Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ədəbi dilimizin və dilçiliyimizin fədaisi - professor Yusif Seyidov
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Ədəbi dilimizin və dilçiliyimizin fədaisi - professor Yusif Seyidov

Ədəbi dilimizin və dilçiliyimizin fədaisi - professor Yusif Seyidov


Yusif Seyidovun 84 yaşında dünyadan köçməsi xəbərini eşidəndə günün günorta çağı idi.TQDK-nın növbəti (18.11.2013)seminarına getməyə hazırlaşırdım.İş otağımda elektron poçtumu yoxladım, əməkdaşlıq etdiyim saytlara ötəri nəzər saldım. Vaxtilə Azərbaycanın ilk vəyeganə universiteti olan ADU-da mənə yaxşı dərs deyən müəllimlərimdən birinin ölüm xəbəri ilə rastlaşdım.

...Yusuf müəllim dünyadan köçmüşdür. Son vaxtlar halının o qədər də yaxşı olmadığını bilirdim. Gecəli- gündüzlü yazırdı, yaradırdı. Ömrünün elə çağını yaşayırdı ki,daha çox işlər görməyə tələsirdi. O, hər bir mövzuya mütləq öz filoloji münasibətini bildirməyə meyilli idi.

Biz tələbələri ona həmişə Yusif müəllim demişik, dosent olanda da, professor olanda da. 40-45 ilin professoru olsa da, professor sözündən, deyəsən, xoşu gəlmirdi.

Oktyabın 21-də 15 cild kimi nəzərdə tutduğu Əsərlərinin XI cildini dekan müavininin oğlu ilə mənə hədiyyə göndərmişdi. Münasibətini 8 sözlə ifadə etmişdi: "Hörmətli Nazim müəllimə can sağlığı arzusu ilə müəllifdən".

Qol da çəkmişdi, amma tarix yazmamışdı. Kitabı aldığım tarixi müəllimimin sözlərinin altında yazdım.

Yusif müəllim onu tanıdığım vaxtdan bəri hələ də imzasını dəyişməmişdi. Yusif müəllimin imzası rus qrafikası ilə 7 hərf və bir nöqtədən ibarət idi.

Bu kitabın işıq üzü görməsinin səbəbkarı və cəfakeşi Yusif müəllimin ən yaxşı tələbələrindən biri AMEA-nın müxbir üzvü (indi akademik-N.N.), pofessor Nizami Cəfərovdur. XI cild Bakı Universitetinin nəşriyyatı tərəfindən 06.06.2013-cü ildə çapa hazırlanmışdır. Həcmi 532 səhifədir. Sayı 500-dür. (Təəssüf ki, yenə də kimlərinsə şəxsi kitabxanasında Yusif müəllimin bu kitabından olmayacaq).

XI cilddə əsasən dilçi alim kimi tanıdığımız Yusif Seyidovun tənqidçi-ədəbiyyatşünas kimi elmi bacarığını və elmi-bədii təfəkkürünü əks etdirən iki monoqrafiyası yerləşdirilmişdir.

314 səhifəlik birinci monoqrafiya oxuculara "Xalq yazıçısı Elçin " adı təqdim olunur. Cildin ikinci əsəri isə akademik İsa Həbibbəylinin yaradıcılığına həsr olunmuşdur.(səh.316-530).

Yusif Seyidov 2013-cü il fevralın 28 -də mənə Əsərlərinin X cildini göndərmişdi."Çaşıoğlu " nəşriyyatının ərsəyə gətirdiyi bu nəşr müəllifin VI-IX sinif dərsliklərinin toplusudur. Dərsliklərin toplu şəklində nəşri, məncə,kitab nəşri tariximizdə ilkin hadisədir.İki hissəli bu nəşrin birinci bölməsi VI-VII siniflərin, ikinci bölməsi isə VIII-IX siniflərə aid dəfələrlə nəşr olunmuş dərsliklərin materiallarıdır.Cəmi 100 nüsxə ilə buraxılan bu cild 19.04.2011-ci ildə çapa hazırlanmışdır.Nəşrin redaktoru professor Nizami Cəfərovdur. Annotasiyada dərsliklərin yeganə müəllifi olduğuna birbaşa işarə vardır:

"Çap olunmuş dərsliklərə metodist müəllimlər kimi Qənirə Əmiraslanovanın və Təhminə Əsədovanın adları da əlavə edilmişdir".

Annotasiyada əlavənin kim tərəfindən edildiyi göstərilməmişdir

Cildin "Yeni dövrün dil dərslikləri" adı ilə verilən "Ön söz"ünün müllifi AMEA-nın müxbir üzvü,əməkdar elm xadimi, professor Nizami Cəfərovdur.

Ön söz "Yeni dövrün dil dərslikləri" adı ilə kitabın çapından əvvəl ayrıca məqalə kimi də çap etdirmişdir.

Orta məktəb dərsliklərinin toplu şəkildə heç bir dəyişiklik edilmədən cildlərə salınması faktı göstətir ki,orta məktəb dərslikləri diqqətlə təhlil ediməli, dərsliklər şagirdlərin dünyagörüçü və düşüncə tərzinə uyğun olmalıdır.Elmi mübahisəli elmi məsələlər dərsliklərə yol tapmamalıdır.

Cildə dilçiliyin qrammatika bölməsinin materiallarının tədqiqi və bu tədqiqin təqdimatı nəzəri materiallar və çalışmalar vasitəsilə oxuculara çatdırılır. Burada əsas nitq hissələrinin münasibətini göstırən sxemin verilməsi maraqlı görünür (s.24). Mənsubiyyət şəkilçilərinə aid paradiqma cədvəli də müəllimlərin metodiki ustalığını yüksəltməyə xidmət edə bilər (45).

Y.Seyidov mətn anlayışını morfologiya bölməsində izah etməyə çalışmış, bədii, elmi və rəsmi-əməli üslublardan ümumi şəkildə söz açmışdır.

Y.Seyidov da bir çox həmkarları kimi "qəsdən" sözünü səbəb zərfi hesab edir, lakin onu zərflərin məna qruplarında göstərmir.

Yusif müəllimin tədqiqatçı tələbələri bu məsələdə öz sözlərini deməli, zərfin problemli məsələlərinə aydınlıq gətirilməlidir.

Yusif müəllim zərfin mənasındakı nisbilikdən danışanda öz fikrini maraqlı mülahizələr sübut edir , zaman zərfləri ilə zaman bildirən isimlərin sərhəddini aydın göstərir:

"Zaman zərfləri konkret bir zamanın, dövrün adını bildirmir. Məsələn,DÜNƏN konkret bir vaxtı bildirmir,danışdığımız gündən əvvəlki gün deməkdir.Danışdığımız vaxtdan sonrakı gün sabahdır. İsimlər isə müəyyən bir zamanı bildirir (söhbət zaman anlayışı bildirən isimlərdən gedir-N.N.).Məsələn,fəsillərin adları (yaz,yay,payız,qış), ayların adları (yanvar,fevral), sutkanın hissələrinin adları(gecə, gündüz), günün hissələrinin adları (səhər,günorta,axşam) və s.

Biz hər əvvəlki günə dünən deyə bilərik,dünən bu günə nisbətdə zaman bildirir.Həftənin,ayın,ilin hər bir günü dünən və ya sabahola bilər.Ancaq biz qış əvəzinə yay,səhər əvəzinə axşam işlədə bilmərik"( səh.198-199).

Yusif müəllim nədən yazmasına baxmayaraq,biz həmişə onu sintaksisin ən fəal, ən işgüzar tədqiqatçısı kimi xatırlayacayıq. Yusif Seyidovdan əvvəl də söz birləşmələri tədqiqat obyekti olub, bundan sonra da olacaq.Amma söz birləşnmələrinin tədqiqində Y.Seyidov birincilərin cərgəsində olacaq. O yazırdı:

"Söz birləşməsi iki sözdən ibarətdirsə, onların hər biri müstəqil mənalı söz olmalıdır.Əgər onlardan biri köməkçi nitq hissəsinə aid sözdürsə, belələri söz birləşməsi hesab olunmur".

Yeri gəlmişkən qeyd edək ki,Y.Seyidov dilçilik məktəbinin yetirmələri onun axıra çatdıra bilmədiyi işləri ləyaqətlə davam etdirməlidirlər. Bu ocaq sönməməli, daha da gur yanmalıdır.

Bizə elə gəlir ki,biz birinci tərəfi buraxılmış təyini söz birləşmələrinə ciddi münasibət bildirməıliyik. ( ... bəzisi, .... kimisi, birisi , ...nənəsi tipli sözlər birinci tərəfi buraxılmış söz birləşmələri kimi izah oluna bilər. Bunları ONLARIN BƏZİSİ, BUNLARDAN KİMİSİ, ƏHMƏDİN NƏNƏSİ kimi başa düşmək o qədər də çətin deyil. Əlbəttə, kimsə bunu məntiqlə dilçiliyin qarşılaşdırılması, bərabərləşdirilməsi kimi başa düşə bilər. O ki qaldı bu tipli sözlərin istifadə olunduğu cümlə üzvlərinə, onları quruluşca sadə üzv kimi izah etmək elmi və metodiki cəhətdən daha önəmli görünür.

Y.Seyidov -kosmosa yol, əlində kitab, dağlardan uca, əsgərlərdən biri, durna gözlü formalı söz birləşmələrini Əsərlərinin X cildində də, dərsliklərində də qeyri-təyini söz birləşməsi kimi izah edir.Məsələnin belə təqdimatı elmi mübahisələri kəsir, dilin tədrisində ortaya çıxarılan süni problemləri aradan qaldırır.

Bu gün dilçiliyimizdə ən mübahisəli məsələlərdən biri sintaktik əlaqələr məsələsidir. Tabesizlik əlaqəsinin təqdimində problem, demək olar ki, yoxdur.Əsas çaşqınlıq yaradan məsələ idarə əlaqəsi ilə bağlıdır.

Y.Seyidov idarə əlaqəsini belə izah edir: "Əsas sözün tələbi ilə sözün ismin adlıq halından çıxıb başqa hala düşməsinə idarə əlaqəsi deyilir"( X cild,səh.314).Deməli, idarə əlaqəsində hal şəkilçisi görünməyə də bilər.Başqa sözlə, qeyri-müəyyən yiyəlik halda olan söz də, təsirlik halda olan söz də idarə olunan sözdur. Məsələn," Tar məktəbinin ən yaxşı nümayəndəsi odur"; "Əhməd tar şalır" cümlələrindəki tar sözü birinci cümlədə qeyri-müəyyən yiyəlik halda,"tar çalır"dakı tar-qeyri-müəyyən təsirlik haldadır,"məktəbinin" sözü müəyyən yiyəlik halda isimdir. Bu sözlər adlıq haldan çıxıbsa, deməli,idarə olunmuşlar.

Mən professor Yusif Seyidovla bir sıra qurumlarda fəaliyyət göstərmişəm; Yusif müəllim Azərbaycan Resrublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının sədr müavini (sədr professor N.Cəfərovdur) idi.Mə isə hələ -10 ildən artıqdır ki,bu qurumun üzvüyəm.(Deyilənə görə ən fəal üzvüyəm,son bir ildə bu EMŞ-nın adı ilə maarifçilik məsələləri ilə ilgili ölkədə və xaricdə 100-dən artıq elmi, elmi- metodiki məqalələrlə çıxış etmişəm).

Y.Seyidovla birlikdə bir müddət TQDK-nın Azərbaycan dili fənni üzrə (rus bölməsi) ekspert şurasında da işləmişəm.Yusif müəllim Azərbaycan Respublikasınn təlim rus dilində olan ali məktəb tələbələri üçün "Azərbaycan dili" dərsliyinin də müəllifidir. Bu dərslik təkmilləşditilərək bir neçə dəfə nəşr olunmuşdur. Mən bu dərslikdən Azərbaycan KP Nərimanov RK -da işləyəndə də, orta və orta ixtisas məktəblərində işləyəndə də istifadə etmişəm.Y.Seyidovun şeir yazıb-yazmadığnı bilmirəm, ancaq bu, çox maraqlı faktdır ki, o, mövzulara aid dil materiallarının seçimində poeziya nümunələrinə və dramatik əsərlərdən seçilmiş dil faktlarına meyilli dilçilərdən idi.

Y.Seyidovun Əsərlərinin 10-cu cildinə onun özünün və metodist müəllimlərdən Qənirə Əmiraslanova və Təhminə Əsədovanın ümumtəhsil orta məktəblərinin VI-IX sinifləri üçün hazırladıqları "Azərbaycan dili " dərsliklərinin bütün materialları daxildir.Başqa sözlə,bu 4 sinif üçün (VI,VII,VIII,IX siniflər) hazırlanmış dərsliklərin toplusudur.

Qənirə Əmiraslanova və Təhminə Əsədova bu dərsliklərə metodist-müəllim kimi əlavə olunduğuna görə Yusif Seyidov əsas müəllif kimi tanınır.

X cildin ən maraqlı cəhətlərindən biri də budur ki, elmi mübahisələrə aydınlıq gətirmək üçün cildə "Çaşıoğlu "nəşriyatı tərəfindən Y.Seyidovun həmişə elminə və elmi sadiqliyinə inandığı filologiya elmləri doktoru, Hüseyn Əsgərovun "Yeni Azərbaycan" qəzetinin 05.03.2005-ci il tarixli nömrəsində dərc olunmuş iri həcmli məqaləsi də əlavə edilmişdir. (səh.256-271). Bu yazının elmi əsərlərə daxil edilməsi , çox güman ki,məqsədəuyğun şəkildə düşünülmüşdür: nəşriyyat dərslik siyasətində elmi polemikaya hazır olduğunu nümayiş etdirmişdir.

Yusif Seyidov bir neçə ildir ki,dünyasını dəyişmişdir.Lakin onun dərslikləri və elmi əsərləri bu gün də elmi içtimaiyyətin inamla və arxayınlıqla istifadə etdiyi ensiklopedik mənbələrin cərgəsindədir.



Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,türkoloq

20.04.2019.

***
Ədəbiyyat siyahısı

1.Yusif Seyidov.Azərbaycan ədəbi dilində söz birləşmələri. Bakı: Maarif, 1966, 340 səh.

2.Yusif Seyidov.Azərbaycan ədəbi dilində söz birləşmələri. Bakı: Maarif, 1966, 340 səh.

3. Yusif Seyidov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Maarif, 1972, 476 səh. (şərikli).

4.Yusif Seyidov.Yazıçı və dil (XIX-XX əsrlər). Bakı: Yazıçı, 1979, 288 səh.

5. Yusif Seyidov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Maarif, 1985, 467 səh.
6. Yusif Seyidov.Azərbaycan dili. Bakı: Maarif, 1987, 288 səh.
7. Yusif Seyidov. dilinin qrammatikası, Morfologiya, Bakı Universiteti nəşriyyatı, 2002, 370 səh.
8.Yusi Seyidov.Azərbaycan dilinin qrammatikas.Morfəlogiya.Bakı Universiteti nəşriyyatı,2002.ci ll, 369 səh.
9.Yusif Seyidov..Əsərləri.15 cilddə.XI cild."Bakı."Bakı Universiteti" nəşriyyatı,2013. 532 cəh.

10.Nazim Nəsrəddinov.Yusif. Seyidov-dilimizin və dilçiliyimizin fədaisi Olaylar.az.21.11.2013.

11.Nazim Nəsrəddinov. Yusif Seyidov - sintaksisimizin ən birinci söz birləşməsi Strategiya az 21.11.2013 az.strategiya.az/old/index.php?m=xeber&id=26065

Geri dön