Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran siyasətinin iyrənc tərəfləri I HİSSƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > İran siyasətinin iyrənc tərəfləri I HİSSƏ

İran siyasətinin iyrənc tərəfləri I HİSSƏ


“İran hökuməti uzun illər boyu Azərbaycanı içəridən zəiflətmək üçün öz agentləri və beşinci sütun - “yatan özəklər” vasitəsilə Azərbaycana sızmağa səylər göstərmişdir”


İran Azərbaycan Respublikasının müstəqilliyini uzun tərəddüddən sonra tanımışdır. Azərbaycanın 18 oktyabr 1991-ci ildə öz müstəqilliyinin bərpa olunduğunu elan etməsinə baxmayaraq, Tehran bu dövləti yalnız 1992-ci ilin yanvar ayının 4-də tanımağa məcbur olmuşdu. Bu tərəddüd, Azərbaycan adının beynəlxalq siyasətin subyekti kimi yenidən meydanda olmasını İranın özünə qarşı milli təhdid saymasından irəli gəlirdi.

Hələ 1991-ci ildə indi demokrat, respublikaçı və insan haqları müdafiəçisi kimi tanınan, “vilayəti-fəqih” aparatının əsas icraçılarından olmuş və İranın işgəncə, təxribat-pozuculuq aparatlarının - “Sepah”ın, “Ettelaat”ın formalaşmasında yaxından iştirak etmiş, “yeni doğulmuş” demokrat Əkbər Gənci “əgər dünyada bir qarış torpaq Azərbaycan adı ilə dövlət sayılırsa, o, bizim milli təhlükəsizliyimizə təhdiddir. Biz də buna qarşı işləməliyik” deyirdi. Həmin ilin noyabr ayında Rusiyada rəsmi səfərdə olan İranın xarici işlər naziri Əli Əkbər Vilayəti “Exo Moskvı” (Moskvanın əks-sədası) radiosuna müsahibəsində Tehranın Azərbaycanın müstəqilliyini tanımaq niyyətində olmadığını bildirmişdi. Ə.Vilayəti İranın “bu respublika (Azərbaycan Respublikası) ilə münasibətlərinin Sovet İttifaqı çərçivəsində inkişaf edəcəyini” israr edirdi.
İranın rəsmi qurumları, eləcə də indiki İranın sərhəddlərindən kənarda fəaliyyət göstərən pan-İranist çevrələr İranın Azərbaycan Respublikası ilə sərhəd bölgələrində, başqa sözlə, Güney Azərbaycanda etnik azərbaycanlıların yaşamasını İranın xarici siyasətinin passivləri sırasında qiymətləndirirlər. Bu tərz yanaşma tarixi-mifoloji əsaslarla bəslənilən fars-Türk düşmənçiliyinin və rəqabətinin İranın dövlət fəlsəfəsinə qovuşdurulmasına və bunun sistematik bir biçimdə milli siyasətə oturdulmasına söykənməkdədir. Belə bir yanaşma həm Azərbaycan Respublikası, həm də İran vətəndaşı olan Azərbaycan Türklərinə münasibətdə ardıcıl şəkildə həyata keçirilən siyasətin məzmununun bir-birini qarşılıqlı şəkildə tamamlamasında və əlaqələndirilməsində özünü göstərir.
İranın Azərbaycanla bağlı siyasətinin ana xətti Türk milli varlığının birbaşa və açıq şəkildə inkarına söykənən Pəhləvi siyasətinin davam etdirilməsinə əsaslanır. Pəhləvilər dönəmində mifik “Arianizm”, dövlət tərəfindən həyata keçirilən linquisid (dil qırımı) ilə müşayiət olunan, qurama və siyasiləşmiş saxta kimlik çərçivəsində yürüdülmüş bu inkarçı siyasət İslam rejimi altında Ümmət konsepsiyası ilə yanaşı həyata keçirilməkdə davam edir.
İran siyasətinin Azərbaycanla bağlı yuxarıda göstərilən mahiyyəti Tehranın bu dövlətdəki maraqlarının əsas determinantıdır (bəlirləyici amilidir). Bu determinant rəsmi Tehranın buradakı xarici siyasəti və milli maraqlarının istiqamətləri və məzmununu müəyyənləşdirir. Sözügedən maraqlar İranın Azərbaycan Respublikasında mədəni, iqtisadi və siyasi iştirakını təmin etmək üçün onun strategiyasının təməlində dayanmaqdadır.
İranın Güney Qafqaz sub-regionunda maraqlarının prioritet istiqamətləri başlıca olaraq Azərbaycan ətrafında baş verən proseslər və tendensiyaların Tehranın özünə uyğun biçimdə formalaşmasına nail olması kimi qavranır. Belə ki, Tehranın Azərbaycan üzərində basqılarının arxasında dayanan məntiq onun Azərbaycan adlı dövlətin inkişafı üçün əngəllərin uzunmüddətliliyini təmin etmək üçün Ermənistanla yaxınlaşma, iqtisadi, hərbi, mədəni və təhlükəsizlik sahələrində münasibətlərin strateji həddə çatdırılmasının əsasında dayanır.
İran bu bölgənin aktiv oyunçularından biri kimi buradakı proseslərdə iştiraka həyati əhəmiyyətli istiqamət kimi baxır. Bir qədər öncə məşhur “Wikileaks” mənbəyinin açıqladığı kimi, İran öz maraqlarının yeridilməsinin başlıca istiqaməti kimi Azərbaycanda iştirakını intensiv şəkildə genişlətmək xəttini yürüdür. Bakıdakı Amerika səfirliyindən ABŞ Dövlət departamentinə göndərilən məlumatlar İranın iqtisadi subyektlərinin Azərbaycan Respublikasında müvafiq nüfuzlu çevrələrlə yaxın əməkdaşlıq əlaqələri qurduğuna dəlalət edir. Bu əlaqələr yalnız sırf iqtisadi maraqların təmin olunması üçün deyil, siyasi nüfuzun bazisini formalaşdırmaq məqsədi güdür. Karl Rahderə görə, “... İran hökuməti uzun illər boyu Azərbaycanı içəridən zəiflətmək üçün öz agentləri və beşinci sütun - “yatan özəklər” vasitəsilə Azərbaycana sızmağa səylər göstərmişdir”.
Tehran özünün real siyasi addımlarında Azərbaycan Respublikası ilə bağlı plan və niyyətlərini Güney Azərbaycana yönəlmiş siyasətinin ana xətləri ilə əlaqələndirilmiş biçimdə qurur. Quzey Azərbaycanla bağlı İranın əsaslandığı, yuxarıda sadalanan regional və mədəni-strateji yanaşmada Azərbaycanın siyasi subyekt kimi inkarı İrandaxili yozumda ümumilikdə bir etnos kimi Azərbaycan Türkünün varlığının rədd edilməsi ilə uzlaşdırılır. Azərbaycanla bağlı strateji kursda daxili auditoriya üçün nəzərdə tutulan və İran İslam İnqilabının Keşikçiləri Korpusu (“Sepah”) və Xarici İşlər Nazirliyindən olan kadrlar və maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Aran” müəssisəsi kimi psevdo-elmi qurumlar, bilavasitə İran xüsusi xidmət orqanlarının kadr heyətinin təsis etdiyi və təbliğat vasitəsi kimi istifadə etməyə çalışdığı “Şimali Azərbaycan Qurtuluş Partiyası” kimi virtual strukturlar fəaliyyət hədəflərinə görə bütövlükdə Azərbaycan Türkünə qarşı siyasi təxribatın alətləri rolunu oynamaqla bərabər Tehranın xarici siyasətdə Azərbaycan Respublikasına yönəlmiş strateji istəklərinin ifadəsidirlər. Bu qurumların əsaslandığı ritorika və tezislər Pəhləvi dönəmindən bəri səsləndirilən və İranın mifoloji tarixşünaslığının ortaya atdığı məqamlarla seçilir. Azərbaycanın Güney və Quzeyə bölgüsünün Azərbaycan siyasi gündəminin qaçılmaz elementinə çevrilməsindən qıcıqlanan İranın məhz köhnəlmiş və daha çox təbliğat mahiyyəti daşıyaraq elmi əsasdan məhrum olan, siyasi resurslar baxımından effektiv olmayan “böyük İran” tezisinə əl atmağa çalışır. Məhz bu effektiv olmayan səylər Tehranın rəsmi ritorikada belə aqressivləşməsini şərtləndirir. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həsən Firuzabadinin avqust ayında Azərbaycan dövlətinin ünvanına səsləndirdiyi təhdidlər də məhz bu cür təbliğatın verimsizliyindən qaynaqlanırdı.
Dini planda bu siyasətin yürüdülməsi daha çox sosial təbəqələrin sırf mənəvi ehtiyacları müqabilində İslamın siyasiləşdirilmiş və farslaşdırılmış bir formatda təqdimində özünü göstərir. Azərbaycanda “İmdad-Xomeyni” kimi qurumlar vasitəsilə xeyriyyəçiliyi “siyasi sədəqə” formasına salan İranın müvafiq qurumlarının bu fəaliyyəti özünün siyasi məqsədləri üçün sosial dayaqlar hazırlamağa yönəlib. Dini çalarlı siyasi fəaliyyət təkcə bununla məhdudlaşmır. Azərbaycanda ənənəvi dini qurumlar çərçivəsində deyil, İrandan ixrac olunan şablon-qəliblər əsasında formalaşdırılan, İranın dini hövzələri və ya çeşidli ali məktəblərində yetişdirilmiş şəxslər vasitəsilə idarə edilən dini-siyasi qurumların fəaliyyəti də Quzey Azərbaycanda Tehranın siyasi nüfuzunu genişlətmək üçün sosial bazanın formalaşdırılması kimi strateji məqsədlərə xidmət edir. İran, söylənilənlərlə yanaşı, özünə bağlı qurumların vətəndaş cəmiyyətinin malik olduğu üstünlüklərdən, o cümlədən Qərb sutrukturlarının tribunasından da yararlanması xəttini də dəstəkləyir. Bu zaman Cəfəri Heyəti, Azərbaycan Mübariz Ruhanilər Cəmiyyəti kimi qurumlar İrandakı “valideynlərinin” yamsılaması olmaqla yanaşı, İlqar İbrahimoğlunun rəhbərlik etdiyi Dini Etiqad və Azadıqlarınm Müdafiə Mərkəzi kimi qurumlar Qərb strukturlarına nüfuz etməklə Azərbaycana inqilab ixracını insan haqları və dini azadlıqların müdafiəsi kimi təqdim edərək tamamilə sivil bir müstəvi qazanmağa çalışır. Bu dini-syasi qurumların fəaliyyəti Tehranın vahid siyasi mərkəzindən idarə olunan vahid prosesin elementləri kimi əlaqələndidilməkdədir. H.Firuzabadinin, eləcə də İranın ayrı-ayrı dini liderlərinin Azərbaycana qarşı açıqlamaları zamanı, eləcə də burada hicabla bağlı süni gündəm yaradılarkən Tehrandan verilən reaksiyalarla Bakıdakı İranyönümlü qurumların faəliyyətindəki uyumluluq bunu aydın şəkildə göstərməkdədir. Azərbaycana qarşı aparılan digər təbliğat-təşviqat axını İranın dövlət rəsmiləri tərəfindən idarə olunan və rəsmi dövlət büdcəsindən maliyyələşən Səhər TV kanalı kimi digər internet resursları vasitəsilə həyata keçirilir.

Niyaz Yaqublu

Geri dön