Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda tapılmış Məhsuldarlıq tanrıçasının heykəlciyi barədə elmi məqalə Rusiya elmi nəşrində
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Azərbaycanda tapılmış Məhsuldarlıq tanrıçasının heykəlciyi barədə elmi məqalə Rusiya elmi nəşrində

Azərbaycanda tapılmış Məhsuldarlıq tanrıçasının heykəlciyi barədə elmi məqalə Rusiya elmi nəşrində


2019-cu il 19-21 mart tarixlərində Moskvada keçirilmiş Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun “Arxeoloji tədqiqatın yeni materialı və vasitələri. Mənbənin tənqidindən məlumatların ümumiləşdirilməsi və şərhinədək” mövzusunda Gənc alimlərin V Beynəlxalq elmi konfransının dərc edilmiş materiallarında azərbaycanlı arxeoloqların məqaləsi xüsusi marağa səbəb olmuşdur. Məqalə Azərbaycanda tapılmış xristianlığa qədərki antik Qafqaz Albaniyası dövrünə aid terrakot Məhsuldarlıq tanrıçasının (ilahəsinin) heykəlciyinə həsr edilib.

2018-ci ilin fevral ayında Yevlax rayonunun Səmədabad kəndi yaxınlığında Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə aparılan tikinti işləri zamanı küp qəbir aşkar edilmişdi. Tapıntının tədqiqinə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tarix üzrə fəlsəfə doktorları, arxeoloqlar Dmitri Kiriçenko, Anar Ağalarzadə və Seymur Fərmanlı cəlb edildilər.

Məqalənin müəllifləri Dmitri Kiriçenko və Anar Ağalarzadənin fikrinə görə, küp qəbir e.ə. III-I əsrlər arasında xristianlığa qədərki antik dövr Qafqaz Albaniyası əhalisinə məxsus idi. Küp qəbir dəfnində insan skeletinin fraqmentləri ilə yanaşı, qurbanlıq heyvan qalıqları, 28 keramik məmulat, 3 tunc qolbaq, şüşə muncuqlar aşkar edilmişdi. Dəfn dəstinə daxil qabların 8-ində heyvan sümüklərinin aşkar edilməsi, qədim əhalinin dünyagörüşü ilə bağlı olaraq mərhumu “o dünyaya” azuqə ilə müşayətini ehtiva edirdi.

Tapıntılar içində xüsusi olaraq terrakot qadın heykəlciyini qeyd etmək lazımdır. Onun hündürlüyü 17 sm, qalınlığı 2,2 sm idi. Heykəlcik diskşəkilli altlıq üzərindədir.

Azərbaycan arxeoloqlarının bildirdiyinə görə, ilk dəfə analoji heykəlciklər 1946-1953-cü illərdə Mingəçevirdə aparılan arxeoloji qazıntılarda aşkar edilib. Rusca dərc edilmiş məqalədə qeyd edilir ki, sonrakı illərdə oxşar heykəlciklər İsmayıllı, Qəbələ, Şamaxı, Göyçay, Qusar, həmçinin, Qafqaz Albaniyasının etno-mədəni sərhədlərinə daxil olan müasir Ermənistanda və müasir Gürcüstanın bəzi bölgələrində, həmçinin müasir Rusiya Federasiyasının Dağıstan Respublikasının cənubunda, Dərbənddə aparılan arxeoloji qazıntılar zamanı həmdövr abidələrdən aşkar edilmişdi. Səmədabad kəndi yaxınlığında aşkar edilmiş heykəlciyin analoji tapıntılardan əsas fərqi, məhz onun altlıq üzərində olmasıdır.

Arxeoloqların ümumi rəyinə görə, heykəlcik, xristianlığa qədərki antik Qafqaz Albaniyasında geniş yayılmış dini təsəvvürlərdəki sevginin və məhsuldarlığın təcəssümü olan Ana tanrıçasını (ilahəsini) simvolizə edirdi.



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi

Geri dön