Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Putinin «SSRİ şousu» efirdədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Putinin «SSRİ şousu» efirdədir

Putinin «SSRİ şousu» efirdədir


Aydın Ağayev: «Putinin vahid iqtisadi birlik və Avrasiya İttifaqı kimi ideyalarının yaxın perspektivdə baş tutacağına inanmıram»

Akif Nəsirli: «Ölkəmiz vahid iqtisadi məkana qoşulsa, həmin proses gələcəkdə Moskvanın Azərbaycana qarşı siyasi təzyiqlərinin artmasına səbəb ola bilər»

Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqı ideyasını gerçəkləşdirmək üçün müxtəlif «cəlbedici» fikirlər səsləndirir. Bu günlərdə Putin mətbuata açıqlamasında Avrasiya İttifaqı ideyasının bəzi detallarına toxunaraq iddia edib ki, keçmiş SSRİ iqtisadi məkanındakı vahid iqtisadi birlik onlar arasında əməkdaşlıq etməyə böyük köməklik göstərə bilər: «Biz artıq Belorus və Qazaxıstanla birgə Gömrük İttifaqı və vahid iqtisadi məkan yaratmışıq. Bu iqtisadi birliyin üstünlüklərini tərəfdaşlarımıza izah etmək üçün bizə dialoq çox vacibdir». Bu açıqlamanın özü də onu göstərir ki, Putin keçmiş sovet respublikalarını yenidən ikibaşlı qartalın caynağı altına almaq üçün müxtəlif şirnikləndirici vasitələrdən istifadə etməyə başlayıb. Bu mənada vahid iqtisadi birlik ideyası da məhz həmin məqsədlərə xidmət edir. Söz yox ki, Moskvanın vahid iqtisadi birlik kimi ideyalardan dəm vurmaqda başlıca məqsədi özünün siyasi və iqtisadi maraqlarını təmin etməkdir. Xatırladaq ki, Azərbaycan hələlik Gömrük İttifaqında təmsil olunmur. Eyni zamanda Avrasiya İttifaqının yaradılması istiqamətində gedən danışıqlara da qoşulmayıb.
Görəsən, ekspertlər nə düşünür, Putinin dediyi kimi, keçmiş SSRİ məkanında vahid iqtisadi birliyin yaranması həmin ölkələr arasında sivil şəkildə əməkdaşlıq sahəsində yardımçı ola bilərmi? Belə bir iqtisadi birlikdə təmsil olunmaq Azərbaycana nə verəcək?
Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev keçmiş SSRİ məkanı ölkələri üçün vahid iqtisadi birliyin yaranmasının həmin dövlətlər arasında əməkdaşlıq etməyə böyük köməklik göstərəcəyinə inanmadığını bildirdi. Bunu da o, Rusiyanın digər MDB ölkələrinə münasibətinin reallıqda heç də elan olunduğu şəkildə olmaması ilə əsaslandırdı: «MDB məkanında prosesləri izləyənlər bilir ki, Avrasiya İttifaqının yaradılması Putinin bir istəyidir. Amma həmin istəyin nə dərəcədə reallaşacağını zaman göstərəcək. Bütövlükdə isə məsələyə münasibətim belədir ki, Rusiya sağlam əsaslarla, tərəf tutmadan bəyan etdiyi kimi həqiqətən də keçmiş SSRİ məkanında vahid iqtisadi birliyin olmasını istəyirsə, onda həmin məsələnin reallaşmasına normal yanaşmaq olar. Məsələ ondadır ki, Moskva məsələlərə birtərəfli yanaşır. Heç kimə sirr deyil ki, MDB ölkələri üçün Avrasiya İttifaqı və vahid iqtisadi məkanın olmasını qabartmaqla Kreml ilk növbədə özünün milli maraqlarını əsas götürüb. Həmin milli maraqlarda isə MDB-dəki digər dövlətlərə münasibət heç də elan olunduğu şəkildə deyil. Ona görə də Putinin vahid iqtisadi birlik və Avrasiya İttifaqı kimi ideyalarının yaxın perspektivdə baş tutacağına inanmıram. Hazırda dünyada vəziyyət başqa cürdür. Digər böyük qüvvələr var ki, onlar bir çox hallarda Rusiyanın istəklərinə qarşı çıxırlar».
İqtisadçı ekspert Akif Nəsirli də bu fikirdədir ki, Vladimir Putinin yuxarıda səsləndirdiyi fikir Azərbaycan üçün zərərlidir: «Putinin keçmiş SSRİ iqtisadi məkanında vahid iqtisadi birliyin olmasının MDB ölkələri arasında əməkdaşlıq etməyə böyük köməklik göstərəcəyi fikri zərərli bir düşüncə tərzidir. Burada söhbət Qazaxıstan, Belorus və Qırğızıstanın Moskva ilə olan əməkdaşlığından gedirsə, belə formatlı əməkdaşlıq yalnız Rusiyanın iqtisadiyyatının inkişafına kömək etməyə hesablanmış addımdır. Açıq demək olar ki, həmin sadaladığım dövlətlərlə Rusiyanın sözügedən əməkdaşlığı heç də bərabərhüquqlu əməkdaşlıq səviyyəsində deyildir. Rusiya özünün maliyyə, güc və s. imkanlarından istifadə edərək MDB-nin bir sıra ölkələrinə münasibətdə bərabərhüquqlu tərəfdaşdan daha çox, onlarla özünün təbəəsi kimi davranır. Buna əsasən deyə bilərik ki, MDB-nin vahid iqtisadi məkanından kənar qalan ölkələrin Rusiya ilə Putinin təklif etdiyi şəkildə əməkdaşlığa başlaması həmin dövlətlərin özlərinin iqtisadiyyatına mənfi təsir göstərə bilər. Azərbaycan ixracatının hazırda 90 faizindən çoxunu neft və neft məhsulları tutur. Həmin məhsullara isə indilikdə Rusiyanın iqtisadi baxımdan ehtiyacı yoxdur. Çünki özünün də lazımi qədər neft və qazı vardır. Amma Moskva siyasi baxımdan Azərbaycanın neft və neft məhsullarına böyük ehtiyac duyur. Yalnız bu halda, yəni MDB dövlətlərinin vahid iqtisadi birliyinin yaranması zamanı Rusiya özünün Avropaya olan enerji təzyiqlərini daha da gücləndirər. Çünki həmin iqtisadi məkanın işə düşməsilə digər dövlətlər, o cümlədən Azərbaycan da ixrac etdiyi məhsulların bir hissəsini Avropaya deyil, Rusiyaya ixrac etməli olacaq. Belə vəziyyət isə Moskvaya Avropaya iqtisadi baxımdan təsir etmək istiqamətində böyük divident gətirə bilər. İndilikdə belə Moskva Avropa ilə siyasi məsələlərdə bir araya gəlməyən kimi, iqtisadi rıçaqlara əl ataraq onları sıxışdırmağa çalışır. MDB-nin vahid iqtisadi birliyinin olması şəraitində isə Rusiyanın həmin imkanları daha da artacaq. Digər tərəfdən, Azərbaycanın idxal prosesini yenidən Rusiya istiqamətinə çevirməsi də ölkəmizin daxili bazarının təminatı üçün elə də ciddi imkanlar açmır. Ölkəmiz vahid iqtisadi məkana qoşulub Rusiya ilə iqtisadi əməkdaşlığı genişləndirsə, həmin proses gələcəkdə Moskvanın Azərbaycana qarşı siyasi təzyiqlərinin artmasına, bizi öz nüfuz dairəsinə salmağa səbəb ola bilər. Belə vəziyyət isə müstəqil siyasət yürüdən ölkəmiz üçün heç də ürəkaçan olmaz. Ona görə də hesab edirəm ki, Putinin dediyi kimi SSRİ məkanı ölkələri arasında vahid iqtisadi birliyin olmasının əməkdaşlıq etməkdə böyük köməklik edə bilməsi fikri ölkəmiz üçün məqsədəuyğun deyil. Hazırkı vəziyyətdə ölkəmizin Qərb və Avropa ilə əməkdaşlığı Azərbaycanın maraqları baxımından daha təqdirəlayiqdir, nəinki şimal qonşumuz olan Rusiya ilə. Belə tendensiya dünyada gedən siyasi-iqtisadi cəbhələşmənin bir qədər sakit tərzdə davam etməsinə stimul olardı».
Rüfət Sultan

Geri dön