Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Məzlumluqdan mübarizliyə doğru
Məzlumluqdan mübarizliyə doğru |
Gürcüstanın ümumi əhalisi 3 milyon 723 min 500 nəfərdir. Bunun da yarim milyonunu milli azlıq hesab edilən azərbaycanlılar təşkil edir. 10 ildir ki, deyirik ki, sayımız yarım milyondur, bəs təəcüblü gəlmirmi ki, bu 10 ildə heç artım olmayıbmı? Nəzərə alsaq ki, ailədə çoxuşaqlı olmağa üstünlük verən də, erkən evliliyin qurbanı olan da bizik sayımızın artan xətlə deyil, 10 illərdir ki, stabil qalması nədənsə bir qədər təəcüblü gəlir. Əhalinin rəsmi olaraq siyahıyaalınması da (census.ge) 2014-cü ildən bu yana aparılmır, soruşanda da səbəb olaraq deyirlərlər ki, o qədər tolerantıq ki, Gürcüstan əhalisini milli, etnik azlıqlara ayırmırıq, hamımız eynihüquqlu Gürcüstan vətəndaşlarıyıq. Səbəb doğrudanmı budurmu, yoxsa ki, sayımız o qədər artıb ki, artıq rəsmi rəqəmi dilə gətirmək belə vaxtilə “Gürcüstan gürcülər üçündür” deyənlərin davamçılarını hürküdür. Yeri gəlmişkən biz etnik azlıq deyilik, öz tarixi torpaqlarımızda yaşayırıq, bu torpağın aborigen əhalisiyik!!!
Avropaya İnteqrasiya yolunu seçmiş Gürcüstanın bu yolu başa vurması üçün üzərinə götürdüyü əsas öhdəliklərindən biri də ölkəsində yaşayan etnik azlıqların hüquqlarının qorunması, hörmətlə yanaşmasıdır. Avropaya İnteqrasiya üçün öhdəliklər bir kənara qalsın, Gürcüstan hökümətinin təhsil ilə bağlı qanunvericiliyinə əsasən etnik azlıqlar öz ana dillərində təhsil almaq imkanları ilə təmin olunubdur. Bəs bizim hüquqlarımız necə qorunur??? Ölkədə yaşayan ən böyük etnik azlıq kimi ANA dilimizdə təhsil almaq hüquqlarımız ilbəil necə qorunub saxlanılır? 1989-cü ildə Gürcüstanda 183 Azərbaycan məktəbi fəaliyyət göstərirdi. 2019-cü ildə 117 məktəb qaldı (117 məktəbdən 80-i Azərbaycan, 37-si isə sektor/bölmə məktəblərdir (azərbaycan/gürcü, azərbaycan/gürcü/rus bölmələri)). Konkret bir addım atılmasa, bu şəkildə davam edərsə 4-5 ilə bu məktəblərin kütləvi bağlanması qaçılmazdır. Məktəblərin bağlanması səbəbi kimi təhsil keyfiyyətinin aşağı olması, infrastrukturun müasir tələblərə cavab verməməsi, bəzi məktəblərin qəzalı vəziyyətdə olması və s. göstərilsə də, ən başlıca səbəblərdən biri kadr çatışmamazlığıdır. 1935-ci ildə Pedaqoji Texnikum kimi təsis olunan, 1946-ildən institut statusu alan A.S.Puşkin Tbilisi Dövlət Pedaqoji İnsitutu vaxtilə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllimlər yetişdirirdi. Sonralar Sulxan-Saba Orbeliani, halhazırda isə İlia Çavçavadze adına Tbilisi Dövlət Universiteti adlandırılan bu ali məktəbdə 2010-cü ilə qədər bu ixtisas üzrə kadrlar hazırlanırdı. Azərbaycan bölməsinin bağlanmasının səbəbləri nə oldu? Bu fakültənın işçiləri, müəllimləri, məzunları, o vaxtkı və indiki millət vəkillərimiz Azərbaycan bölməsinin bağlanmasına necə imkan verdilər, bununla necə barışdılar??? Azərbaycan bölməsi bağlandıqdan sonra yenidən açılması üçün nə üçün cəhd edilmədi? Bu başqa bir mövzudur, siz bunun səbəblərini fikirləşin, mən isə eyni ölkədə yaşayan, sayca bizdən qat-qat az olan digər bir millətin nümayəndələrinin necə fəal olmasını siz bəndələrə ərz edim. Halhazırda Gürcüstanda 131 erməni məktəbi var, bu məktəblərin gələcəkdə bağlanma təhlükəsi sıfıra bərabərdir. İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində "Ermənişünaslıq" ixtisası üzrə gənclər təhsil alır, qədim və müasir erməni dilini, Ermənistanın tarixini, mədəniyyətini öyrənirlər. Biz isə Gürcüstanda sayımızın çox olmasına, çoxluq təşkil edən etnik azlıq (etnik azlıq da deyilik, öz tarixi torpaqlarımızda yaşayırıq) olanımızı da itirə-itirə gedirik. 1990-cı ildə ermənilərin sıx yaşadığı Samtsxe Cavaxeti regonunda İvane Cavaxaşvili Tbilisi Dövlət Universitetinin Axalkalaki filialı yaradıldı, 2014-cü ildə isə filial Samtsxe Cavaxeti Dövlət Universiteti kimi rəsmi qeydiyyata alındı. Azərbaycan tarixi Gürcüstanda tədris olunmur, bu bizim bədbəxtçiliyimizdir. Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti Uzun Həsəni, Mehdi Hüseynzadəni, Əhmədiyyə Cəbrayılovu, Ziya Bünyadovu, Süleyman Əlyarlını tanımırlar. Tomirisi, Sara xatunu tanımırlar, Gürcüstanda anadan olan N. Nərimanovu belə tanımırlar. Bir tək Azərbaycan dili və Ədəbiyyatı fənnində şagirdlər az-çox Azərbaycanla bağlı nəsə öyrənirlər, mədəniyyətimizi, tariximizi, ədiblərimizi əlaqəli şəkildə mənimsəyirlər. Gürcüstanda Azərbaycan məktəblərinin sayı ilbəil azalır, bir çox Azərbaycan məktəblərində gürcü sektorları açılır, daha sonra isə kadr çatışmamazlığı ucbatından azərbaycan sektoru bağlanıb bir tək gürcü sektorunu saxlayırlar, beləliklə də uzunmüddətli düşünülmüş siyasət nəticəsində bir neçə ilə bir dənə də Azərbaycan məktəbi qalmayacaq. və sonda fransızlar demişkən "vualá", it də getdi, ip də... Kadr çatışmamazlığı pensiya, təqaüd yaşına çatmış müəllimlərin “mədəni” surətdə işdən çıxarılması ilə daha da kəskin hiss olunmaqdadır (gözünüz aydın ikinci axın “işdən çıxarılma prosesi” noyabr ayında da olacaq). "Bir millətin ki, dili batdı, onda o millətin özü də batar. Çünki bir millətin varlığına, isbati-vücud etməsinə səbəb onun dilidir". Həsən bəy Zərdabi. Bu gün yaşanan problemlər bir tək Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin çatışmamazlığı ilə bağlı deyil. Digər riyaziyyat, fizika, kimya, biologiya, tarix və s. kimi fənləri tədris edən Azərbaycandilli müəllimlər də çatışmır. Azərbaycandilli media, jurnalistika, mətbuat, teatr ağrılı yerimizdir, bu sahələrin ciddi dəstəyə və inkişafa ehtiyacı var. Bu yaşanan problemləri həll etməyin yeganə yolu Gürcüstanda tez bir zamanda Azərbaycan-Gürcüstan Universitetinin açılmasına nail olmaqdır. Xəyallarımın universiteti: 1. Elə bir universitet ki, Azərbaycandilli kadrlar yetişdirəcək (riyaziyyat, fizika, tarix, Azərbaycan dili və Ədəbiyyatı, kimya, coğrafiya və s.). Bu kadrlar gələcəkdə azərbaycan məktəblərində dərs deyəcəklər, bəzi kadrlar isə universitetdə qalıb magistratura və doktoranturada təhsillərini davam etdirib, sonradan bu universitetdə dərs deyəcəklər. Azərbaycan dilli kadrlar oxuduqları müddətdə, universitetə daxil olandan, universiteti bitirənə kimi gürcü dilini də mükəmməl öyrənəcəklər. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan kadrların Gürcü dili və ədəbiyyatı fənnini də tədris etmək hüququ olacaq, beləliklə də gürcü məktəblərində də müəllim kimi işləmək imkanları da olacaq. 2. Elə bir universitet ki, azərbaycanlılarla gürcülər bir yerdə təhsil alacaqlar, bir-birlərinin mədəniyyətlərini, dillərini, tarix və adət-ənənələrini birlikdə öyrənəcəklər. 3. Elə bir universitet ki, pedaqoji kadr hazırlayan fakültədən əlavə digər fakültələr də, biznes, hüquq, sosial elmlər və s. fəaliyyət göstərəcək, təhsil gürcü və ya ingilis dilində olacaq. 4. Elə bir universitet ki, fakültəsindən asılı olmayaraq bütün tələbələr üçün Azərbaycan və Gürcüstan mədəniyyətini, Azərbaycan və Gürcüstan tarixini bilmək məcburi olacaq, azərbaycanlılar üçün isə əlavə olaraq gürcü dilini bilmək məcburi olacaq. 5. Elə bir universitet ki, Azərbaycandilli media, jurnalistika, mətbuat və teatr üzrə də kadrlar yetişdirəcək, paralel olaraq gürcü dilində də mükəmməl öyrənəcəklər bu isə mətbuatda məlumatların hər iki dildə çatdırılmasına, teatrda tamaşaların hər iki dildə oynanılmasına, ən önəmlisi də bu sahə üzrə güclü, PEŞƏKAR kadrların yetişməsinə gətirib çıxaracaq. 6. Elə bir universitet ki, Azərbaycan və gürcü xalqları arasında əsl dostluq münasibətlərinin inkişafına gətirib çıxaraq. Belə bir universitetin əsasının qoyulması Azərbaycan və Gürcüstan hökumətlərinin birgə səyi nəticəsində mümkündür. Biz, Gürcüstan vətəndaşları isə imza toplayıb hər iki ölkənin prezident, baş nazir və təhsil nazirlərinə öz istəyimizi çatdıracağıq. Bir millət kimi yoxa çıxmaq istəmirsizsə aşağıda olan formanı hər iki dildə - azərbaycan və gürcü dilində doldurmağınız xahiş olunur. Ziyalıları, müəllimləri, valideynləri, siyasətçiləri, gəncləri, imza atmaq hüququ olan hər kəsi aktiv olmağa səsləyirəm. Gələcəyiniz üçün indidən imza atın. Ölkədə çoxluq təşkil edən etnik azlıq kimi, ANA dilimizdə təhsil almaq hüququmuz var. Avropaya inteqrasiya edən Gürcüstan çox gözəl bilir ki, Avropa ölkəsi olan İsveçrədə vətəndaşlar seçimlərindən asılı olaraq fransız, alman, italyan və ingilis dillərində orta və ali məktəblərdə təhsil ala bilərlər. Aygül İsayeva Tiflis (Gürcüstan) Geri dön |