Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > İlham Əliyev ATƏT-in Minsk Qrupunu tənqid etdi
İlham Əliyev ATƏT-in Minsk Qrupunu tənqid etdi |
“Biz görürük ki, bu məsələ Azərbaycanın gücü hesabına öz həllini tapa bilər və tapmalıdır”
“Bizim bir nömrəli hədəfimiz Ermənistandır” “Bizim üçün, həm xarici siyasətimiz üçün, həm ümumiyyətlə, bizim gündəliyimizdə duran bir nömrəli məsələ torpaqlarımızın işğalçılardan azad edilməsidir. Gecə-gündüz çalışırıq və bu fəaliyyəti davam etdirəcəyik”. ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şəkiyə səfəri çərçivəsində 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin istifadəyə verilməsi münasibətilə təşkil olunan mərasimdəki çıxışında deyib. Dövlət başçısı bildirib ki, indiyədək 120 min məcburi köçkün evlərlə təmin edilib. Bununla belə, hələ o qədər də yararlı olmayan şəraitdə yaşayan köçkünlərimizin sayı kifayət qədər çoxdur: “Biz onların problemlərinin həlli üçün çalışırıq, çalışacağıq və bayaq qeyd etdiyim kimi, yataqxanalardan, məktəblərdən, uşaq bağçalarından, hərbi hissələrin ərazilərindən məcburi köçkünlər yeni, gözəl evlərə, binalara köçürüləcək. Biz bu sosial yükü azaldırıq. Eyni zamanda, köçkünlərin məşğulluğu ilə bağlı olan problemləri həll edirik”. Lakin prezident bəyan edib ki, əsas problem torpaqlarımızın hələ də işğal altında qalmasıdır: “Bunun səbəbini siz yaxşı bilirsiniz. Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalçı siyasəti nəticəsində torpaqlarımız işğal altındadır. Ermənilərin dünyadakı havadarlarının onlara verdikləri dəstəyin nəticəsində bu məsələ hələ ki, öz həllini tapa bilmir. Baxmayaraq ki, məsələnin həlli üçün bütün imkanlar, bütün hüquqi baza var. Beynəlxalq təşkilatlar qərarlar, qətnamələr qəbul etmişlər. Dünyanın aparıcı ölkələrinin liderləri bəyanatlar veriblər ki, indiki vəziyyət dözülməzdir və vəziyyət dəyişdirilməlidir, status-kvo dəyişdirilməlidir. Ancaq əfsuslar olsun ki, Ermənistan bu çağırışlara biganə qalır və beynəlxalq ictimaiyyət də onlara kifayət qədər güclü təzyiq və təsir göstərmir. Məsələnin həll olunmamasının səbəbi də məhz bundan ibarətdir”. İlham Əliyev deyib ki, hökumət bundan sonra da ölkəmizi, beynəlxalq mövqelərini gücləndirəcək. Onun sözlərinə görə, məsələnin həlli üçün hüquqi əsaslar kifayət qədər çoxdur və bu əsaslar Azərbaycanın mövqeyini müdafiə edir, dəstəkləyir. BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, digər beynəlxalq təşkilatlar qərarlar qəbul ediblər ki, bu qərarlar məsələnin həlli üçün yeganə yoldur. Prezident xatırladıb ki, Azərbaycanın ərazi bütövlüyü bütün ölkələr tərəfindən tanınır və bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər: “Məsələnin həlli ilə bağlı Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və biz tutduğumuz yoldan dönməyəcəyik. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. İşğal edilmiş bütün torpaqlardan işğalçılar çıxarılmalıdır və çıxarılacaq, Azərbaycan vətəndaşları öz doğma torpağına qayıtmalıdırlar və qayıdacaqlar. Hazırda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarından kənarda yerləşən bölgələrə və Dağlıq Qarabağa, Xankəndiyə, Şuşaya bizim soydaşlarımız qayıdacaqlar. Mən buna əminəm, buna inanıram və mənim inamımı gücləndirən kifayət qədər çox amillər vardır: Beynəlxalq hüquq, Azərbaycanın iqtisadi qüdrəti, bizim hərbi potensialımız və siyasi müstəvidə Azərbaycanın artan çəkisi”. Dövlət başçısı deyib ki, bu yaxınlarda 120 ölkə – Qoşulmama Hərəkatının üzvləri Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnaməni dəstəkləyiblər: “120 ölkə dünya birliyinin əksəriyyətidir. Biz bir çox hallarda beynəlxalq aləm anlayışını eşidirik və bəzi təşkilatlar, bəzi qurumlar beynəlxalq aləm dedikdə özlərini nəzərdə tuturlar. Beynəlxalq aləm 20, yaxud da ki, 30 ölkəni birləşdirən məsələ deyil. Beynəlxalq aləm BMT-dir və BMT-də 155 ölkə bizi dəstəklədi. Beynəlxalq aləm Qoşulmama Hərəkatıdır. Orada 120 ölkə fəaliyyət göstərir. Onlar da bizi dəstəklədi. Yəni, beynəlxalq aləm bizim mövqeyimizi dəstəkləyir və əlbəttə ki, bu, bizə əlavə imkanlar verir, inamımızı artırır”. İlham Əliyev ATƏT-in Minsk Qrupunun fəaliyyətini də tənqid edib: “20 ildir Minsk Qrupu yaradılıb ki, bu məsələni həll etsin və məsələni həll edə bilmir, Ermənistana lazımi təzyiqi göstərə bilmir. Biz görürük ki, bu məsələ Azərbaycanın gücü hesabına öz həllini tapa bilər və tapmalıdır. Ona görə biz daha da güclü olmalıyıq. Biz ordumuzu daha da gücləndirməliyik və gücləndiririk. Hazırda Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında qüdrətli orduların sırasındadır. Biz iqtisadi potensialımızı gücləndirməklə ölkəmizi irəliyə aparırıq. Bu, bizə imkan verir ki, bütün məsələlərlə bağlı müstəqil siyasət aparaq. Biz xarici və daxili siyasətlə bağlı milli maraqlara söykənən qərarları qəbul edirik. Güclü Azərbaycan güclü regional amildir. Həm sabitləşdirici amildir, eyni zamanda, Azərbaycan ilə artıq regional məsələlərdə hesablaşmamaq mümkün deyil. Azərbaycan ilə hesablaşmamaq cəhdləri heç bir nəticə verməyib və yaxın tarix bunu göstərir. Ona görə, nə qədər güclü olsaq Azərbaycan öz ərazi bütövlüyünü bir o qədər tez bərpa edəcək”. Prezident İlham Əliyev bir daha rəsmi Bakının məsələnin həlli ilə bağlı birmənalı mövqeyini xatırladıb: “Bu barədə mən dəfələrlə fikirlərimi bildirmişəm. İşğal edilmiş bütün torpaqlardan işğalçı qüvvələr çıxarılmalıdır, ondan sonra bölgədə sülh, əməkdaşlıq yarana və təhlükə mənbəyi aradan götürülə bilər. Hələ ki, torpaqlarımız işğal altındadır, bizim bir nömrəli hədəfimiz Ermənistandır. Biz bundan sonra da Ermənistanı bütün beynəlxalq və regional layihələrdən təcrid edəcəyik. Bu siyasət öz səmərəsini verir və Ermənistanın ağır iqtisadi vəziyyətinin səbəbkarı Azərbaycandır. Bu, birmənalıdır. Ermənistandan onların rəsmi statistikasının göstəricilərinə görə, ilin birinci yarısında 80 min adam köçüb. İlin sonuna qədər bu, yəqin ki, ikiqat rəqəmə çatacaq. Azərbaycan əhalisi artır və 5-10 ildən sonra ümumiyyətlə, bu faizlər nisbəti birə on olacaq, bəlkə də ondan da az. Yəni, bu amillər onları düşündürməlidir. Onların ağır iqtisadi vəziyyəti, demoqrafik vəziyyət, bütün beynəlxalq məsələlərdən təcrid edilməsi onları narahat etməlidir. Azərbaycan isə irəliyə gedir. Baxmayaraq ki, torpaqlarımız işğal altındadır, biz böyük uğurlara imza atırıq və bu uğurları artırırıq. Bir neçə gün bundan əvvəl mötəbər beynəlxalq iqtisadi qurum – Davos İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliyinə görə Azərbaycanı 46-cı yerə layiq görübdür, MDB məkanında birinci yerdə. Yəni, bizim işimiz haqq işidir. Biz ədalətin bərpasını istəyirik və buna nail olacağıq”. Geri dön |