Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Göytəpə və Kiçiktəpə Neolit abidələrində Azərbaycan və Fransa arxeoloqları birgə tədqiqat aparıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Göytəpə və Kiçiktəpə Neolit abidələrində Azərbaycan və Fransa arxeoloqları birgə tədqiqat aparıblar

Göytəpə və Kiçiktəpə Neolit abidələrində Azərbaycan və Fransa arxeoloqları birgə tədqiqat aparıblar


Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fərhad Quliyevin rəhbərlik etdiyi Tovuz arxeoloji ekspedisiyası rayondan 10 kilometr şərqdə yerləşən Göytəpə Son Neolit dövrü yaşayış məskənində arxeoloji tədqiqatları davam etdirib. İnstitutdan bildiriblər ki, Göytəpə məskənində çöl-tədqiqat işləri ilə paralel olaraq Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası 3 kilometr şərqdə yerləşən Kiçiktəpə qədim yaşayış məskənində arxeoloji tədqiqatlarını bərpa edib.

Tədqiqatların əsas məqsədi Azərbaycanda və ümumən Qafqaz regionunda neolitləşmə prosesinin başlanma və bitmə müddətində iqlim şəraitinin müəyyən edilməsi, daha əvvəl Yaxın Şərq regionunda başlayan Neolit dövrü sosial-iqtisadi həyatının Qafqaz regionuna təsiri, məskunlaşmanı şərtləndirən amillər, mövsümi dəyişkənliklərlə bağlı köçərilik və yarım köçəriliyin mövcudluğu, insanların qida rasionunun təkamülü, Azərbaycanın qərb bölgəsinin Neolit cəmiyyətlərinin meydana gəlməsindəki rolu və s. məsələlərə aydınlıq gətirilməsi olub.

Tədqiqatların arxeometrik aspektinin təyini üçün Fransa Milli Elmi Araşdırmalar Mərkəzindən müxtəlif sahələr üzrə təcrübəli mütəxəssislər – daş alətlər texnologiyası mütəxəssisi Lourens Astrük, paleobotanik Aleksia Deka, topoqraf Emanuela Brunaççi, antropoloq Modvin Polmark, arxeoloq Emmanuel Boduen dəvət ediliblər.

Qarşıya qoyulan məqsədə nail olmaq üçün Göytəpə Neolit dövrü abidəsinin üst hissəsində ərazidə arxeoloji qazıntı işləri davam etdirilib və üst hissədən başlayaraq aşağıya doğru 3-cü tikili horizontu tamamilə qazılaraq tədqiq edilib. Nəticədə dairəvi tikililərdən ibarət yaşayış yerləri və onların ətrafındakı həyətyanı sahələrdə istehsal fəaliyyətinin izləri dərindən öyrənilib, hər bir maddi mədəniyyət nümunəsi yerli və əcnəbi mütəxəssislər tərəfindən təhlil edilib.

Kiçiktəpə qədim yaşayış məskənində isə arxeoloji qazıntı işləri əvvəlki illərdə qazılmış kvadratlarda qaldığı yerdən davam etdirilib, ərazidə yeni kvadratlar açılıb.

Gələcəkdə hər iki abidədə arxeoloji tədqiqatların davam etdirilməsi Son Neolit dövründə Yaxın Şərqlə əlaqələrin meydana çıxması və bölgədə neolitləşmə prosesini izah etməklə yanaşı, eramızdan əvvəl VI minillikdə insanların həyat tərzi və istehsal fəaliyyəti barədə geniş təsəvvür yaratmağa imkan verəcək.

Geri dön