Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Görkəmli alim İshaq Axundzadənin “Qəlbim hər zaman Lənkərandadır” adlı kitabı çap olunub.
Görkəmli alim İshaq Axundzadənin “Qəlbim hər zaman Lənkərandadır” adlı kitabı çap olunub. |
“Aspoliqraf” mətbəəsində işıq üzü görən kitabın tərtibçisi və nəşrə hazırlayanı AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Tufan Axundov, redaktoru isə Humay Axundzadədir.
Müəllifin kitabında İshaq Səbi oğlu Axundzadənin həyat xatirələri və şeirləri, onun Lənkəran şəhəri, əhalisi, adət-ənənələri, məişət və mərasimləri, folkloru haqqında verdiyi məlumatlardan bəhs olunur. Ömrünün yetmiş altıncı ilində dönüb həyatına nəzər salan İshaq Axundzadə xatırladığı hadisələri xəyalında yenidən yaşayaraq təsvir edir, xronolojiləşdirir və bir-birilə əlaqəli mövzular şəklində oxuculara təqdim edir. Həyatında ən vacib və əhəmiyyətli hesab etdiklərini yazıb, gələcək nəsillərə ötürür. Xatirələr müfəssəlliyi və dolğunluğu, qeyd olunan tarixlərin dəqiqliyi ilədiqqəti cəlb edir. Detalları xatırlamaq və onları cəlbedici şəkildə yazmaq bacarığı təqdim olunan kitabın oxucularına bir növ müəlliflə birgə onun həyat yolunu keçmək imkanı verir. Şəxsi həyatı ilə kifayətlənməyən İshaq Axundzadə çox sevdiyi Lənkəranın ayrı-ayrı nəsilləri, ailələri və şəxsləri, Lənkəranın tarixi tikililəri və təbii sərvətləri, görüb-eşitdiyi adət-ənənələri və zəngin mətbəxi haqqında uzun illər ərzində topladığı məlumatları qələmə alır. Diqqətli oxucu kitabın müəllifinin həyat hadisələrinin arxasında ötən əsri lərzəyə gətirən irimiqyaslı tarixi proseslərin əks-sədasını, onların doğurduğu sosial-siyasi və iqtisadi nəticələri görə biləcək. Onun həyat yolu boyunca dövlət quruluşu bir neçə dəfə dəyişmiş, iki cahan müharibəsi baş vermiş, müstəqil Cümhuriyyətimiz yaranıb süqut etmiş və nəhayət, SSRİ-nin dağılması və Azərbaycanın Dövlət müstəqilliyinin bərpası baş vermişdir. Kitab çoxşaxəli və çoxlaylıdır. Müəllifin yazıb miras qoyduğu zəngin material nəinki geniş oxucu kütləsi, həm də müxtəlif elm sahələrindən olan mütəxəssislər üçün maraq doğuracaq. Diyarşünaslar Lənkəranın tarixi, təbiəti, əhalisi, məişəti, bu ərazidəyaşamış müxtəlif insanların həyat yolu haqqında dəyərli məlumatlar əldə edəcəklər. Bundan əlavə, Azərbaycanın, Qafqazın və Türkmənistanın müxtəlif bölgələrində çoxlarına məlum olmayan faktlarla bağlı şəxsi müşahidələr, gözlənilməz yeniliklərlə tanış olmağa imkan verir. Ən yeni tarixi öyrənən alimlər mühüm tarixi hadisələrin görünməyən tərəfləri, o zamankı Lənkəranı və Azərbaycanı lərzəyə gətirən, minlərlə insan taleyinə təsir edən proseslər haqqında biliklər əldə edə bilərlər. İshaq Axundzadə zəngin həyat yolunu qələmə alarkən yalnız özü haqqında deyil, həm də rastlaşdığı, hafizəsində iz salmış şəxslər və müxtəlif xalqlar haqqında da bildiklərini təqdim edir. Ədəbiyyatşünaslar və dilçilər kitabda verilən ləqəblər, həm Azərbaycan, həm də talış dilində olan atalar sözləri, zərb məsəllərdən, habelə, müəllifin şeirlərindən bəhrələnə bilərlər. İshaq Axundzadənin xatirələri sosial tədqiqatçılar (sosioloqlar, sosial psixoloq və antropoloqlar) üçün də dəyərli mənbədir. Burada şəxsiyyətin təlatümlü tarixi hadisələr fonunda sosiallaşması, mürəkkəb həyat şəraitində insanın davranış strategiyası, şəxsiyyətlərarası münasibətlərin tabe olduğu yazılmamış qanunlar, ailədaxili nəsillərarası münasibətlərin görünməyən tərəfləri və bioqrafik refleksiyanın cins-yaş aspektləri haqqında zəngin məlumatlar vardır. İshaq Axundzadə kitabın bəzi hissələrini dövrünün tələbiətinə uyğun müəyyən ixtisarlarla özünün 1982-ci ildə nəşr etdirdiyi “Xəyalımda yaşayan Lənkəran” və 1992-ci ildə nəşrdən çıxan “Azərbaycan incisi” kitablarında oxuculara təqdim etmişdi. Lakin İshaq Axundzadə 15 oktyabr 1992-ci ildə dünyasını dəyişdiyindən əlyazma şəklində topladıqlarının çox hissəsini çapa təqdim edə bilməmişdi. Nəhayət 28 ildən sonra kitab tam şəkildə oxuculara təqdim edilir. Kitabın ərsəyə gəlməsində əməyi olan şəxslərdən talış dilində olan atalar sözləri və zərb - məsəllərin redaktəsini pedaqoq və şair Xanəli Ağayev və AMEA-nın aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərov həyata keçirib. Kitabda istifadə edilən illüstrativ materiallar İshaq Axundzadənin şəxsi arxivinə məxsusdur. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi Geri dön |