Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İnsan orqanizminə daxil olan zərərli maddələrin 80 faizi plastik materialların payına düşür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > İnsan orqanizminə daxil olan zərərli maddələrin 80 faizi plastik materialların payına düşür

İnsan orqanizminə daxil olan zərərli maddələrin 80 faizi plastik materialların payına düşür


İstifadəsinin asanlığı, ucuz əldə etməyimiz səbəbindən polietilen paketlər, plastik butulkalar, qida konteynerləri, uşaqların sevdiyi su borucuqları gündəlik həyatımızda mühüm yer tutan məişət məhsullarıdır. Birdəfəlik istifadə üçün nəzərdə tutulan bu məhsullar tullandıqda belə bizdən çox da uzaqlaşmırlar. Belə ki, həmin məhsullar bizi əhatə edən ətraf mühitdə təbiət dövranına daxil olurlar. Plastik tullantılar havanı, suyu, torpağı çirkləndirir.

Bu barədə Mərkəzi Neftçilər Xəstəxanasının həkim-terapevti Billurə Həsənova məlumat verib.

O deyib: “İnsan orqanizminə daxil olan zərərli maddələrin 80 faizi plastik materialların payına düşür. Belə ki, plastik materialların tərkibinə daxil olan bisfenol-A maddəsi çox zərərlidir və konsorogen təsirə malikdir. Bisfenol-A suda həll olmayan maddədir. Lakin su uzun müddət plastik qabda saxlanıldıqda bisfenol-A suya diffuz edə bilir. Bu maddə qadınlarda süd vəzi, kişilərdə prostat vəzi xərçənginə səbəb olur”.

Onun sözlərinə görə, plastik tullantıların yandırılması zamanı atmosferə külli miqdarda zəhərli maddələr daxil olur. Həmin maddələr arasında karbon-dioksidi xüsusi qeyd etmək lazımdır. Plastik qablaşdırıcıların tərkibində allergik maddələrin olması allergiyadan əziyyət çəkənlərdə xəstəliyin kəskinləşməsinə təkan verir və xüsusilə astmalı xəstələrə mənfi təsir edir.

Billurə Həsənova bildirib ki, göllərdə, dənizlərdə, axar sularda da plastik tullantılara rast gəlmək mümkündür. Xırda platondan tutmuş balinalaradək suda yaşayan canlıların plastik tullantı yemələri qeydə alınıb. Plastik tullantılar su hövzələrində olarkən yem xarakteri daşıyan xüsusi maddə ifraz edir. Dimetil sulfid adlanan həmin kimyəvi maddənin spesifik qoxusu var və su canlılarını, quşları özünə cəlb edir, onunla qidalanan canlılar məhv olurlar. Beləliklə sevərək yediyimiz balıqlarda belə plastik mövcuddur. Buna görə də hər kəs təbiətin qorunmasında pay sahibi olmalıdır. Bunun üçün ailələrdə ekoloji tərbiyənin verilməsi çox əhəmiyyətlidir. Azyaşlılara əllərindəki plastik qabları onlar üçün ayrılmış xüsusi konteynerlərə atılmasını başa salmalıyıq.

“Bundan başqa, hər birimiz plastik məhsulların alternativlərindən, məsələn, şüşə qablardan, polietilen torbaların əvəzləyicisi kimi isə parça və ya kağız torbalardan istifadəyə üstünlük verməliyik. Qida məhsulları və sular şüşə qablarda saxlanılmalıdır. Plastik qabların Günəş şüalarının təsirindən isinməsi, dəfələrlə qızdırılması, istifadəsi belə çox təhlükəlidir. Polietilen üzərindəki bakteriyalar çoxluğu səbəbindən torbalardakı ərzaqlar tez xarab olur. Kip bağlanmış şəffaf torbalarda kondensant yarandığı üçün müxtəlif göbələklərin inkişafına əlverişli mühit yaranır. Polietilen məhsullar dondurulduqda isə onlardan insan üçün zərərli toksinlər ayrılır", - deyə mütəxəssis bildirib.

Billurə Həsənova insanları sağlamlığına qarşı diqqətli olmağa çağırıb. O, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ olduğunu və digər bir şəxsin onu bu hüquqdan məhrum etmək haqqı olmadığını qeyd edib.

Geri dön