Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > “Türk dünyasında milli mücadilə və ədəbiyyat” mövzusunda simpozium keçirilib
“Türk dünyasında milli mücadilə və ədəbiyyat” mövzusunda simpozium keçirilib |
İyunun 13-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Bakı Yunus Əmrə İnstitutu, Türk Dil Qurumu və Qafqaz Universitetləri Birliyinin (KÜNİB) birgə təşkilatçılığı ilə “Türk dünyasında milli mücadilə və ədəbiyyat” mövzusunda simpozium keçirilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq simpoziumun Türkiyənin istiqlaliyyət mübarizəsinə başlamasının 100-cü ildönümünə həsr olunduğunu bildirib. Qeyd edib ki, 1919-cu il may ayının 19-da Mustafa Kamal Atatürkün öndərliyində Türkiyə müttəfiq dövlətlərə qarşı mübarizəyə başlayıb, nəticədə ölkənin itirilmiş əraziləri işğaldan azad olunub, Cümhuriyyət tipli müstəqil dövlət qurulub. Akademik həmin ərəfələrdə ölkəmizdə də müstəqillik uğrunda mübarizənin getdiyini, bir çox əngəllərə baxmayaraq Şərqdə ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını söyləyib. Hər iki xalqın ortaq tarixə malik olduğunu deyən İ.Həbibbəyli bildirib ki, XX əsrin əvvəllərində Azərbaycan və Türkiyənin apardığı milli mübarizəyə əngəl törətməyə çalışan böyük dövlətlər öz əməllərini gerçəkləşdirmək üçün ermənilərdən istifadə etsələr də, heç bir şeyə nail ola bilməyiblər. Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluq münasibətlərinə toxunan akademik hazırda iki ölkənin iqtisadi, siyasi, elmi, mədəni və digər sahələrdə əlaqələrinin artan templə inkişaf etdiyini, bu günlərdə Naxçıvanda birgə hərbi təlimlər keçirildiyini diqqətə çatdırıb. Bundan əlavə, iki dövlətin münasibətlərinin dünyanın digər xalqları üçün bir model olduğunu, eləcə də regionda sülhün qorunmasında mühüm rol oynadığını vurğulayıb. Sonra KÜNİB-in rəhbəri Ramazan Korkmaza Azərbaycan-Türkiyə ədəbi və elmi əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Ədəbiyyat İnstitutunun “İlin alimi” mükafatı təqdim olunub. Simpoziumda, həmçinin TİKA-nın Bakı proqram koordinatoru Teoman Tiryaki, Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, Türk Dil Qurumu rəhbərinin köməkçisi Feyzi Ersoy və KÜNİB-in rəhbəri Ramazan Korkmaz çıxış edərək iki ölkənin ortaq mədəniyyətindən, elmi, ədəbi əlaqələrindən, eləcə də birgə fəaliyyətin önəmindən danışıblar. Sonra Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədov “Azərbaycan poeziyasında milli istiqlal mücadiləsi” mövzusunda məruzə ilə çıxış edib. O, milli istiqlal mübarizəsinin həm Azərbaycan, həm də Türkiyə ədəbiyyatında geniş əks olunduğunu söyləyib. Bildirib ki, həmin dövrdəki gənc şairlərdən Məhməd Əmin Yurdaqul, Əhməd Cavad, Cəfər Cabbarlı, Abdulla Şaiq Qafqaz İslam Ordusuna həsr etdikləri şeirlərlə milli ruhun inkişafına dəstək veriblər. Daha sonra simpozium bölmə iclasları ilə öz işini davam etdirib. İclaslarda “Azərbaycan ədəbiyyatında və ədəbi tənqidində Atatürk”, “Ömər Faiq Nemanzadənin türkçülük ideologiyası”, “Milli mübarizə yolunda Əli bəy Hüseynzadə”, “Cavid əfəndinin ortaq türk dili uğrunda mübarizəsi” və digər mövzularda məruzələr dinlənilib. Geri dön |