Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qardabani Mədəniyyət Evində ayrı-seçkilik: Azərbaycan mədəniyyətinə aid dərnək yoxdur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Qardabani Mədəniyyət Evində ayrı-seçkilik: Azərbaycan mədəniyyətinə aid dərnək yoxdur

Qardabani Mədəniyyət Evində ayrı-seçkilik: Azərbaycan mədəniyyətinə aid dərnək yoxdur


Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Qardabani rayonunun Mədəniyyət Evində Azərbaycan mədəniyyətinə aid heç bir dərnək və ya kurs fəaliyyət göstərmir.

Onların sözlərinə görə, Mədəniyyət Evində gürcü milli rəqsləri və musiqi alətləri üzrə dərnəklər var. Yerli azərbaycanlılar övladlarını həmin dərnəklərə göndərirlər. Soydaşlarımız uşaqlarının gürcü mədəniyyətini öyrənmələrinə etiraz etmirlər, əksinə, bunun lazımlı olduğunu bildirirlər. Onların fikrincə, azərbaycanlı uşaqlar paralel olaraq Azərbaycan mədəniyyətini də öyrənməli və milli-mədəni köklərindən uzaqlaşmamalıdırlar.
Gürcüstanda 2014-ci ildə aparılan son siyahıyaalmaya əsasən, gürcülər Qardabani əhalisinin 54,23%-ni, azərbaycanlılar isə 43,53%-ni təşkil edir. Qeyri-rəsmi məlumatlara əsasən isə hazırda rayon əhalisinin 80%-dən çoxu etnik azərbaycanlıdır. Bu göstərici fonunda Qardabani Mədəniyyət Evində Azərbaycan milli mədəniyyətinə aid dərnəklərin təşkil olunmaması məntiqli görünmür.
Qardabani azərbaycanlıları bu cür dərnəklərin olmamasını daha çox kadr çatışmazlığı ilə əlaqələndirirlər. Onlar hesab edirlər ki, məhz müəllimlər olmadığından Mədəniyyət Evində Azərbaycan mədəniyyəti ilə bağlı hər hansı dərnək yaratmaq mümkün olmur.
Məsələyə münasibət bildirən Qardabani Rayon İcra Hakimiyyətinin başçısının müavini Dünyamalı Hacıyev “Report”un yerli bürosuna deyib ki, rayon rəhbərliyi Mədəniyyət Evində Azərbaycan mədəniyyəti ilə bağlı hər hansı dərnəyin yaradılması təklifini nəzərdən keçirməyə hazırdır: “Əgər rayon rəhbərliyinə bu məsələ ilə bağlı müraciət təqdim olunsa, biz böyük məmnuniyyətlə həmin dərnəyin yaradılmasına şərait yarada bilərik”.
D.Hacıyev vurğulayıb ki, Qardabani Mədəniyyət Evində gənc istedadlı rəssam Rasim Həsənov rəsm dərnəyi yaradıb: “Bu cür kadrlar nə qədər çox olsa, o qədər yaxşı olar”.

Rasim Həsənov “Report”un yerli bürosuna Mədəniyyət Evində rəsm dərnəyi yaratdığını təsdiqləyib.
Onun sözlərinə görə, dostu ilə açdığı dərnək artıq üç aya yaxındır fəaliyyət göstərir: “Qardabani rayon rəhbərliyi dərnəyin yaradılmasına heç bir dəstək göstərməyib. Dərnəyin açılması ilə bağlı biz özümüz Mədəniyyət Evinin rəhbərliyi ilə danışıq apardıq və müsbət cavab aldıq”.
Rəssam qeyd edib ki, Mədəniyyət Evində Azərbaycan mədəniyyəti ilə bağlı hər hansı dərnəkdə çalışa biləcək müəllimlər yox dərəcəsində olsa da, istedadlı azərbaycanlı gənclər çoxdur.

Geri dön