Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub
Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub |
Görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin (1869-1932) Bakıdakı ev-muzeyinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, yazıçının nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri, elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edirdi. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov qonaqları salamladı, görkəmli ədibin ömür yolundan qısa söz açdı. Mərasimdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Cəlil Məmməquluzadənin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında özünəməxsus rolundan bəhs etdi. Bildirdi ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, böyük ədibin 150 illik yubileyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd olunur: “Bu gün biz Cəlil Məmmədquluzadənin yeni təmirdən çıxmış ev-muzeyinin açılışına yığışmışıq. Muzeyin təmiri Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən həyata keçirilib. Təmirdən sonra muzeydə yeni ekspozisiyalar yaradılıb”. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar vurğuladı ki, Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyi ümummilli lider Heydər Əliyev Moskvaya gedəndən sonra baxımsız vəziyyətdə qalmışdı: “Mən də o vaxt bu barədə bir yazı yazmışdım. Heydər Əliyev ölkə rəhbərliyinə qayıdandan sonra muzeyə diqqət yenidən artırıldı. Bu muzeydə Cəlil Məmmədquluzadənin ömrünün ən ağrılı anları keçib. O, bu evdə övladlarını soyuqdan qorumaq üçün əlyazmalarını yandırıb. Həmidə xanım xatirələrində yazırdı ki, evimiz qızanda Mirzə Cəlil dedi ki, hə, indi uşaqlar rahat yata bilərlər. Mənə elə gəlir ki, bu ocaq tək onun övladlarını yox, bu gün bizi də isidir”. AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək 68 illik fasilədən sonra Mirzə Cəlil nəslinin davamçılarının ilk dəfə vətənlərinə qayıtdıqlarını bildirdi: “Mirzə Cəlilin nəvələri İran, Polşa, Fransa və İrlandiyada yaşayır. Cəlil Məmmədquluzadənin nəticəsi və kötükcəsi hazırda bizimlədir. Onlar ulu babalarının evi ilə tanış olacaqlar. Cəlil Məmmədquluzadə ən böyük əsərlərini bu evdə yazıb. Bu evin ona verilməsində Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanovun mühüm xidmətləri olub. Sovet rejimi yazıçını İrandan dəvət etsə də, ona bir il ərzində lazımi diqqət yetirilməyib. Evin birinci mərtəbəsi "Molla Nəsrəddin" mətbəəsi, ikinci mərtəbəsi isə mənzil kimi istifadə olunub. Azərbaycanın görkəmli ədibləri onunla görüşmək üçün bu məkana gəliblər”. Daha sonra çıxış edən yazıçının nəticəsi Martin Cavanşiri Cəlil Məmmədquluzadəyə göstərilən diqqətə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi. Sonda tədbir iştirakçıları ev-muzeylə yaxından tanış oldular. Xatırladaq ki, C.Məmmədquluzadənin 1922-1932-ci illərdə yaşadığı mənzil Süleyman Tağızadə küçəsi 56-da (Köhnə Poçt küçəsi, 64) Azərbaycan hökumətinin 1978-ci ildə verdiyi qərarla ev-muzey kimi təşkil edilib. Muzeyin yerləşdiyi bina XIX əsrin axırları, XX əsrin əvvəllərinə aid tarixi memarlıq və mədəniyyət abidəsidir. Görkəmli ədibin ev-muzeyinin yeni ekspozisiyasının açılışı 1994-cü il dekabrın 28-də - anadan olmasının 125 illiyi ərəfəsində gerçəkləşib. Sahəsi 185 kvadratmetr olan muzey 5 zaldan ibarətdir. Mədəniyyət ocağının əsas fondunda ədibin və digər mollanəsrəddinçilərin həyat və yaradıcılığını əks etdirən 5000-dən çox eksponat toplanıb. DAVAM.AZ Geri dön |