Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mərkəzi Elmi Kitabxanada informasiya qurumları üçün ustad dərsi keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Mərkəzi Elmi Kitabxanada informasiya qurumları üçün ustad dərsi keçirilib

Mərkəzi Elmi Kitabxanada informasiya qurumları üçün ustad dərsi keçirilib


AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəvəti ilə kitabxanalar, arxivlər və muzey əməkdaşları üçün UNESCO kafedrasının “Günəşə doğru” beynəlxalq İşçi qrupunun üzvü, Eksperimental Arxeologiyanın İnkişafı üzrə Avropa Birliyi (EXAR) və Ümumdünya İrs Şəbəkəsi Birliyinin üzvü, Qazaxıstanın Pavlodar Marqulan Mərkəzinin UMAY beynəlxalq elmi araşdırma laboratoriyasının rəhbəri, Azərbaycan ərazilərinin milli maraq və elmi prinsiplərə əsaslanan tədqiqatçısı kimi tanınan tarixçi, etnoqraf, arxeoloq, rəssam-bərpaçı Tatyana Krupa bir neçə mövzuda ustad dərsi, mühazirə və seminar keçib.

Tədbiri giriş sözü ilə açan MEK direktoru Leyla İmanova rəhbərlik etdiyi müəssisənin son dövrdə kitabxana-informasiya sahəsində beynəlxalq təcrübə meydançasına çevrilməsi, akademik qurumlara kitabxana, sərbəst ensiklopedik resurslar, informasiya texnologiyaları üzrə müxtəlif formatlı təlimlərin təqdim edilməsi barədə məlumat verib.

“Qəzetlərin rəqəmsallaşmadan öncə konservasiyası – əgər bərpa emalatxanası yoxdursa” adlı təqdimatında T.Krupa dövri mətbuat materialları, sənədləri və köhnəlmiş qəzetlərin rəqəmsallaşdırılmadan əvvəl sənədləşdirilməsi, fiziki-kimyəvi vəziyyətinin yoxlanması, bərpa üçün hazırlanması, dezinfeksiyası, profilaktikası qaydaları və normaları, eləcə də rəqəmsallaşma prosesi zamanı ortaya çıxan problemlər və bu prosesin təkmilləşdirilməsi məqsədilə tətbiq olunan beynəlxalq standartlar və şəxsi təcrübəsi haqqında məlumat verib. Tədqiqatçı bu sahədə tətbiq edilən müasir texnologiyaların olmasına baxmayaraq, görülən işin daha effektiv nəticə verməsi üçün insan amilinin və əl həssaslığının önəmindən bəhs edib. Alim həmçinin zamanın təsirinə məruz qalmış qəzetlərin bərpası prosesini praktiki olaraq nümayiş etdirib.

Sonra “Arxeoloji tekstilin təmizlənməsi və plastifikasiyası” mövzusunda təqdimat keçirilib. Təqdimatda arxeoloji qazıntılar zamanı tapılan toxuculuq məmulatlarının təmizlənməsi və konservasiyası, liflərinin identifikasiyası və mikroskopik analizinin aparılmasına dair bu sahənin mütəxəssislərinin təcrübəsindən bəhs edilib. Arxeloji məmulatların hava, rütubət və digər kənar təsirlərdən mühafizəsi məqsədilə plastifikasiyası metodlarından danışılıb.

Daha sonra T.Krupa “V.N.Karazin adına Xarkov Milli Universitetinin Mərkəzi Elmi Kitabxanasının Fondu tərəfindən Osmanlı dəftərlərində mürəkkəbin araşdırılması” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Osmanlı dəftərlərinin informasiya daşıyıcısı olaraq tarixi əhəmiyyətindən danışıb. Osmanlı imperiyasının tərkibində olan ölkələrin sosial-iqtisadi tarixinin öyrənilməsi baxımından bu dəftərlərin mənbə kimi unikal xarakter daşıdığını vurğulayıb.

T.Krupa Osmanlı arxivlərində rəsmi sənədlərin uzunmüddətli qorunub saxlanılması üçün xüsusi tərkibdə mürəkkəbdən istifadə edildiyini bildirib. Qeyd edib ki, türk dəftərxanalarında sənədlərin mürəkkəbinin tədricən solması probleminin yaranmaması üçün Osmanlı hərbi məmurları yalnız yerli türk mürəkkəblərinin istifadə edilməsi üzrə göstəriş verib.

Məruzəçi universitet kitabxanasının Osmanlı dəftərlərində mürəkkəbin araşdırılması istiqamətində tədqiqatından söz açıb. Bildirib ki, Xarkov Milli Universitetində çalışdığı müddətdə dünya şərqşünaslıq elminə töhfə olaraq Osmanlı dəftərlərinin tədqiqinə dair mühüm nəticələr əldə edib.

T.Krupa Osmanlı dəftərlərinin xüsusi möhürlənmə qaydası, müxtəlif tarixi dövrlərə aid dəftərlərin mürəkkəbinin mikroskopik analizi və s. istiqamətdə ukraynalı mütəxəssislərlə birgə apardığı tədqiqatlardan bəhs edib. Alim eyni zamanda mürəkkəbin araşdırılması sahəsində tanınmış həmkarlarının tədqiqatlarındakı qeyri-dəqiq məqamlara da toxunub. Bu sahənin daha dərindən araşdırılmasının zəruriliyini vurğulayıb. Dəftərlərin əlyazma mətnlərinin tədqiqi, onların müxtəlif dillərə tərcüməsi və nəşrini dünya osmanistikası qarşısında duran mühüm vəzifələrdən biri kimi qiymətləndirib.

AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi

Geri dön