Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > GÜNEY AZƏRBAYCAN TARİXİNDƏ FƏDAKARLIQ VƏ QƏFLƏT DÖVRÜ-1
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları > GÜNEY AZƏRBAYCAN TARİXİNDƏ FƏDAKARLIQ VƏ QƏFLƏT DÖVRÜ-1

GÜNEY AZƏRBAYCAN TARİXİNDƏ FƏDAKARLIQ VƏ QƏFLƏT DÖVRÜ-1


Məşrutəyə sərf olunmuş milli enerji

Iran üçün XX yüzil 1905-ci ildə Məşrutə inqilabı ilə başlandı. Bu inqilab hakimiyyətin (dövlətin) xarakterinə dəyişikliklərlə yanaşı, həm də çoxmillətli ölkədə milli münasibətlərə yeniliklər gətirdi.Məşrutə inqilabının səbəbləri və gedişatı barədə çoxsaylı ədəbiyyat olduğundan ayrıntılara girməyəcəyik. Burada Məşrutə inqilabının yalnız əsas hadisələrini sıralamaqla kifayətlənək: 1905-ci ilin dekabrında baş nazır Eynüddövlənin bir qrup Tehran tacirini həbs etdirməsi ilə bazar tətil etdi; bu hadisə əhalinin müxtəlif təbəqələrinin etirazına nədən oldu və bu etirazlar bir il müddətində müxtəlif formalarda davam etdi; etirazçıların əsas tələbləri anayasa (məşrutə) elan edilməsi, məclisin çağırılması, Eynüddövlənin istefaya göndərilməsi, məhkəmələrin (“ədalətxana”nın) yaradılması, xarici müşavirlərin ölkədən qovulması, həbs olunanların azad edilməsi və s. idi; məşrutənin elan edilməsi, məclis (Məclise Şuraye Melli) nümayəndələrinin xalq tərəfindən seçilməsi haqqında şahın fərmanlarından və seçki nizamnaməsinin imzalanmasından sonra Tehranda seçkilər başladı; 1906-cı ilin oktyabrında işə başlayan məclis dekabrda Əsas Qanunun 51 maddəlik birinci bölümünü işləyib hazırladı və xəstə Müzəffərəddin Şah ölümündən bir neçə gün öncə onu imzaladı; yeni şah Məhəmməd Əli, Əsas Qanuna Əlavələri (Motəmməme Qanune Əsasi, 106 maddə) imzalamağa məcbur olsa da məclisi topa tutub, Rus kazak dəstəsinin yardımı ilə mütləq hakimiyyətini bərpa etməyə cəhd göstərdi; 1908-09-cu illər Təbriz üsyanı Məhəmməd Əli Şahın hakimiyyətinin devrilməsi, yerinə azyaşlı Sultan Əhməd Şahın gətirilməsi ilə nəticələndi; 1911-ci ildə Rus və İngilislərin hərbi müdaxiləsindən sonra əks-inqilabi çevriliş oldu, məclis buraxıldı.[1]



Tehranda baş vermiş hadisələr ilk gündən Azərbaycanda, özəlliklə Təbrizdə diqqətlə izlənildi. Mərkəzdəki inqilabi qüvvələrlə işbirliyi quruldu, onun təşəbbüslərinə dəstək verildi. 1906-cı ilin avqustunda məşrutənin elan edilməsi, hakimiyyətin konstitusiya verilməsini pozmaq cəhdi və şahın məclisə seçkilər haqqında nizamnaməni imzalamaqdan imtina etməsi xəbəri Təbrizə çatdıqda yerli narazı qüvvələr dərhal ciddi hərəkata başladılar. Hərəkatın ilk mərhələsində aparıcı mövqeyə malik olan İslamiyyə Əncüməninin təşəbbüsü ilə Təbrizdə tətil elan edildi. Əncümənin bir qrup üzvü etiraz əlaməti olaraq Britaniyanın Təbrizdəki konsulxanasında bəstə oturdular.[2] Bazarın davam edən tətili və başqa protest formaları Tehranda hərəkatı gücləndirdi. Sentyabrın sonunda şah sarayından Təbrizə göndərilən teleqramda tezliklə seçki nizamnaməsinin təsdiq ediləcəyi və Təbrizdə seçkilərin keçiriləcəyi bildirildi. Azərbaycan valisi Məhəmməd Əli Mirzə tezliklə seçiləcək Təbriz və Azərbaycan nümayəndələrinin Tehrana göndəriləcəyini bəyan etməyə məcbur oldu.[3] Bu qələbədən ruhlanan hərəkatçılar prosesləri idarə edə biləcək bir orqan yaratdılar. İranda ilk siyasi əncümənə seçkilər keçirildi. 20 nəfərdən ibarət olan bu əncümən müxtəlif adlar daşıdı: “Əncüməne Milliye Təbriz”, “Əncüməne Milliye Azərbaycan”, “Əncüməne Əyalətiye Azərbaycan”. Bu əncümən sonrakı illərdə hərəkatın siyasi mərkəzinə çevrildi, bəzən isə yerli hökumət funksiyası daşıdı. Əncümənin müxtəlif adlarda (“Cərideye Melli”, “Ruznameye Melli”, “Əncümən”, “Əncüməne Təbriz”) çıxmış bir mətbu orqanı da vardı.[4] Qəzet, günəş və aslan şəkilli İranın gerbi ilə Farsca çıxmışdır. Qəzetin redaktoru əvvəl Seyid Ələkbər Vəkili, ondan sonra Mahmud Qənizadə olmuşdur.[5]



Təbrizdə seçkilər başa çatdıqdan sonra Vəliəhd Məhəmməd Əli Mirzə daha əncümənə ehtiyac qalmadığını bildirərək, onun buraxılmasını tələb etdi. Amma əncümən üzvləri bu tələbi rədd edərək, Təbriz əhalisinin mitinqini təşkil etdilər. Bu mitinqdə onlar azadlıqdan və onun təminatçısı saydıqları əncüməndən əl çəkməyəcəklərini bildirdilər. Vəliəhd geri çəkilməyə məcbur oldu. Təbriz Əncüməni birinci məclisin işlədiyi dövrdə (1906-08) əslində yerli hakimiyyət orqanı funksiyasını daşıyır, fəal şəkildə şəhərin problemləri ilə məşğul olur, eyni zamanda ciddi siyasi mərkəz rolunu oynayırdı. Təbriz Əncüməninin təsiri və köməyi ilə tezliklə əyalətin çeşidli yerlərində - Urmuda, Salmasda, Marağada, Ərdəbildə, Zəncanda, Xalxalda, Xoyda, Makıda, Binabda, Astarada vilayət əncümənləri təşkil edildi.



Təbriz Əncüməni Məclisə seçilmiş nümayəndələr vasitəsilə Tehrandakı siyasi proseslərə birbaşa müdaxilə etməyə başladı. 1907-ci ilin yanvarında Təbriz Əncüməninin (Azərbaycan Əyalət Əncüməninin) yeddi maddədən ibarək tələbləri saraya göndərildi. Bu tələblər arasında ölkədə elan edilmiş konstitusiyaya uyğun idarə üsulunun bərqərar edilməsi, ölkə miqyasında əyalət və vilayət əncümənlərinin yaradılması zərurəti də vardı. Yenicə taxta çıxmış Məhəmməd Əli Şah hərəkətləri ilə bu tələblərə etina etməyəcəyini, mütləq monarxiya prinsiplərindən vaz keçməyəcəyini bildirdi. Şahın bu hərəkətlərinə etiraz olaraq yenidən Təbriz bazarı və dükanları bağlandı, küçə nümayişləri, mitinqlər təşkil edildi. Təbrizdən şah sarayına qəzəbli teleqramlar axmağa başladı. Təbriz əhalisi konstitusiya qaydaları tətbiq edilməsə Azərbaycanı İrandan ayıracağını bildirdi.[6] Məclisin Azərbaycan nümayəndələri bəstə oturdular. Məhəmməd Əli yenidən geri çəkilməli oldu.



Azərbaycan Əyalət Əncüməni 1908-ci ilin ortalarına doğru artıq Azərbaycanda yerli hakimiyyəti təmsil edən əsas orqana, ölkə miqyasında təsirli siyasi mərkəzlərdən birinə çevrilmişdi. Rusiyanın Təbrizdəki diplomatik nümayəndəsi yazırdı : “Azərbaycanda çoxdan bəridir ki, bütün hakimiyyət yerli əncümənin ixtiyarındadır. Bütün İranda böyük hörmətə və nüfuza sahib olan bu əncümənin Tehrandakı bölməsinin [Azərbaycan Əncüməni nəzərdə tutulur – N.N.] məsləhətlərini məclis nümayəndələri məmnuniyyətlə qəbul edirlər.”[7] Azərbaycan Əyalət Əncüməninin , ümumiyyətlə Azərbaycanın Məşrutə inqilabında birinci dərəcəli rolu xüsusilə əks-inqilabi çevrilişdən sonra daha aydın görünür.



Lazımi hazırlıq işləri apardıqdan sonra 1908-ci ilin iyununda Məhəmməd Əli Şah məclisi və inqilabçı əncümənləri (ilk sırada Azərbaycan Əncümənini) topa tutdurdu, inqilab rəhbərlərini həbs, ya sürgün etdirdi. Tehranda əksinqilabi çevriliş bütün İranda yayıldı, inqilabın nailiyyətləri hər yerdə ləğv edildi. Şah hakimiyyəti Təbrizdə də yürüşə başladı. Əyalət Əncüməninin binası dağıdıldı, bir sıra fəal həbs edildi, müqavimət göstərənlər öldürüldü. Təbrizi tutmaq üçün 40 minlik nizami qoşun hissələri və silahlı dəstələr cəmləşdirildi.[8] Şəhər daxilində döyüşlərə mütləqiyyət tərəfinə keçmiş İslamiyyə Əncüməni rəhbərlik edirdi. Şahçı qüvvələrin məşrutəçiləri sıxışdırdığı, sonuncular arasında ümidsizliyin gücləndiyi, inqilabın məğlubiyyəti fikrinin hakim kəsildiyi bir şəraitdə, iyulun 18-də Təbriz Sosial-demokrat təşkilatının rəhbərləri ilə inqilabçı dəstələrin başçısı Səttar Xanın[9] birgə toplantısında irticaya müqavimət qərarı verildi. Toplantıdan dərhal sonra Səttar Xan azsaylı dəstəsi ilə evlərin damlarına dikilmiş təslimiyyət simvolu olan ağ bayraqları çıxardıb, yerinə qırmızı bayraqlar sancdı. Bu simvolik hadisə Məşrutə inqilabının gedişində dönüş nöqtəsi oldu. Azərbaycan Əyalət Əncüməni 12 nəfərlik üzvlə yenidən işini bərpa etdi. Dörd ay davam edən şiddətli döyüşlər məşrutəçi qüvvələrin qələbəsi ilə nəticələndi, Təbriz mütləqiyyətçi qüvvələrdən təmizləndi. Əyalət Əncüməni Təbrizdə və bir sıra vilayətlərdə tam nəzarəti ələ keçirdi. Təbriz üsyançılarının sentyabr-oktyabr qələbələri təkcə Azərbaycan vilayətlərinə deyil, ölkənin mərkəzinə və Gilan, İsfahan, Xorasan kimi əsas əyalətlərinə də ruhlandırıcı təsir etdi, Məşrutə tərəfdarlarını yenidən hərəkətə gətirdi.



Şah əsas gücünü inqilabın mərkəzi olan Təbrizin tutulmasına yönəltdi. 1909-cu ilin mart ayında mühasirəyə alınmış Təbriz, artıq aclıqla üz-üzə qalmışdı. Azərbaycan Əyalət Əncüməni ilə şah sarayı arasında İngilis və Rus diplomatlarının aracılığı ilə danışıqlar başladı. Əncümən barışıq üçün Məşrutənin bərpa edilməsi, məşrutəçi qüvvələrdən silahların alınmaması, onların təqib edilməməsi, dövlət qoşunlarının Təbrizdən uzaqlaşdırılması, Azərbaycan valisinin xalqın razılığı ilə təyin edilməsindən ibarət beş şərt irəli sürdü.[10] Danışıqları uzatmaqla şah sarayı vaxt qazanmaq, Təbriz ətrafına daha artıq hərbi güvvə toplamaq, Təbrizi aclıqla boğmaq istəyirdi. 1909-cu ilin aprelində mütləqiyyətçi qüvvələr yenidən Təbriz üzərinə hücuma keçdilər, şiddətli döyüşlərin olmasına baxmayaraq, onlar güclü müqavimətlə qarşılaşdılar və şəhəri ala bilmədilər. Şah sarayı hakimiyyətini qorumaq üçün xarici müdaxilədən istifadə etməyə məcbur oldu. Təbrizə ərzaq gətirmək, xarici təbəələrin həyatını qorumaq bəhanəsi ilə Rusiya qoşunları sərhədi keçib, Təbrizə doğru yönəldi. Əyalət Əncüməni müqavimət göstərməmək haqqında qərar verdi. Bununla belə Azərbaycan vilayətlərinin çoxunda əncümənlər yerli hakimiyyət orqanı kimi işləyir və Əyalət Əncüməninin göstərişlərini yerinə yetirirdi.



İnqilab mərkəzi Təbrizin işğalına baxmayaraq, Məhəmməd Əli Şah hakimiyyətini saxlaya bilmədi. Gilan və İsfahandan inqilabçı qüvvələrin Tehran üzərinə yürüşündən sonra Məhəmməd Əli Şahın devrildiyi və 14 yaşlı oğlu Sultan Əhmədin (1909-25) şah elan edildiyi bildirildi. İkinci çağırış İran məclisinin (1909-11) təsdiq etdiyi hökumət ölkədə asayişin bərpasını əsas məqsədi elan etdi. Bunun üçün məşrutəçilərin silahsızlazdırılmasına başlandı. İlk növbədə Təbrizdəki silahlı dəstələri neytrallaşdırmaq gərəkdi. Bu məqsədlə Məşrutə qəhrəmanları Səttar Xan (Sərdari Milli) və Bağır Xanı (Salari Milli) Təbrizdən uzaqlaşdırmaq uyğun görüldü. Daxili işlər nazirinin onları Tehrana dəvət məktubları ilə yanaşı, başqa rəsmi şəxslərdən təhdid məktubları da gəlməyə başladı. Səttar Xan Tehrana getməkdən imtina edirdi. Ancaq yeni fitnəkarlığın baş verməsini və Azərbaycanda yenidən qan tökülməsini önləmək üçün Səttar Xan sonda Tehrana getməyə qərar verdi. Təbrizdə təntənəli yolasalma, Tehranda isə eyni təntənədə qarşılama mərasimlərinin keçirilməsinə baxmayaraq, tezliklə hökumətin əsas məqsədi ortaya çıxdı. 1910-cu ilin avqustunda Səttar Xanın azsaylı silahlı dəstəsi Atabəy parkında mühasirə edilərək, silahları təhvil verməyə çağırıldı. Bundan imtina edildikdə isə çoxminli hökumət qüvvələri Yefrem Davidiyansın (Daşnak partiyasının üzvü) komandanlığı ilə inqilabın bu son qalası üzərinə hücuma keçdilər. Park hər tərəfdən top atəşinə tutuldu. Səttar Xanın dəstəsindən 18 nəfər öldü, 40 nəfər isə yaralandı. Səttar Xan özü də yaralandı.[11] Məşrutə qəhrəmanları Təbrizə qayıtmaq istəsələr də Tehran hökuməti buna icazə vermədi. Başqa sözlə, Səttar Xan və Bağır Xan Tehranda sürgün həyatı yaşamağa məcbur oldular. Bu hadisə Təbrizi və bütün Azərbaycanı hiddətləndirdi. Rus qoşunlarının Azərbaycanda yerləşməsi məşrutəçiləri fəal hərəkətlərdən çəkindirməsinə baxmayaraq, Azərbaycanda hərəkat davam etməkdə idi. Buraya təyin edilmiş əyalət valisinin təzyiqlərinə cavab olaraq Təbriz əhalisi onun istefasını tələb etdi. Məclis Təbriz əhalisinin tələbini qəbul etməyə məcbur oldu. 1911-ci ilin başlarında Əyalət Əncüməninə, Mərənd, Xoy, Urmu və başqa vilayət əncümənlərinə yeni seçkilər keçirildi.[12]



Məhəmməd Əli Şahın yenidən hakimiyyətini bərpa etmək cəhdi paytaxtda olduğu kimi Azərbaycanda da şiddətli müqavimətə rast gəldi. 1911-ci ilin avqustun sonlarında irticaçı qüvvələr Təbrizə hücum etdilər. Ağır döyüşlərdən sonra Təbrizin müdafiəçiləri bu qüvvələri geri oturtdular. Azərbaycan Əyalət Əncüməni yenidən durumu nəzarət altına aldı. Rusiyanın Amerikalı müşavirləri ölkədən çıxartmaq tələbi və bu tələbin İngiltərə tərəfindən müdafiə edilməsi noyabr ayında yenidən ölkədə siyasi böhran yaratdı. Tehranda məclis buraxıldı, yeni hökumət Rusiyanın ultimatumunu qəbul etdi. Ancaq Təbriz yenə də təslim olmaq istəmədi. Dekabr ayının 20-28-i arasında Təbrizdə Rus qoşunları ilə yerli mücahidlər arasında döyüşlər oldu. Yeni Rus qoşunlarının şəhərə gətirilməsindən sonra Azərbaycan Əyalət Əncüməni müqavimətin dayandırılması haqqında qərar verdi. Rus qoşunları şəhəri dağıdıb, inqilabçıları kütləvi surətdə həbs etdi, Məşrutə hərəkatının onlarla fəal iştirakşısı məhv edildi. Bununla Məşrutə inqilabı Azərbaycanda da sona çatdı.



Göründüyü kimi, Azərbaycan Məşrutə inqilabında ən fəal şəkildə iştirak etdi. Təbrizin inqilab mərkəzi rolunu oynaması fikri sonrakı rəsmi İran tarixçiliyində də yer aldı. Bu fəallığın nədənləri sırasında tarix ədəbiyyatında Azərbaycanın həmin dövrdə ölkənin başqa əyalətlərinə nisbətən iqtisadi-ticarı baxımdan daha inkişaf etməsi, Azərbaycan əhalisinin siyasi cəhətdən daha aktiv olan Qafqazlarla əlaqələrinin sıxlığı, burada minlərlə insanın həyat məktəbi keçməsi göstərilir.[13]



Bu nədənlər sırasına Azərbaycanın siyasi baxımdan Məşrutə inqilabını nisbətən hazırlıqlı qarşılamasını da əlavə etmək olar. Hələ XIX yüzilin sonlarında Təbrizdə yuxarıda adı çəkilmiş “İslamiyyə Əncüməni” adlı təşkilatın əsası qoyulmuşdu. Bu təşkilat əsasən orta və aşağı dərəcəli ruhanilərdən ibarət olub, dini mərasimlərdə siyasi məsələləri müzakirə edirdi. 1900-cü ildə Təbrizin maarifçi ziyalıları Azərbaycan Maarif Əncümənini təşkil etdilər. Burada da çeşidli siyasi məsələlər müzakirə edilirdi. Azərbaycanda Məşrutə inqilabının gedişində ən fəal şəkildə iştirak etmiş Təbriz İctimaiyyun-amiyyun (sosial-demokrat) təşkilatının ilk kiçik qrupları yüzilin əvvəllərində ortaya çıxmaqda idi. 1903-cü ildə yeni gömrük tarif sisteminə qarşı hərəkat Azərbaycanda daha qalmaqallı keçdi. Yeni gömrük sazişlərinin bağlanmasına çalışan baş nazir Əminüssultan Atabəyi Nəcəf ruhanilərinin dinsiz elan etmələrindən sonra Təbrizdə vərəqələr yayıldı. Bazar və dükanlar bağlandı, etiraz edən kütlə, bütün xarici gömrük müşavirlərinin ölkədən qovulmasını tələb etdi. Ruhanilərin tələbləri sırasında meyxanaların, mehmanxanaların, eləcə də yeni üsullu məktəblərin bağlanması da vardı. Vəliəhd Məhəmməd Əli Mirzə yazılı olaraq Belçukalı gömrük müşaviri Primi şəhərdən çıxartdığını, meyxanaların, mehmanxanaların və yeni məktəblərin qapadılması haqqında göstəriş verdiyini bildirdi.[14] Ruhanilər Vəliəhdin yazılı vədinə etina etmədən şəhərdəki meyxanaları, mehmanxanaları və yeni üsul məktəbləri dağıtdılar. Onlarla adamın həbs və sürgün edilməsinə baxmayaraq, bu hadisə cəmiyyətin siyasiləşməsinə təkan verdi.



Azərbaycanın Məşrutə inqilabında fəal iştirakı səbəbləri sırasında Vəliəhd (sonra şah) Məhəmməd Əli Mirzənin valisi olduğu əyalətə münasibəti sayıla bilər. Məşrutə inqilabını birbaşa müşahidə etmiş və onun gedişində fəal iştirak etmiş Məmməd Əmin Rəsulzadə, Vəliəhd Məhəmməd Əli Mirzənin Azərbaycanla daim gərgin münasibətdə olduğuna diqqət çəkir. O yazır: “Muzafferüddin Şah’ın vefatını müteakib oğlu Mehemmed Ali Şah pederinin hilafına olarak Azerbaycan’a adavet besledi. Ve fakat bu adavetin semeresini iktifafta [görməkdə, izləməkdə?] gecikmədi: Kanun-i esasiye karşı isyan eden bu mütemerrid [inadcıl] şah kendine karşı silah be-dest müdafaa olarak Azerbaycan’ı buldu.” Məhəmməd Əlinin vəliəhdliyi dövrü də, Rəsulzadəyə görə, “Azərbaycan tarih-i ihtikarının [möhtəkirliyinin] en vahşet-nak bir devrini teşkil eylemiştir.”[15]



Ölkə tarixində ilk dəfə olaraq Əsas qanunun (konstitusiyanın) qəbulu və mütləqiyyətdən konstitusiyalı monarxiya idarə üsuluna keçid, həm də ənənəvi əşirət (tayfa) dövlətindən modern dövlətə keçidin göstəricisi idi. Bu, bütün İran əhalisinin ümumi qazancı idi. Ancaq əhalinin çox-etnoslu tərkibinin Əsas qanunda əks olunmaması, Fars qövmünün dilinə əlahiddə statusun verilməsi, Şiəliyi rəsmi dövlət məzhəbi elan etmək və s. Məşrutə inqilabından dərhal sonra ölkədə kəskin problemlər yaradacaqdı. Azərbaycanın, ümumiyyətlə Türklərin Məşrutə inqilabında bu qədər fəal iştirak etməsi və verdiyi minlərlə qurbanın müqabilində qazancı oldumu, oldusa nə idi?



Yuxarıda da deyildiyi kimi, ölkədə ilk siyasi əncümən 1906-cı ilin sentyabrında Təbrizdə yarandı. Şəhər əhalisi tacir, sənətkar, aristokratiya, ruhanilər, mülkədar və torpaq sahiblərindən ibarət 20 nəfərlik heyət seçdilər. Bu heyətə Təbrizin baş müctəhidi Hacı Mirzə Həsən, mülkədarlar Nizamüddövlə, Bəsirüssəltənə, Məliküttüccar, tacir Mehdi Ağa Kuzəkunani və başqaları daxil oldular. Əncümənin toplantılarında sənətkarların nümayəndələri də iştirak edirdilər. Əncümənin ilk sədri Hacı Nizamüddövlə seçildi.[16] Təbriz Əncüməni sonralar Azərbaycan Əyalət Əncüməni kimi fəaliyyət göstərdi və inqilab dövründə siyasi proseslərin mərkəzində yer aldı. 1907-ci ilin may-iyununda birinci məclis Əyalət və vilayət əncümənləri haqqında qanun layihəsini müzakirə edib, 122 maqqədən ibarət qanun olaraq qəbul etdi. Bu qanunda əncümənlərin təşkili qaydaları, onların səlahiyyətləri, əyalət və vilayətlərin büdcələri, vilayət əncümənlərinin təşkili haqqında bölümlər var idi. Əyalət əncümənlərinin səlahiyyətləri haqqında bölüm özəlliklə diqqəti çəkir. 87-ci maddə əyalət əncümənləri üçün kifayət qədər geniş səlahiyyət dairəsi müəyyən edirdi: qanunların həyata keçirilməsinə nəzarət, əyalət işləri haqqında qərarların qəbul edilməsi, əyalətin iqtisadiyyatı, təhlükəsizliyi və rifahına aid münasibətin bildirilməsi. Əyalət əncümənlərı valilər haqqında şikayətləri müzakirə edib, onun hərəkətlərində qanuna zidd hallar müəyyən etdiyi təqdirdə, valiyə xəbərdarlıq etmək haqqına sahib idilər. Bu xəbərdarlıq təsirsiz qaldıqda, əncümənlər məsələni ölkənin mərkəzi dövlət orqanları qarşısında qaldıra bilərdilər (89-cu maddə). Əyalət əncüməninin səlahiyyət dairəsinə vergilərin yığılması və xərclənməsinə nəzarət (91-ci maddə), lazım gəldikdə fövqəladə yerli vergilər qoymaq (94-cü maddə) da daxil idi. Bu qanuna görə, əyalət və vilayət büdcələri vali tərəfindən tərtib edilsə də, əncümənlər büdcə layihəsinə lazımi dəyişiklik etdikdən sonra onu təsdiq edib, son təsdiq üçün maliyyə nazirliyinə göndərməli idi (112-ci maddə). Vali hər ilin birinci ayında əncümənə müfəssəl maliyyə hesabatı verməli idi (113-cü maddə).[17] Bu qanun əyalət və vilayət əncümənlərinə yerli hakimiyyət orqanları rolunu oynamaq üçün kifayət qədər səlahiyyət verirdi və Məşrutə inqilabı gedişində özəlliklə Azərbaycan Əyalət Əncüməni bu səlahiyyətlərdən yetərincə istifadə edib, kiçik aralıqlarla əyalətdə əsas hakimiyyət orqanı oldu. Əyalət və vilayət əncümənləri o zamankı İran dövlətinin “Məmaliki Məhruseyi Qacar” prinsipindən qaynaqlanırdı (hərçənd ki bu prinsip Anayasada əks olunmamışdı). O, İrandakı xalqların mühüm və yeganə demokratik və milli nailiyyətlərindən biri sayılmalıdır. Çoxmillətli İranda millətlərarası problemlərin yumşaldılması, hətta sonralar həlli sahəsində həssas rol oynamaq potensialına malik idi. (Məşrutə inqilabının məğlubiyyətindən sonra bu demokratik idarəçilk insititutu ləğv edildi, uyğun qanun isə icrasız qaldı).



Əncümənlərin yerli idarəçilik, muxtariyyət orqanları kimi mühüm önəminin olmasına, mərkəzin qanunsuzluğuna və yararsız idarəçiliyinə qarşı yönəlmələrinə baxmayaraq, onlar milli muxtariyyət orqanları ola bilmədilər. Azərbaycan Əyalət Əncüməninin və yerli vilayət əncümənlərinin yerli dil, mədəniyyət haqqında hər hansı bir qərarının olması məlum deyildir. Əncümənin orqanı olan “Əncümən” qəzeti Farsca çıxır, çeşidli orqanların adındakı “milli” sözü “ümummilli”, ümum-İran anlamı daşıyırdı. İnqilab zamanı Azərbaycanda fəal iş aparmış “İctimaiyyun-amiyyun” (“Mücahid”) partiyasının[18] sənədlərində milli-etnik məsələ ilə bağlı heç bir qeyd yox idi.[19] İnqilab zamanı Tehranda yaranmış, Təbrizdə də yerli şöbəsi olan İran Demokrat Partiyası İranın çoxmillətli quruluşunu qəbul etmir, hər vasitə ilə onun xarici və daxili bütünlüyünü qorumaq zərurətindən bəhs edirdi.[20] Bu partiyanın qurulmasında yerli Türklər mühüm rol oynamış, onun gerçək rəhbəri Seyid Həsən Tağızadə idi. Bu partiyanın Tehrandakı “İrane nou” qəzetini Məmməd Əmin Rəsulzadə, Təbrizdəki “Şəfəq” qəzetini isə sonralar pan-İranistlərin tanınmış nümayəndəsi olacaq Mirzə Hacıağa Rzazadə (sonralar Rzazadə-Şəfəq) redaktə edirdi. Hüseyn Ümidə görə, Məşrutə inqilabı dövründə Azərbaycanda 50-yə yaxın qəzet və dərgi çıxdı. Bunlardan 8-i Türkcə-Farsca, biri Türkcə, qalanları isə Farsca nəşr edildi.[21] Tehranda çap edilən bir çox qəzetin təsisçisi və redaktoru da Türklərdən idi. Bu mətbu orqanların araşdırılması göstəririr ki, onlar bir qayda olaraq ümum-İran problemlərindən bəhs etmiş, Türklük məsələlərini səhifələrinə çıxartmamışlar.[22]



Məşrutə inqilabından ən karlı çıxan Fars etnosu oldu. Hər şeydən əvvəl Farsların onillərlə uyuşa bilmədikləri Qacar hakimiyyəti zəiflədi. Bunun əksinə, ölkə idarəçiliyində onsuz da böyük çəkisi olan Fars bürokratiyasının rolu daha da artdı. 1907-ci ilin avqustunda Təbrizli Abbas Ağanın baş naziri qətl etməsindən məmnun olan Fars şairlərindən Fəhrül Vaizin adlı birisi Qacar hakimiyyətini Fars dövlətçiliyinə yad, hətta düşmən hadisə sayır. Bir şeirində o yazır: “Türk, İran əsillilərə eyləyib töhmət, Firudin mülkünü, Cəmşidin camını aldı.”[23] İslahatçı-modernist dairələrin Hindistanda çap etdirdiyi nüfuzlu Həblülmətin qəzeti inqilab zamanı (12 noyabr 1906) Təhsil Nazirliyinə ünvanladığı redaksiya məqaləsində yazırdı ki, toplum özünü yalnız o vaxt modernləşdirə bilər ki, o tək millətə çevrilə bilsin. Və toplum o zaman tək millətə çevrilir ki, o, ortaq ənənə, inanc və özəlliklərlə birləşə bilsin. Qəzetin fikrinə görə, “bəzilərinin yanlış olaraq iddia etdiyi kimi, təkcə monarxa sədaqət yetməz.” Bu bağların olmaması toplumu bölər və modernləşmənin qarşısını alar. Məqalə-müraciət müəllifləri İranın başına gələn faciələri buradakı Türklüyün varlığı ilə izah etmək kimi qatı irqçi nəticəyə gəlirlər: “Bizim indiki bədbəxtliklərimizin kökləri Moğol və Tatar yürüşlərinə gedib çıxır. Sevgili Azərbaycanımıza bir xarici dil təhmil edildi. Əhalimiz Fars və Türk dillilərə bölündü.” Başqa bir yerdə Həblülmətin hesab edirdi ki, “ölkədə çoxdilçilik qaldıqca, onun müstəqilliyini nəinki Əsas qanun, hətta respublika idarəçiliyi belə təmin edə bilməz.”



Farsların çoxluqda olduğu Şiə ruhanilərinin yuxarı təbəqəsi XIX yüzil boyu artan nüfuzlarını yeni Anayasada təsbit etdirə bildi. Bu təbəqə inqilabın başlarında fəal şəkildə proseslərə qoşuldu, şah sarayı ilə narazı kütlə arasında vasitəçi olmağa çalışdı. Tehran müctəhidləri Seyid Məhəmməd Təbatəbai, Seyid Abdulla Behbehani və Şeyx Fəzlulla Nuri nüfuzlarından istifadə edərək yeni Anayasada ruhanilərin yüksək sosial-siyasi statusunun təsbit edilməsinə çalışdılar. Anayasaya Əlavələrin layihəsini onlar narazılıqla qarşıladılar. Ruhanilərin yuxarı təbəqəsi Anayasanı tamamilə şəriətə tabe etdirməyə, beləliklə ölkənin ictimai-siyasi həyatına özlərinin nəzarətini təmin etməyə çalışdılar. Feodal aristokratiyası və şah sarayı ilə yaxın əlaqələri olan Şeyx Fəzlulla bu layihəyə qarşı xüsusi fəallıqla təbliğat aparırdı.[24] O, adıçəkilən layihəyə bir maddənin də əlavə edilməsini israr edirdi. Bu maddəyə görə, ruhanilərdən ibarət olan xüsusi bir komissiya qanun layihələrinin və məclis qərarlarının şəriətə uyğun olub-olmamasını müəyyən etməli, bununla məclis hər addımını ruhanilərin yuxarı təbəqəsinin sanksiyası ilə uyğunlaşdırmalı idi.[25] 1907-ci ilin oktyabrında qəbul edilmiş (1925-ci ilin dekabrında qismən dəyişdirilmiş) Anayasaya Əlavələrdə İranın rəsmi dini 12 imam haqqında Cəfəri məzhəbi qəbul edildi (1-ci maddə). Əlavələrin 2-ci maddəsində yazıldı: “Məclisin qanunları İslamın müqəddəs qaydalarına zidd olmamalıdır. Bu qanunların İslam əsaslarına uyğun olmasını üləmalar müəyyən edir.” Bunun üçün 5 ali ruhani şəxsdən ibarət olan bir komitə yaradılmalı idi. Bu komitənin təşkili qaydaları 2-ci maddədə izah edilmişdir.[26] Əncümənlər haqqında qanun layihəsi də ruhanilərin kəskin müqavimətinə rast gəldi. 1907-ci ilin martında məclisdə çıxışı zamanı müctəhid Ağa Seyid Məhəmməd deyirmiş: “Bu əncümənlər nə olan şeydir? Onlar nəyə lazımdır? Bir ölkədə yüzlərlə parlament olmaz. Məclis olan yerdə bu əncümənlər lazım deyil. Əncümənlər ölkədə qarışıqlıq və anlaşmazlıq yaradır, xeyri də yoxdur... Onlar hətta ruhanilərin də işinə qarışırlar...”[27]



Fars etnosunun Məşrutədən əldə etdiyi ən böyük qazanclardan birisi də Fars dilini bilməyin məclisə və əncümənlərə seçilmək üçün vacib şərt olması idi. Bu şərt məclisə seçkilər haqqında qanunda (4-cü maddə), eləcə də əyalət və vilayət əncümənləri haqqında qanunda (9-cu maddə) təsbit edildi.[28] İnqilab dövründə əhalisinin əksəriyyətinin Farslardan ibarət olduğu Tehrana əyalətlərə nisbətən həddindən artıq yerin verilməsini də bu xalqın üstün statusunun təsbiti saymaq olar. Tehrandan seçiləcək 60 məclis üzvü birinci məclisin üzvlərinin (cəmi 200-ə qədər) önəmli bölümünə bərabər idi. Halbiki Tehran əhalisindən 6-7 dəfə çox olan Azərbaycan əyalətinin əhalisinə cəmi 12 yer ayrılırdı. İkinci məclisə seçkilər haqqında qanunda dəyişiklik oldu. Artıq Azərbaycan əyalətinə ən çox – 21 yer verilir, Tehrana ayrılan yerlərin sayı isə kəskin şəkildə azaldılıb, 60-dan 15-ə endirildi.[29]



Beləliklə, Azərbaycan Türkünün Məşrutə inqilabında iştirakı mövzusunu yekunlaşdırarkən bu inqilabı onlar üçün itirilmiş fürsətlər kimi dəyərləndirmək məcburiyyətindəyik. Məmməd Əmin Rəsulzadə 1911-ci ildə yazırdı: “Türk inkılabçıları, Türk məbusları, Türk encümenleri dediğimizde bunların mahz Türklük namına hareket ettikleri düşünülmesin. İran Türk meşrutiyyetperverleri Türklüklerini düşünmediler; bütün fedakarlığı ancak İranlılık ve vatan-i müşterek namına icra etmişlerdir.” [30] Çox sonralar Təbrizli Əli Azərbaycanın və Türklərin Məşrutə inqilabında iştirakına simvolik şəkildə, ancaq dəqiq qiymət verəcəkdi: “Məşrutiyyətdə biz yorğa getdik, onlar [Farslar] mindilər...” [31]



1920-ci ilin Təbriz üsyanı: Nəyə xatir? Məqsəd millimi,“ümum-millimi”?



Yuxarıda deyildiyi kimi, Azərbaycan 1909-cu ilin aprelindən Rusiya qoşunları tərəfindən işğal edilmişdi. 1911-ci ilin sonunda Marağa feodalı Səməd Xan Şücaüddövlə əyalətin valisi təyin edildi. O, məşrutəçi qüvvələrə amansız divan tutur, yerli irticanı gücləndirirdi. O, əyalətdə repressiv rejim qurmuşdu. Rusiyanın israrı ilə bu vəzifəyə gətirilmiş və Rusiya nümayəndələrinin göstərişi ilə hərəkət edən bu şəxs mərkəzi Tehran hakimiyyətini saymır, hətta xarici ağalarının yardımı ilə əyalətin ərazisini Gilan və Zəncan hesabına genişləndirməyə çalışırdı.[32] Təbrizdəki Rusiya baş konsulluğu, Urmu və Ərdəbildəki vitse-konsulluqlar əyalətin daxili işlərinə qarışır, Rus təbəələrinin haqqlarını qorumaq bəhanəsi ilə buranı iqtisadi cəhətdən Rusiyaya bağlamağa çalışırdı. Bundan istifadə edən Qafqazlı iş adamları əyalətin iqtisadi həyatını ələ almağa çalışırdı. O biri yandan, yerli varlı təbəqənin Rusiya təbəəliyinə keçməsi adi hal almışdı.[33] 1909-cu ilin martından 1910-cu ilin martınadək olan dövrdə Azərbaycan əyalətinə daxil olmuş əmtəənin 90%-i Rusiyadan gətirilmiş, buradan ixrac edilmiş malın 93%-i də Rusiyaya aparılmışdı.[34] Rusiyanın Təbrizə təyin edilmiş yeni baş konsulu, Vali Şücaüddövlə haqqında mərkəzə məlumat verirdi: “Üç aylıq əməli təcrübəm göstərir ki, Şücaüddövlə kimi itaətkar bir vali tapmaq çətindir. Yaxşısı budur ki, qoy o öz vəzifəsində qalsın.”[35]



Təbrizdə Farsca nəşr olunan Fikir və Tofiq qəzetləri Şücaüddövləni və Rusiyanı tərifləməklə məşğul idi. Üçüncü məclisə seçkilər zamanı (1914-сü ilin dekabrı) Tofiq qəzetinin səhifələrində Məşrutəni gözdən salan, hətta onu ləğv etməyə çağıran məqalələr çap edilirdi. Qəzet yazırdı ki, əgər mərkəzi hökumət Azərbaycanda seçkilərin keçirilməsində israr etsə, onda Azərbaycan İrandan ayrılmaq məcburiyyətində qalacaq.[36] Mərkəzi hökumətdən və İranın başqa yerlərindən təcrid edilmiş Azərbaycandakı feodal separatçılığı təkcə yerli mütərəqqi qüvvələri deyil, həm də ölkədə effektiv mərkəzi hakimiyyət istəyən qüvvələri qorxudurdu. Bu durum Anayasanın tələbi olan əyalət və vilayətlərdə yerli hakimiyyətlər, başqa sözlə, yerli muxtariyyət prinsipini də gözdən salmaqda idi.



Birinci dünya savaşının başlanması ilə Tehrandakı “məşrutəçi hakimiyyət” (Qacar sarayının ölkənin idarəsindəki rolu cüzi idi) daha acınacaqlı duruma düşdü. Tehran hökumətinin savaşda bitərəf qaldığını elan etməsinə baxmayaraq, İran ərazisi döyüşən tərəflərin hərbi əməliyyatlar meydanına çevrildi, İranın xarici güclərdən (Rusiya və Britaniya) asılılığı daha da artdı. İranın nüfuz dairələrinə bölünməsi haqqında 1907-ci il Rusiya-Britaniya müqaviləsinə 1915-ci ildə yenidən baxıldı, “bitərəf zona” Britaniyanın nüfuz dairəsinə daxil edildi. O biri yandan, Almaniya da İranda nüfuz sahibi olmağa çalışır, Tehrandakı siyasi qüvvələrin bir hissəsini (ilk növbədə, İran Demokrat Partiyasını) öz tərəfinə çəkməyə çalışırdı. Tez-tez dəyişən mərkəzi hökumət ölkədə sabitlik yarada bilmirdi. Tarix ədəbiyyatında ayrıntıları ilə əks olunmuş bu hakimiyyət böhranı mövzusuna bənd olmadan ölkədə və Azərbaycanda ideoloji-siyasi fikir məsələləri üzərində durmaq mövzumuz üçün daha faydalı ola bilər.



Müstəqil və vahid İran dövlətinin varlığı məsələsi birinci dünya savaşı dövründə gündəmdə idi. Ictimai fikri düşündürən əsas məsələ bu böhrandan çıxış yolunun tapılması idi. Ölkənin gələcək taleyi ilə bağlı çeşidli ideyalar irəli sürülürdü. XX yüzilin başlarından gəlişməkdə olan pan- İranizm - İranın bütövlüyünü, onun xarici dövlətlərin təzyiqlərindən azad olmasını və modernləşməsini nəzərdə tutan ideoloji-siyasi cərəyanın tərəfdarları fəaliyyətlərini genişləndirməkdə idilər.



Məşrutə inqilabının məğlubiyyətindən sonra ölkə xaricindəki mətbuat “İran milləti” adlandırdığı toplumu “vahid İran etnik birliyi”nə çevirmək üçün konkret ideyalar irəli sürməyə, qeyri-Farslar məsələsində daha aqressiv mövqe tutmağa başladı. Onların, ilk növbədə Türklərin Farslaşdırılması ideyası daha çılpaqlığı ilə tələb edildi. Hadisənin dramatikliyi və düşündürücü tərəfi ondadır ki, bu mətbuat orqanlarının çoxunun təsisçisi və əsas yazarları Azərbaycan kökənli nüfuzlu şəxslər idilər. Seyid Həsən Tağızadə Kave qəzetini Berlində təsis etmiş (1916), bu qəzet 1924-cü ilədək Fars şovinizmi və irqçiliyi fikirlərini yaymışdır. Hüseyn Kazımzadə-İranşəhrin təsis etdiyi başqa bir orqan – İranşəhr dərgisi də eyni ideyaları yaymaqda idi. Mahmud Əfşar-Yəzdinin az sonra təsis etdiyi Ayəndə dərgisi də paniranizmin ətə-qana dolmasında mühüm rol oynadı. Mahmud Əfşara görə, vətəndaşlar özlərini ilk öncə İranlı deyil, Türk, Ərəb, Kürd, Bəxtiyari, ya Türkmən saysa, onda İran dövləti dağılar. Ona görə də “azlıqların dillərini, bölgəçilik hisslərini, tayfa bağlarını ləğv etməli, Fars dili və İran tarixini əyalətlərə götürməliyik.”[37] Elə bu dövrdə Arif Qəzvini adlı tanınmış şair deyirdi: “Türkün dilini dartıb boynunun ardından çıxartmaq lazımdır; bu dilin ayağını ölkədən kəsmək və Fars dili ilə dördnala Arazı keçmək məsləhətdir; ey səhər nəsimi, qalx və Təbrizlilərə de ki, Zərdüştün ana yurdu Çingizin yeri deyil.”[38]



Ölkə daxilindəki, özəlliklə xaricindəki İran müxalifəti ilk dəfə olaraq hakim monarxiya ilə “İran dövləti” anlayışlarını ayırdı, hətta onları bir-birinə qarşı qoydu. Onlar Qacarları “millət”ə yad olan, xarici dövlətlərin maraq agenti kimi təqdim etməyə başladılar. Müxalif qrupların “dövlət” anlayışı daha artıq dərəcədə qədim İranın Əhəməni, Parfiya və Sasani dövlətləri ilə özdəşləşdirildi. Yüzillər öncə mövcud olmuş bu dövlətlər Ari irqinin qürur mənbəyi kimi ideallaşdırıldı.



Digər tərəfdən, müxalifətin təbliğatında Qacarlarla Türklük eyniləşdirildi, ona olan nifrət ölkə əhalisinin xeyli hissəsini təşkil edən Türklərə qarşı yönəldildi. Ölkənin çoxmillətli tərkibi gerilik əlaməti hesab edildi. Iranın ayağa durması və inkişafı üçün modernist dairələrdə Qərbi Avropanın homojen (təkmillətli) toplumları model götürüldü. Çeşidli tayfalardan, dillərdən, kültürlərdən ibarət olan İran imperiyası müxalifətin təbliğatında vahid mərkəzi hakimiyyətə malik, birdilli, birkültürlü, birmillətli unitar dövlətə çevrilməli idi. Bu məqsədə çatmaq üçün iki yol təklif edilirdi: idarəçiliyin mərkəzləşdirilməsi və azlıqların Farslaşdırılması.[39]



İranın fikir həyatında pan-İranizmin meydan suladığı bu dövrdə onu neytrallaşdıra biləcək, ya da onun qeyri-Farslara qarşı aqressivliyini azaldacaq ideya cərəyanının yaranması haqqında əlimizdə kifayət qədər fakt yoxdur. Ancaq Türklərin İranda durumu haqqında xaricdə ortaya çıxmış ayrı-ayrı yazılar, eləcə də Azərbaycanda baş vermiş siyasi proseslər burada ayrı-ayrı aydın qruplarında Türkçülük (millətçilik) fikirlərinin də yaranmasına nədən oldu.



Əhməd Ağaoğlu (Ağayev) 1911-ci ildə “Türk yurdu” dərgisində çap etdirdiyi “Türk aləmi” ümumi başlıqlı silsilə məqalələrində İrandakı Türklər haqqında da məlumat verir. Ağaoğlu yerli Türklərin milli şüur baxımından geridə qaldığını bildirir və yazır: “Türk kadar temessüle (assimilation), şerait-i mühitiyyeye tabıyyat etmeğe meyyal bir kavim yoktur. Türk mühitinin esiridir; o kadar ki kendini, kendi şerefe-i kavmiyyesini, haysiyyet-i tarihiyyesini, edebiyyat, lisan ve hatta an’anat-i milliyyesini bile unutuvermeye hazırdır; şu hakikati bütün tarihimiz bütün safahatı ile ispat ediyor: Türkler İran medeniyyetinin amil ve sani’i oldukları halde adat-i kavmiyyi ve lisan-i millilerini unutarak bütün kalpleri ile Fars adat ve lisanına kapıldılar.”[40]



Məmməd Əmin Rəsulzadənin 1912-ci ilin başlarında İstanbulda çap etdirdiyi “İran Türkləri” silsilə məqalələri İrandakı Türklərin durumu haqqında ilk ümumiləşdirici araşdırmadır.[41] İlk iki məqalə İranın, özəlliklə Güney Azərbaycanın coğrafi, etno-demoqrafik təsnifatına həsr edilib. Sonra Məmməd Əmin Bəy İranın dövlət həyatında iki əsas etnosun – Türklər və Farsların rolu mövzusuna keçir. Yazır ki, son beş yüzildə İran dövlətçiliyi iki amilə - Türklərin “qüvvətli bazularına, cəngavərlik səciyyələrinə” və “Fars mədəniyyətinin mənəviyyatına” əsaslanmışdır. Farslar yalnız mənəviyyat sahəsində qalmamış, mülki idarəçilik işlərində nüfuzlarını qoruyub saxlamışlar. Bir qayda olaraq dövlətdə ikinci şəxs – sədrəzəm vəzifəsinə Farslardan təyin edilmişdir. Qacarlar dövründə yalnız ikisi - Məhəmməd Şahın zamanında Hacı Mirzə Ağası və Müzəffərəddin Şah dövründə Eynüddövlə Farslardan deyildi, Türkdülər.[42]



Hərbi-siyasi cəhətdən məğlub olmuş Fars ünsürü, İran hökmdarlarının yüzillərlə Türk olmasını qəbul etməyə məcbur olmuş, onları milli maraqlarına uyğun saymışlar. Rəsulzadə yazır: “Farslar, Türk hökmdarları kendi milliyetlerine mu’ariz [qarşı] bulmadıklarından onları milli İran padişahları gibi takdis etmişler [müqəddəs saymışlar].”[43] Əvvəl Ərəblərə, sonra Türklərə hərbi-siyasi cəhətdən məğlub olmuş Farslar, müxtəlif formalarda müqavimət göstərməyə başladılar. Fars müqavimət hərəkatı Səlçuqlular dövründə əsasən siyasi terrora (İsmaililər hərəkatı) əl atdı. Bu cəhd də effekt vermədikdə - Moğolların Ələmutu dağıtmasından sonra – Fars ünsürü, kültürü ilə varlığını qorumağa qərar verdi, etnik enerji daha çox kültürün yayılması və inkişafına yönəldi. Şüubiyyə hərəkatı bunun ən məşhur örnəyidir. Sonralar Batılı araşdırıcılar bunu mövcud şərtlərdə ən effektli davranış tərzi hesab etdilər.[44]



Ozamankı İranın ikinci etnik elementi - Türklərin statusu haqqında Rəsulzadənin fikri də çox maraqlıdır: “İranda Türkler, ne Rusyada olduğu gibi mahkum ve ne de Türkiye`de olduğu gibi hakim bir millet degildirler. İran Türkleri, asıl İranlı olan Farslarla hukukta müsavi vatandaş halinde bulunuyorlar: Aynı hakları, aynı imtiyazları haizdirler; ögeylik çekmezler.”[45] Elə buradaca müəllif, Qacar hakimiyyətinin “Türk irqindən gəlmələrinə” baxmayaraq, milli-etnik proseslərdən kənarda qalmalarını bildirərək, yazır: “Fakat İran hükümdarlarının Türk olması Türklere hususi bir imtiyaz bahşetmediği gibi, Fars milletinin tazyikine de sebep olmamışdır.”[46] Əksinə, “bu suretle beş yüz seneden beri şahlık tahtında Türk hanı oturuyorsa da gerek bu hanlar, gerekse Türk ahali İranlılaşmış, yani Farslar tarafından temsil [assimilə] olunmuşlar.”[47]





--------------------------------------------------------------------------------

[1] Ayrıntılı bilgi üçün, məsələn, baxın: Əhməd Kəsrəvi, Tarixe Məşruteye İran, Tehran: Əmir Kəbir, 1978; М. С. Иванов, Иранская революция 1905-1911 годов, Москва, 1957; Ervand Abrahamian, Iran Between Two Revolutions, Princeton, NJ: Princeton University Press, 1982; Cənubi Azərbaycan tarixinin oçerki (1828-1927), s.112-186.

[2] Bəstə oturmaq - İranda etirazın bir forması olub, toxunulmaz sayılan yerlərdə (məscid, müctəhidin evi, teleqrafxana, xarici nümayəndəliklər və s.) etirazçının müvəqqəti sığınması idi.

[3] Baxın: Əhməd Kəsrəvi, Tarixe Məşruteye İran, s. 155-164.

[4] Mənsure Rəfii, Əncümən (Orqane Əncüməne Əyalətiye Azərbaycan), Tehran: Tarixe-İran, 1362 h.q., s.85.

[5] Cənubi Azərbaycan tarixinin oçerki (1828-1927), s.136.

[6] Ervand Abrahamian, İran Between Two Revolutions, p.91; Kərəm Cəfəri, Qovmiyyətha və qanuni əsasi dər İran, Tehran: Əndişeye nou, 1386, s. 63.

[7] Сборник дипломатических документов, касающихся событий в Персии, выпуск 1, СПб, 1911,

с. 264.

[8] Məhəmməd Bağer Veycuyeyi, Bolvaye Təbriz, Təbriz, 1324, s.145

[9] Səttar Xan (1867-1914) - Məşrutə inqilabının əfsanəyə çevrilmiş qəhrəmanı Qaradağda xırda tacir ailəsində anadan olmuşdur. Onun ailəsi azadlıq ruhu ilə seçilmiş, böyük qardaşı Quzeydən keçən Qaçaq Fərhadı gizlətdiyi üçün edam edilmiş, digər qardaşı da Qacar hakimiyyətinin haqsız qurbanlarından biri olmuşdur. Səttar dövlət məmurluğuna girsə də burada uzun müddət qala bilmir. Üsyançı təbiətə malik olan Səttar inqilab başlarkən yaşadığı Təbrizdəki Əmirəqız məhləsində silahlı dəstə təşkil edir və məşrutəçiləri müdafiə edir. Azərbaycan Əyalət Əncüməni inqilaba xidmətlərindən dolayı ona “Sərdari-Milli” ünvanı verir. Ayrıntılı bilgi üçün baxın: Esmail Əmirəxizi, Ğeyame Azərbaycan və Səttarxan, Tehran, 1336; Rəhim Rəisniya, Əbdolhoseyn Nahid, Do mobareze conbeşe Məşrute: Səttarxan, Şeyx Məhəmməd Xiyabani, Tehran: Aqah,[ilsiz]; Huşəng Ebrami, Səttarxan Sərdare Melli, Tehran: Tus, 1352; Məhəmmədrza Afiyət, Sərdare Milli Səttarxan, Bakı, 1968; Görkəmli inqilabçı Səttarxan, Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1972.

[10] Əhməd Kəsrəvi, Tarixe Məşruteye İran, s. 888; Cənubi Azərbaycan tarixinin oçerki (1828-1927), s. 171.

[11] Сборник дипломатических документов, касающихся событий в Персии, выпуск 5, с. 31-41; Blue Book, Persia, 1911, N 1, s. 77-78, 87-88.

[12] Cənubi Azərbaycan tarixinin oçerki (1828-1927), s. 178-180.

[13]Rus araşdırıcısı N. Belova’nın hesablamalarına görə, 1905-ci ildə İranın quzey-batı bölgəsindən Rusiyaya qacanc dalınca (“kəsbkarlığa”) getmiş adamların sayı 300 minə yaxın idi. Н. К. Белова, Об отходничестве из северо-западного Ирана в конце ХIX – начале ХХ в., Вопросы истории, N 10, 1956, c. 114.

[14] Əhməd Kəsrəvi, Tarixe Məşruteye İran, s. 31.

[15]Mehmed Emin Resulzade, İran Türkleri, s.16, 20. Məhəmməd Əli Mirzənin müəllimi Xəzər Türklərindən və Yəhudi dininə mənsub Şapşal adlı bir Rus casusu olmuşdur. O, Vəliəhdi mütləqiyyətçi ruhda tərbiyə etmişdir.(Mehmet Metin Ören, İran Türkleri Hürriyet Hareketleri, [yersiz, ilsiz], s. 47. Milli şair Mirzə Ələkbər Sabir şeirlərində Məhəmməd Əli Şahı daim lağa qoymuş, onu “Məndəli” adlandırmışdır.

[16] Məhəmməd Bağer Veycuyeyi, Bolvaye Təbriz, s. 7, 10.

[17] Məcmueyi qəvanin və mouzeye və mosəvvəbate advare əvvəl və dovvome qanunqozariye məclese şouraye melli, Tehran, 1318 [1939], s. 64-84.

[18]“İctimaiyyun-amiyyun” partiyasının mərkəzi Qafqazda idi və gerçək rəhbəri Nəriman Nərimanov sayılırdı. Ş. Ə.Tağıyeva, Nəriman Nərimanovun 1905-1911-ci illər İran inqilabı ilə əlaqədar fəaliyyəti haqqında, Azərbaycan SSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1973, N 3, s. 39-41.

[19] Bu partiyanın proqram sənədləri haqqında baxın: Новая история Ирана. Хрестоматия, Ответ. pедакторы М.С.Иванов, В.Н.Зайцев, Москва: Наука, 1988, с.250-264.

[20] Yenə orada, s. 264-265.

[21] Hoseyn Ommid, Tarixe fərhənge Azərbaycan, Təbriz, 1332, s.49.

[22]Məsələn, baxın: Pərvanə Məmmədli, Cənubi Azərbaycan mətbuat tarixi, Bakı: Elm, 2009, s. 33-62. Urmuda nəşr edilmiş Fəryad qəzetinin 1907-ci ilin 5 may sayında “Xitabə. Türk cavanlarına” başlıqlı yazıda Güneydəki gəncləri birliyə çağırması və Quzeydəki gənclərdən ibrət almağa dəvət etməsi istisna sayıla biləcək hal sayılmalıdır. Н.К.Белова, К вопросу о так называемой социал-демократической партии Ирана, Вопросы истории и литературы стран зарубежнего Востока, Москва, 1960, с. 122.

[23] Əhməd Ağaoğlu, İran və inqilabı, s.116.

[24] Əhməd Kəsrəvi, Tarixe Məşruteye İran,II cild, s. 48.

[25] Yenə orada, s.50-51.

[26] Məcmueyi qəvanin və mouzeye və mosəvvəbate advare əvvəl və dovvome qanunqozariye məclese şouraye melli, s.3.

[27] Новая история Ирана. Хрестоматия, s. 215.

[28] Məcmueyi qəvanin və mouzeye və mosəvvəbate advare əvvəl və dovvome qanunqozariye məclese şouraye melli,s. 34, 64

[29] Yenə orada, s. 36, 41.

[30] Mehmed Emin Resulzade, İran Türkleri, s. 30.

[31] Təbrizli Əli, Ədəbiyyat və milliyyət, s. 54.

[32] Ayrıntılı bilgi üçün baxın: Əhməd Kəsrəvi, Tarixe hicdəh saleye Azərbaycan, Tehran, 1954, s. 324-336.

[33] Baxın: [...] Миллер, Русское землевладение в Азербайджане, Известия Министерства Иностранных Дел, 1913, книга III, С-Петербург, 1913, с.147-168.

[34] [...] Миллер, Торговля и промышленность Азербайджана, Известия Министерства Иностранных Дел, книга IV, С-Петербург, 1912, с. 92.

[35] Международные отношения в эпоху империализма. Документы из архивов царского и временного правительства, 1878-1917, сер. III, N 18, Москва, 1933, с. 18.

[36] Əhməd Kəsrəvi, Tarixe hicdəh saleye Azərbaycan, s. 577.

[37] Ayənde, cild 1, 1925. s.6.

[38] İranşəhr, 18 oktyabr 1923, s. 95-103.

[39] Ervand Abrahamian, Communism and Communalism in İran: The Tudah and the Firqah-i Dimukrat, İnternational Journal of Mddle East Studies, vol 1, July 1970, no 4, p.293.

[40] Ahmed Agayef, Türk alemi-1, Türk yurdu, sayı 1, yıl 1, 30 Kasım 1911, s. 16-17.

[41] Mehmed Emin Resulzade, İran Türkleri (Türk Yurdu ve Sebilürreşad’daki Yazıları), İstanbul: Türk Dünyası Araştırmaları Vakfı, 1993, 142 s.

[42] Mehmed Emin Resulzade, İran Türkleri (Türk Yurdu ve Sebilürreşaddaki Yazıları), s.18.

[43]Yenə orada, s. 17. Belə bir hal – yad sülalələri özününkü saymaq və ona itaət etmək bir yana, səcdə etmək – yalnız Farslara aid deyildi. Məlumdur ki, Çini işğal etmiş, sonra uzun əsrlər onun ali hakimi olmuş Türk sülalələri Çin tarixində bu gün də təqdir edilən, özününkü sayılan sülalələr olmuşdur.

[44] Tanınmış İranşünas alim Richard N. Frye İranlıların kültürdən əsas mübarizə vasitəsi kimi istifadə etdikləri haqqında yazırdı ki, onlar “Səlçuqluları kültürlərilə fəth etdilər.” Richard N. Frye, Iran, New York, 1953, p. 53.

[45] Mehmed Emin Resulzade, İran Türkleri (Türk Yurdu ve Sebilürreşaddaki Yazıları), s.17.

[46] Yenə orada.

[47] Yenə orada, s. 17-18.

GÜNEY TARİXİNDƏ FƏDAKARLIQ VƏ QƏFLƏT DÖVRÜ-2



Rəsulzadə bu assimilə prosesində iki amilin – Şiəlik və Fars dilinin – mühüm rolunun olduğunu göstərir.”Şiilik İran Türklerini o kadar Farslaştırmıştır ki, şimdi onlar kendilerini Türkleşmiş Fars, yani aslen İranlı telekki ederler.” Əlbəttə, bu sonuncu fikir – Farslaşmaq - Türk elit təbəqəsinə (“havass”a) aiddir, çünki az sonra onun qeyd etdiyi kimi, “İranda bir kelime Farisi bilmeyen külliyyətli Türklər vardır.” Türk elitinin Farslaşması hadisəsində Fars dilinin mühüm roluna diqqəti çəkən Rəsulzadə, göstərir: “Hükümdarların Türklüğüne rağmen memleketin lisan-i resmisi Farisi kalmış ve merasim ve teşrifatta hep Farisi an’anatı muhafaza olunmuşdur.”[1] Təhsil tamamilə Farsca olduğundan savadlı kəsim Türkcə çətinliklə yazıb-oxuya bilir. Rəsulzadə göstərir: “Hülasa Arapça nasıl bir lisan-i dini isə Farisice de o derece bir selahiyet ve nüfuzu ha’iz lisan-i tahrirdir [yazı dilidir]. Türkçe konuşulur, Türkçe nutuk edilir, Türkçe va’azlar söylenir. Fakat yazıya gelince hep Farisi kesilir.”[2] Belə bir qeyri-münasib şəraitdə yerli Türk ədəbiyyatı özünə yol tapmalı, inkişaf etməli idi. Məqalələrin beşincisində Türk ədəbiyyatı öncül nümayəndələrinin əsərlərindən gətirilən nümunələr əsasında təhlil edilir. Məqalənin sonrakı hissəsində Türkçə mətbuatın icmalı verilir, Söhbət və Fəryad qəzetləri şərh edilir.



“İran Türkləri” yazı serialının mühüm hissəsi Türklərin Məşrutə inqilabında (1905-11) iştirakına həsr edilib. Rəsulzadə bildirir ki, Fransa inqilabında Marsel, Osmanlı inqilabında Selanik nə idisə, Məşrutə inqilabında da Təbriz odur. Müəllif, görkəmli Türk aydınlarının (Şeyx Cəmaləddin, Məhəmməd Tahir, Əbdürrəhim Talıbzadə, Zeynalabdin Marağayi) inqilabın fikir baxımından hazırlanmasında rolunu, onların siyasi hadisələrdə fəal iştirakının səbəblərini geniş təhlil edir, inqilabın Azərbaycanda gedişinin qısa xülasəsini verir. Türklərin bu inqilabda ən fəal iştirakına baxmayaraq, ondan Farsların daha faydalı çıxmaları da Rəsulzadənin diqqətini çəkən məsələlərdəndir. Hətta bu əsərin ən qiymətli məziyyətlərindən biridir.[3] “İran Türkləri” silsiləsinin sonuncu məqaləsi Qaşqaylara həsr edilib. Burada Rəsulzadə Qaşqaylar haqqında qiymətli etnoqrafik məlumatlar verir.



Osmanlı ordusunun savaş illərində iki dəfə (1914-cü ilin dekabrı – 1915-ci ilin yanvarı, 1918-ci ilin apreli - noyabrı) Azərbaycana girməsi və xalq arasında təbliğat işlərinin təşkili burada Türklük fikrinin yaranmasına təsirsiz qalmadı. Osmanlılara qarşı döyüşmək üçün yerli əhalidən yığılmış “İzaqi”, “Sili”, “Əmriyyə” və başqa alaylar onlara qarşı vuruşmaqdan imtina etdilər. Türklük düşməni Əhməd Kəsrəvinin etiraf etdiyi kimi, Osmanlı qoşunlarının Təbrizə daxil olmasını yerli əhali böyük sevinclə qarşıladı.[4] Ənvər Paşanın süd qardaşı Nuru Paşanın komandanlığında Osmanlı ordusunun ikinci dəfə Azərbaycanda olması yerli milli düşüncəli insanları canlandırdı. Osmanlı komandanlığı Urmulu torpaq sahibi, ziyalı bir şəxs olan Cəmşid Ərdəşir Əfşar Məcidüssəltənəni əyalətin valisi təyin etdilər. Burada “İttihadi-islam” təşkilatının yerli bölməsi quruldu (sədri Yusif Ziya), bir sıra tanınmış din xadimləri bu bölmə ilə əməkdaşlıq etdilər.[5] Osmanlı ordusu Təbrizdə Türkcə Azərbaycan qəzetinin çapını təşkil etdi. Qəzetin başına gənc müəllim, şair Mirzə Tağı Rüfəti gətirildi. Toplumda Azərbaycan əhalisinin Türklüyü, İran-Turan və s. mövzular müzakirə olunmağa başladı.[6] Osmanlı ordusunun yardımı ilə Urmuda təhsilin Türkcə olduğu bir məktəb açıldı. Urmunun tanınmış müctəhidi Fəzlulla bu məktəbə müdir təyin edildi, “qısa müddət ərzində məktəbin sinifləri uşaqlar və şəhərin cavanları ilə ağzınacan doldu.”[7] Fars dili burada xarici dil kimi tədris olunurdu. Müəllimlər şəhərin savadlı adamları və Osmanlı ordusunun gənc zabitləri idilər.



Yerli əhalinin əhval-ruhiyyəsinə təsir edən digər amillər sırasında savaş zamanı və ondan sonra Azərbaycanda yaşanan hadisələr, ilk növbədə 1918-ci ilin fevral-aprel aylarında Türklərin qırğınları oldu. Bu qırğınların əsas səbəbkarı Urmu ətrafındakı Xristian əhalini təhrik və təşkil edən Rusiya, Fransa, İngiltərə və ABŞ-ın yerli diplomatik nümayəndəlikləri idilər. Antanta nümayəndələri, özəlliklə Rusiya agentləri savaş zamanı Osmanlı daxilindəki Erməniləri və Aysor (Nestorian, Nəsturi, Cilo) əhalini silahlandırıb, cəbhə arxasında Osmanlı ordusuna qarşı təxribatlara yönəltdilər. Osmanlı qoşunları bu təxribatların qarşısını alıb, onların silahlı dəstələrini dağıtdıqdan sonra yüzminlərlə qaçqın sərhədi keçib, Xoy, Urmu və Səlmas ətrafına yerləşdi. Təkcə qaçqın Aysorların sayı 200 min nəfərdən çox idi. Təbrizdəki Rus baş konsulu Nikitin raportunda yazırdı ki, “bu vəhşi dağlıları [Aysorları] dinc və əkinçi Müsəlman əhalinin qonşuluğunda tutmaq mümkün deyildir.”[8] Yalnız Urmu ətrafında olan 10-15 min Aysorun ehtiyacını Rus nümayəndəliyi bir-təhər ödəməyə nail oldu. Çıl-çılpaq, ac, qəzəbli Aysor kütləsi yerli əhalini qarət etməklə, Müsəlman kəndlərini zəbt etməklə məşğul idi. O biri yandan, bu bölgədəki 80 minlik Rus qoşunları qətl-qarət işində Aysorlardan geridə qalmırdı. Nikitin yazır ki, Rus əsgərləri “yaxşı yeyib, yaxşı istirahət edirdilər; onların işi gündə üç öynə bu şəhərin [Urmunun] bazarlarını qarət etməkdən, qarət etdiklərini, hərbi paltarlarını, savaş vasitələrini, hətta tüfənglərini və güllələrini satmaqdan ibarət idi.”[9] Rus konsulu daha sonra bildirir ki, “Urmiyədə Xristian qoşununun yaradılması qərarı verildi.” Bu qoşunun şəxsi heyəti Aysorlar və Ermənilərdən ibarət olmalı, onlara Rus, Erməni, Fransız, İngilis zabitləri təlim verməli idilər. Raportda bildirilir ki, Erməni –Aysor birləşmiş qoşununun 1918-ci ilin fevralın 9-da Urmu şəhərinə hücumu və üçgünlük döyüşlər “Xristianların xeyrinə sonunclandı, bu savaşın davamı çox təsirli oldu, çünki Nestorianlardakı kimi etnik vəhşilik qalib durumunda hədd-hüdud bilmir.”[10]



Sonrakı gedişatı “Azərbaycanın ümumi tarixi”nin yazarı Kapitan (Sarvan) Kaviyanpur təsvir edir. Kaviyanpur yazır ki, vətənə qayıdan Rus əsgərlərinin bütün silahı Xristianların əlinə keçdi. Onlar Urmu və ətrafında müstəqil dövlət yaratmaq iddiasında idilər. Aysorların dini rəhbəri Mar-Şimonun komandanlığında az müddətdə 30 minlik ordu qurmaq düşünülürdü. Halbuki Müsəlmanların ixtiyarında cəmi 400 odlu silah var idi.[11] Təkcə Urmu şəhərində 10 min yerli əhalini qırdıqdan sonra Erməni-Aysor qüvvələri Salmas, Dilman və Xoyu da ələ keçirməyə çalışdılar. Qarşısında tutarlı silahlı güc görmədiyindən bu şəhərlərin və ətraf kəndlərin əhalisi minlərlə qurban verdi. Kaviyanpura görə, əksəriyyəti Müsəlmanlardan olmaqla bu döyüşlərdə 130 min adam öldürüldü.[12] Yerli Müsəlman əhalinin tələblərinə cavab olaraq Osmanlı qoşunu yenidən cəbhə xəttini keçib, kütləvi qətlləri dayandırdı. Yenə Kaviyanpurun verdiyi məlumata görə, sakitliyi bərpa edəndən sonra Azərbaycandan çəkilən Osmanlı ordusunun komandanlığı Urmu əhalisini toplayıb, Ermənilər və Aysorlardan savaş qəniməti olaraq aldıqları silahları əhalinin almasını, Osmanlıların getməsindən sonra özünü müdafiə etməsini təklif etdi. Şəhər ağsaqqallarından biri çıxıb, İran dövlətinin savaşda bitərəf qaldığını, odur ki, silah almağa ehtiyacları olmadığını bildirdi.[13] Bu cür əsassız “pasifist” mövqe az sonra Urmu əhalisi və ətrafının yenidən başının bəlaya girməsinə nədən oldu.



Urmu ətraflarında Kürd Şəkkak tayfası onsuz da xeyli vaxtdı bəlaya çevrilmişdi. Erməni və Aysorların silahlı dəstələri dağıdıldıqdan sonra onların yerini bu Kürd tayfası tutdu. Mar-Şimonu aldadaraq qətl edən İsmayıl Ağa Smitko (Simko) nüfuz dairəsini genişləndirmiş, əyalət hökuməti və Tehrandan göndərilən silahlı dəstələri məğlub edərək, Makıdan Sərdəştə qədərki ərazidə ağalıq edirdi. Smitkonun “müstəqil Kürdüstanına” Azərbaycan əyalətinin Urmu gölündən batı və güney torpaqları da daxil idi.[14] Yerli Türk əhalisi bu dəfə Smitkonun zülmünə məruz qalmışdı.(1925-ci ilədək bu ərazilər Smitkonun nəzarətində qaldı.)



Azərbaycanda elit təbəqənin siyasi davranışına təsir edən, ya edə biləcək başqa bir hadisə isə Qafqazlarda baş verməkdə idi. Ferval inqilabından sonra əski Rusiya İmperatorluğunun çökməsi gedişində Qafqazlarda mərkəzdənqaçma meylləri sürətlə artır, milli qüvvələr bu bölgənin müstəqilləşməsi üçün fəaliyyət göstərirdilər. 1918-ci ilin aprelin 22- də Güney Qafqaz Rusiyadan ayrıldığını elan etdi, Qüney Qafqaz federasiyasının pozulmasından sonra Quzey Azərbaycan may ayının 28-də özünün dövlət müstəqilliyini elan etdi, Azərbaycan Demokratik Respublikasında geniş milli-mədəni quruculuq işləri başladı.



Siyasi sürəcin gedişi göstərdi ki, Quzeydəki bu hadisələr Güney Azərbaycanda siyasi elitin davranışına təsir etmədi, ya da az təsir etdi.[15] Bu dövrdə mövcud olmuş İrşad, İttihad və Tərəqqiye İslam, İraniyane Mütərəqqi, Demokrathaye Mütərəqqi, Nüsrət, Əhrar, Sosial-Demokrat Ədalət Partiyası, Əksəriyyun, Biçizan, İstiqlale İran ve Ferqeyi İslami kimi kiçik siyasi partiya və ölkə miqyaslı partiyaların yerli şöbələri Azərbaycanda siyasi fəaliyyətlə məşğul idi. Bu partiyaların proqramlarında ölkədə milli məsələnin varlığı öz əksini tapmamışdı. Yalnız İrşad Partiyasının proqramında Zaqafqaziyanın doğusu ilə Güney Azərbaycana öz müqəddəratını təyinetmə haqqının verilməsi zərurəti, İraniyane Mütərəqqi isə İranda qeyri-Farsların ibtidai məktəblərdə ana dilində təhsil almasına tərəfdar olduğunu bildirirdi.[16] 1920-ci ilin iyun ayında Ənzəlidə ilk qurultayını keçirmiş İran Kommunist Partiyası bu ölkədə 15 milliyyət və dini qrupun olduğunu, İrandakı millətlərin federativ əsaslarda ittifaqının yaradılması zərurətini bildirirdi.[17] Qurultay nümayəndələrinin əksəriyyətinin Türklərdən ibarət olmasına baxmayaraq, bu partiyanın bütün sənədləri Farsca idi. Vidadi Mustafayevin fikrinə görə, bu, “həmin dövrdə Azərbaycanda demokratik hərəkatın separatçılıq və pan-Türkizmdə günahlandırılmaması zərurəti” ilə izah edilə bilər.[18] Bakıda nəşr edilən Sədayi İran və Azərbaycan qəzetləri pan-İranist ideyaların təbliğatçısı idilər. Sonuncu qəzetin tam adı “Azərbaycan – cozve layənfəke İran əst” (“Azərbaycan – İranın ayrılmaz hissəsidir”) idi və qəzeti Seyid Cəfər Cavadzadə - Pişəvəri çıxarırdı.



Dövrün ən önəmli partiyasi İran Demokrat Partiyası (İDP) idi. Deyildiyi kimi, onun da proqramında milli məsələ haqqında heç nə yox idi, proqramın “Siyasi quruluş” bölməsində əyalət və vilayət əncümənləri barəsində belə danışılmırdı.[19] İDP-nin siyasi fəaliyyəti dinc, təkamül yolu ilə mübarizə prinsipinə əsaslanırdı. Bu prinsip daxilində danışıqlar, xahişlər, tələblər yolu ilə mərkəzi hökumətə təsir etmək, yerli vali və idarə rəislərininn istefasını tələb etmək əsas mübarizə forması idi. Bu partiyanın yerli, Azərbaycan əyalət komitəsi çoxsaylı üzvlərin olması və aktivliyi ilə fərqlənirdi (1910-cu ildə yaranmışdı). Əyalət komitəsinin Təbrizdən başqa Ərdəbil, Qəzvin, Zəncan, Urmu və başqa şəhərlərdə yerli şöbələri var idi. Təbrizdə əyalət komitəsi Farsca Təcəddüd (Yeniləşmə) adlı qəzet çıxardırdı. 1917-ci ilin avqustunda İDP Əyalət Komitəsinin konfransı keçirildi. Bu konfransda cari siyasi durumla bağlı mühüm qərarlar verildi. Məhz bu konfransdan sonra bir sıra sənədlərdə Azərbaycan Demokrat Partiyası (ADP, Firqeye Demokrate Azərbaycan) adı göründü və faktik olaraq o, müstəqil fəaliyyət göstərməyə başladı. Halbuki bu konfransda və ondan sonrakı yığıncaqlarda İDP-yə münasibət xüsusi olaraq müzakirə edilməmiş, ayrıca partiya proqramı qəbul edilməmişdir. Konfrans ADP Mərkəzi Komitəsininin tərkibini müəyyən etdi, onun sədri Şeyx Məhəmməd Xiyabani seçildi.[20]



İDP Əyalət Komitəsi Fevral inqilabından sonra buradakı Rus ordusu əsgərlərinin yaratdıqları sovetlərlə əməkdaşlığa başladı, bəzi yerlərdə öz nümayəndələrini üzv kimi bu sovetlərə göndərdi. 1918-ci ilin başlarında Sovet hökuməti İran ərazisindən Rus qoşunlarını çıxartdıqca onun ərzaq ehtiyatlarını və artıq silahları danışıq əsasında ADP-nin nümayəndələrinə təhvil verirdi.[21] ADP bu illərdə sovetlərlə birgə siyasi aksiyalar da təşkil edirdi. Partiyanın avqust konfransı “Partiyanın Rusiyadakı inqilaba münasibəti haqqında” adlı qətnamə qəbul etmiş, bolşevikləri nəzərə alaraq “biz məramnaməsində öz ölkəsinin və başqa ölkələrin xalqlarının azadlığını qeyd edən partiya ilə dost olmalıyıq” vəzifəsini qoymuşdu.[22] ADP-nin rəhbəri Xiyabani də öz çıxışlarında bolşeviklərə rəğbətini gizlətmir, onlarla sıx iş birliyinə çağırırdı.



ADP Rus qoşunların

Geri dön