Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > “Avro-2020”nin final mərhələsinin püşkü atılıb
“Avro-2020”nin final mərhələsinin püşkü atılıb |
Rumıniyanın başkəndi Buxarestdə futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatının (Avro-2020) final mərhələsinin püşkü atılıb. Püşkün nəticələrinə əsasən, Türkiyə millisi İtaliya, Uels və İsveçrə yığmaları ilə birlikdə A qrupunda yer alıb. Danimarka, Finlandiya, Belçika və Rusiya seçmələri B, Niderland, Ukrayna, Avstriya və UEFA Millətlər Liqasının A, yaxud D liqasının qalibi olacaq komanda C qrupunda mübarizə aparacaqlar. D qrupunda İngiltərə, Xorvatiya, Çexiya və Millətlər Liqasının C liqasının qalibi yarışacaqlar. İspaniya, İsveç, Polşa və B liqasının qalibi olacaq komanda E qrupunda yer alıblar. Sonuncu - F qrupunda isə Millətlər Liqasının A və ya D Liqasının qalibi, Portuqaliya, Fransa və Almaniya seçmələri qarşılaşacaqlar. Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları Avropanın 12 şəhərində - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək.
Azərbaycan paytaxtında – Bakı Olimpiya Stadionunda A qrupunun 3, dörddəbir final mərhələsinin isə bir qarşılaşması keçiriləcək. Qardaş ölkənin – Türkiyənin yığma komandası Bakıda iki oyun keçirəcək. Təqvimə əsasən, iyunun 13-də Uels və İsveçrə yığmaları Bakı Olimpiya Stadionunda qarşılaşacaqlar. Türkiyə millisi iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə görüşəcək. Qeyd edək ki, “Avro 2020”yə son 4 vəsiqə uğrunda UEFA Millətlər Liqasında daha yaxşı çıxış etmiş 16 komanda mübarizə aparacaq. Noyabrın 22-də püşkatmadan sonra liqalar üzrə yarımfinallarda qarşılaşacaq rəqiblər aşağıdakı kimi müəyyənləşib: A liqası: İslandiya – Rumıniya və Bolqarıstan – Macarıstan. B liqası: Bosniya və Herseqovina - Şimali İrlandiya və Slovakiya – İrlandiya. C liqası: Şotlandiya – İsrail və Norveç – Serbiya. D liqası: Gürcüstan – Belarus və Şimali Makedoniya – Kosovo. Bu görüşlər gələn ilin martında keçiriləcək. “Avro-2020”nin final mərhələsində qruplarda ilk iki yeri tutacaq komandalar, habelə üçüncü yeri tutan yığmalar arasında ən yaxşı nəticə göstərən yığmalar səkkizdəbir finala yüksələcəklər. Avropa çempionatının final mərhələsi iyunun 12-dən iyulun 12-dək keçiriləcək. Çempionatın final matçı Londonun “Uembli” stadionunda baş tutacaq. DAVAM.AZ “Avropa Bürosu” Geri dön |