Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Könül Bünyadzadə: ”Bir milləti ayaq üstə saxlayan onun milli ruhudur”
Könül Bünyadzadə: ”Bir milləti ayaq üstə saxlayan onun milli ruhudur” |
Növbəti müsahibimiz, şərqşünas-alim, filosof Könül Bünyadzadədir.
-Könül xanım, Sizcə, bir milləti güclü edən və onu ayaq üstə saxlayan əsas amillər nədir? - Bir milləti ayaq üstə saxlayan onun ruhudur. Şair təsadüfən demir ki, “kaş millətdə ruh yaşasın”. Əsas məsələ ruhun neçə ayaq üstə qalması, çətinliklər önündə çökməməsidir. Ruhun mətinliyinin isə iki əsas qarantı (təzmin) var: dil və təfəkkür. Şərti bir təsnifat aparsaq, demək olar ki, dilin qoruyucusu, varlığının qarantı şairlər, yazıçılardır, təfəkkürün sağlamlığının, dinamikliyinin təminatçısı isə filosoflardır. Cübran deyir ki, “dil bütün millətin və ya onun ümumi mahiyyətinin yaradıcılıq təzahürlərindən biridir. Əgər yaradıcılıq zəifləyirsə, dilin inkişafı da dayanır”. Daha əhəmiyyətli fakt (əsas) isə dil və təfəkkürün bir-birini tamamlamasıdır, bir-birinin inkişafını gücləndirməsidir. Təsadüfi deyil ki, fəlsəfə tarixində əhəmiyyətli yerlərdən birini tutan alman fəlsəfəsinin formalaşmasında və inkişafında, yüksək zirvəyə qalxa bilməsində, Hegelin də etiraf etdiyi kimi, “yalnız alman təfəkkürü, onun fəlsəfi ənənələri deyil, həm də alman dilinin verdiyi imkanlar müəyyən rol oynamışdır”. S.Xəlilovun fikrinə görə, müəyyən səbəblər üzündən elmin geri qalması, milli fəlsəfi fikrin buxovlanması dilin inkişaf ahəngini pozur və “artıq ahəngi pozulmuş dil özü də elmi-fəlsəfi fikrin inkişafına mane olan amillərdən birinə çevrilir. Dilin məhdudluğu təfəkkürə də çəpər çəkməyə başlayır”. Deməli, təfəkkürün yeni orijinal ideyalarla zənginləşməsi azdır, bunu ifadə edə biləcək, hətta ona daha da dərinə getməyə imkan verən dil olmalıdır. Bu prosesin qoruyucusu, bələdçisi isə ilk növbədə milli ruhu fəlsəfi zirvəyə qalxmış şəxslərdir. Məqalələrimin birində mən bu məsələyə toxunaraq belə nəticəyə gəlmişdim ki, bir millətin filosofu, Kamil İnsanı yoxdursa, deməli, mənəvi qazancı da yoxdur, deməli, xərclədiyi mayadandır, deməli, bir gün o xalq tükənəcək, batacaq! - Cəmiyyətdə ən çox eşitdiyimiz sözlərdən biri də, bizim millət kimi formalaşa bilməməyimizdir. Doğrudanmı, dəyişmək istəmirik və ya cəmiyyətimiz dəyişməyə hazır deyil? - Mən deyərdim, düşünmək istəmirik. Cəmiyyət dəyişməyə çox hazırdır, ancaq hansı istiqamətdə? Qərb alimi Hantinqtonun sivilizasiyalar (təməddünlər) barədə düşüncələrindəki “biz” və “qeyri-biz” qarşıdurması dünya ictimaiyyəti tərəfindən kifayət qədər mənimsənilib. Onu kiçik miqyasda (ölçüdə) – bir cəmiyyət nümunəsində götürəndə maraqlı bir oxşarlıqla ilə rastlaşırıq. Ölkələr, xalqlar, dinlər arasında gedən bu proses ayrı-ayrı cəmiyyətlərdə təzahür edir. “Mən” hər şeydən öndədir, yeganədir, qeyri-mən fərqlidir, yaddır, təhlükəlidir. Nəticədə, cəmiyyətdə bir tərəfdən “mən”lər arasında, digər tərəfdən də, “mən” və “qeyri mən”lər arasında anlaşılmazlıq artır, sərt münasibət yaranır, inkarçılıq zəncir kimi uzanır. Hər şeydən əvvəl, cəmiyyət bərabər tərəflərin dialoqu üzərində qurulmalıdır. Tədqiqatçılar müasir dövrü şərh edəndə ilk vurğulanan fakt informasiya bolluğu və xaos (hərc-mərc) olur. Bu baxımdan, kompüter texnologiyasının, informasiya ötürücülərinin artdığı və əsasən elektronlaşmış vasitələrin üstünlük qazandığı bir vaxtda dialoqdan daha çox, bir tərəfin qarşı tərəfi kəsilməz bir proses boyu informasiya ilə yükləməsindən söhbət gedə bilər. Düzdür, bu informasiya selinin axarına düşən bir şəxs guya bu dialoqa qoşulmuş olmur. Əslində isə, o, ən yaxşı halda, özü informasiya yükləyən və diqtə edən tərəfə, yaxud daha güclü bir informasiya selinin vasitəçisinə çevrilə bilir. Belə bir “ünsiyyət” şəraitində insanlar nəinki qarşıdakını dinləməyə imkan tapa bilir, heç öz şəxsiyyətinə, özünüdərkə də vaxt ayıra bilmir. İnsan ancaq informasiya alıb-ötürür və nə onları, nə də özünü dərk edə bilir! İnformasiyanın qabağına salıb qovduğu insan dayanıb ətrafına baxıb düşünsə, görər ki, cəmiyyət var, dəyərlər var, mənəviyyat var. Dərk edər ki, onu qovan, idarə edən “qüvvə” hansıdır. Əslində, bu bir nəfərin dayanması ilə düzəlmir. Böyük bir axının qabağında duruş gətirmək asan deyil, bunun üçün daha böyük qüvvə, ən əsası mətin ruh lazımdır. - Bəzən deyirik ki, Qərb Şərqdən çox şeyi öyrəndi. Amma, indi Qərb hansı səviyyədədir, Şərq isə... - Coğrafi mənada Şərq və Qərb arasında “fikir mübadiləsi” həm qədimdə, həm də orta əsrlərdə aparılmış və bu, filosofların özlərinin də etiraf etdikləri kimi, ideyanın bir məkandan digərinə keçməsi, transferi olmuşdur. Yeni dövrdən başlayaraq, yəni Şərq və Qərb təfəkkürlərinin qütbləşməsindən sonra “fikir mübadiləsinin” xarakteri (mahiyyəti) və məqsədi dəyişdi. Həqiqətən də, Qərb Şərqdən təməldə nə isə öyrənib, orta əsr Şərq filosoflarının ideyaları, alimlərinin ixtiraları Qərbin inkişafı üçün böyük təkan oldu. Lakin sonrakı inkişaf sırf Qərbin öz nailiyyətidir və bu yolu onlar özləri getdilər: elmin yeni nailiyyətləri, təhsilin təşkilatlanması, Qərbin hegemonluğunun təminatçısı oldu. Şərqin isə burada yalnız maddi resurs (imkanlar), ucuz işçi qüvvəsi kimi rolu oldu və hələ də davam edir. Qərb hansı səviyyədə, Şərq hansı səviyyədə məsələsi isə bir az incə münasibət tələb edir. Mən bu problemə “Milli dəyərlərin maya dəyəri” adlı məqaləmdə də toxunmuşdum. Son iki əsrdə Qərbdə ilk vurğulanmalı olan fakt insan fenomeninə, eyni zamanda, bütün cəmiyyətin həyatına təsir göstərən başlıca amil olan elm hakimiyyətinin öz qüdrətini itirməsidir. Əsl həqiqət və Yaradanın yanında, daha vacibi isə mənəviyyatdan uzaq olanda elmin bir heç olduğunu ilk olaraq təbii ki, alimlər özləri gördülər. Tarnas yazır: “XX əsrin üçüncü onilliyinin sonunda elmin irəli sürdüyü bütün əsas postulatlar (məntiqi qiyas) inkar olundular” və bütün bu ziddiyyətlərlə üzləşən, onlara heç bir izah tapa bilməyən, üstəlik özləri də çaşqınlıqda qalan Eynşteyn, Heyzenberq kimi alimlər belə etiraf etməli oldular ki, “sanki ayağımızın altından yer qaçır və ehtiyat etmədən ayağımızı basmağa möhkəm bir yer yoxdur”. Müəyyən mənada bu etiraflar və daha neçələri Qərb insanının tanrısının bir daha ölməsindən, güvəndiyi ən böyük dəstəyinin yıxılmasından xəbər verir. Şərqdə isə başqa bir ifrat vəziyyət formalaşıb. XX əsrdən bəri Şərqdə bir tərəfdən Qərb təsirləri böyüməkdə, digər tərəfdən isə milli dövlətlərin qurulmağına, yəni milli təfəkkürün inkişaf etdirilməsinə meyllər artmadadır. Maraqlıdır ki, Uzaq Şərqdə bu cərəyanların başında duranların kimliyini nəzərə alsaq, demək olar ki, bir sıra Şərq ölkələrində milli dövlətlərin qurulması da əslində Qərbin təsirinin nəticəsi olmuşdur. Bu gün də Şərqdə baş verən hər hansı dəyişiklik mütləq Qərbin vasitəli və ya vasitəsiz təsirinin nəticəsidir. Bəzən bu hadisələrin stimulu (təsir, əngizə) kimi Qərb əsatirindən qurtulmaq istəyi olsa da, bu həm də Qərbdən götürülmüş nümunənin həyata keçirilməsidir. Başqa sözlə desək, Şərq öz inkişafında bir neçə mərhələ geri qaldığı Qərblə ayaqlaşmağa çalışır və bu, şəxsiyyətin formalaşmasında müəyyən naqisliyə səbəb olur – Şərq təqlidçiyə çevrilir. Dəyişən forma olur, məzmun isə dəyişməz qalır. Bu da insanda yalançılıq, lovğalıq, var-dövlət hərisliyi kimi keyfiyyətlər formalaşdırır və cəmiyyət belə insanların toplusuna çevrilir. Deməli, Şərq də, Qərb də böhrandadır və bu böhrandan çıxmaq üçün bərabərhüquqlu dialoqa ehtiyac var. Səlahəddin Xəlilov yazır ki, “Qərb bu problemləri təkbaşına həll etmək iqtidarında deyil. Onun Şərq ruhuna ehtiyacı vardır. Lakin bu ruh çağdaş Şərqin görünən qatlarında görünməz olmuşdur. Şərqin dərin genetik qatlarında uyuyan böyük ruhani gücün qayıdışına nail olmaq çağdaş Şərqin imkanı xaricindədir. Buna nail olmaq üçün Qərbin köməkliyinə ehtiyac vardır». Bəli, Şərqin həm ideya, həm də mənəvi potensialı böyükdür, çünki xərclənməyib. Bunu Qərb bilir və istifadə edir. Və təəssüf ki, Şərq özünü də bir çox hallarda Qərbin interpretasiyasında tanımalı olur, təbii ki, Qərbə necə sərf edirsə. Bu potensialın kəşfi isə yuxarıda dediyim kimi, milli ruhun inkişafına bağlıdır. - Ən çox narahat olduğum əsas məsələlər içərisində gənclərimizin radikal dini cərəyanların təsir dairəsinə düşməsidir. Bəlkə, bizdə din düzgün təbliğ olunmadığı üçün bu problemləri yaşayırıq? - Ən vacib, xeyirli bir şey də düzgün istifadə olunmazsa, zərərli və təhlükəli ola bilər. Sadəcə, həmin şeyin əsl təyinatını düzgün bilib, düzgün öyrətmək lazımdır. Orta əsrlərdə kilsənin bayrağı altında necə qanlar axıdılıb, Volter, Nitsşe belə öz dinindən diksindiyini yazıblar. Bu gün xristianlıq sülh və barışıq dini kimi tanınır. İslamı isə əksinə, bütün yüksək prinsiplərini (ilkə, əsl) kölgəyə salıb terrorçu, radikal, mühafizəkar bir din kimi tanıtmağa cəhd edirlər. Çıxış yolu dini düzgün tanımaq, yəni onun məqsədini, mahiyyətini, vasitələrini dərk edib düzgün tətbiq etməkdir. Dinin verdiyi nədir, aldığı nə? Bütün bunlar dini maariflənmənin işidir. İnsanların yaradılışdan həm mənəvi, həm də maddi bir ehtiyacı var – Mütləq Həqiqətin varlığına inanmaq və onu axtarmaq. Din onun mənəvi tərəfini ödəyir, elm – fiziki. Bunlar insanın bir şəxsiyyət kimi formalaşmasının təməlidir. Biri o birini əvəz edə bilməz. Qərbdə də, Şərqdə bu əvəzetmə cəhdləri oldu, nəticədə bu gün hər ikisi böhran yaşayır. İslam dinində dönə-dönə deyilir: dininizi dərk edin, iman və ağıl bir-birinin arxası və gücüdür. Qurani kərim müsəlmana ağıllı, təmkinli, tədbirli, səbirli olmağı öyrədir. Əgər uşaq bıçağı götürüb özünü zədələyirsə, günah bıçaqdadırmı? Əgər biz dinimizin aliliyini, verdiyi mükəmməl prinsipləri dərk edə bilmiriksə və tanımadığımız bir şeydən vahiməylə danışırıqsa, günahkar dindirmi? Bəli, bu gün dini cərəyanlar, sektalar (icmalar) çoxalıb və dindən kənar o qədər məsələlər qaldırıblar ki, həqiqət yalanın içində görünməz olub. Və dünyanı bürümüş bu təhlükədən qorunmağın iki yolu var. Əvvəla, yuxarıda da dediyim kimi, özü düşünməyəni mütləq idarə edirlər. Məhz bunu nəzərdə tutaraq, Qurani Kərim düşünərək inanmağı öyrədir. Deməli, müstəqil düşünməyi öyrənməliyik. İkincisi, dinini tanıyan insan biləcək ki, İslam yeganə dindir ki, Allahla bəndəsi arasında heç bir vasitəçi yoxdur, bütün insanlar Yaradanın qarşısında bərabərdirlər və yeganə səcdə yeri yalnız Allahdır. Deməli, dinini düzgün dərk etməklə adamı insanlıqdan çıxaran, hər cür alçaqlığa, hərisliyə sövq edən qorxulardan da uzaq olarıq. Bunlar isə dini maariflənmə nəticəsində mümkündür. Lakin burada da bir incə məsələ var. Maariflənmə akademik səviyyədə olmalıdır ki, alternativ, şəxsi maraqlara xidmət edən naqis və məqsədli “maariflənmələr” insanlara, cəmiyyətə təhlükəli olmasın. Məlumdur ki, qadağan olunan şeylərə insanlar daha çox can atır və bu səbəbdən sektaların mahiyyətindən asılı olmayaraq tərəfdaşları artır. Bir yapon döyüş növü var – aykido. Hücum edənin enerjisini onun özünə yönəltməklə ona qalib gəlmək olur. Dini maariflənmə bir növ bu döyüş üsulu ilə həmin dini sektalara qalib gəlmək deməkdir. Söhbətləşdi: Elnur Eltürk Geri dön |