Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Görkəmli etnoqraf alim Qəzənfər Rəcəbli vəfat edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Görkəmli etnoqraf alim Qəzənfər Rəcəbli vəfat edib

Görkəmli etnoqraf alim Qəzənfər Rəcəbli vəfat edib


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, “Tarixi etnoqrafiya” şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, etnoqraf Qəzənfər Əjdər oğlu Rəcəbli uzun sürən xəstəlikdən sonra 82 yaşında 2019-ci il oktyabrın 13-də vəfat edib.

Qəzənfər Rəcəbli 1937-ci il dekabrın 20-də Lənkəran şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirdikdəın sonra Q.Rəcəbli orta məktəbdə müəllim işləmiş, daha sonra ömrünün 40 ilini Ali təhsil ocaqlarında tədrisə həsr etmişdir. Həmçinin, Q.Rəcəbli fəal ictimaiyyətçi kimi tanınmışdır. M.F.Axundzadə adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəviyyatı İnstitutunun həmkarlar təşkilatının sədri, həmin İnstitutun partiya komitəsinin katibi, Bakı Şəhər Sovetinin deputatı olmuşdur.

Elmi fəaliyyəti dövründə Q.Rəcəbli etnoqrafiya ixtisası üzrə “İnqilaba qədərki Azərbaycanda kənd icma məişətinin qalıqları” mövzusunda tarix üzrə namizədlik dissertasiyasını müdafiə etmiş, 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası”nın və müstəqillik illərində Azərbaycan və rus dilində nəşr edilmiş “Azərbaycan Milli Ensiklopediyası”nın həmmüəlliflərindən biri olmuşdur.

Görkəmli etnoqraf 100-dən çox elmi-tədqiqat məqaləsində Azərbaycan kəndinin tarixi-etnoqrafik, mənəvi dəyərləri (nikah formaları, ailə-nikah və din) və təsərrüfat həyatı (qədim və erkən orta əsrlər Azərbaycan mətbəxi, Azərbaycan kəndinin tarixi maldarlıq təsərrüfatı), “Kitabi-Dədə Qorqud” dastanı üzrə Azərbaycan oğuzlarının ilk Vətəni, qədim və erkən orta əsrlərdə geyimləri, uşaqların tərbiyəsi, əkinçilik mədəniyyəti, yaşayış məskənləri, evləri və d. mühüm tarixi etnoloji mövzuları işıqlandırmışdır.

Görkəmli alimin “Azərbaycanda su mənbələri və sudan istifadənin xalq üsulları” (Bakı, “Kitab aləmi”, 2007), “Azərbaycanda qarşılıqlı yardım formaları” (Bakı, MBM, 2008), “Azərbaycan tarixi. Oçerklər” (Bakı, Elm və təhsil, 2013), “Azərbaycan İkinci Dünya müharibəsi illərində. Dərs vəsaiti” (Bakı, “Nurlan”, 2003, rus dilində) və d. monoqrafiyaları nəşr edilmişdir. Həmçinin, 2010-cu ildə onun “Azərbaycan toyu” adlı elmi-tədqiqat məqaləsi Londonda “Visions of Azerbaijan” jurnalında ingilis dilində dərc edilmişdir.

Qəzənfər Rəcəblinin vəfatı ilə əlaqədar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi mərhumun əzizlərinə dərin hüznlə başsağlığı verir, görkəmli alim və səmimi insanın əziz xatirəsinin tələbələrinin, ziyalı həmkarlarının xatirəsində daim yaşayacağını bildirir.

Mərhum alimin üç mərasimi bu gün oktyabrın 15-də "Zəm-zəm" mərasim evində (Həzi Aslanov metrostansiyasının çıxışı, Məhəmməd Hadi küç. 65 ünvanda) keçiriləcəkdir.

Allah rəhmət eləsin!



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi

Geri dön