Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > General qəzaya uğrayan MiQ-29 hərbi təyyarəsinin axtarışlarının detallarını açıqlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > General qəzaya uğrayan MiQ-29 hərbi təyyarəsinin axtarışlarının detallarını açıqlayıb

General qəzaya uğrayan MiQ-29 hərbi təyyarəsinin axtarışlarının detallarını açıqlayıb


"MiQ-29 hərbi təyyarəsinin qəzaya uğraması çox ağır bir hadisə idi. Müharibəyə cəlb olunmuş bir dövlətin döyüş təyyarəsinin qəzaya uğraması, pilotun taleyi - hər iki amilə dövlət əlahiddə diqqət yetirirdi".

"Report" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini general-mayor Məhərrəm Həsənov deyib.

O bildirib ki, hadisə haqqında məlumat alan kimi qəzanın baş verdiyi ehtimal edilən əraziyə toplaşıblar: "Dənizdə axtarış işlərinin öz spesifik xüsusiyyətləri var. Biz dövlət əhəmiyyətli bu mühüm tapşırığa ən bacarıqlı, yüksək hazırlığa malik dalğıcları cəlb etdik. Altı nəfər dalğıcın altısı da peşəkardır. Hər birinin beynəlxalq dərəcəli sertifikatı var və Türkiyədə Sualtı Hazırlıq Mərkəzində beynəlxalq dalğıc kursu keçib.

Əməliyyatın çətinliyi iki amillə bağlı idi. Qəza baş verən yer dəqiq məlum deyildi. Onun yerinin müəyyən edilməsində Hərbi Hava Qüvvələrinin böyük xidməti qeyd edilməlidir. Təyyarənin radardan itməsi anında onun istiqaməti, sürəti və uçuş hündürlüyü təyyarənin dənizə düşdüyü ərazini təxmin etməkdə əhəmiyyətli oldu".

General-mayor əməliyyat zamanı üzləşdikləri çətinliklərdən də danışıb: "Axtarış böyük bir ərazidə aparılırdı. Bu işə Hərbi Dəniz Qüvvələrinin və ARDNŞ-nin gəmiləri də cəlb olunmuşdu. Buna baxmayaraq, qardaş Türkiyənin köməyindən də istifadə edilməsi qərara alındı. Yeri gəlmişkən, böyük qardaşlıq köməyinə görə Türkiyədən gəlmiş HDQ-nin xilasetmə qrupunun üzvlərinə təmsil etdiyim qurum adından minnətdarlığımı bildirirəm.

Hava şəraiti axtarışları normal aparmağa imkan vermirdi. Bəzən dalğanın hündürlüyü iki metrə çatırdı ki, bu da, sözün əsl mənasında, 20-23 metr dərinlikdə işləyən dalğıc üçün olduqca ciddi risk idi. Dalğıclar qrupunun dənizdə axtarışına leytenant Elmar Ağasiyev rəhbərlik edirdi. Türkiyənin axtarış qrupunun texniki vasitələrindən də istifadə edildi və qeyd edim ki, bu, əməliyyatın uğurla nəticələnməsində olduqca əhəmiyyətli oldu.

Təxmini ərazidə ilk nişanələri gəmi heyəti aşkarladı. Bundan sonra dalğıclar həmin koordinata endirildi. İlk tapılan hissələr təsdiqlədi ki, axtarış üçün ərazi düzgün müəyyənləşdirilib. Dalğıclar şübhəli, ilk baxışda əhəmiyyətsiz görünən xırda obyektləri də yoxlayırdılar. Bilirdilər ki, belə axtarışlarda əhəmiyyətsiz heç nə olmur. Əvvəlcə, dalğıclar təyyarənin kiçik bir hissəsini suyun üstünə çıxardılar. Bu, qanadın bir hissəsiydi və axtarışların uğurla davam etdirilməsində stimul oldu.

Qeyd edim ki, belə axtarışlarda dalğıc su altında orta hesabla 20-25 dəqiqə qala bilir. Bu isə təxminən 25 metr dərinlikdə axtarışı dəqiqliklə aparmağa, ərazini diqqətlə izləməyə çətinlik yaradır. Dalğıclarımız - baş leytenant Cavanşir Nəsrullayev, leytenant Elmar Ağasiyev, gizir Səid Şirəliyev, gizir Elxan İsgəndərov, gizir Cəfər Cəfərov və gizir Orxan Allahverdiyev əsl fədakarlıq göstərdilər.

Axtarış əməliyyatlarında iştirak edən M.Həsənov "Azərbaycan Ordusu" qəzetinə müsahibəsində deyib ki, hava şəraitinə görə dalğıcların ciddi xəsarət alma ehtimalları da vardı: "Yüksək peşəkarlıq, iradi keyfiyyətlər, dövlətə, dövlətçiliyə sədaqət bu ehtimalları dönməzliklə üstələdi... Suya endirilən robotlar su altında idarə olunmaqla 2 saatdan çox işləyə bilir. Robotun müəyyənləşdirdiyi obyekt haqqında məlumat aldıq. Mütəxəssislər o obyektin məhz "qara qutu" olduğunu qətiləşdirdilər. Həmin anlarda dənizdə güclü dalğa vardı. Dənizin sakitləşməsini gözləmək olmazdı. Sualtı axın "qara qutu"nu qeydə alındığı yerdən uzaqlaşdıra bilərdi. Dalğıclar qrupunun rəhbəri leytenant Elmar Ağasiyev bu mühüm tapşırığı gizir Elxan İsgəndərova həvalə etdi. Belə məqamlarda təkcə peşəkarlıq kifayət etmir. Yüksək əzmkarlıq, vətənpərvərlik də lazım gəlir. Leytenantın seçimi məni də qane etdi. Son dərəcə təhlükəli bir şəraitdə gizir Elxan İsgəndərov suya endirildi. Vaxt dayanmışdı elə bil, bizə elə gəlirdi ki, zaman ləng ötüşür. Aradan nə qədər keçdiyinin fərqinə varmağa macal tapmamış Elxanın "qara qutu"nu tapdığı məlumatını aldıq. Bu, olduqca böyük uğur idi. Yeri dəqiq bilinməyən ərazidə bu səviyyədə axtarış və bu qədər dəyərli bir tapıntı - əlbəttə ki, böyük nəticə idi.

Yeri gəlmişkən, sonra Elxandan soruşublar ki, koordinatına üzdüyün əşyanın "qara qutu" olduğunu görəndə hansı hissləri keçirdin. Dalğıc "Əmri dəqiqliklə yerinə yetirən əsgər hansı hissləri keçirərsə, həmin hissləri keçirdim. "Qara qutu"nu oradan nəyin bahasına olursa-olsun, dartıb çıxardardım", - cavabını verib.

Axtarışlar pilotun tapılması istiqamətində davam etdirildi. Əslində, belə axtarışlarda ardıcıllıq müəyyənləşdirilmir, tapılan oriyentir kimi qəbul olunur və axtarış davam etdirilir...

Polkovnik-leytenant Rəşad Atakişiyevin peşəkar, nümunəvi, vətənpərvər zabit olduğunu bilirdim. Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Qartalı" devizi ilə keçirilən birgə taktiki-uçuş təlimlərində də, Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi paradlarda da Rəşadın uçuşlarını mən də böyük qürurla izləmişdim. Onun həlak olması hamı kimi mənim də ürəyimi göynədirdi. Ağır faciəydi, ancaq pilotumuzun nəşini tapmalıydıq, onun Vətən naminə xidməti müqabilində kiçik bir təsəlli kimi...
Polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapıldı...

Xidmət rəisinin birinci müavini dalğıcların işini fədakarlıq kimi qiymətləndirib: "Bəli, belə bir qəza, yeri məlum olmayan qəza, çətin hava şəraiti nəzərə alınmalı məqamlardır və bunlar birmənalı şəkildə təsdiqləyir ki, qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışı da, nəticəsi də əsl fədakarlıqdır.

Axtarış yekunlaşandan sonra dalğıclarla görüşdə öyrəndim ki, dalğıclar əsl vətənpərvərlər kimi iştirak ediblər, yəni onların hər biri təkcə vəzifə borcunu deyil, həm də insani borcunu böyük fədakarlıqla yerinə yetiriblər. Mən bir zabit kimi onlarla fəxr edirəm. Onlar Ali Baş Komandanın əmriylə torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüşlərə də hazırdır.

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları vəzifə borcunu fövqəladə məsuliyyətlə yerinə yetirdi. Bu məsuliyyət də Vətənə xidmətdir. Fövqəladə hallar Fövqəladə Hallar Nazirliyinin, bu sıradan Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının ön cəbhəsidir və hər biri ön cəbhələrdə qətiyyətlə, əzmlə, dəyanətlə, ən başlıcası Vətənə sevgiylə xidmət edir...".

Geri dön