Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Planetin ağciyər XƏRÇƏNGİ – Həyəcan təbili çalmağın vaxtıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Planetin ağciyər XƏRÇƏNGİ – Həyəcan təbili çalmağın vaxtıdır

Planetin ağciyər XƏRÇƏNGİ – Həyəcan təbili çalmağın vaxtıdır


Bu səhər oxuduğum bir xəbər əməlli – başlı əhvalımı açdı. Rayonların birində məmur icazəsiz bir ağac kəsdiyinə görə 2360 manat məbləğində cərimə edilib. Eyni zamanda, kəsilmiş ağacın yerinə yeni ağacların əkilməsi üçün “məcburi göstəriş” verilib.



Dünyanı meşə yanğınlarının tüstü-dumanının bürüdüyü bu günlərdə bu xəbər azacıq da olsa təsəlli oldu. Bütün dünya iki aya yaxındır ürək ağrısı ilə planetin ağciyərləri sayılan tayqa meşələri və Amazon meşələrindəki görünməmiş miqyasda yanğınları izləyir. Dünya üzrə ümumi sahəsi 4 milyard hektar olan meşə örtüyünün təqribən yarısı Rusiya, Braziliya və Kanadanın payına düşür. Bu gün Rusiya ərazisinin 809, Braziliya ərazisinin 478, Kanadanın isə 310 milyon hektarı meşəlik ərazilərdir. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb. 2019-cu ilin əvvəlindən Rusiyada 14,9 milyon hektar meşə ərazisi külə dönüb. Bu isə hələ son deyil. Sibirdə dəhşətli fəlakət əjdahası odlu ağzını açaraq yeni yaşıllıqları udmağa davam edir. Braziliyada, Amazon meşələrində də bu il rekord sayda – 75 min meşə yanğını qeydə alınıb və bu yanğınlar bu gün də davam edir. Artıq ilin əvvəlindən bu günə qədər Braziliya Amazonkasının ekvatorial meşələrində 1,86 miyon hektar meşə sahəsi külə dönüb. Kanadada da ilin əvvəlindən yanğınların məhv edtiyi meşə ərazilərinin miqyası təqribən bu rəqəmə yaxındır – 1,7 milyon hektar. Bəs, bu bəşəriyyət üçün nə kimi təhlükələr vəd edir?



İlk növbədə meşələrin təbiətdə əsas funksiyası hər hektarın il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen xaric etməsidir. 1 ha meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur, bu da 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir. İndi özünüz təsəvvür edin, yuxarıda sadaladığım yanğın rəqəmləri nə qədər insanı normal nəfəs almaqdan məhrum edib. Digər tərəfdən, meşə yanğınları son illər bəşəriyyətin kabusuna çevrilmiş iqlim dəyişikliklərini sürətləndirir. Yanma nəticəsində atmosferə böyük həcmdə karbon qazı buraxılır ki, bu da qlobal istiləşməyə səbəb olan parnik effekti yaradır. Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin hesablamalarına görə, 2019-cu ilin iyun və iyul aylarında baş verən meşə yanğınları səbəbindən atmosferdə karbon qazının həcmi 100 milyon dəfə artıb. Müqayisə üçün bildirək ki, bir ildə bu qədər karbon qazını havaya Özbəkistan və Belçika kimi ölkələrin avtomobil və zavodları atır. Greenpeace təşkilatdan verilən açıqlamada yanğınlar nəticəsində atmosferə buraxılmış karbon dioksidin həcminin təqribən 225,1 ton olduğu bildirilir. Bu da Arktikada buzlaqların əriməsinə daha çox təsir edir. Sibirdəki yanğınların yaratdığı tüstü dumanı Arktikaya , Qrenlandiyaya, hətta Alyaskaya qədər uzanıb. Yanğınların hisi qar və buzun üzərinə çökür və onların rəngini tündləşdirir. Nəticədə buzlaqların günəş şüalarına qarşı müqaviməti azalır, daha çox isti udmağa və nəticədə sürətlə əriməyə başlayır. Arktika onsuz da qlobal istiləşmədən planetin digər regionlarından daha çox əziyyət çəkir. Bu dəhşətli yanğınların isə buzlaqların əriməsini bir qədər də sürətləndirəcəyi deyilir. Beləliklə, biz yeri soyudan və bütün planetdə istilik balansını qoruyan buz qatını itiririk. Bu ilin yayında Qrenlandiyada rekord həcmdə buzlaqların əriməsi qeydə alınıb – alimlər bu miqyasda əriməni 2070-ci ilə proqnozlaşdırırdılar.

“Fobos” Mərkəzinin meteoroloqları əlavə edirlər ki, nəhəng meşə yanğınları mövcud hava durumuna da təsir edir. Ocaqların üzərində hava o qədər qızır ki, siklonların atmosfer cəbhələrini bağlayır – onlar alovların ağuşuna aldığı ərazilərə keçə və yağış yağdıra da bilmir. Bu da vəziyyəti bir qədər də ağırlaşdırır.



Amma planetin faciəsi yalnız iqlim dəyişikliyi ilə yekunlaşmır. Yanğınlarla zədələnmiş meşələr zəifləyir, daha az karbon qazı udur və beləliklə də iqlim dəyişikliyi daha sürətlə baş verir. Bundan başqa, yanğınlar yerdə suyun dövranını pozur, torpaqdakı qidalandırıcı maddələr və mikroorqanizmləri də məhv etməklə torpaq qatını da dağıdır. Nəticədə torpağın eroziyası və səhralaşma baş verir. Zəif zəmin üzərində meşələrin bərpası də çətin olur. Ümumiyyətlə, yanmış meşə ərazilərinin tam bərpasının 100 ilə mümkün olduğu deyilir.



Meşə yanğınlarının bu il rekord səviyyəyə yüksəlməsinin səbəblərinə gəldikdə isə Greenpeace təşkilatının qiymətləndirmələrinə görə, bütün dünyada meşə yanğınlarının bu cür görünməmiş miqyasda tüğyan etməsi əsasən iqlim dəyişmələrinin nəticəsidir. Amma iqlim dəyişikliyinin əsas səbəblərindən birinin də məhz meşə yanğınlarının olması ekoloqlar tərəfindən isbat olunmuş faktdır. Greeenpeace Sibir yanğınların iqlim dəyişikliyinin nəticəsi olmaqla yanaşı həm də onun səbəbi olduğunu bildirir. Beləliklə biz qapalı bir dairənin girovuna çevrilirik: isti iqlim şəraiti planeti qızdırmaqla yanğınlar üçün münbit şərait yaradır, digər tərəfdən də bu yanğınlar iqlim dəyişikliklərini sürətləndirir. Amma burada bir amil də diqqətdən kənarda qalmayıb, hansı ki, onu aradan qaldırmaq mümkündür: antrpogen amil, insan faktoru. Rusiyalı mütəxəssislər müəyyən ediblər ki, bu ölkədə baş vermiş 10 yanğından doqquzu insan əməlinin nəticəsidir. Söndürülməmiş siqaret kötüklərinin quru otların üzərinə atılması, piknik sonrası yandırılmış ocaqların söndürülməməsi, eləcə də otlaq və taxıl biçilmiş sahələrin cahilcə yandırılması son nəticədə qarşısıalınmaz yanğınlara gətirib çıxarır. Bu faktor bütün dünyada, o cümlədən son günlər Azərbaycanda da bir- birinin ardınca baş verən yanğınların əsas səbəblərindən biri hesab olunur.



İnsan əlləri yaşıl təbiətə yalnız yanğınlarla ziyan vurmur. Hər il yüzminlərlə ağacın kəsilməsi planetin ağciyər xərcənginin metastazını daha da genişləndirir. Vəhşi Təbiət Fonunun (WWF) məlumatlarına görə, hər il planet bu və ya başqa səbəblərdən 120 000 – 150 000 kvadratkilometr meşə ərazisini itirir. Bu gün meşə yanğınlarında olduğu kimi tropik meşələrin qırılmasında da Braziliya liderlər sırasındadır. Bu ölkədə 2018-ci ildə 1,4 milyon hektar meşə ərazisi qırılaraq məhv edilib. Ümumilikdə isə planetin tropik regionlarında ötən il 12 milyon hektar meşə ərazisi qırılaraq səhraya çevrilib. Rusiyada isə hər il qanuni əsaslarla bir milyon, qeyri qanuni əsaslarla isə 500 min hektara yaxın meşə ərazisi qırılaraq məhv edilir. Ekoloji təşkilatlar bununla bağlı həyəcan təbili çalsalar da hələlik onları eşidən yoxdur. Yeri gəlmişkən son günlər qardaş Türkiyədə İzmir vilayəti yaxınlığında Kaz dağlarında 200 minə yaxın ağacın qırılması da ciddi etirazlara səbəb olub.



Təbiətə sevgi, meşə ərazilərimizin qorunmasına diqqət Azərbaycanda da hər zaman olub. Yalnız bir faktı demək kifayətdir ki, 80 – ci illərin sonunda Qarabağda Topxana meşəsinin qırılması Azərbaycanda xalqın ayağa qalxması ilə nəticələndi və Meydan hərəkatının, milli-azadlıq hərəkatının başlanmasına təkan oldu.

Ədalət naminə demək lazımdır ki, son illərdə Azərbaycanda meşə ərazilərinin qorunması istiqamətində ciddi işlər həyata keçirilir. Bunlardan qeyri – qanuni ağac kəsilməsinə görə tətbiq olunan cərimələrin artırılmasından tutmuş meşələrdə izləmə kameralarının quraşdırmasına qədər bir çox tədbirləri göstərmək mümkündür. Hər il respublikamızda milyonlarla ağac və kol əkilir, meşələr və yaşıllıqlar bərpa olunur. Amma bu tədbirlər yetərli deyil. Bu gün Azərbaycan ərazisinin vur-tut 11,8 faizini meşələr tutur. Halbuki XVIII-XIX əsrlərdə bu rəqəm 35% olub. Bu baxımdan bu bir ovuc meşələrimizin qorunması üçün hər kəs ayıq-sayıq olmalı, hər bir fərd pikniklərdə yanğın təhlükəsizliyi qaydalarına maksimum əməl etməli, ətrafındakılardan da bunu tələb etməlidir. Eləcə də ağac əkimləri də sürətlənməlidir. Hər il hərə bir ağac əksə, bu ən azından 10 milyon ağac edir. Eləcə də planetin 7,7 milyard sakini kəsdikləri ağacların yerində ən azı bir fidan cücərtsə bəlkə planetimizi xilas etmək mümkün olar. Ən azından dünyada “sıfır ağac kəsimi” siyasəti yürüdən Norveç təcrübəsi var...



Azadə Balayeva / Modern.az

Geri dön