qeyd edim ki, sözügedən sahədə, xüsusilə Kanadanın təhsil ocaqları və elmi-tədqiqat institutları ilə əməkdaşlıq məsələsi daim diqqət mərkəzində saxlanılır. Səfirlik tərəfindən mütəmadi şəkildə Kanadanın müxtəlif universitetləri ilə birgə Azərbaycana dair elmi konfransların keçirilməsini qeyd etmək istərdim. Həmçinin “Azərbaycanlı tələbələrin xaricdə təhsilinə dair” Dövlət Proqramına əsasən son illər ərzində Kanadaya gələn tələbələrimizin sayında artım müşahidə olunur. O cümlədən, son zamanlar Azərbaycana tədqiqat aparmaq üçün gedən kanadalı professor və tələbələrin sayı da artıb. Ölkələrimiz arasında mədəni əlaqələrə gəldikdə isə son illər ərzində müvəffəqiyyətlə keçirilmiş bəzi mədəniyyət tədbirlərini xüsusilə qeyd etmək istərdim. Kanadanın Kvebek şəhərində İ.N.K. və Bordee teatrının birgə təşkilatçılığı ilə azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyatından bəhs edən “Gülnarənin donu” adlı tamaşa, azərbaycanlı rejissor Şamil Nəcəfzadənin Ottava və Toronto şəhərlərində nümayiş etdirilmiş “Qala” filmi və səfirliyin təşkilatçılığı ilə keçirilmiş konsert proqramları və s. tədbirlər Kanadada böyük rəğbətlə qarşılanıb. - Azərbaycan Qərbdə, eləcə də Amerikada böyük enerji resurslarına malik ölkə kimi tanınır. Təmsil olunduğunuz ölkədə Azərbaycan iqtisadiyyatının digər sahələrinə maraq varmı? - Kanada inkişaf etmiş olduğundan, burada müxtəlif sahələr üzrə yeniliklərin baş verməsi daim müşahidə olunur. Burada yüksək texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrində tətbiqini qeyd etmək olar. Kanadada Azərbaycan iqtisadiyyatının digər sahələrinə maraq cəlb etməkdən ötrü öncə Kanadanın özünün iqtisadiyyatının digər sahələrini öyrənmək mühüm əhəmiyyət kəsb edir. Müasir texnologiya və yeniliklərin tətbiqi ilə bağlı ölkəmiz üçün xüsusi maraq kəsb edən sahələr qismində informasiya texnologiyaları, kənd təsərrüfatı, təhsil, tibb, ətraf mühitin mühafizəsi kimi sahələri qeyd etmək olar. Daha sonra bank və ipoteka sistemi və yüksək peşəkar dövlət qulluğu sahəsinin Azərbaycan tərəfindən öyrənilməsi məqsədəuyğundur. Qeyd olunmalıdır ki, Azərbaycanın müvafiq qurumlarının mütəxəssisləri bu məqsədlə Kanadaya səfər etmişlər. Eyni zamanda, iki ölkə arasında tikinti və turizm sahəsində əməkdaşlıq üçün geniş potensial mövcuddur ki, bu da bəzi Kanada şirkətlərinin ölkəmizin qeyd olunan sahələrinə böyük marağına səbəb olub. Hazırda kanadalı mütəxəssislərinin iştirakı ilə Azərbaycanda bir neçə turizm və idman obyektlərinin inşası həyata keçirilir. Burada hamıya tanış olan Fairmont Baku (Baku Flame Towers) mehmanxanasını qeyd etmək olar. Həmçinin ötən illər ərzində apardığımız müşahidələrə görə, Azərbaycan məhsullarının, xüsusilə də qida sənayesi məhsullarının (meyvə şirələri, zeytun yağı və s.) Kanadaya ixrac edilməsi üçün geniş imkanlar mövcuddur. Zənnimizcə, həmin məhsulların Kanada bazarına çıxarılması məqsədilə Azərbaycan iş adamlarının bu ölkədə keçirilən sərgilərdə iştirakı və həmin sərgilər zamanı məhsulların reklam edilməsi məqsədəuyğundur. - Kanadada Azərbaycan və Dağlıq Qarabağla bağlı gerçəklərin təbliği nə qədər uğurlu aparılır? Səfirlik bununla bağlı nə kimi irimiqyaslı işlərə imza atıb? - Səfirlik Kanadada fəaliyyətə başlayandan bəri bu məsələyə xüsusi diqqət yetirir. Kanada hökuməti və parlamentinin nümayəndələri ilə keçirilən bütün görüşlər zamanı qarşı tərəfin diqqətinə Azərbaycan haqqında dolğun məlumatlar verilir. Bununla yanaşı, səfirlik Kanadanın ali təhsil ocaqları, elmi-tədqiqat institutları ilə əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində Azərbaycan ilə bağlı elmi konfranslar təşkil edir. Sonuncu dəfə belə bir konfrans 2012-ci ilin fevral ayında Xocalı soyqırımına dair Monrealın Makgil universitetində keçirildi. Ümumilikdə Kanadanın elmi dairələri ilə sıx təmaslar həyata keçirilir, həmin təmaslar vasitəsilə Kanadanın akademik çevrələrində ölkəmiz haqqında obyektiv və qərəzsiz rəyin formalaşdırılmasına səy göstərilir. - Ölkəmiz və onun tarixi, keçmişinin tanıdılmasında, təbliğində gənclərimizin fəallığı necədir? Onlar Azərbaycanla bağlı güclü məlumat bazasına malik gələcək nəsil və ya “gənc səfir”lər hesab oluna bilərmi? - Kanadada yaşayan azərbaycanlı gənclər və tələbələrin fəaliyyətində çox mühüm fəallıq müşahidə edilməkdədir. Misal üçün Toronto Universitetində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Assosiasiyasını (AzSA) nümunə kimi göstərmək olar. 2009-cu ildə Toronto Universitetində təhsil alan azərbaycanlı tələbələr tərəfindən yaradılmış AzSA fəaliyyət göstərdiyi dövr ərzində 20 Yanvar, Xocalı soyqırımı, Novruz bayramı, 28 May Respublika günü və digər bayram və xatirə günlərinə həsr olunmuş tədbirlər keçirib. Eyni zamanda, təşkilat son illər ərzində Şimali Amerikada yaşayan azərbaycanlı gənclərin forum və toplantılarının keçirilməsində fəal iştirak edib. Kanadada yaşayan və Azərbaycanın təbliğ edilməsində yaxından iştirak edən bu gənclərin fəaliyyətinin mütəmadi və davamlı olacağına ümidvaram. - ABŞ Azərbaycan diasporunun ən geniş fəaliyyət göstərdiyi ölkələrdən sayılır. Bəs, Kanadada vəziyyət necədir? Orada Azərbaycan diasporunun təşkilatlanma səviyyəsi necədir? Səfirliyin diaspor təşkilatları ilə əlaqələri necə qurulur, təşkilatların işinə necə dəstək verilir? - Müxtəlif məlumatlara görə, hazırda 3-5 minə yaxın soydaşımız Kanadada daimi yaşayır. Bundan əlavə, digər ölkələrdən, xüsusən İran və Rusiyadan gələn 50 minə yaxın azərbaycanlı Kanadada yaşayır. Soydaşlarımızın əksəriyyəti Toronto, Monreal, Vankuver, Kalqari kimi iri şəhərlərdə məskunlaşıblar. Azərbaycandan xeyli uzaq məsafədə yaşamaqlarına baxmayaraq, həmvətənlərimiz Azərbaycan ilə əlaqələrini qoruyub saxlayır. Onlar Azərbaycanın mədəniyyəti, tarixi, incəsənətinin Kanadada təbliğ edilməsi istiqamətində öz səylərini əsirgəmirlər. Bu məqsədlə həmin şəhərlərdə soydaşlarımız tərəfindən yaradılmış diaspor təşkilatları fəaliyyət göstərir. Son 2-3 il ərzində Kanadada yaşayan Azərbaycan icmasının fəaliyyətində fəallıq müşahidə olunur. Belə ki, 2011-ci il ərzində Ottavada yaşayan soydaşlarımızın təşəbbüsü ilə “Qarabağ” adlı Azərbaycan həftəsonu məktəbi açıldı, Vankuver şəhərində isə Azərbaycan mədəniyyət mərkəzi fəaliyyətə başladı. Torontoda gənclər və tələbələr fəal iş aparırlar. Kalqari və Monreal şəhərlərində müvafiq tədbirlər görülür. Ümumilikdə Azərbaycan icmasının üzvləri dövlət bayramları və xatirə günləri ilə əlaqədar səfirlik tərəfindən təşkil edilmiş tədbirlərdə yaxından iştirak edirlər. Azərbaycan icmasının həyata keçirdiyi birgə işin nəticəsində ötən illər ərzində Xocalı soyqırımı, 31 mart azərbaycanlıların soyqırımı günlərinin qeyd olunması ilə bağlı bir sıra yürüş və mitinqlər həyata keçirilib və digər anım mərasimləri təşkil edilib. Eyni zamanda, diasporun səmərəli işi nəticəsində Kanadanın parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanatlar səsləndirilmiş və cari ilin fevral ayında Kalqari şəhərinin meri tərəfindən Xocalı soyqırımının tanınmasına dair 2012-ci ilin 26 fevral tarixində məktub imzalanıb. - Bəzi siyasi analitiklərə görə, ABŞ, Kanada və bir sıra Avropa ölkələri Azərbaycanla və xüsusilə də Dağlıq Qarabağ məsələsi ilə bağlı ikili siyasət yürüdür. Sizcə, bu yanaşma həqiqəti əks etdirirmi? Bu nədən qaynaqlanır? - Qeyd edim ki, Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ölkəmizin işğal olunmuş ərazilərində mövcud olan separatçı rejimi tanımır. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Kanada tərəfi həmişə neytral mövqedən çıxış edir. Kanadanın rəsmi hökumət qurumları tərəfindən verilmiş bəyanatlarda Kanada tərəfinin münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar vasitəsilə tənzimlənməsinin tərəfdarı olduğu qeyd olunur. Eyni zamanda, təəssüflə qeyd olunmalıdır ki, Kanadanın ayrı-ayrı siyasətçiləri erməni lobbisinin təsiri altında qeyri-konstruktiv mövqedən çıxış edirlər. Misal kimi, müxalifətdən olan Liberallar Partiyasının və Kanada Parlamentinin üzvü Cim Kariciannisi (Jim Carygiannis) qeyd etmək olar. O, Türkiyə və Azərbaycan əleyhinə yönəlmiş fəaliyyəti ilə səciyyələnən Kanada millət vəkili hesab olunur. Qeyd olunanlara baxmayaraq, vurğulamaq istərdim ki, Kanada hökuməti və müvafiq rəsmi qurumlar Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməməyi öz vətəndaşlarına tövsiyə edirlər. Bununla belə, Kanadanın rəsmi qurumları Azərbaycanın işğal olunmuş ərazilərinə şəxsi qisimdə səfər edən vətəndaşların qarşısını almaq hüququna malik deyillər. E.Salmanqızı Geri dön |