Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Azərbaycan mətbuatının ilk dərgisi - "Kəşkül"ün birinci nömrəsi"- Tiflis, 31 yanvar 1883-cü il
Azərbaycan mətbuatının ilk dərgisi - "Kəşkül"ün birinci nömrəsi"- Tiflis, 31 yanvar 1883-cü il |
Yanvarın 31-də Azərbaycanın ilk milli jurnalının - "Kəşkül"ün 136 yaşı tamam oldu, mətbuat tarixçilərimizin səsi çıxmadı... . Azərbaycan mətbuatının ilk dərgisi - "Kəşkül"ün birinci nömrəsi"- Tiflis, 31 yanvar 1883-cü il "Kəşkül"ün keçən il tamam olan 135 illik yubileyindən sonra milli mətbuatımızın bu ilk dərgisi haqqında kəşkülşünaslıq tariximix bir sıra materiallarla zənginləşmişdir.Hər nəsnədən əvvəl Kəşkülün banisini foto şəkli İstanbuldan Ünsizadələrin yeni nəslini -Arkunların arxivindən tapılmşdır. Türk dünyasının mətbuat tarixində vaxtilə - Bakıdan əvvəl Azərbaycanın paytaxtı olan Şamaxıda dünyaya göz açan Ünsizadə qardaşlarının əvəzsiz xidmətləri olmuşdur Ünsizadələr üç qardaş idilər. Şamaxı mədrəsəsində müəllim işləyən, klassik üslubda "Ünsi" təxəllüsi ilə şeirlər yazan və bu yazıları ilə Şamaxı ədəbi mühitində özünə layiqli yer tutan Əbdürrəhman əfəndi oğlanlarına yaxşı adlar seçmişdir .Böyüyün adı Səid idi. Ata ortancıl oğluna Cəlaləddin, lap kiçiyinə isə Kamal adı vermişdi. Qardaşlardan böyüyü Səid əvvəlcə Şamaxıda, sonra isə Şərq ölkələrində oxumuş, ali dini təhsil alandan sonra Şamaxıya qayıtmış, məktəbdarlıqla məşğul olmuş, bir müddətdən sonra - 1870-ci ildə, igamətgahı Şamaxıda yerləşən Bakı Quberniyası Əhli -Təsənni idarəsinə üzv seçilmişdir. Sonralar M.F.Axundzadənin yaxın dostlarından biri olan Əbdülhəmid Əfəndi Zaqafqaziya müftisi seçilərək, Tiflisə gedəndən sonra, Səid Ünsizadə Bakı qubernatoru D.Staroselskinin əmri ilə Şamaxı qazısı və Ruhani İdarəsinin sədri vəzifəsinə təyin olunmuşdur. S.Ünsizadə bu vəzifədə işləyərkən həm öz vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş, həm də maarif və mədəniyyət məsələləri ilə ciddi məşğul olmuş, Bakı qubernatorunun hüsn və rəğbətini qazanmışdır. Onun maarifçilik yönümündəki ən önəmli işi 1874-cü ildə D.Staroselskinin icazəsi ilə yaradılan Şamaxı "Məclis məktəbi" idi. Bu məktəb adı pedaqogika tariximizə düşən ilk məktəblərdən biridir. "Məclis məktəbi" yeni tipli təhsil ocaqlarından idi. Quberniyanın digər məktəblərindən fərqli olaraq, burada şagirdlərin sağlamlığına da, təhsil və tərbiyələrinə də fərqli yanaşma var idi. Şagirdlər skamyada oturur, Yazılar yazı lövhəsində yazılır, ana dili ilə yanaşı, burada ənənəvi Şərq dilləri keçirilir, müəllimlər dərslə yanaşı, dərslik və müxtəlif risalə və kitabçaların yazılmasında fəallıq göstərirdilər. Təkcə bu faktı göstərmək gərəkli görünür ki, bu məktəbdə işləyən müəllimlər XIX əsrin 80-ci illərində Azərbaycan dilində uzun müddət məktəblilərin oxu və dərslik kitabları kimi tanınan bir neçə mükəmmməl əsərin müəllifləridir. 1876-cı ildə Səid Ünsizadəni Tiflisə - dövlət əhəmiyyətli bir layihənin hazırlanma işinə çağırırlar. Söhbət dini idarələrin fəaliyyəyyəti ilə ilgilidir. S.Ünsizadə ona tapşırılan işin öhdəsindən layiqincə gəldiyinə görə Tiflisdə daimi işdə qalır. O, Zaqafqaziya Əhli -Təsənni İdarəsinin əvvəlcə ştatda olmayan əməkdaşı kimi fəaliyyətə başlayır. Tiflisə - regionun baş şəhərində yaşamaq imkanı C.Ünsizadəni milli əhəmiyyətli işlərlə məşğul olmağa sövq edir. S.Ünsizadə Bakıdan Qafqaz Canişinliyinə rəhbər vəzifəyə dəvət alan, hələ Şamaxıdan tanıdığı D.Staroselski ilə dosluq münasibətlərindən istifadə edərək, Tiflisdə çap işləri ilə məşğul olmaq fikrinə düşür. Əvvəlc daş basmaxanası (litoqrafiya) açır, İstanbuldan müxtəlif mətbəə avadanlıqları alıb gətizdirir. S.Ünsizadə Azərbaycan dilində mətbəə və mətbuat işlərini qüvvətləndirmək üçün ortancıl qardaşı Gəlaləddin əfəndini də Tiflisə dəvət edir. Ünsizadələr nəslinin bir neçə gənc üzvü də mətbəə işinə - müəyyən mətbəə peşəsi üzrə fəhləliyə dəvət edilir. S.Ünsizadə 1878-ci il dekabrın 12-də Tiflisdə "Ziya" adlı həftəlik qəzetin nəşrinə icazə alır. Hakim dairələrə tanışlıq üçün göndərilən proqramında "Ziya" qəzetində dövlət sərəncamları, xarici və daxili xəbərlər, müxtəlif növ həvadislərin (əhvalatların), felyetonların çap ediləcəyi bildirilirdi. Qəzetin ilk nömrəsi 1879-cu ilin yanvar ayının 25-də-islam təqvimi ilə 1296-cı il səfər ayının 16-da- çap edilmişdir. Qəzetin 1879-cu il yanvar və fevral aylarında çıxan ilk 2 nömrəsi tədqiqatçılara məlum deyil. "Ziya"nın 1879-cu il fevralın 8-də çıxan 3-cü nömrəsinin tarixinə əsasən ilk nömrənin 1879-cu il yanvarın 25-də çıxdığını söyləməyə əsas verir.. "Ziya"nın birinci səhifəsində iki sünbül çələngi arasında adı və dərc olunduğu il göstərilmişdir. Başlığın yerləşdirildiyi çələngin sağında oxuculara mətbu orqanın imtiyaz sahibi tanıdılır:" Qəzetəni verən Səid Ünsizadə. Qəzetəmiz basılmaqdan (litoqrafiya çapından-N.N .) ötrü göndərilən kağızları idarəmiz basmaqda muxtardır. "Ziya" qəzetəsinin idarəxanəsi Vorontsov küçəsində Ağa Əli Əsgərovun 35 nömrəli xanəsindədir. Yazı işləri və qəzetə mütəəlliq hər bir növ kağızlar qəzetə müdirinin adına göndərilir". Qəzetin başlığı yerləşdirilən çələngin sol tərəfində qəzetin çıxarılmasında Cəlaləddin əfəndinin səlahiyyəti və qəzetin reklamla bağlı şərtləri sadalanır: "Qəzetə ümuratının (işlərinin,əmrlərinin-N.N.) müdir və mühərriri Cəlal Ünsizadə. Qəzetəmizin bir sənəlik qiyməti-: manat, altı aylığı 4 manat, bir nüsxəsi-15 qəpik Elamnamələrin hər bir sətrinə 10 qəpik. Mənfəətlü və yaxşı xəbərlər pulsuz qəbul və təb olunur". Qısa bir müddətdə "Ziya" türk dili başa düşülən bütün türk torpqlarına qanad açır, yerlərdən qəzetin idarəxanəsinə məktublar axışır. Rusiyanın mərkəzi yerlərinin birində - Tambovda sürgündə olan "Əkunçi"nin əkinçisi Mirzə Həsən Əlqədari, İstanbuldan şirvanlı Şahin əfəndi, Münif əfəndi, Bağçasaraydan İsmayıl bəy Qaspıralı, Şamaxıdan S.Ə.Şirvani, Zərdabdan adını yazmadan Həsən bəy Məlikzadə Zərdabi, Göyçaydan İsmayıl Nazirzadə, İrəvandan Abbas ağa Məhəmmədzadə, Tiflisdən şeyxülislam Əhməd Hüseynzadə, müfti Əbdülhəmid Əfəndizadə, anası alman, atası fransız olan məşhur rus şərqşünası və qafqazşünası A.P.Berje, vaxtilə Rusiyanın İstanbulda və sonralar Təbrizdə konsulu olan Valerian Vladimiroviç Bezobrazov, Moskvadan Əlisəfa, R.Əliyev, N.Vəzirov və başqaları "Ziya"ya məktublar göndərir. Müxtəlif məzmunlu bu məktub və maqalələr türk dünyasının ziddiyətlərlə dolu olan bir zaman kəsimini öyrənmək baxımından çox maraqlıdır. S.Ünsizadə türk dünyasını öz ətrafına toplaya bilmişdi. Həftədə bir dəfə çıxan qəzet çətinliklərlə qarşılaşsa da, Ünsizdə qardaşları türkdilli mətbuatın tərəqqisi yolunda israrlı idilər. Qəzetdə bəzən süni qarşıdurma yaradılırdı. S.Ünsizadə qəzetin baş məqalələrinin birində təklikdə deyə biləcəyi sözləri bərkdən söyləyir, Cəlal əfəndidən qəzetin dilinə ciddi fikir verməyi ona irad tutur, "hər kəsə öz xörəyini verməyi ondan tələb edirdi". Böyük qardaşının yanında zəngin mühərrirlik məktəbi keçən Cəlal əfəndi 1882- ci il may ayının 12-də hökumət dairələrində 1882-ci ilin sentyabr ayından ayda bir dəfə çıxarmaq şərtilə Tiflisdə "Kəşkül" adlı məcmuə çıxarmağa icazə istəyir. Qafqaz Senzor Komitəsi 1882-ci il oktyabrın 20-də Cəlal Ünsizadəyə "Kəşkül" adında jurnal ("Kəşkül" səhifələrində onu "məcmuə", "cəridə" də adlandırırlar) çıxarmağa icazə verir. Cəlal Ünsizadə əqidəsinə, ağıl və fərasətinə inandığı ziyalıları ətrafına toplayaraq, əvvəlcədən müəyyənləşdirdiyi və dostları ilə məsləhətləşdiyi proqram əsasında 1883-cü ili yanvar ayının 31-də 28 səhifəlik "KƏŞKÜL" jurnalını qardaşı Səid Ünsizadənin "Ziya" adı ilə tanınan mətbəəsində çap etdirdi. Türk dünyasında yaxşı təbliğ edilən, yaxşı işıqlandırılan, "Ziya" qəzetində böyük təcrübə qazanan və bunu dəfələrlə özü etiraf edən İsmayıl bəy Qaspıralının "Tərcüman" qəzetinin nəşrinə hələ 2 ay 10 gün qalırdı. ( İ.Qaspralının "Tərcüman" qəzetinin ilk nömrəsi 1883-cü il aprelin 10-da çıxmışdır). Kəşkül - hind qozu qabığından hazırlanan dərviş çantası deməkdir. "Kəşkül" sözü klassik Şərq ədəbiyyatında "ədəbiyyat, şeir toplusu" məzmununu da verir. Cəlal Ünsizadə jurnalın müqəddəməsində bu münasibətlə özü belə yazırdı: "Bu cəridədə nə növ mətləblər yazılacağın bu günkü nüsxənin elanat səhifələrində zikr edirik, amma burada bunu demək istəyirik ki, məcmuəmizin əsl dili və ibarəsi məmləkətimiz müsəlmanlarının məfhumi olan Türki Azərbaycan dilindən ibarət olacaqdır. Amma bununla belə ərəbi və farsi dili sevən müsəlman qardaşlarımız dəxi bu cəridə vasitəsilə faidə alıb, faidə verməklər üçün aradabir məzkur dillərdə dəxi əhvalat və məqalət qəbul və dərc olunacaqdır. Nə fənuni-maddi və ülumi-dünyəvi təxmlərin müstəhəqqinə (toxumların layiq olanına-N.N.) əta etməgə qüdrəti olan (Əkinçilərdən) olduğumuzdan və nə də zülməti-zəlalət və cahi-cəlalətdə qalmışlara ziyanəxş olmaq qüvvəsinə nail olan ürəfadan hesab olunduğumuzdan, yəni ülumi-zahiri və batinidən ari(təmiz-N.N.) bir fəqir dərviş olduğumuz məlum ikən dər-öhdə aldığımız ƏMƏK BƏ ƏMƏL ÇANTASI dəxi kəşküldən ibarət olacaq. Bu səbəbdən təb və nəşrinə rüxsət aldığımız cəridə "KƏŞKÜL" namını alır". ***** "Kəşkül"ün üz qabığında məcmuənin adı, adın altında ilk nömrənin tarixi hicri və miladi təqvimlə göstərilmişdir: hicri-1200, miladi-1883. Sonrakı sətrdə jurnalın ədəbiyyat və siyasiyyatdan bəhs edəcəyi yazılmışdır. Mötərizədəki sözlər xüsusilə qabardılır: türki və farsi və ərəbi məqalatı dərc edir. Sonra aylıq məcmuə olduğu göstərilir. Daha sonrakı sətirlər belədir: Birinci sənə. Mah-rəbiüləvvəl -1300 (müsəlman qəməri ilinin üçüncü ayı- N.N.). Ədəd-1 (birinci nömrə- N.N.) Jurnalın birinci nömrəsi mənzumə şəklində yazılmış dua ilə başlayır. "Kəşkülün müqəddiməsi" başlıqlı yazının müəllifi Cəlaləddindir. Yazıda Azərbaycan mətbuat tarixinə ekskurs edilir,"Əkinçi", "Ziya" qəzetlərinə düzgün qiymət verilir. "Kəşkül"ün birinci nömrəsindəki "Mətbəə və mətbuat" başlıqlı yazının müəllifi göstərilmir. Yazının bu nömrədəki hissəsinin sonunda da müəllif göstərilməyib. Oxucu onun davamını məcmuənin ikinci nömrədə axtarmalı olur. Bu yazıdakı fikirlərin çoxu "Ziya" qəzetində dəfələrlə səslənmişdir. Görünür, "Ziya" da imzasız çap olunan məqalələrin müəyyən hissəsi Cəlal Ünsizadənindir. O da təzə mətbu orqanda "Ziya"dakı fikirlərini "Kəşkül"ün oxucuları ilə bölüşmək fikrinə düşür. Cəlal Ünsizadə "Kəşkül" də yazır: "Bizlərdən çoxu var ki, mətbəə və mətbuat nə olduğunu bilməz və bilmək dəxi istəməz". Müəllif öyrənməkdən üz çevirənlərə onları məşğul olduqları boş və bihudə xəyal aləmindən ayırmalarını vacib sayır. Oxucu ilə belə fikir mübadiləsinə başlayan müəllif cəmiyyətin inkişafında mətbəə və mətbuatın rolynu düzgün qiymətləndirərək, mətbəə və mətbuatın millət və qövmin düşüncə tərzində öz əksini tapdığı qənaətinə gəlir. "Kəşkül"dəki felyetonlar da oxucular narahat edən məsələlərə həsr olunmuşdur. XIX əsrin 70-80-ci illərində felyeton qəzetin, jurnalın indikindən fərqli məna bildirirdi. Felyeton əvvəllər ciddi janr sayılırdı. Felyetonun qəzet və jurnallarda daimi yeri olurdu. Sonralar felyetonlarda qaldırılan məsələlərdə özünü göstərən bir sıra nöqsanlar oxucuda gülüş doğurmuş, felyetonlar əvvəlki müsbət çalarlarını itirmişdir. Jurnaldakı felyetonların biri nin müəllifi S.Atamalıbəyovdur. Bu yazı "Aldığımız bir vərəqədir" adlanır. Jurnalın ilk nömrəsində A.Bakıxanovun "Təhzibül-əxlaq" əsəri haqqında yazı müəlifinin düşüncələri (davamı ikinci nömrədədir-N.N.) də özünə yer tapmışdır. Jurnalda 1877-ci il Dağıstan hadisələri də işıqlandırılmışdır. Jurnaldakı ədəbiyyat bölümünün yazıları da oxucuların diqqətini cəlb edir. "Əmsali-Loğman" dan seçilən yazı "Bir Arslan ilə iki Öküz" adlanır. Tərcümənin müəllifi Cəlaldır.Jurnalın 24-ü səhifəsində dərc olunan "Qurani-Əzim Alişan" şerinin müəllifi (Seyyid ) kimi göstərilmişdir. Mövzusu itirilmiş rejimin ideologiyasına uyğun gəlmədiyinə görə bu şeir C.Ə.Şirvaninin indiədk heç bir əsərinə daxil edilməmişdir. Jurnalda rus poeziyasından verilmiş tərcümə nümunələri tərcümə sənətkarlığı baxımından maraqlı görünür. *********** Yazıda "Kəşkül" jurnal formatında çıxan 11 nömrəsinin birincisindən söz açdıq. "Kəşkül"ün ilk nömrələri uzun illər idi ki, itmiş hesab olunurdu."Kəşkül"ün ilk 11 nömrəsi jurnal həçmində (formasında) çıxmışdır. Onun bəzi nömrələrinin tədqiqatçılar üçün əlçatmaz olması türk mətbuat tarixinin sistemli şəkildə öyrənilməsini ləngitmişdir. 1884-cü il martın 22-dən "Kəşkül" jurnalı qəzet kimi fəaliyyətini davam etdirmişdir. 1891-ci ilin oktyabr ayında "Kəşkül" öz nəşrini dayandırmışdır. Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının əməkdar müəllimi. Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdçüsü, türkoloq. Bakı,05.02.2018. Ədəbiyyat siyahısı 1.Axundov Nazim. Azərbaycanda dövri mətbuat. Bakı,1965. 2.Zeynalov A. "Kəşkül"də bədii ədəbiyyat. Bakı,1976. 3. Zeynalzadə Ağarəfi. Azərbaycan mətbuatı və çar senzyrəsı, Bakı, 2002. 4."Kəşkül" jurnalı. Tiflis,31 .01.1883-cü il ,N 1. 5.Nəsrəddinov Nazim. "Tərcüman"ın təcrübə məktəbi. "Oğuz eli" qəzeti ,27.01.1993, N 2. 6. Nəsrəddinov Nazim. Cəlaləddin Ünsizadənin "Kəşkül" jurnalının ilk nömrəsinin biblioqrafiyası. "Strategiya.az " . 18.07.2013. Etiket: "Kəşkül " dərgisi,milli məbuat, Cəlal Ünsizadənin fotosu, Geri dön |