Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” 12 cildliyinin təqdimatı olub
“Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” 12 cildliyinin təqdimatı olub |
Azərbaycan Bəstəkarlar İttifaqında 12 cilddən ibarət “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” kitabının və “Sözləri Hüseyn Cavidindir” - Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət not məcmuəsinin təqdimatı olub.
Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyası və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə reallaşan tədbir Ərtoğrol Cavidin anadan olmasının 100 illiyinə həsr olunub. Təqdimatı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə açaraq bildirib ki, Ərtoğrol Cavid qısa ömür – 24 il yaşamasına baxmayaraq, çoxşaxəli və zəngin fəaliyyəti ilə tanınıb: “Ötən əsrin 20-30-cu illərinin ictimai-siyasi mühiti, Cavidlər ailəsinin başına gətirilənlər, olmazın məşəqqətlər, məhrumiyyətlər bu qısa ömrü bir az da daraltmışdı. Kədər dolu hadisələrin təsiri ilə həyatını doya-doya sürməyə belə macal tapmayan Ərtoğrol hər şeyə rəğmən təhsil almış, yazıb-yaratmış, bütün dahilər kimi, necə deyərlər, yaşamağa tələsmişdi. Bu çalışqanlığın, zəhmətkeşliyin nəticəsidir ki, fiziki həyatı qısa olsa belə, Ərtoğrol Cavidin yaradıcılıq, sənət ömrü, başqa sözlə, əsərlərinin, irsinin həyatı uzun olub, hər zaman sənətsevərlərin, tədqiqatçıların diqqətini özünə cəlb edib. O, görkəmli şairimiz, böyük dramaturq və mütəfəkkir Hüseyn Cavidin oğlu olmasına baxmayaraq, heç zaman atasının şöhrəti arxasından boy verməmiş, öz istedadının hesabına hörmət və rəğbət qazanıb”. 1941-ci ildə Ərtoğrol Cavid Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin sinfində davam etdirib. Ərtoğrol haqqında müəllimi - dahi bəstəkar, konservatoriyanın rektoru Üzeyir Hacıbəyli də təxminən eyni fikirdə idi. Həmin illərdə o, eyni zamanda, konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib, gənc tədqiqatçı kimi musiqi folkloru nümunələrinin toplanması və tədqiqində iştirak edib. Musiqi Elmi-Tədqiqat Kabinetində çalışdığı vaxtlarda Azərbaycanın ayrı-ayrı regionlarından toplanmış müxtəlif janrlı folklor nümunələri, eləcə də şifahi xalq ədəbiyyatına dair bəzi tədqiqat əsərləri barədə dəyərli elmi rəylər də yazıb. Bildirilib ki, parlaq istedadı ilə seçilməyi bacarmış Ərtoğrol Cavidin 100 illik yubileyi münasibətilə işıq üzü görən “Musiqi əsərləri” adlı bu kitab “Ərtoğrol Cavidin ömür salnaməsi” silsiləsindəndir. Kitaba bəstəkarın 40-a yaxın musiqi əsəri toplanıb. Kitab AMEA Hüseyn Cavidin ev-muzeyində qorunub saxlanılan əlyazmalar əsasında tərtib edilib. AMEA Hüseyn Cavidin ev-muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Ərtoğrol Cavidin həyat yolundan, onun zəngin yaradıcılıq fəaliyyətindən ətraflı bəhs edib. Bildirib ki, bu il 100 yaşı tamam olan Ə.Cavid musiqişünas, rəssam və tədqiqatçı kimi zəngin irs yaradıb. Direktor qeyd edib ki, Hüseyn Cavidin ev-muzeyində Ərtoğrol Cavidin şəxsi arxivi qorunub saxlanılır. Həmin arxivdə bu il ədibin 100 illik yubileyi münasibətilə muzeyin əməkdaşları araşdırma və tədqiqatlarını davam etdiriblər. Nəticədə “Ərtoğrol Cavidin musiqi əsərləri”, “Ərtoğrol Cavidin məqalələr toplusu” adlı yeni nəşrlər ərsəyə gəlib. G.Babaxanlı yubileydən öncəki illərdə də muzey tərəfindən “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyin, "Balaman məktəbi" dərsliyi və Ərtoğrol Cavid”, “Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları” və “Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri” adlı nəşrlərin çap olunduğunu bildirib. Ərtoğrol Cavid bir neçə dəfə görüşdüyünü söyləyən xalq artisti Tofiq Bakıxanov onunla bağlı xatirələrini bölüşüb. Təqdimat mərasimində Bəstəkarlar İttifaqının məsul katibi, professor Cəmilə Həsənova və başqaları çıxışlarında Ərtoğrol Cavid yaradıcılığından, onun sözlərinə bəslənilən musiqi nömrələrindən söhbət açıblar. Tədbir bədii hissə ilə davam edib. DAVAM.AZ Geri dön |