Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub


Ayrı-ayrı ölkələrdən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edir


Avqustun 1-də Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Qəbələ Mədəniyyət Mərkəzində keçirilən mərasimdə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Məktubda deyilir:

“Hörmətli festival iştirakçıları. Əziz dostlar.

Sizi – XI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarını səmimi qəlbdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə xoş arzularımı çatdırıram.

Mədəniyyət bütün dövrlərdə xalqlararası ünsiyyətin başlıca vasitəsi və sivilizasiyalar arasında qarşılıqlı əlaqələrin etibarlı körpüsü olub. Bu gün də müasir cəmiyyətin həyatında, dünyada gedən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dünya mədəniyyətlərinin qarşılıqlı münasibətləri mühüm əhəmiyyət kəsb edir. Bu amil nəzərə alınmadan beynəlxalq əlaqələrin, xalqlar arasında əməkdaşlığın səmərəliliyi hiss oluna bilməz.

Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib. Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, ölkəmiz mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərə - forum, konfrans və festivallara ev sahibliyi edir. Azərbaycanın başladığı və mədəniyyətlərarası dialoqun təşviqi üçün əsl qlobal platformaya çevrilmiş “Bakı Prosesi” çərçivəsində bu ilin aprel ayında biz V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdik. İyun ayında Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi. Sessiyanın keçirildiyi tarix bizim üçün əlamətdar hadisə ilə yadda qaldı – Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkidə yerləşən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi.

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Bu münasibətlə payız aylarında təşkil olunacaq Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına dünyanın bir çox ölkəsindən yüzlərlə iştirakçının qatılacağı gözlənilir. Bu tədbirlər Azərbaycanın təməl prinsiplərinin sülh və humanizm olduğunu bir daha sübut edərək, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrini bir araya toplayır. Bütün bunlar, sözsüz ki, xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələrdir və mən də UNESKO-nun Xoşməramlı səfiri kimi bu tədbirləri daim dəstəkləyirəm.

Nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalı da mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Ayrı-ayrı ölkələrdən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik və tədqiqatların mübadiləsinə, mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edir.

Festivalda iştirak edən hər kəsə cansağlığı, bütün yaradıcı insanlara tükənməz nailiyyətlər arzulayıram”.

Açılış mərasimində çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib: “Əsası ulu öndər Heydər Əliyevin adını daşıyan Fond tərəfindən qoyulan bu festival öz əhəmiyyətinə görə artıq dünyanın hər yerində tanınır. Bu festival ölkəmizlə bərabər inkişaf edir. İnkişaf edərək böyüyür, gözəlləşir, əhatə dairəsi genişlənir. Festival təkcə mədəni əlaqələrin deyil, eyni zamanda, insanlar arasında dostluğun, qardaşlığın, dövlətlər arasında yüksək mədəni əlaqələrin yaranmasında çox böyük əhəmiyyət daşıyır. İndi dünyanın ən uzaq ölkələrindən - Çindən, Amerikadan, İngiltərədən, Almaniyadan, Fransadan, Şərq ölkələrindən, Türkiyədən, İrandan bizim festivala qonaqlar gəlir. Bu festivalda dünyanın ən görkəmli sənət adamları iştirak edirlər. Onlar çox istedadlı insanlardır və hər kəs onları görmək, ifalarını dinləmək istəyir. Qəbələ festivalı ölkəmizin həyatında böyük uğurlar qazanan mədəni tədbirlərdən biridir. Biz böyük məmnuniyyətlə bu festivalın ideya rəhbəri, ilk yaranışından bu günə qədər də onun təşkilinə rəvac verən, indicə təbrikini eşitdiyimiz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, bu uğurlarımızın əsas müəllifi olan Mehriban Əliyevaya ürəkdən təşəkkür edirik”.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında builki festivalın, eyni zamanda, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı yubiley tədbirlərinin keçirildiyi bir dövrə təsadüf etdiyini vurğulayaraq, bu yubileyin Azərbaycanın mədəni həyatında çox böyük hadisə olduğunu bildirib. O, Qəbələ Beynəlxalq Musiqi Festivalına uğurlar arzulayıb.

Açılış mərasimindən sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib. Əməkdar incəsənət xadimi, professor Fəxrəddin Kərimovun dirijorluğu ilə gerçəkləşən konsertdə Xalq artistləri Ülviyyə Hacıbəyovanın (piano) və Yeganə Axundovanın (piano) çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Geri dön