Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > ABŞ İrana Sanksiyaları Genişlendirir
ABŞ İrana Sanksiyaları Genişlendirir |
ABŞ İrana qarşı sanksiyalarla bağlı növbəti addımını atdı. Konqresin Nümayəndələr Palatası İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri İleana Ros-Leytine sənədin İranın energetika sektorunu və onlarla iş görən xarici şirkətləri hədəfə götürdüyünü bildirib. Qanun layihəsi İranla biznesi olan maliyyə institutlarına, gəmiçilik şirkətlərinə və sığortaçılara yeni və genişlənmiş sanksiyalar tətbiq etməyə imkan verir. Beləliklə, İrana tətbiq olunan sanksiyaların mümkün qədər sərtləşdirilməsi və tam şəkildə tətbiq olunması istiqamətində bir addım daha atılmış oldu.
Bu, İrana qarşı qəbul olunmuş ilk sanksiya olmadığı kimi, çox güman ki, sonuncu sanksiya da olmayacaq. İranın xarici siyasətinin ümumi mahiyyəti, nüvə proqramı, bu ölkədəki insan haqları məsələsi və təbii ki, İranın ABŞ və İsrail ilə yaşadığı ideoloji, hərbi və s. problemlər sanksiyaların getdikcə şiddətlənəcəyindən xəbər verir. Digər yandan, əgər son illərə qədər sanksiyalar sadəcə kiçik təzyiq vasitəsi xarakteri daşıyırdısa, son dövrlərdə onların mahiyyəti də ciddi dərəcədə dəyişmişdir. Sanksiyalar artıq İranda həyatın bütün sahələrini əhatə edir. İranın “can damarı” olan və Qərb ölkələrinin (eyni zamanda uzaq Asiya ölkələrinin) də ehtiyacları səbəbindən daim sanksiyalardan kənarda qalacağı ehtimal edilən enerji sektoru da 2012-ci ilin əvvəlindən ABŞ-ın hədəfindədir. Məhz ABŞ-ın sərt mövqeyinə görə xeyli sayda ölkə İrandan enerji idxalatını məhdudlaşdırmışdır. Avropa Birliyi üzvü olan ölkələr (Yunanıstan, İspaniya, İtaliya kimi ölkələr iqtisadi böhran təhlükəsi yaşadığı və İrandan ucuz və əlverişli ödəmə şərtləri ilə neft ala biləcəkləri halda) iyulun 1-dən İrandan neft idxalatını tamamən dayandırdılar. AB ilə yanaşı Kanada və Cənubi Koreya da İrandan neft idxalatını tam dayandırdı. Yaponiya, Türkiyə, Çin də daxil olmaqla 20-yə yaxın ölkə isə qismi neft embarqosu tətbiq etməyə başladı. İranın hələ mövzu Obama tərəfindən ilk dəfə gündəmə gətiriləndə ortaya atdığı Hörmüz boğazını bağlamaqla bağlı hədələri isə hələ ki, reallaşmayıb. Xatırladaq ki, AB 2012-ci ilin əvvəlində ABŞ-ın İrana neft sanksiyalarına qoşulmaqla bağlı qərar verəndə İran Hörmüz boğazı məsələsini daha qətiyyətlə iddia edirdi. Amma İran tərəfindən verilən açıqlamalar onunla nəticələndi ki, ABŞ, Britaniya və Fransa bölgəyə daha çox hərbi qüvvə cəlməşdirdilər. Ərəb ölkələri alternativ variantlar üstündə işləməyə başladılar. Körfəz ölkələrindən neft idxal edən ölkələr isə həm İranın addımlarına qarşı öz enerji təhlükəsizliklərini təmin etmək üçün hərbi hazırlıqlar görməyə, həm də enerji mənbələrini çeşidləndirmək üçün yollar axtarmağa başladılar. Beləliklə, İranın “Hörmüz blefi” əslində öz əleyhinə oldu. Bu səbəbdən də hakimiyyət parlament səviyyəsindəki bəzi nəticəsiz addımlardan daha irəliyə getməyə cəsarət etmədi. Əvəzində isə sanksiyalara qoşulanların sayı dayanmadan artdı. Avqustun 2-də isə siyahıya Cənubi Afrika Respublikası da əlavə olundu. Digər tərəfdən, sanksiyaların İran iqtisadiyyatına təsiri də əvvəlkilərlə müqayisə edilməyəcək dərəcədə şiddətli oldu. Təbii ki, əvvəlki illərdə qəbul edilmiş sanksiyalar da İranın müxtəlif qurumlarının, vəzifəli şəxslərinin və ümumilikdə ölkənin həyatında ciddi məhdudiyyətlər yaratmışdı. Amma 2012-ci ildə sanksiyaların İran üçün strateji önəmə sahib olan enerji və bank sektoru da daxil olmaqla həyatın demək olar bütün sahələrini əhatə etməsi İranda ciddi valyuta qıtlığı probleminə, İranın milli valyutasının ölməsinə, bəzi təməl qida maddələrinin qiymətinin həddindən artıq yüksəlməsinə və eyni zamanda qıtlığının yaranmasına səbəb oldu. İranın ixracatında və ümumiyyətlə İran iqtisadiyyatında neftin yeri nəzərə alındıqda bütün bunların baş verməsi təbii idi. Əvvəllər sanksiyaların İrana heç bir zərər verə bilməyəcəyini iddia edən İran rəsmiləri, bu dəfə bəzən xahiş, bəzən şikayət, bəzən də üsyan xarakterli açıqlamalar verdilər. Hətta nüvə danışıqlarının yenidən başlamasını səbəb kimi göstərərək sanksiyaların dayandırılmasını, ya da heç olmasa yumşaldılmasını tələb etdilər. Amma gedişat dəyişmədi. Sanksiyalar İranın neftini satmasına, başqa ölkələrlə müxtəlif istiqamətlər üzrə ticarətinə dərin zərbə vurdu. İran nə alqı-satqı əməliyyatı həyata keçirə, nə xarici ticarət predmetlərini daşıya, nə də onların ödənişlərini həyata keçirə bilir. İran sanksiyalardan, xüsusilə neftlə bağlı sanksiyalardan mümkün qədər yaxa qurtarmaq üçün hətta dövlət səviyyəsində “fırıldağa” da əl atmağa çalışdı. İran rəsmiləri xaricdə bəzi özəl şirkətlərin qurulacağını bu şirkətlərin İran neftini birbaşa almaqdan imtina edən dövlətlərə dolaylı yolla neft satacağını planlaşdırdılar. Amma İranın bu cür addımları ABŞ və müttəfiqlərinin daha sərt sanksiya qərarlarına səbəb oldu. ABŞ-ın iyulun və avqustun əvvəlində təsdiqlədiyi qərarlar da məhz bu məqsədə xidmət edir. Məsələn, iyulun əvvəlindəki sanksiya qərar 11 İran şirkətini və Tehranın nüvə proqramı ilə əlaqəli olan 4 fiziki şəxslə bərabər, dünyanın müxtəlif ölkələrində İranın əvvəllər tətbiq edilən sanksiyalardan qurtulmasına yardım göstərən 50 şirkəti də əhatə edirdi. Son sanksiya qərarı da İranın enerji və neft-kimya sektoruna tətbiq olunan mövcud sanksiyaları təsirsiz etmə cəhdlərinin qarşısını almaq məqsədi güdür. Yeni sanksiyalarda bəzi İran bankları üçün bilərək maliyyə köçürmələri həyata keçirən Çin və İraqdakı iki bank da hədəfə götürülüb. ABŞ Maliyyə Nazirliyi isə xarici ölkələrdə qurulan Petro Suisse Intertrade, Hong Kong Intertrade, Noor Energy və Petro Energy Intertrade şirkətlərinin də İrana tətbiq olunan neft sanksiyalarından qaçmaq üçün qurulan “fırıldaqçı” şirkətlər olduğunu elan edib. Ümimilikdə son sanksiyalarla ABŞ, İrana tətbiq olunan sanksiyaların zəiflədilməsi prosesində iştirak edən bütün bank, sığorta, gəmi və s. sirkətlərin mütləq hədəf olacaqlarını göstərmiş oldu. Qeyd edək ki, sanksiyaların sərtləşdirilməsi, eləcə də birbaşa bu ölkənin şirkətlərini hədəfə götürməsi Çinin (eyni zamanda Rusiyanın) tənqidlərinə səbəb olub. Hətta Çin ABŞ-ın son qərarının ikitərəfli münasibətlərə zərər verəcəyini belə iddia edib. Amma nəticə dəyişməyib. İranın nüvə proqramıyla bağlı “5+1” ölkələrinin tələbləri qarşılanmadan və İran ilə ABŞ arasındakı ideoloji qütbləşmə davam etdiyi müddətcə bunun dəyişməsi də gözlənilmir. Araz Aslanlı, Geri dön |