Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Azərbaycan, gəldik!” deyən PAŞALAR
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > “Azərbaycan, gəldik!” deyən PAŞALAR

“Azərbaycan, gəldik!” deyən PAŞALAR


Azərbaycan tarixi üçün ən önəmli tarixlərdən biri 15 sentyabrda Bakının erməni işğalından azad edildiyi gündür. Həmin hadisədən bir əsrdən artıq vaxt keçsə də, bizim hər birimiz üçün bu gün qürurverici, həyəcanlı gündür. O böyük zəfər gününün memarı Osmanlı dövlətinin Hərbiyyə naziri Ənvər Paşanı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı, onun şanlı əsgərlərini minnətdarlıq hissiylə yad etməklə bərabər 1918-ci ildə baş vərmiş hadisələrin bəzi məqamlarını gəniş oxucu auditoriyası ilə bölüşmək, dəyərli oxucularla həmin günlərə xəyalən ricət etmək istəyirəm.

25 oktyabr (7 noyabr) 1917-ci ildə Rusiyada çarizm quruluşunun çökməsiylə dünyanın siyasi mənzərəsində əhəmiyyətli dəyişikliklər yarandı. 18 dəkabr 1917-ci ildə Ərzincanda Rusiya ilə Osmanlı dövləti, 3 mart 1918-ci ildə Brest-Litovskda Rusiya ilə Almaniya arasında sülh müqaviləsinin imzalandı. Bu müqaviləyə əsasən Rusiya Osmanlı dövlətinin 1877-1878-ci illərdəki sərhədlərini tanıdı və Əlviə-i səlasə adlanan ərazilərin (Ardahan, Kars və Batumun) Osmanlı dövlətinə qaytarılmasına razı oldu. Birinci dünya müharibəsinin iştirakçısı olmaqdan imtina ədən rus qoşunları Cənubi Qafqazdan çəkilib gədəndə öz silahlarını könüllü şəkildə ermənilərə təhvil vərdilər. Qısa müddət ərzində sürətlə silahlanan ermənilər hərbi birləşmələr yaradırdılar. Məqsəd türklərin yaşadıqları ərazilər hesabına müstəqil dövlət qurmaqdı.

XIX əsrin axırlarında Yaxın və Orta Şərqdə, xüsusən İran və Osmanlı coğrafiyasında yaşayan ermənilər mütəşəkkil və məqsədyönlü şəkildə Bakıya axışıb gəlirdilər. 1916-cı ildə Bakıya gəlib yerləşən ermənilərin sayı 40 mini keçmişdi (Bax:http://elib.shpl.ru/ru/nodes/41514-ch-3-naselenie-vyp-1-gor-baku-1916#mode/inspect/page/126/zoom/8).
Bakı Xalq Komissarları Sovetindəkilərin dəstəyinə güvənən ermənilərin 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada, Kürdəmirdə, Göyçayda törətdikləri vəhşət və insanlıqdan uzaq hərəkətləri Osmanlı dövlətinin hiddətinə səbəb oldu. Osmanlı dövlətinin Hərbiyyə naziri Ənvər Paşa dönəmin sultanı Mehmet Rəşada ( 14.04.1909- 03.07.1918 ) Azərbaycanı erməni vəhşiliyindən qurtarmaq üçün təcili əməli tədbir görülməsinin zəruriliyi haqqında məruzə etdi.

Osmanlılar Azərbaycana edəcəkləri hərbi yardımın beynəlxalq güclərin, ilk növbədə Rusiya, İngiltərə və Almaniyanın hiddətinə səbəb olacağını çox yaxşı bilirdilər. Ona görə də münasib şəraitin yetişməsini gözlədilər. 28 May 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Demokratik Cümhuriyyətinin rəsmiləri (M. Ə. Rəsulzadə və H. Hacınski) 2 iyun 1918-ci ildə Ənvər Paşadan Azərbaycana hərbi yardım göstərməsini xahiş etmişdilər. 4 iyun 1918-ci ildə Batumda bağlanan müqavilənin 4-cü maddəsi (daxili sabitliyi təmin etmək və milli müstəqilliyi qorumaq üçün Osmanlı dövləti Azərbaycan Demokratik Cümhuriyyətinin istəyi ilə ona hərbi yardım göstərməyi təəhhüd götürür) Osmanlı dövlətinə qardaş Azərbaycana yardım göstərməyə hüquqi əsas verdi. Hadisələri diqqətlə izləyən və Osmanlı dövlətinin Azərbaycana hərbi yardım niyyətindən əndişələnən Almaniya, Rusiya və İngiltərə hərəkətə keçdi. Osmanlı dövləti Almaniya və Rusiyanı sakitləşdirmək, sabiq və yeni müttəfiqini arxayınlaşdırmaq üçün təşkil olunan hərbi birləşmənin adını Qafqaz İslam ordusu adlandırdı və bu ordunun Osmanlı dövləti ilə əlaqəsi olmadığını bəyan etdi.

Həmin orduya alınan əsgəri mənsubların hamısının, hətta komandan Nuru Paşa da daxil olmaqla, rəsmi olaraq Osmanlı ordusundan ixrac edilməsi barədə əmr imzalandı. Osmanlı rəsmiləri sovet Rusiyasının xarici işlər naziri Q. Çiçerinə və onun Almaniyadakı həmkarına Qafqaz İslam Ordusu ilə heç bir bağlılıqlarının olmadığını bildirsələr də buna nə ruslar, nə də almanlar inandı. Osmanlıların Bakıya gəlişinin qarşısını almaq üçün Böyük Britaniya da qəti tədbirlərə əl atdı. General L. Denstervilin komandanlığı altında “Dunsterforce” adlanan hərbi kontingingent Sentrokaspi adlanan oyuncaq hökumətin dəvəti ilə təcili olaraq Bakıya yeridildi. Bakı şəhəri beynəlxalq güclərin mənafelərinin toqquşduğu meydana çevrildi. Bütün hüquqi və hərbi maneələrə, erməni daşnak quldurlarının fitnə-fəsadlarına baxmayaraq Qafqaz İslam Ordusu inamla Bakıya, qan qardaşlarının xilasına doğru hərəkət edirdi. Ermənilərə yardıma gəlmiş “Dunstetforce” mənsublarından biri bu hadisəni bu şəkildə qələmə almışdır: “There seemed nothing to prevent the Turks to put the whole region under their control. The Azerbaijani Muslims were opposed to any resistance to the Turks for they were only too happy to see a Turkish take-over of the whole country. The Armenians, although fearful of such a possibility, were exhausted and disorganiscd and therefore not able to participate in any kind of opposition to the Turks.” - Belə görünürdü ki, bölgəni tamamən nəzarət altına almaqdan türkləri heç nə saxlaya bilməzdi. Azərbaycanlı müsəlmanlar türklərin hər yeri öz nəzarət altına almalarına çox sevinirdilər və onlara hər hansı bir müqavimətin əleyhində idilər. Ermənilər isə bunun mümkünlüyü qorxusundan çökmüş, perik düşərək türklərə heç bir duruş gətirə bilmirdilər.” (Bax: Ludcndorff, My war memoirs, II, p. 659)

Osmanlı dövlətinin sədrəzəmi ( baş naziri ) Tələt Paşa Rusiya Xarici İşlər Naziri Q. Çiçerini əmin etmişdi ki, türklər Bakını ilhaq etməyə gəlmirlər, orada asayişi bərpa etdikdən sonra yenidən geri qayıdacaqlar. Bu səbəbdən də Moskvadan gələn təlimata əsasən Bakı Xalq Komissarları Soveti ingilis generalı L. Denstervilə Bakıya gəlməyə rəsmi icazə verməmişdi. Buna baxmayaraq, S. Şaumyan və A. Mikoyan gizlində ingilis generalına teleqraflar vurur, nəyin bahasına-olursa olsun onu türklərin Bakıya gəlişinin qarşısını almağa çağırır və ona əllərindən gələn bütün köməyi edəcəklərini yazırdılar. ( Bax: History of the Great War, pp. 103-104 ) General L. Denstervilin sözlərinə görə, 26 iyul 1918-ci ildə Bakı Xalq Komissarlığının süqutundan sonra onun yanına gəlmiş erməni milli şurasının Bakı təmsilcisi Araratyants adlı bir nəfər ingilis hərbi kontingentinin azsaylı olmasından çox məyus olmuş, yağlı dilini işə salıb hər vasitəylə onu Bakıya əlavə hərbi qüvvələr gətirməyə razı salmağa çalışırmış. Aydın görünür ki, ermənilər mart ayındakı əməllərinə görə cəzalandırılmaq vahiməsindən nə edəcəklərini bilmirlərmiş. İngilis generalı onu türklərə qarşı təhrik və təşviq etməyə çalışan erməni Araratyantsa “türklərlə siz özünüz vuruşmasanız biz heç nə edə bilmərik.” deyib. ( Bax: The adventures of Dunsterforce, p. 216 )

Qüdrətli Osmanlı və Azərbaycan əsgərlərinin qarşısında duruş gətirməyə gücü və cəsarəti olmayan ermənilərin qorxaqlığı ingilis generalını hiddətləndirmişdi: “The Armenians attempted bravado but during Ottoman attacks, tended to hang back or melt away- Ermənilər xoruzlanmağ cəhd edirdilər, amma Osmanlılar hücuma keçəndə onlar daldalanmağa meyillənir, ya da ortadan yox olurdular.” Hətta Biləcər ətrafında Osmanlıların ilk atəşindən ermənilər elə pərən-pərən olmuşdular ki, tək başına qalmış zavallı kanadalı zabitin də əsir düşməkdən başqa çarəsi olmayıb.

Türklərin şəhərə girməsinin an məsələsi olduğunu anlayan S. Şaumyan və quldur bandası lap əvvəlcədən qarət etdikləri əşyaları 13 katerə yükləyib Bakıdan qaçmışdılar. Onlardan heç nə ilə fərqlənməyən Sentrokaspi “liderləri” də fərarilik üçün girəvə axtarırdılar. Ağqvardiyaçı Biçeraxovun və Dokuçayevin kazak dəstələri, Korqanovun muzdluları Osmanlının zərbindən darmadağın olmuşdular. Bu hadisələrin bilavasitə iştirakçısı və Qafqaz İslam Ordusuna qarşı döyüşlərin komandanı olmuş general L. Denstervil dərk edir ki, qorxaq erməni başıpozuqlarına güvənib türklərin qarşısını almaq nəzəri və praktik baxımdan imkansızdır. O anda ingilis generalı bu hərəkata başlayandan bəri, bəlkə də, ən doğru qərar qəbul edir: ingilis qüvvələri təcili olaraq Bakını tərk etməlidirlər. Həmin məqamı L. Denstervil özü belə təsvir etmişdir:

“No power on earth can save Baku from the Turks. To continue the defence means only to defer the evil moment and to cause further needless loss of life- Yer üzündə heç bir güc Bakını TÜRKlərdən qurtara bilməz. Müdafiəni davam etmək fəlakət anını ancaq gecikdirməkdir, lüzumsuz yerə insan həyatına bais olmaq deməkdir.” İngilislərin Bakını tərk etmək haqqında qərarını duyan ermənilər şivən qoparırlar ki, biz şəhərdən qaçıb gedənə kimi Bakıdan çıxmayan. Yoxsa türklər şəhərə girən kimi yerli əhali bizim dərimizə saman təpəcək. İngilis generalı da onlara ürək-dirək verir ki, arxayın olun, amma yubanmayın. Bizim türklərə qarşı savaşmağa nə yetəri gücümüz, nə də həvəsimiz var. Geciksəniz özünüzdən küsün.

Bakı cəbhəsinin o vaxt ümumi uzunluğu 29 km. imiş və bunun da 13 km.-i dağlıq, təpəlik və qayalıq yerlər olduğundan Sentrokaspi “strateqləri” və daşnaklar o ərazilərdən türklərin hücum edəcəyini güman etmirdilər. Lakin Nuru Paşanın qəhrəman əsgərləri məhz az ehtimal olunan yerlərdən hücum edərək 15 avqust 1918-ci ildə şəhərə hakim Bibiheybət və Badamdar yüksəkliklərini tutmağa nail olmuşdular. Türklər istəsəydilər ən qısa zamanda şəhərə də daxil ola bilərdilər. Bunu ingilis generalı Denstervil özü də etiraf edir. Lakin artıq qan tökülməsininin qarşısını almaq və şəhərdən qaçmağa çalışanlara imkan vermək məqsədilə türklər bir müddət fəal hərbi əməliyyatı dayandırdılar. Həlledici döyüş ərəfəsində cəbhədə qəribə sükut vardı. Hər iki tərəf səbrlə gözləyirdi. 8 sentyabrda şanlı Çanakkale diviziyası da Bakını fəth edəcək orduya köməyə yetişdi. Nuru Paşa öz əsgərlərinə mənəvi dəstək vermək və onların əhval-ruhiyyəsini yüksəltmək üçün 10 sentyabr 1918-ci ildə Bakıya gəldi. 12 sentyabr 1918-ci ildə Osmanlı ordusuna mənsub ərəb mənşəli bir fərari ingilislər tərəfə keçərək türklərin 14 sentyabrda həlledici son döyüşə keçəcəyini xəbər verir. Lakin artıq gec idi.

14 sentyabr sübh saat 4-də türk artilleriyasının sürəkli və şiddətli yaylım atəşi yeri-göyü titrətdi. Zorla səngərdə dayanmağa məcbur edilmiş ermənilər qaçıb gizlənməyə yer tapa bilmirdilər. Onlar ingilisləri beynəlxalq məhkəməylə qorxudur, Biçeraxovu hədələyir , Dokuçayevi söyür, Şaumyana lənətlər yağdıra-yağdıra gücləri gəldikçə şəhərin mərkəzinə doğru qaçır, özlərini İrana, Ənzəliyə, Dərbəndə, Krasnovodska gedəcək gəmilərə yetirməyə çalışırdılar. Sanki mart ayında Azərbaycan türklərinə qənim kəsilən, silahsız insanlar qarşısında kəkələnən bunlar deyilmiş.

Birdenbire gök kubbe dolar velvelelerle,
Atlar koşar ön safta kabarmış yelelerle!
Yerlerde nasıl fışkırmaktadır al kan..
Her an tutuşur toprağın altındaki volkan!
Etrafa saçılmakta cehennemden alevler,
Tunç topların ağzıyla homurdanmada devler…

Türk əsgərlərinin hücumundan ağlını itirmək dərəcəsinə çatmış başıpozuq daşnaqları heç bir güc, söz və söyüş səngərdə tuta bilmirdi. Vahimədən gözləri hədəqəsindən çıxmış erməni silahlıları gücləri gəldikçə “Turkeri qalis yen- Türklər gəlirlər!”- deyə çığırırdılar. Oradan-buradan gəlib Bakıya daraşmış, müxtəlif yerlərdə kompakt məskən salmış “mülki” ermənilər də səngərdəkilərdən heç geri qalmırdılar. Evdə hazır tutduqları boğçaları qoltuqlarında can hövlüylə limana tərəf yüyürürdülər. “Armenians crowded the harbour in a frantic effort to escape” – "Limanı doldurmuş ermənilər vahimə içində qaçıb qurtulmağa çalışırdılar”. (Bax: Alex Marshall. The Caucasus Under Soviet Rule, s. 96)

14 sentyabr axşamının qaranlığını fürsət bilən Denstervilin hərbi birləşmələri də şəhəri birdəfəlik tərk etdi. O gecəsi ermənilər də yoxa çıxdılar. Elə bil hamısını əcəl almış, yer gizləmişdi.

15 sentyabr 1918-ci ildə səhər saat 9 tamamda komandan Nuru Paşanın müzəffər Qafqaz İslam Ordusu onların pişvazına çıxmış qədirbilən Bakı əhalisinin minnətdarlıq dolu alqışları və duaları ilə şəhərə daxil oldu. Xilaskarların ayaqları altında addımbaşı qurbanlar kəsilir, şənlərinə təzahüratlar edilirdi:

ALLAHu əkbər! ALLAHu əkbər! ALLAHU əkbər! Nuru Paşa çox yaşa!
Nuru Paşanın qalib əsgərləri isə ciddiyyətlərini və səflərini pozmadan bir ağızdan Turan sevdalı Baş Komandan Ənvər Paşa marşını oxuyurdular.

Azərbaycanı vətən bilənlər, onun uğrunda ölməyə və öldürməyə hazır olanlara Ənvər Paşanı sevdirən, Nuru Paşanı minnətdarlıq hissi ilə xatırladan cəhət bu qardaşların sözləri ilə əməllərinin bir olmasıdır. Aydın düşüncəli insanların, istisnasız olaraq, hamısı haqq ilə nahaqqı görür, nəyin doğru, nəyin yanlış olduğunu yüksək səslə ifadə edir və haqq olan tərəfdən mübarizə aparmağa cəsarət edir. Onları saxta məbudlardan, uydurma qəhrəmanlardan fərqləndirən başlıca cəhət də budur. Ənvər Paşa da, Nuru Paşa da doğru bildikləri iş uğrunda mübarizə apardılar, ömürlərini bu əqidə uğruna fəda etdilər. Azərbaycan var olduqca onlar da unudulmayacaqlar.

Millət onun milli dəyərlərinə, çıxarlarına, arzu və istəklərinə sayqı bəsləyəni öz yaddaşında yaşadır. Nə Ənvər Paşanın, nə də Nuru Paşanın reklama, heykələ ehtiyacı var. Onların əbədi yeri qədirbilənlərin ürəkləridir, yaddaşlarıdır. Bakının qurtuluşu günü ərəfəsində bayırdan səslər duyuram. Qeyri-ixtiyari olaraq pəncərədən küçəyə boylanıram. Bir əsgəri bölük nizami addımlarla addımlayaraq hərbi marş oxuyur. Sərrast və qətiyyətli addımlarla yeriyən bu əsgər balalarımızın hər birində Bakını erməni məzalimindən qurtarmış igidlərin ərdəmini, təpərini, cəsarətini gördüm. Ürəyim dağa döndü. Birdən mənə elə gəldi ki, bizim əsgərlərimiz də eynən yüz bir il əvvəlki xələfləri kimi Qafqaz İslam Ordusunun Biləcər tərəfdən şəhərə enərkən oxuduğu həmin məşhur marşı təkrarlayırlar:

Türk ordusu ilerliyor,
Bakü, Gence direniyor.
Şanı büyük Enver Paşa:
“AZERBAYCAN, geldim!.”- diyor…

Nuru Paşa haqqında “İstanbul Emniyet Müfəttişliği Huzur-ı Alilerine” 28 iyun 1336 ( 1920 ) - cı ildə yazılmış raport. Raportda Bakını tutarkən bolşeviklərə mənsub bəzi vəzifəliləri cəzalandırdığı üçün Nuru Paşanın qiyabi olaraq edam cəzası aldığı, lakin Nuru Paşanın İran tərəfə keçdiyi və axtarıldığı bildirilir. Raport İstanbul İstidlalat ( Təhqiqat ) şöbəsi məmuru tərəfindən hazırlanmışdır.

Prof. Ramazan SİRACOĞLU

Geri dön