Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yardımlıda tunc-ilk dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Yardımlıda tunc-ilk dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib

Yardımlıda tunc-ilk dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Yardımlı arxeoloji ekspedisiyası” İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadənin rəhbərliyi altında Yardımlı rayonundakı tunc-ilk dəmir dövrü abidələrində arxeoloji qazıntılar aparılıb.

İnstitutdan verilən xəbərə görə, qazıntı işləri əsasən rayonun Kürəkçi, Alar və Arvana kəndləri ərazisindəki yaylaqlarda mövcud olan kurqanlarda davam etdirilib. Kürəkçi kəndi yaxınlığında Komanı yaylaqlarında aparılmış arxeoloji qazıntılar zamanı ilk tunc dövrünə aid qəbir abidələri üzə çıxarılıb. Komanı kurqanlarından birində aparılmış arxeoloji qazıntılar zamanı sol yanı üstə, az bükülü vəziyyətdə üzü cənub-qərb istiqamətində dəfn edilmiş insan skeleti aşkar olunub. Skeletin yanından tapılmış 1 ədəd sümükdən iy başlığı əmək aləti olmaqla, ipəyirmə sənətində istifadə edilmiş əşyadır. Komanı yaylaqlarında əvvəlki illərlə birlikdə 4 kurqanın qazıntısı başa çatdırılıb. Bu kurqanlar dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşir.

Rayonun Alar kəndi yaxınlığında Sarıbulaq yaylağında aparılmış arxeoloji qazıntılar zamanı son tunc-ilk dəmir dövrünə aid maddi mədəniyyət nümunələri əldə edilib. Məlum olub ki, Sarıbulaq abidələri əsasən skeletsiz kurqanlar tipinə aid olmaqla boş xatirat (kenotaf) qəbirləridir. Bu kurqanlar dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir.

Arvana kəndi ərazisindəki Qaryatan adlanan yerdə bir kurqanın qazıntısı aparılıb. Qazıntılar nəticəsində qəbir kamerasında zəngin dəfn adətinə rast gəlinib. Diametri 5 m olan, ətrafı kromlexşəkilli düzümlü kurqanın qəbir kamerasında üzü şimal istiqamətində, sol yanı üstə, ayaqları dizdən geri qatlanmış insan dəfn edilib. Qəbir avadanlıqları içərisində saxsı qablar – küpə, boşqab, dopu, tuncdan silah nümunələri — xəncər və rapiraşəkilli qılınc, tunc üzük və müxtəlif formalı pasta muncuqlar aşkarlanıb. Maddi mədəniyyət nümunələrinin forma və müqayisəli təhlillərinə əsasən bu kurqanda həm Xocalı-Gədəbəy, həm də Talış-Muğan arxeoloji mədəniyyətlərinin qarşılıqlı təsirləri üzə çıxıb. Hazırda kurqandan aşkar edilmiş insan skeleti üzərində antropoloji tədqiqatlar aparılır. Kurqanın ilk dəmir dövrünə - e.ə. I minilliyin əvvəllərinə aid olması ehtimal edilir.

Ekspedisiya tədqiqat müddətində rayonun Qaravuldaş, Ökü, Ostayır, Perimbel və Honuba kəndlərində də kəşfiyyat xarakterli tədqiqatlar aparmaqla yeni kurqanlar və daş qutu qəbir nekropolları qeydə alıb.


Geri dön