Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şəhid əsgər yad edilib, qazi əsgərə döyüş medalı təqdim olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Şəhid əsgər yad edilib, qazi əsgərə döyüş medalı təqdim olunub

Şəhid əsgər yad edilib, qazi əsgərə döyüş medalı təqdim olunub


Əsgər olmaq böyük şərəfdir. Əsgər Vətən əmanətidir. Qədirbilən xalqımız və dövlətimiz öz əsgərinə həmişə xüsusi önəm verib, onu digər vətəndaşlardan yüksəkdə tutub. Əsgər adına nəğmələr, dastanlar qoşulub, haqqında kitablar yazılıb, filmlər çəkilib, şərəfinə möhtəşəm abidələr ucaldılıb. Hər yerdə, hər məclisdə əsgər adı hörmətlə çəkilib, əsgər ailəsinə ehtiram göstərilib. Əsgərlərimiz isə xalqın və dövlətin bu isti münasibətindən daha da ruhlanıb, göstərilən böyük etimadı Vətən, xalq, dövlət qarşısında əsgəri borcunu, üzərinə düşən vəzifələri daha da ləyaqətlə, şərəflə, vicdanla yerinə yetirməyə çalışıb. Hər bir Azərbaycan əsgəri yaxşı bilir ki, doğma torpağını, yurd-yuvasını, xalqını, ata-anasını, doğmalarını, xalqımızın əsrlərdən bəri yaratdığı mədəniyyəti qoruyur. Ona Vətənin, sərhədlərimizin müdafiəsi kimi müqəddəs bir vəzifə etibar edilib.
Bütün bu məsələlər barədə Şəmkir hərbi birliyində keçirilən növbəti vətənpərvərlik tədbirində ətraflı söhbət açılıb. Müdafiə Nazirliyinin və Bakı Bələdiyyə Teatrının birgə təşkilatçılığı ilə reallaşan “Əsgər şöhrəti gecəsi”ndə şəhid Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsi ehtiramla yad edilib və Azərbaycan Ordusunun ilk döyüşçülərindən olan qazi əsgər İsmayıl Qurbanova isə döyüş medalı təqdim edilib. Tədbir iştirakçıları bir daha əmin olublar ki, həqiqətən heç kim unudulmur, heç nə yaddan çıxmır. Əsgər ömrü şərəflidir, əsgər ölməzdir, unudulmazdır. Əsgər adı, şöhrəti tariximizdən silinməzdir. Tədbir iştirakçılarını salamlayan general-mayor Xəqani Cəbrayılov Azərbaycan əsgərinin şücaətindən, rəşadətindən danışıb. Torpaqlarımızı zəbt edən yadellilərin qarşısına mərdanə çıxan oğulların dönməzliyindən, əfsanəyə çevrilmiş qəhrəmanlıqlarından söhbət açılıb. Keçən əsrin əvvəllərində daşnak-bolşeviklərə qarşı mərdliklə vuruşan, İkinci Dünya müharibəsində Qafqaz dağlarının ətəklərindən Berlinədək şanlı döyüş yolu keçən ata-babalarımız yad edilib, birinci Qarabağ müharibəsinin döyüş meydanlarında əcdadların qəhrəmanlıq ənənələrini davam etdirən, şəhidlik zirvəsinə ucalan, eləcə də 2016-cı ilin Aprel, 2018-ci ilin isə May döyüş əməliyyatları zamanı düşmən təxribatlarının qarşısının alınmasında, bir çox strateji yüksəkliklərin ələ keçirilərək min hektarlarla ərazilərin nəzarətə götürülməsində müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını paytaxt Bakının Azadlıq meydanında keçirilən möhtəşəm hərbi paradlara gətirərək nümayiş etdirən ordumuzun mübariz hərbi qulluqçularının şərəfinə xoş sözlər deyilib.
Qeyd olunub ki, bu gün də ədəbiyyat və incəsənətimizdə ordu mövzusu, əsgər həyatının tərənnümü daim yaradıcı insanların diqqət mərkəzindədir. Azərbaycan əsgərinin şərəfinə neçə-neçə vətənpərvərlik mahnıları, hərbi marşlar, sənədli və bədii filmlər, rəngkarlıq əsərləri, heykəltaraşlıq nümunələri yaradılıb. Bu yaxınlarda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə ucaldılan abidə bunun bariz nümunəsidir. Bildirilib ki, ordumuzun şəxsi heyətinin və xalqımızın haqlı olaraq “Döyüşən teatr” kimi tanıdığı Bakı Bələdiyyə Teatrı bu gün hərbi qulluqçuların qarşısında “Çingiz dastanı” ikihissəli mənzum tamaşa ilə çıxış edəcək. Abdulla Qurbaninin bu əsərinin baş qəhrəmanı da Azərbaycan Ordusunun əsgəridir. Bu əsgər isə hamımızın yaxşı tanıdığı, müasirimiz olan Azərbaycanın Milli Qəhrəmanı şəhid Çingiz Qurbanovdur.
Bakı Bələdiyyə Teatrının tamaşası tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Hər bir əsgər Çingiz Qurbanovun qəhrəmanlığını döyüş meydanında təkrarlamağa hər an hazır olduğunu bildirib. Çingizin ata və anasının obrazlarını yaradan Əməkdar artistlər Əfqan Soltanov və Səmayə Sadıxova tamaşadan sonra çıxış edərək vurğulayıblar ki, nəinki səhnədə, hətta döyüşdə də doğma övladlarını belə şəhid versəydilər, bugünkü kimi qürur hissi keçirəcəkdilər. Çingiz 22 yaşında şəhidlik zirvəsinə ucalıb. İllər ötəcək, əsrlər keçəcək, lakin o, ölməz bir qəhrəman kimi xatirələrdə, ürəklərdə əbədi yaşayacaqdır. Əsgər ölmür, əsgər unudulmur. Sonra Azərbaycan Ordusunun ilk döyüşçülərindən biri, ehtiyatda olan gizir Qurbanov İsmayıl Cəlal oğlunun da tamaşaçılar arasında olduğu bildirilib. Nəzərə çatdırılıb ki, o, çox gənc yaşında könüllü olaraq əsgərliyə yollanıb. Atası Cəlal kişinin çağırış məntəqəsindən yola saldığı İsmayıl əvvəl Bakı ətrafındakı hərbi hissələrdən birində gənc əsgərlər kursunu keçib və Qarabağ uğrunda döyüşlərə yola düşüb. Tank əleyhinə divizionda xidmət edən əsgər Qurbanov komandiri olduğu heyət üzvləri ilə Ağdam, Ağdərə uğrunda döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərib. Düşmənin dörd tankını, bir PDM-ni məhv edən igid döyüşçü həmin vaxtlar dövlət mükafatına təqdim edilsə də, bu mükafat yalnız uzun illər keçdikdən sonra ona təqdim edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbərliyi birinci Qarabağ müharibəsinin əvvəllərində döyüşlərdə iştirak etmiş və fərqlənmiş hərbi qulluqçuların fəaliyyətlərini yenidən araşdırıb və vaxtilə orden-medallara təqdim edilən keçmiş döyüşçülərdən bir qrupu Prezidentin müvafiq sərəncamı ilə təltif edilib. Onlardan biri də Şəmkir rayonunun Çinarlı qəsəbəsindən olan İsmayıl Qurbanovdur. Bildirilib ki, müharibə veteranı İsmayıl Qurbanovun atası Cəlal kişi bu gün həyatda yoxdur. Lakin keçmiş döyüşçü mükafatı almağa atasının adını daşıyan, əsgərliyini yenicə başa vurmuş oğlu Cəlalla gəlib.

DAVAM.AZ

Geri dön