Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Tiflisdə Cəlil Məmmədquluzadəyə həsr olunmuş konfrans keçirilib
Tiflisdə Cəlil Məmmədquluzadəyə həsr olunmuş konfrans keçirilib |
Gürcüstanın Milli Parlament Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Ağsaqqallar Şurasının birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və Gürcüstanın hökumət və dövlət rəsmiləri, parlamentin deputatları, ziyalılar, elm, mədəniyyət xadimləri iştirak ediblər. Ağsaqqallar şurasının sədri İsak Novruzov tədbiri açaraq böyük ədibin həyat və yaradıcılığına nəzər salıb, ömrünün bir hissəsinin Tiflislə bağlı olan C.Məmmədquluzadə yaradıcılığında Gürcüstan ictimai mühitinin rolunu xüsusi qeyd edib. Onun sözlərinə görə, böyük ədibin yubileyinin Gürcüstanda da geniş qeyd olunması vacib və zəruri bir tədbirdir. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək C.Məmmədquluzadənin Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynadığını bildirib. Diplomat prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında" 2019-cu il 17 yanvar tarixli Sərəncamı ədibin yaradıcılığına verilən yüksək qiymətin bariz nümunəsi kimi qiymətləndirib. “Yaradıcılığının bir hissəsinin Tiflislə bağlı olan C.Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin dövlət səviyyəsində həm Azərbaycanda, həm də Gürcüstanda qeyd olunması buna parlaq nümunədir”, - deyə D.Həsənov vurğulayıb. Səfir Azərbaycanın Tbilisidə yaşayıb, yazıb-yaratmış digər ədib, dramaturq, elm, incəsənət xadimlərinin də xatirəsinin daim uca tutulduğunu, Tiflisdə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin, N.Nərimanovun ev-muzeyinin və digər tarixi abidələrin qorunub saxlanıldığını, bəzilərinin artıq təmir və bərpa olunduğunu xüsusi qeyd edib. Daha sonra professor Mahmud Kamaloğlu C.Məmmədquluzadə yaradıcılığından bəhs edən elmi məruzə ilə çıxış edib. Böyük ədibin həyat və yaradıcılığı, Qori müəllimlər seminariyasında təhsil alması, Tiflisdə “Molla Nəsrəddin” jurnalını dərc etdirməsi və digər fəaliyyət istiqamətləri barədə məlumat verib. Tədbirdə çıxış edən Dövlət naziri aparatının rəhbəri Tinatin Qoğeliani C.Məmmədquluzadənin 150 illik yubileyinin Gürcüstanda qeyd olunmasını önəmli hadisə adlandırıb. Bildirib ki, C.Məmmədquluzadənin yaradıcılığına Gürcüstanda da böyük maraq var. O, Cəlil Məmmədquluzadənin əsərlərinin gürcü dilinə tərcümə olunmasının və böyük dramaturqun yaradıcılığının təbliğinin vacibliyini vurğulayıb. Digər natiqlər də çıxışlarında C.Məmmədquluzadənin yaradıcılığından söz açıb, Azərbaycan dramaturgiyasının inkişafındakı rolunu qeyd ediblər. Çıxışlarda onun əsərlərinin Azərbaycan dramaturgiyasının parlaq nümunələri olması, onun xalqa bağlılığı, ana dilinin saflığı uğrunda apardığı mübarizə, dahi söz sahibinin mətbuat mühitinə gətirdiyi yeniliklər, ictimai-siyasi fikrin formalaşmasındakı rolu xüsusi vurğulanıb. Qeyd edək ki, konfransda Türkiyə Maarif Vakfinin Gürcüstan nümayəndəliyinin rəhbəri Selcuq Baş, Gürcüstandakı Belarus diaspor təşkilatının sədri Aleksey Baxudia, Türkiyənin Tifilisdəki maarifləndirmə birliyinin rəhbəri Tanet Canpolat və digər rəsmi şəxslər iştirak ediblər. Geri dön |