Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tələbə yataqxanalarında rüşvətxorluq…
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > Tələbə yataqxanalarında rüşvətxorluq…

Tələbə yataqxanalarında rüşvətxorluq…


Tələbələr yataqxanalarda yerləşmək üçün komendantlara rüşvət vermək məcburiyyətində qalırlar.

Yeni tədris ilinin başlanmasına barmaqla sayılası günlər qalsa da, universitet yataqxanalarında ənənəvi problemlər qalmaqdadır. Bir neçə gündən sonra tələbələri qəbul etməli olan universitet yataqxanalarında vəziyyətin nə yerdə olduğunu öyrənən “Mərkəz”in əməkdaşı ilginc faktlar üzə çıxardıb. Elə tələbə yataqxanalarından birinə yolda həmsöhbət olduğumuz tələbələrdən biri ilə söhbətləşə-söhbətləşə gedirik. Həmsöhbətimiz Əhmədov Mustafa Azərbaycan Memarlıq və İnşaat Universitetinin IV kursunda oxuyur. Ailəsinin Şəki rayonunda yaşadığını deyən tələbə paytaxtda müxtəlif çətinliklərlə qarşılaşdığını deyir. Daha çox mənzil problemindən şikayətlənən tələbə universitet yataqxanalarında rüşvətxorluq faktlarının olduğunu deyir. Ötən il təmir işləri ilə əlaqədar oxuduğu universitetin yataqxanasına buraxılmayan tələbə yenidən tələbə yataqxanasında otaq axtarır. Onun sözlərinə görə, birinci və ikinci kursda oxuyarkən təhsil aldığı universitetin yataqxanasında qalıb. O, yataqxana əməkdaşına hər ay 20 manat pul verdiyini deyir: “Pulsuz heç nə mümkün deyil. Ötən il təmir işlərini bəhanə gətirib məni yataqxana ilə təmin etmədilər. Ailəmin maddi imkanları məhdud olduğundan məcburam ki, tələbə yataqxanasından istifadə edəm. Hər halda yataqxanada qalmaq bir qədər ucuz başa gəlir”.

Sonuncu kursda oxuyan tələbəyə yataqxanaya pul ödəməsinin qanunsuz olduğunu başa salmağa çalışdıqda o, bir qədər təəccübləndi. Tələbə yataqxanalarında rüşvətxorluq faktları ilə qarşılaşan tələbədən elə bu cür reaksiya gözləniləndir. M.Əhmədovla birlikdə Azərbaycan Memarlıq və İnşaat Universitetinə getdik. Buradan bildirdilər ki, universitet yataqxanasında otaq olsa da, tələbənin müraciət üçün ərizəsi lazımdır. Daha sonra adıçəkilən universitetin tələbə yataqxanasına getdik. Üfunət qoxusundan yataqxanaya yaxınlaşmaq çətin olduğundan kənardan müşahidələr apardıq. Yataqxana ərazisində səliqəsizlik və tikinti materiallarının pərakəndə şəkildə ətrafa səpələnməsi buralarda təmir işlərinin getdiyindən xəbər verirdi. Yataqxananın pəncərəsindən boylanan fəhləyə rəhbərliklə əlaqə saxlamaq istədiyimizi bildirdik. Burada təmir işlərinin getdiyini deyən fəhlə rəhbərliyin yaxınlıqdakı çayxanada olduğunu dedi. Üz tutduq yaxınlıqdakı çay evinə. Buradan bildirdilər ki, yataqxana komendantı bir az olar gedib. Məcbur qalıb komendant Nazim Hüseynovla telefonla əlaqə saxlayaraq, yataqxanada qalmaq istədiyimizi bildirdik. N.Hüseynov bildirdi ki, rəhbərlik etdiyi yataqxanada yer olsa da, bunun üçün rəhbərliyin icazəsinin vacib olduğunu söylədi: “Gedin universitet rəhbərliyinə ərizə ilə müraciət edin. Əgər razılıq olarsa, sizi yataqxanada yerləşdirərəm”. Daha sonra üz tutduq Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının 1 saylı Yataqxanasına. Buradakı nəzarətçi bildirdi ki, yataqxanada əsasən Füzuli və Cəbrayıldan olan məcburi köçkünlər yaşayır. Amma tələbələr üçün də yer var. Yataqxananın rəhbəri Faiq Rəhimov yerində olmadığından elə nəzarətçi ilə həmsöhbət olduq. Yataqxana nəzarətçisi deyir ki, rəhbərlik insaflı adam olduğundan tələbələrə güzəşt edir: “Yataqxana rəhbərliyi pis adam deyil. Yaxşı olar ki, Faiq müəllimə müraciət edəsiniz”, – o dedi.

Onu da qeyd edək ki, yataqxanalarda mövcud şəraitdə dərsə hazırlaşmaq olduqca çətindir. Bakı Dövlət Universitetinin tələbə şəhərciyində 4 minə yaxın məcburi köçkün ailəsi məskunlaşıb. İstismar müddəti başa çatan yataqxanadakı şərait isə heç bir tələblərə cavab vermir. Hazırda universitetin yeni yataqxana kompleksinin tikintisi layihəsi üzərində işlər yekunlaşmaq üzrədir. Kompleksin 2019-cu ildə hazır olacağı gözlənilir. Prorektor Nəbi Ramazanlı bununla bağlı bildirib ki, məcburi köçkünlər köçürüldükdən sonra yataqxanalar sökülərək yeniləri ilə əvəzlənəcək. Bakı Slavyan Universitetinin isə 4 yataqxanasının 3-də məcburi köçkünlər məskunlaşıb. Universitetdən bildiriblər ki, boşaldıqdan sonra təhsil ocağının tələbələrinin yataqxana problemi həll oluna bilər. Azərbaycan Dövlət Neft Akademiyasında da oxşar vəziyyətdir. Tələbələrin yalnız bir-iki faizi yataqxananın imkanlarından yararlana bilir. Daha sonra Yasamal rayonundakı “Damla” özəl yataqxanasının hazırkı vəziyyəti ilə maraqlandıq. Rəhbərlikdən “Mərkəz”ə bildirdilər ki, arenaya yalnız birinci kursda oxuyan tələbələr qəbul olunur. Burada qalmaq istəyən tələbələr illik 1600 manat pul ödəməlidir: “Biz yalnız I kursda oxuyan tələbələri qəbul edirik. Tələbələr üçün normal şərait yaradılıb. Onlar ödədikləri pulu hissə-hissə də verə bilərlər. Tələbələrin yeməklə təmin edilməsi və əylənmələri üçün problemimiz yoxdur”, – o bildirdi.

Sözügedən problem dövlətin də diqqət mərkəzindədir. İlkin mərhələdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanalarında məskunlaşan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi nəzərdə tutulur. Ekspertlər isə bildirir ki, ən yaxşı vasitələrdən biri tələbə yataqxanalarının inşasına özəl sektoru da cəlb etməkdir. Müəyyən yataqxana yerləri ayrılmalı, özəl şirkətlərin bu işi həyata keçirmələrinə şərait yaradılmalıdır. Xaricdə olduğu kimi tələbələrə güzəştli şərtlərlə həmin yataqxanalardan istifadə imkanı yaradılmalıdır.

Coşqun Calaloğlu

Geri dön